Ulu öndər və milli–mənəvi dəyərlərimiz

 

Hər bir xalqın həyatında onun tarixinə həlledici yön verən şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqı da bu baxımdan istisna deyildir. Xalqımızın son əlli ildəki tarixinə yön verən şəxsiyyətlərin fövqündə, heç şübhəsiz, ulu öndər Heydər Əliyev gəlir. Heydər Əliyev Azərbaycan tarixinin ən mürəkkəb bir dövrlərində xalqa yol göstərmiş və onu çalxantılı şəraitdən ustalıqla çıxara bilmişdir.

 

İctimai bir qrupun millət hesab edilməsinin əsas şərti onun kimliyinin təməlini təşkil edən milli–mənəvi dəyərlər sisteminə malik olmasıdır. Ulu öndər də məhz bu reallığı nəzərə alaraq yaşadığı müddət ərzində xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canlandırılması üçün çalışmışdır. Onun Sovet dövründəki çoxşaxəli fəaliyyəti bunun bariz nümunəsidir. Xalqların milli–mənəvi dəyərlərinin zəiflədilərək ümumi “kommunist dəyərlər” sisteminin mənimsədildiyi bir dövrdə Heydər Əliyev ustalıqla xalqımızın öz dəyərlərinə sahib çıxması yolunda çalışmış və əminliklə deyərdim ki, buna müvəffəq olmuşdur.

Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə başda Dövlət Təhlükəsizlik Komitəsi olmaqla azərbaycanlıların az təmsil olunduqları önəmli qurumlarda milli kadrlar yerləşdirildi. Bu dövrdə iqtisadi sahədən tutmuş mədəni sahəyə qədər ölkədəki bütün sahələrdə yerli kadrlar yetişdirildi və xalqımızın öz milli kimliyinə sahib çıxması üçün əlverişli mühit yaradıldı. Ulu öndər mərkəzdən gələn təhlükəyə baxmayaraq, hər vəchlə millətin təəssübünü çəkən ziyalılarımızı qorumuş, onları kommunist rejimin caynağından xilas etmişdir. Başda Bəxtiyar Vahabzadə olmaqla bir çox ziyalımızın o dövrlə əlaqəli xatirələri bu fəaliyyətlərin şahididir. Daha sonra onu tənqid edən bir çox şəxsi belə məhz Heydər Əliyev təqib və həbsdən xilas etmişdi. Milli bayramlarımızın təntənəli şəkildə qeyd olunması, dilimizin dövlət dili statusunda qorunması üçün görülən işlər də ulu öndərin xalqın gələcəyinə hesablanmış uzaqgörən siyasətinin bir parçası idi.

Ulu öndər ikinci dəfə artıq müstəqil Azərbaycanın başçısı kimi fəaliyyətə başlayanda da eyni mövqeni öz siyasətinin əsas xətti kimi götürmüş, milli–mənəvi dəyərlərin inkişafı üçün əzmlə çalışmışdır. O, bu mövzuda xüsusilə gənclərin rolunun böyük əhəmiyyət kəsb etdiyini bildiyi üçün öz dəyərlərinə sahib çıxan Azərbaycan gəncliyinin formalaşmasının labüdlüyünə inanırdı. Təsadüfi deyildir ki, məhz ulu öndərin dəstəyi ilə 1996–cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Heydər Əliyev bu forumdakı çıxışında gəncliyimizin gələcək inkişafının əsas konturlarını müəyyənləşdirdi. Onun arzusunda olduğu Azərbaycan gəncliyi öz milliliyini itirməyən və ona sahib çıxan, lakin bununla birlikdə dünyanın müasir inkişafından da geri qalmayan bir gənclik idi. Forumda şəxsən iştirak edirdim və elə nəsib oldu ki, gənclərin adından ilk çıxışı da mən etdim. Öz çıxışımda Zuğulbadakı “Gənclik” düşərgəsinin gənclik mərkəzinə verilməsi, ölkədəki missionerlik fəaliyyətləri və gənclərə dair proqramların yaradılması kimi gəncləri maraqlandıran bir neçə məsələ qaldırdım. Məni riqqətə gətirən onlarla çıxışların səslənməsinə baxmayaraq, Heydər Əliyevin öz çıxışında çox dəqiqliklə və qruplaşdıraraq bütün nümayəndələrin qaldırdığı məsələlərə öz münasibətini bildirməsi oldu. Hətta “Burada bir gənc Zuğulbadakı mərkəzlə əlaqəli məsələ qaldırdı. Mən özüm bu mərkəzin tikintisində iştirak etmişəm. Göstəriş verəcəm ki, mərkəz Gənclər və İdman Nazirliyinin tabeçiliyinə keçsin” deyərək gənclərin fikirlərini necə dəqiqliklə dinlədiyini və gəncliyin problemlərinə necə diqqətlə yanaşdığını göstərdi. Heydər Əliyevin milli dəyərlərə necə həssaslıqla yanaşdığına dair şəxsən şahidi olduğum başqa bir hadisə isə okeanın o tayında, ABŞ–da baş vermişdi. 2000–ci ildə Amerikada keçirilən və iqtisadi xarakter daşıyan sərgidə mən də Gənclər Təşkilatlarının Milli Şurasının nümayəndəsi kimi iştirak edirdim. Biz orada Qarabağdan köçkün düşmüş uşaqların həyatı haqqında nəşr etdiyimiz “Çox şey görmüş gözlər” adlı ingilis dilində yazılmış kitabı təqdim edirdik. Bu təqdimatla əlaqəli bəzi tərəddüdlər vardı. Bəziləri iqtisadi bir tədbirdə Qarabağ məsələsi ilə əlaqəli bir kitabın təqdim olunmasına qarşı çıxırdılar. Lakin buna baxmayaraq, Heydər Əliyev ətrafındakı xarici qonaqlarla birlikdə bizim stendimizə gəldi, kitabı əlinə alaraq vərəqlədi və ətrafdakı xarici nümayəndələrin hər birinə bu kitablardan verilməsini tövsiyə etdi. Mən orada ulu öndərin milli məsələlərdəki həssaslığının bir daha şahidi oldum.

Məlumdur ki, dinimiz bizim milli–mənəvi dəyərlərimizin ən önəmli amillərindən biridir. Xalqımız 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, öz dini dəyərlərini unutmamış, onları gizli də olsa yaşatmışdır. Lakin bununla belə o dövrdə dini dəyərlərimizin zədə aldığı da bir reallıqdır. Təsadüfi deyildir ki, Sovetdən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə, təkkə olduğu halda müstəqilliyimizi yenidən əldə edəndə cəmi 17 məscidimiz vardı. Bu, Sovet rejiminin dinlə mübarizəsinin nə qədər amansız olduğunu göstərir.

Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da ulu öndərin müstəqil Azərbaycanın prezidenti olduğu dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə ibadətgah inşa və yaxud da bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin Sovet rejimi tərəfindən dağıdılan Bibiheybət məscidi və ziyarətgahinın Heydər Əliyevin əmri ilə dövlət hesabına yenidən inşa edilməsi onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Heydər Əliyev İslamı bizim milli–mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edirdi. “Dinimiz xalqımızın milli–mənəvi sərvətidir” sözləri onun dinə baxışını çox gözəl bir şəkildə xülasə edir. Ulu öndər dinimizin ilahi əxlaqi dəyərlər sistemi olaraq mənimsənilməsinin xüsusilə gənçlərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü.

Heydər Əliyev Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu dönə–dönə vurğulayır və bu yolda əməli işlər görürdü. Məhz onun dövründə Azərbaycan İslam Konfransı Təşkilatının işində aktiv iştirak etmişdir. İKT–nin Kasablankada keçirliən zirvə toplantısında söylədiyi “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla–müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm.” sözləri onun İslam dünyası ilə əlaqələrə böyük önəm verdiyini göstərir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycanın tarixən Qafqaz müsəlmanları içərisində dini baxımdan mərkəzi bir yerə malik olduğunun da fərqində idi və ölkəmizin bu yerə yenidən sahib olmasının zəruriliyinə inanırdı. 1999–cu ildə Bakıda keçirilən “Qafqazda İslam sivilizasiyası” adlı beynəlxalq simpoziumdakı çıxışı zamanı bu sahədə əməli bir təklif də vermiş, Azərbaycanın Qafqazda İslam sivilizasiyası sahəsindəki araşdırmaların mərkəzi ola biləcəyəni və bununla əlaqəli bir mərkəzin ölkəmizdə açıla biləcəyini vurğulamışdı.

Din–dövlət əlaqələri xüsusilə də İslam şərqində çox problemli məsələlərdən biridir. Lakin sevindirici haldır ki, məhz ulu öndərin uzaqgörənliklə əsasını qoyduğu və möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət–din münasibətləri nəticəsində ölkəmizin bu sahədəki siyasəti sağlam əsaslar üzərində qurulmuşdur. Azərbaycanda din–dövlət əlaqələri dünyəvilik prinsipi ilə tənzimlənmişdir. Lakin bizim tətbiq etdiyimiz dünyəvilik modeli dini cəmiyyət həyatından çıxarma məqsədini güdən “yakobinçi” bir dünyəvilik modeli deyildir. Azərbaycanın dünyəvilik modeli öz ifadəsini ulu öndərin bu sözlərində tapmışdır: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.

Bu baxımdan Heydər Əliyevin nəzərdə tutduğu dünyəvilik modeli din və dövlət işlərinin bir–birindən ayrıldığı, lakin dövləti təşkil edən xalqın təməl dəyərlərindən biri kimi dini dəyərlərin hörmətlə qarşılandığı və qorunduğu bir modeldir. Məhz bu anlayış sayəsində dövlətin birbaşa vəzifəsi olmasa da, bir çox dini məbəd və abidələr dövlət tərəfindən bərpa olunur, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə məxsus icmalara dövlət tərəfindən mütəmadi maddi yardımlar verilir.

Dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Xüsusilə orta əsrlərdə müxtəlif dinlər və məzhəblər arasındakı gərgin münasibətlər yüz minlərcə insanın öz həyatlarını itirməsi ilə nəticələnmişdir. Müasir dövrdə belə dünyanın bir çox yerində müxtəlif konfessiyalar arasındakı gərgin münasibətlərin şahidi oluruq. Lakin qeyd edə bilərik ki, ölkəmiz bu baxımdan unikal bir xarakterə malikdir. Əsrlərcə Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qardaşlıq şəraitində yaşamış və dini zəmində heç bir qarşıdurma mövcud olmamışdır. Bu şəraitin qorunması üçün xaricdən ölkəmizə “ixrac edilməyə” çalışılan bəzi zərərli sektaların və qrupların qarşısının alınması böyük zərurət kəsb edir. Ulu öndər də dinə fanatik mövqedən yanaşmanın tərəfdarı olan belə qrupların qarşısının alınmasının zəruri olduğunu düşünürdü. O, bunun üçün ilk növbədə həqiqi İslamın, siyasi ambisiya və fanatiklikdən uzaq bir din anlayışının gənclərimizə aşılanmasının labüdlüyünə inanırdı: “Gənclərimizin İslam dinini mənimsəməsində, hesab edirəm ki, lazımi tədbirlər görülməlidir. Çünki bu tədbirlərin olmaması nəticəsində bəzi mənfi hallar meydana çıxır, ayrı–ayrı qruplar gənclərə fanatizm əhval–ruhiyyəsi aşılamaq istəyirlər və bunlar bizim gənclərimizin tərbiyəsinə zərər vurur”.

Heydər Əliyev Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə hörmət göstərilməli olduğunu dəfələrlə öz çıxışlarında qeyd etmiş, bütün dinlərin insanın mənəvi saflaşmasına xidmət etdiyini vurğulamışdır. Özü də bir inanc insanı olaraq öz həyatında hər zaman mənəvi dəyərləri yüksək tutmuşdur. Hələ Sovet dövründə təhlükəsizlik orqanlarında fəaliyyət göstərərkən bütün təhlükələri göz önünə alaraq anasının xahişini yerinə yetirmək üçün Mir Möhsün Ağanın ocağını ziyarət etməsi onun nə qədər dərin bir inanca sahib olduğunu göstərir. Ulu öndər müstəqil Azərbaycanın dövlət başçısı kimi ümrə ziyarətinə getmiş, Mədinədə Həzrət Məhəmmədin (s) qəbrini ziyarət etmişdir. Məscidi–nəbəvinin şərəf kitabına yazdığı sözləri onun imanının dərinliyini göstərir: “Müqəddəs Mədinə şəhərini, İslamın müqəddəs abidələrini, Həzrət Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha İslam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Böyük Allahın böyüklüyünü dərk etdim”.

Heydər Əliyev İslam dəyərlərinin insanlara olduğu kimi çatdırılmasında din xadimlərinin böyük rola malik olduğunu düşünürdü. Ulu öndərin arzusunda olduğu din xadimi dinimizi dərindən bilməklə yanaşı, müasir dünyanın nailiyyətlərindən xəbərdar olan və ölkənin qarşısında duran problemlərin həllində öz töhfəsini verə bilən nümunəvi bir şəxs idi. O, Qarabağ savaşının ağır günlərində deyirdi:

“Mən əminəm ki, dinimiz, din xadimlərimiz Azərbaycan Respublikasının bu ağır günündə xalqımızın, vətəni qoruyan bütün adamların daha sıx birləşməsində, ordumuzun möhkəmlənməsində, işğal olunmuş torpaqların geri qaytarılmasında bundan daha fəal iştirak edəcəklər, öz səylərini göstərəcəklər və beləliklə bir daha İslam dinin nə qədər böyük qüdrətə malik olduğunu bütün dünyaya sübut edəcəklər”. Ulu öndərin bu fikirləri bu gün bütün din xadimlərimizin amalına çevrilməli, onlar da ölkənin müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfələrini verməlidirlər. Axı dinimizə görə “Vətəni sevmək imandandır”. Müstəqil vətəni olmayanlar öz dinlərini də lazımınca yaşaya bilməzlər. Məhz bu gün müstəqil bir dövlətimiz olduğu üçün dindarlarımız dini ayinləri və dinin digər qayda–qanunlarını sərbəst bir şəkildə yerinə yetirə bilirlər.

Ulu öndərin milli–mənəvi dəyərləri

mizin inkişafı sahəsindəki fəaliyyətləri bir məqalənin çərçivəsinə sığmayacaq qədər geniş və dərindir. Lakin son olaraq qeyd etmək istərdik ki, konturları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli–mənəvi dəyərlərin inkişafı konsepsiyası onun layıqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Məhz bu siyasət sayəsində istər milli, istərsə də dini baxımdan ölkəmiz bütün dünyada tolerantlıq modeli kimi tanınır.

 

 

Elşad İSKƏNDƏROV,

Dini Qurumlarla İş üzrə Dövlət

Komitəsinin sədri

 

Respublika.- 2013.- 19 aprel.- S. 7.