Beynəlxalq
konfrans keçirilir
Qafqaz Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ” I Beynəlxalq Kimya və Kimya mühəndisliyi konfransı” (CCE 2013) öz işinə başladı. Konfransı giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı və bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd kimya və kimya mühəndisliyi sahələrində çalışan elm adamlarını və mütəxəssislərini bir araya gətirərək elmi əməkdaşlığı təmin və inkişaf etdirməkdən ibarətdir. Beynəlxalq konfransa dünyanın 13 ölkəsindən kimya və kimya mühəndisliyinin müxtəlif sahələrindən 16–sı plenar və o cümlədən 173–ü Azərbaycan və 142–si isə digər xarici ölkələrdən olmaqla 315 məruzə təqdim olunmuşdur. Məruzələrin 160–sı şifahi çıxış, 155–i isə stand təqdimat şəklində nümayiş olunacaq. Konfransa Türkiyə, Rusiya, ABŞ, Kanada, Almaniya, İtaliya, Qazağıstan, Qırğızıstan, Cənubi Koreya, Gürcüstan, Pakistan və Misirdən məruzələr təqdim olunmuşdur.
Ahmet Saniç çıxışında konfransın SOCAR, Çag Öyrətim və “Practical Solution” təşkilatlarının təsisçisi olduqları Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlərdən olduğunu diqqətə çatdırdı.
Qeyd edək ki, aprelin 17–də Təhsil naziri Misir Mərdanov “I Beynəlxalq Kimya və Kimya mühəndisliyi konfransı”nın “Gülüstan” sarayında təşkil olunmuş açılış mərasimində Qafqaz Universitetinin rektoru Ahmet Saniçi Təhsil Nazirliyinin ən yüksək mükafatı olan “Qabaqcıl təhsil işçisi” adı ilə təltif etmişdir.
Aprelin 21–dək davam edəcək “CCE 2013″ beynəlxalq konfransı çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq.
G.Şahinqızı
Respublika.- 2013.- 19 aprel.- S. 11.