Zaqatala: sosial-iqtisadi həyatda bələdiyyələr də
fəallıq göstərirlər
Respublikamızda həyata keçirilən uğurlu iqtisadi strategiyanın fəal iştirakçılarından biri də Zaqatala rayonudur. Burada da mövcud potensialdan səmərəli istifadəyə önəm verilməklə iqtisadiyyatın ayrı–ayrı sahələrinin inkişafı təmin olunur. İstehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, tikinti, quruculuq, abadlıq məsələlərinə xüsusi diqqət yetirilməsi rayon icra hakimiyyətinin, rayonun bütün icra strukturlarının fəaliyyətinin ana xəttidir. Bu sahədə özünüidarəetmə qurumları olan bələdiyyələrin də rolu yetərincədir. İcra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədovla söhbətimizi də bu məsələlər ətrafında qurduq. O, söhbətinə rayonun sosial–iqtisadi inkişafında əldə olunan bir sıra uğurları xatırlatmaqla başladı.
—Rayonumuz hər ili uğurlu göstəricilərlə başa vurur. Aparılan abadlıq, quruculuq işlərində, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində hər ilin öz yeri, öz payı var. Həm də bunlar bir–birindən yaxşılığa doğru xeyli fərqlənir. Məsələn, təkcə ötən il rayonda 2,1 milyon manatlıq abadlıq və təmir işləri görülmüşdür. Bunun da 158 min manatı daxili imkanlar hesabına olmuşdur. Şəhərdə Dədə Qorqud meydanında, 28 May küçəsinin tarixi görkəminin bərpası istiqamətində xeyli yenidənqurma işləri aparılmış, Üzeyir Hacıbəyov küçəsindən Qala düzünə çıxan pilləkənlər əsaslı təmir olunmuşdur. Rayonumuzun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. İl ərzində 464 ailə təbii qazla təmin edilmişdir. Yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Təkcə ötən il ərzində rayonumuzun kəndlərarası yollarına 12,6 kilometr asfalt örtüyü döşənmişdir. Həmin istiqmətlərdə işlər bu gün də uğurla davam etdirilir. Mən təmir–tikinti–quruculuq sahəsində görülən işlərin çox az bir hissəsini söhbətimin önündə xatırlatmaqla demək istəyirəm ki, Zaqatala hər gün inkişaf edir, onun əvvəlki gözəlliklərinin üstünə yeni gözəlliklər gətirilir. Bu sahədə özünüidarəetmə qurumları olan bələdiyyələr də fəallıq göstərirlər. Bu qurumların xətti ilə yalnız 2012–ci ildə 132 min manatlıq təmir–tikinti və abadlıq işləri aparılmışdır.
Şöbə müdiri söhbətinin davamında dedi ki, rayonda fəaliyyət göstərən 29 bələdiyyənin xətti ilə ” Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində 43 layihə həyata keçirilmişdir. 2013–cü ildə 50 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bələdiyyələrin rayon icra hakimiyyəti ilə qarşılıqlı əməkdaşlığı barədə isə həmsöhbətim aşağıdakıları dedi:
—Qarşılıqlı fəaliyyət, əlbəttə, müvafiq təlimatlara uyğun qurulur və yaxşı səmərə verir. Birgə fəaliyyətin nəticəsidir ki, 2012–ci ildə bir sıra layihələrin icrası təmin olunmuşdur. Kənd yollarının təmiri, qəbrisitanlıqların təmizlənməsi məqsədilə həyata keçirilən iməciliklər müntəzəm davam etdirilmiş və əhalinin böyük razılığına səbəb olmuşdur. Vətəndaşların tələb, təklif və arzularının, şikayətlərinin operativ həllində, imkansızlara dayaq durulmasında, ümumiyyətlə, əhalinin sosial həyat tərzi ilə bağlı məsələlərin həllində də icra hakimiyyəti bələdiyyələrin nüfuz və imkanlarından istifadəyə, onlarla qarşılıqlı fəaliyyətə xüsusi önəm verir.
Ölkənin və rayonun sosial–iqtisadi konsepsiyası, respublikada baş verən bu və ya digər dəyişikliklər, yeniliklər, əldə olunan uğurlar barədə əhalinin maarifləndirilməsi, bələdiyyələrin öz fəaliyyətlərini necə qurmaları ayda bir dəfə rayon icra hakimiyyətində məhz bu qurumların rəhbər və üzvlərinin iştirakı ilə keçirilən seminar və digər tədbirlərdə lazımi geniş məlumatlar verilir.
Yeri gəlmişkən, bir məsələni qeyd edim ki, bələdiyyələrin işinin yaxşı qurulmasında, hər şeydən öncə, bu qurumun bacarıqlı, təşkilatçı, təşəbbüskar, əhali arasında nüfuzu, hörməti olan kadrlarla mökəmləndirilməsi əsas rol oynayır. Bu məsələ daim diqqət mərkəzində saxlanılır. Əlbəttə, bu proses xalqın öz seçimi ilə həyata keçirilir. Yaxşı deyiblər ki, elin gözü ən yaxşı tərəzidir. Bu baxımdan mən deyərdim ki, rayonumuzda bələdiyyələrin kadr potensialı günün tələbləri ilə ayaqlaşan, öz işinin öhdəsindən gələ bilən adamlarla formalaşıb. Rayonda fəaliyyət göstərən 29 bələdiyyəyə rəhbərlik edənlərin 22–nin ali, 7–nin isə orta təhsili var. Bələdiyyə sədrlərinin 5 nəfərini qadınlar təşkil edir ki, onların da 4–ü ali təhsillidir. Yaxşı fəaliyyəti ilə diqqəti cəlb edən bələdiyyələrin bəzilərinin işi haqqında söhbət açsaq bunun şahidi olarıq.
Kahay Çorova rayonun Mazıx bələdiyyəsinə rəhbərlik edir. Kəndin sosial–iqtisadi həyatındakı fəallığı, təşkilatçılıq, təşəbbüskarlıq qabiliyyətinə görə bu etimadı qazanıb. Bu gün də kənd ictimaiyyəti arasında sayılıb seçilir. Mazıxın sosial–iqtisadi inkişafına xüsusi qayğı göstərir. Kənddəki idman meydançasının qaydaya salınması, ictimai sanitariya qovşağının tikilməsi bələdiyyənin əməyi ilə ərsəyə gətirilib. Mazıx və Beretbinə kənd yollarının yararsızlığı əhalidə haqlı narazılıq yaradırdı. Bələdiyyənin tam dəstəyi ilə artıq bu narazılığa son qoyulub, yollar keyfiyyətlə təmir edilib qaydaya salınıb.
Qəbizdərə kəndinin suvarma suyu ilə təminatındakı çətinlik də aradan qalxıb. Suvarma suyu üçün kifayət qədər dəmir boru alınıb. Su bəndi lazımi səviyyədə təmir edilib, bilavasitə bələdiyyə sədrinin təşəbbüsü ilə bələdiyyə üçün yeni inzibati bina tikilib. Əhali ilə hər gün təmasda olmasını, imkansız, ahıl və qocalarla sıx ünsiyyət saxlamasını onlara lazım gələndə bələdiyyənin xətti ilə maddi yardımlar göstərilməsini də bura əlavə etsək, qadın bələdiyyə sədrinin göstərilən etimadı layiqincə doğrultduğunu aydın görərik. Elə buna görə də bələdiyyənin ərazisində yaşayan vətəndaşlardan rayon icra hakimiyyətinə gələn şikayətçilərin sayı ilbəil azalır. Ən başlıcası isə kənddə özünüidarəetmə qurumunun məqsədyönlü fəaliyyəti ərazinin sosial–iqtisadi inkişafına sanballı təkan verir.
Zaqatala bələdiyyəsinin işi də günün tələbləri səviyyəsində qurulub. Bələdiyyə sədri Nurəli Əhmədov şəhərin abadlığında, tikinti–quruculuğunda fəallığı ilə fərqlənənlərdəndir. Bu gün şəhərimizin elə bir ünvanı yoxdur ki, orada görülən işlərdə bu və ya digər dərəcədə şəhər bələdiyyəsinin dəst–xətti hiss olunmasın. Təmizlik, abadlıq, quruculuq işləri, eyni zamanda ərazidə yaşayan şəhid ailələrinin, müharibə veteranlarının, qocaların, imkansızların ümidlə açdıqları bələdiyyə qapısından həmişə yaxşı ümidlərlə ayrılmaları Zaqatala bələdiyyəsinin səmərəli fəaliyyətini təsdiqləyən faktlardandır. Təmizlik, yaşıllıq, abadlıq üçaylığının keçirilməsi ilə əlaqədar şəhərin Ü.Sadıqov küçəsində, Qazangül ərazisində, həmin ərazinin magistral yol kənarlarında təmizlik və abadlıq işlərinin görülməsinə bələdiyyənin büdcəsindən 3470 manat vəsait xərclənmişdir. Tikintisinə 2011–ci ildə başlanıb 2012–ci ildə başa çatdırılan S.Əmirov küçəsindəki ictimai xeyr–şər evinə 19.914 manat vəsait sərf olunmuşdur. Qurban bayramı günündə imkansız ailələrə, tənha qocalara 1510 manat dəyərində ərzaq paylanmış, 8 mart–Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbirinin keçirilməsinə isə 2915 manat vəsait sərf olunmuşdur. Qış mövsümü ilə əlaqədar olaraq Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə bələdiyyə büdcəsindən 1795 manat vəsait xərclənmişdir.
Fəaliyyəti nümunə göstərilməli özünüidarə qurumlarından biri də İlham Ərəbovun sədrlik etdiyi Aşağı Tala bələdiyyəsidir. Ərazidə idman tədbirlərinin keçirilməsi, işməli su probleminin həll olunması, təmizlik, abadlıq, yaşıllaşdırma işlərinin genişləndirilməsi və sair tədbirlər bu bələdiyyənin də fəaliyyətinin mühüm sahəsidir. Ərazidə şahmat yarışlarının keçirilməsi, qaliblərin mükafatlandırılması, Muğanlı küçəsindəki kitabxanada yerləşən idman zalının keyfiyyətlə təmir olunması, 15 nəfərlik futbol komandasının təşkil edilib, oyunçuların futbol geyimləri ilə təmin olunması, ərazidə olan artezian quyularının təmir edilməsi Aşağı Tala bələdiyyəsinin ötən dövrdə gördüyü çoxsaylı işlərdəndir. Əlamətdar günlər, bayramlar da bələdiyyənin diqqətindən yayınmır, onların təmtəraqlı keçirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunur.
Söhbət əsnasında öyrəndik ki, yuxarıda sadalanan bütün işlər rayonun, demək olar, bütün bələdiyyələrinin fəaliyyətində geniş yer tutur. Bu gün Zaqatala rayonunda bələdiyyələrin bu qayğıları diqqəti daha çox cəlb edir. Zəlzələdən zərər çəkən ailələrin bəzi məişət problemlərinin həllində onlar da yaxından iştirak edirlər. Bələdiyyə üzvləri müntəzəm olaraq həmin ailələrə baş çəkməyi, onların bəzi problemlərinin operativ həllində rayon icra hakimiyyəti ilə əlbir fəaliyyəti diqqət mərkəzində saxlayırlar.
Bir sözlə, regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramının Zaqatalada uğurla həyata keçirilməsində bələdiyyələr də ön sırada gedirlər.
Rasim AMANOV
Respublika.- 2013.- 19 aprel.- S. 10.