GÖRKƏMLİ ALİMİN MƏNALI ÖMÜR YOLUNA HƏSR OLUNMUŞ KONFRANS

 

Akademik Zərifə xanım Əliyeva ölkəmizdə tibb elminin inkişafına mühüm töhfələr vermişdir. Oftalmologiya sahəsində elmi araşdırmaları, sanballı tədqiqatları ona dünya şöhrəti qazandırmışdır.

Bu günlərdə Astara rayonunda görkəmli alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA–nın həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açmış, fədakar alim, gözəl ziyalı, nəcib və qayğıkeş ana Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmışdır.

Rayon təhsil şöbəsinin müdir müavini Faiq Həsənov akademik Zərifə Əliyevanın zəngin elmi–pedaqoji və ictimai fəaliyyəti barədə məruzə etmişdir. O, bildirmişdir ki, Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz acmış, Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir.

Ölkəmizdə göz xəstəliklərinin geniş yayıldığı bir dövrdə əmək fəaliyyətinə başlamış, bir həkim və alim kimi neçə–neçə insana şəfa bəxş etmişdir. Oftalmologiya sahəsində qazandığı nailiyyətlər yüksək qiymətləndirilmiş, keçmiş SSRİ Tibb Elmləri Akademiyasının akademik Averbax adına mükafatına layiq görülmüşdür.

Rayonun Kakalos kənd 1 saylı tam orta məktəbin direktor müavini Məlahət Rzayeva, məktəbin müəllimlərindən Aybəniz Əliyeva, Cəfər Əhmədov, Şiyəkəran kənd 2 saylı tam orta məktəbin direktoru Xalidə Dadaşova bacarıqlı həkim, novator alimin nəcib insani keyfiyyətərindən danışmış, onun əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla anıldığını qeyd etmişlər.

Tibb İşçiləri Azad Həmkarlar İttifaqı Astara rayon komitəsinin sədri Barat Sadıqov akademik Zərifə xanım Əliyevanın respublika səhiyyəsinin inkişafında, həkimlərin yeni nəslinin yetişməsində misilsiz xidmətlərindən danışmışdır.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev alimin zəngin elmi–nəzəri irsindən söhbət açmış, onun monoqrafiyalarının, sanballı əsərlərinin tibb işçilərinin stolüstü kitabına çevrildiyini, elmi ictimaiyyət arasında çox böyük nüfuz qazandığını, parlaq xatirəsinin nəsillərin yaddaşında əbədi yaşayacağını bildirmişdir.

 

 

Əlisəfa Həsənov

 

Respublika.- 2013.- 19 aprel.- S. 11.