Heydər Əliyev gənclərin ən böyük himayədarı idi

 

Azərbaycan Respublikası XX əsrin sonunda azadlıq, müstəqillik və demokratiya yoluna qədəm qoyub. Ölkəmiz müstəqilliyini gərgin mübarizələrdə qazanmışdır. Lakin müstəqillik elan etmək hələ heç də dərhal tam müstəqil olmaq demək deyildir. Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Torpaqlarımız işğala məruz qalmış, dəfələrlə dövlət çevrilişi cəhdləri olmuş, vətəndaş müharibəsi təhlükəsi yaranmışdır. Ancaq ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlətimiz bu cür təhlükələri dəf etmişdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətimizin bütün təbəqələri kimi gənclər də dövlət quruculuğu prosesində fəal iştirak etməyə, cəmiyyətimizdə öz layiqli yerini tutmağa çalışmışlar.

Ümummilli liderimiz gənclərin cəmiyyətdə özünə layiq yeri tutması üçün bütün addımları atır və deyirdi: “Bu gün edə bilməyəcəyimizi sabah edəcəyik, sabah edə bilmədiyimizi bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gənclərə qayğı, diqqət bundan sonra günbəgün, aybaay, ilbəil artacaq. Çünki siz, həqiqətən, Azərbaycanın gələcəyisiniz. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi haqqında düşünməlidir”.

Bütün bunları düşünən ümummilli lider Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında, “Dövlət gənclər siyasəti” haqqında fərmanları, məhz onun təşəbbüsü ilə Gənclər Gününün təsis edilməsi, gənclərin forumunun və s. tədbirlərin keçirilməsi bütün dediklərimizə bariz nümunədir.

Şəki şəhəri də ümummilli liderimiz

Heydər Əliyevin və cənab İlham Əliyevin iştirakı ilə 2002–ci ildə “Şəki Olimpiya İdman Kompleksi”nin açılışını etdi. Yəqin ki, bu tarixi gün hər bir şəkilinin yaddaşında sevincli bir gün kimi daim qalacaqdır.

Gəlin bir anlıq ötən illərə qayıdaq. Azərbaycanın 1988–2003–cü illərdəki siyasi həyatına nəzər salanda, ilk olaraq, belə təəssürat yaranır ki, həmin dövrdə kifayət qədər siyasi liderliyə iddialı və ya müəyyən qrup tərəfindən siyasi lider kimi qəbul edilən insanlar olmuşdur. Lakin sosial–psixoloji təhlil göstərir ki, qeyd etdiyimiz meyarlara cavab verə biləcək, həqiqətən ümummilli liderə çevrilmiş bir siyasətçi vətəndaş var—Heydər Əliyev. Belə dahi insan haqqında söz demək, onun fəaliyyətini təhlil etmək böyük məsuliyyət tələb edir. Şübhəsiz ki, Heydər Əliyev dühasının yaratdığı xarüqələr, dünya siyasətinə verdiyi töhfələr bütün dünyada elmi, strateji institut və mərkəzlər tərəfindən daim araşdırılacaqdır. Azərbaycanın müasir tarixini yaratmış dahi insanın hazırlayıb uğurla həyata keçirdiyi daxili və xarici siyasi konsepsiyanın mahiyyətini tam və düzgün açmaq mümkün deyil. Bunun üçün, ilk növbədə illər ərzində qazanılmış uğurlara diqqət yetirmək vacibdir. Çünki hər kəsi bir sual düşündürür: necə oldu ki, vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üz–üzə qalmış Azərbaycan bu fəlakətdən nəinki qurtuldu, həm də dünya dövlətləri sırasında əhəmiyyətli yer tutdu.

Ulu öndər dəfələrlə Azərbaycanın bugünədək keçdiyi tarixə qiymət verərkən bir fikri xüsusi vurğulayırdı. Heydər Əliyevin fikrincə, müstəqilliyi əldə etmək şərəfli olduğu qədər də çətindir, lakin müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək isə ondan da qat–qat çətindir. Ümummilli liderimiz gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə də böyük diqqət yetirirdi. Bu, qəbul olunmuş “Dövlət gənclər siyasəti” haqqında qanunun bir çox müddəalarında öz əksini tapmışdır. Heydər Əliyev gənclərlə görüşlərində onları vətənpərvər olmağa çağırır, vətənini, torpağını, xalqını sevməyi biz gənclərə dəfələrlə tövsiyə edirdi. Əlbəttə ki, Azərbaycanın bu vətənpərvər və dahi oğlunun həyat və fəaliyyəti gənclərimiz üçün həmişə bir nümunə və örnək olmuşdur.

Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderin yürütdüyü siyasəti çox uğurla davam etdirir. Cənab Prezidentin gənclərlə iş sahəsində gördüyü tədbirlər, verdiyi fərman və sərəncamlar dediklərimizə bariz nümunədir.

Prezident İlham Əliyev gənclərin IV forumunda bugünkü müasir, intellektual, təşəbbüskar gəncliyin bünövrəsinin ulu öndərin rəhbərliyi dövründə qoyulduğunu diqqətə çatdırılmışdır: “Bu gün Azərbaycanda çox güclü gəncliyin yaranması, əlbəttə, o illərdə görülmüş işlərin nəticəsidir”.

Dahi öndərin davamçısı ölkə Prezidenti cənab İlham Əliyev gənclərin bütün sahələrdə inkişafının təmin edilməsi üçün bütün lazimi tədbirləri görür. Gənclər sahəsində bir neçə dövlət proqramlarının qəbul olunması bunun bariz nümunəsidir. Bu proqramlarda Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi–mədəni irsinə, milli–mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, cəmiyyətin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsinə, həmçinin intellektual və yaradıcılıq potensiallarının inkişafına yönəldilmiş istiqamətlər müəyyənləşdirilir.

Artıq Şəki Şəhər Gənclər və İdman İdarəsi tərəfindən vətənpərvərlik sahəsində də bir çox uğurlu tədbir və lahiyələr həyata keçirilmişdir. Hərbi–idman oyunları, hərbi hissələrdə gənc əsgərlərlə görüşlər, əlamətdar günlərdə bayram şənlikləri, idman yarışlarının keçirilməsi, yuxarı sinif şagirdlərinin hərbi hissələrlə tanışlığı, onların zabit və əsgərlərlə görüşü mütəmadi olaraq təşkil edilir. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi və Təhsil Şöbəsi ilə birgə, demək olar ki, bütün məktəblərdə gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı maraqlı tədbirlər həyata keçiririk. Çalışırıq ki, tədbirlər forma və məzmunca fərqli, gənclərin ruhuna uyğun olsun. Əlbəttə ki, bu tədbirlər hazırlananda gənclərin fikirləri nəzərə alınır və bu da bu lahiyələrin həyata keçirilməsini daha da maraqlı edir. Uşaq, yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərini yüksəltmək, milli–mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyələndirmək, həmçinin gənc istedadları üzə çıxararaq onların intellektual səviyyələrini yüksəltməq məqsədi ilə şəhərdə fəaliyyət göstərən QHT gənclər təşkilatları, vətənpərvərlik və maraq klubları ilə birgə ümummilli liderin həyat və fəaliyyətinə, Azərbaycanın milli qəhrəmanlarının xatirəsinə, digər vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr edilmiş tədbirlər, ədəbi–bədii kompozisiyalar, “Xəmsə” milli intellektual oyunu üzrə şəhər çempionatı, “Novruz təranələri” devizi altında keçirilən ənənəvi baxış–müsabiqə, “Mənim doğma Azərbaycanım” adlı şeir müsabiqəsi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və gənclik” mövzusunda elmi–nəzəri konfrans, Gəncliyin Elmi–Mədəni İnkişafı İctimai Birliyi ilə birgə 9 noyabr — Bayraq Günü münasibətilə “Dalğalan ey şanlı bayraq!” adlı aksiya, bir qrup fəal yeniyetmə və gəncin Mübariz İbrahimovun doğulduğu rayona səfəri və orada yerli gənclərlə görüşü, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə “Bu Vətən bizimdir” adlı yay düşərgəsi və s. bu qəbildəndir. “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, “Cəsurlar”, “Şahin” hərbi–vətənpərvərlik üzrə şəhər birinciliyi yarışları isə gənclərimizin gələcəkdə ordu sıralarına hazırlanması sahəsində xüsusi əhəmiyyət kəsb edir. Bunlar təşkil etdiyimiz tədbirlərin müəyyən hissəsidir.

Təbii ki, əsas tədbirlərin sayı yox, keyfiyyəti və gəncliyimizə verdiyi töhfədir. Onun üçün də gənclər arasında ictimai rəy sorğuları keçirib onların fikirlərini nəzərə alaraq tədbirlərin hazırlanmasına üstünlük veririk və bu, ümumi işimizdə daha çox effekt verir.

Bütün bu işlərin həyata keçirilməsində isə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, Gənclər və İdman Nazirliyinin idarəmizə, rayon gənclərinin və idmançılarının problemlərinə göstərdiyi diqqəti xüsusi qeyd etmək istəyirəm.

Hər bir azərbaycanlı gənc inamla deyə bilər ki, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə, idmana, ümumilikdə hər bir gəncə göstərilən qayğı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə gənclərin gələcəyə olan inamını artırır, onların vətənpərvərlik hisslərini gücləndirir və yeni nailiyyətlər qazanmağa ruhlandırır.

 

 

Vüqar İSKƏNDƏROV,

Şəki Şəhər Gənclər və İdman

İdarəsinin rəisi,

beynəlxalq dərəcəli hakim

 

Respublika.- 2013.- 19 aprel.- S. 7.