İNSAN HÜQUQLAR I SAHƏSİNDƏ YENİ STRATEGİYALARIN BANİSİ

 

Bu il xalqımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyini böyük təntənə ilə qeyd edir.

Təqdirəlayiq haldır ki, XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi, demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında 1993–2003–cü illərdə həyata keçirilmiş mütərəqqi islahatlar məhz prezident Heydər Əliyevin adı ilə bağlıdır.

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafında və dövlətçiliyin möhkəmlənməsində misilsiz xidmətləri olmuşdur. Müasir Azərbaycanın bugünkü hərtərəfli inkişafının əsası məhz ümummilli lider tərəfindən qoyulmuşdur.

1993 –cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra həyata keçirilmiş islahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi əldə edilmiş, iqtisadiyyatda struktur dəyişiklikləri dərinləşmiş, sahibkarlığın inkişafı üçün münbit şərait yaranmışdır. Bütün istiqamətlərdə ardıcıl aparılan işlər ölkənin sosial–iqtisadi inkişafına, o cümlədən əhalinin rifah halının yaxşılaşmasına güclü təkan vermişdir.

Heç də təsadüfi deyildir ki, ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı tarixə Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli liderimiz Azərbaycanın müstəqil dövlət kimi əbədi varlığını təmin etmişdir. Heydər Əliyevin müstəqilliyimizin qorunmasında ölçüyəgəlməz xidmətləri olmuşdur.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial, iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, həm Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, həm də atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994–cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Heydər Əliyev iqtisadi siyasətin hazırlanıb həyata keçirilməsinə, iqtisadiyyatın dinamik inkişafına da daim qayğı göstərmişdir. Burada Heydər Əliyevin neft strategiyası başlıca yer tutur. Onun əsasını isə 1994–cü il sentyabrın 20–də imzalanmış “Əsrin müqaviləsi” təşkil edir.

Belə ki, “Əsrin müqaviləsi”nin imzalanması gənc Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyasında, onun potensialının artmasında mühüm addımdır. Bu müqavilə Şərqlə Qərb arasında əməkdaşlıqda Azərbaycanın regiondakı liderliyini təmin etmişdir.

Neft strategiyasının əsas tərkib hissələrindən biri də onun dünya bazarlarına çıxarılması idi. 1999–cu il aprelin 17–də Bakı–Supsa neft kəməri istifadəyə verildi. Noyabrın 18–də isə ATƏT–in İstanbul sammitində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən neftin Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru neft kəməri ilə nəql edilməsinə dair saziş imzalandı. 2006–cı ilin yayında istismara verilmiş həmin kəmərə Heydər Əliyevin adı verilmişdir.

Neft Azərbaycan xalqının təbii sərvətidir. Ona görə də neftdən əldə olunan gəlir Azərbaycan xalqı və dövlətinin tərəqqisinə xidmət edir. Bunu nəzərə alan Heydər Əliyev 1999–cu il dekabrın 29–da Dövlət Neft Fondunun yaradılması haqqında fərman imzalamışdır.

Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası dünyanın əsas neft istehsalı mərkəzlərindən birinə çevrilmişdir.

Neftlə bərabər, sənayenin digər sahələri də, xüsusilə qabaqcıl texnika və texnologiyalar əsasında müxtəlif sahələrin inkişafı diqqət mərkəzində olmuşdur. Bunun üçün sənayenin əsas göstəricilərinə və sahələr üzrə sənaye məhsullarının həcminə dair məlumatlara nəzər salmaq kifayətdir.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasında olan sənaye müəssisələrinin sayı 2306–dan 5202–yə çatmış, yəni 55% artmışdır.

Heydər Əliyev iqtisadi siyasətinin ən uğurlu cəhətlərindən biri də planlı–sosialist təsərrüfatından azad olan bazar iqtisadiyyatına keçilməsinin təmin edilməsi olmuşdu. Özəlləşdirmə siyasəti uğurla həyata keçirilmiş, yeni sahibkarlar təbəqəsi təşəkkül tapmış, istehsalın strukturunda özəl bölmənin payı artmışdır.

Heydər Əliyevin idarəetmə siyasətində xalqın rifahının yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması, bir sözlə, bütün tədbirlərin sosialyönümlü olması həmişə önəmli yerə malik olmuşdur. Bu, ilk növbədə, dövlət büdcəsindən sosial məsələlərin həlli üçün ayrılan vəsaitin ildən–ilə artırılmasında əksini tapmışdır. Digər tərəfdən, əhalinin pul gəlirləri də yüksələn xətlə çoxalmışdır. Qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır. Bunun üçün 1998–ci il sentyabrın 17–də xüsusi Dövlət Proqramı qəbul edilmişdir.

Yoxsulluğun azaldılması da əsas istiqamətlərdən biri idi. Bunun üçün dövlətin sosial sahədə tədbirlərinin genişləndirilməsi ilə birgə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə xüsusi fikir verilirdi. Bu proses davam etdirilməklə son 10 ildə yoxsulluq səviyyəsi 49%–dən 6%–ə endirilmişdir.

Qərblə Şərq arasında olduqca əlverişli geosiyasi və strateji mövqeyə malik olan Azərbaycan Respublikasının qədim İpək Yolunun üzərində–dünya nəqliyyat sisteminin kəsişmə nöqtəsində yerləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Odur ki, prezident Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü qədim İpək Yolunun bərpası ideyası, 1993–cü ilin mayında Traseka Proqramının qəbulu Azərbaycanın Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinə cəlb edilməsində, nəticə etibarilə, onun iqtisadi potensialının artmasında mühüm rol oynamışdır. 1996–cı ilin dekabrında Azərbaycan, Gürcüstan və Ukrayna dövlət başçıları Avrasiya dəhlizinin yaradılması haqqında saziş imzalamışlar. 1998–ci ilin sentyabrında Bakıda İpək Yolunun bərpası ilə bağlı 33 ölkənin, 13 beynəlxalq təşkilatın iştirakı ilə keçirilən konfrans Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirmiş, onun dinamik və ahəngdar inkişafını təmin etmişdir.

Ümummilli liderin əsasını qoyduğu siyasət ölkəmizin iqtisadi inkişafını təmin etmiş, dünya iqtisadiyyatında Azərbaycan modelinin yaranması ilə nəticələnmişdir. Dünyanın aparıcı ölkələrini iqtisadi böhran bürüdüyü, kreditlərin azaldığı, sosial ödənişlərin məhdudlaşdığı bir zamanda Azərbaycanda iqtisadi inkişaf tempi artmaqdadır.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə olduğu kimi, bu dövrdə də milli–mənəvi inkişafa xüsusi qayğı göstərilmişdir. Elm və təhsil sahəsində yeni uğurlar əldə edilmiş, bazar iqtisadiyyatına keçidin yaratdığı problemlərin həllinə xüsusi diqqət yetirilmişdir.

Yeni cəmiyyət formalaşması mədəniyyətin inkişafında daha dərin dəyişikliklərlə müşahidə edilmiş, mədəniyyətin bütün sahələrinə dövlət qayğısı artırılmışdır.

Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli–mənəvi inkişafın əsas zəmini olmuşdur. O, milli–mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü.

“…Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli–mənəvi dəyərlərini, adət–ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Ulu öndərin milli–mənəvi dəyərlərin qorunması ilə bağlı 2001–ci il avqustun 13–də verdiyi “Milli–mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin deyil, həm də müdrik bir el ağsaqqalının münasibəti idi.

Göründüyü kimi, Heydər Əliyev Azərbaycanın mədəni yüksəlişi üçün də mühüm tədbirlər həyata keçirmişdir. 2001–ci il avqustun 9–da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi, 2002–ci ildə Şirvanşahlar Sarayında, Möminə xatın məqbərəsində, Qarabağlar türbəsində və Şəki Xan Sarayında təmir–bərpa işlərinin aparılması, Qız qalasının və İçərişəhərin YUNESKO–nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilməsi ölkə mədəniyyətinin inkişafına əvəzsiz töhfələr vermişdir.

Heydər Əliyev tərəfindən yaradılmış siyasi və iqtisadi baza Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Artıq Azərbaycan dünyanın mühüm yanacaq–energetika regionlarından birinə çevrilərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.

Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti qurulması sahəsində uğurlu addımlar atılmışdır.

Azərbaycanda çoxpartiyalı sistemin təşəkkülünə diqqət yetirilmiş, qeyri–hökumət təşkilatlarının yaranması və fəaliyyətinin genişlənməsində də yeniliklər özünü göstərmişdir.

Müstəqillik, demokratiya, tərəqqi yoluna qədəm qoymuş xalqımız Azərbaycan xalqının böyük övladı Heydər Əliyevin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi ardıcıl, qətiyyətli siyasətinin uğurlu nəticələrindən bu gün də bəhrələnməkdədir.

Məlumdur ki, iqtisadi, sosial və siyasi islahatların həyata keçirilməsi qanunvericilik bazası olmadan mümkün deyildir. Buna görə də dövlət quruculuğuna hüquqi bazanın yaradılmasından başlanılmışdır.

Hüquqi islahatların təməli isə öz əksini Azərbaycan Respublikasının yeni Konstitusiyasında tapmışdır. Müstəqil Azərbaycanımızın ilk demokratik Konstitusiyası məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir.

Heydər Əliyev yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək demişdir:

“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

Ölkəmizin yeni Konstitusiyasının yaradılmasında həm tarixi keçmişimizin dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdu.

Bu ali sənəd dünyanın sivil dövlətlərinin və beynəlxalq təşkilatlarının adından qəbul olunan sənədlərdən mükəmməlliyi, bəşəri dəyərlərə sadiqliyi ilə seçilir. Azərbaycan Respublikasının Konstitusiyasında ümumbəşəri normalar özünün əhatəli təsbitini tapmışdır.

Əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur.

Konstitusiyanın 12–ci maddəsinin I hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Heydər Əliyev Konstitusiyanın həyatiliyini təmin etmək üçün onun təkmilləşdirilməsi sahəsində də fəaliyyətini davam etdirmişdir. O, 2002–ci ildə Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qərar qəbul etmiş, avqust ayında bu məsələlər üzrə referendum keçirilmişdir.

Müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Bu mənada Heydər Əliyevin müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Ümummilli liderimiz özünün proqram xarakteri daşıyan çıxışlarının birində “Vəzifəli şəxslərin fəaliyyətini onların insan hüquqlarının qorunmasındakı xidmətlərinə görə qiymətləndirmək lazımdır” deməklə insan hüquqlarının müdafiəsinə daim böyük önəm verdiyini diqqətə çatdırmışdır.

Qısa müddət ərzində Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, müvafiq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin 1996–cı il 21 fevral tarixli sərəncamını xüsusilə qeyd etmək lazımdır. Bu sərəncama uyğun olaraq respublikamızda Hüquqi İslahat Komissiyası yaradılmış, ölkəmizdə həyata keçirilməsi planlaşdırılan hüquqi islahatlar sürətləndirilmişdir. Bu komissiya tərəfindən beynəlxalq təcrübə əsasında həyatın bütün sahələrini əhatə edən və mühüm münasibətləri tənzimləyən normativ–hüquqi aktlar hazırlanmışdır.

Azərbaycanda beynəlxalq standartlara və normalara uyğun Cinayət, Cinayət–Prosessual, Mülki və Mülki–Prosessual məcəllələrin, habelə məhkəmə–hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur.

Əsas Qanunun ardınca qəbul edilən qanunvericilik aktları Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatının hüquqi əsasda qurulması, hüquqi islahatların həyata keçirilməsi üçün mühüm addım olmaqla, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi ön plana çıxarmış oldu.

Heydər Əliyev yalnız qanunlar qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə də xüsusi diqqətlə yanaşırdı. 1998–ci ildə respublikada ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradıldı.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hüquqi islahatların bir istiqaməti də seçki hüququnun daha effektiv təmin edilməsi ilə bağlı olmuşdur.

Azərbaycan dövlətçiliyinin inkişafında bələdiyyələr haqqında qanun qəbul edilməsi və bələdiyyə institutunun fəaliyyətə başlaması da yeni hadisə idi. 1999–cu il dekabrın 12–də bələdiyyələrə ilk seçki keçirilmiş, 23 min şəxs bələdiyyə üzvü olmuşdur.

Azərbaycan Respublikasında seçki sahəsində həyata keçirilən islahatların məntiqi davamı kimi, seçki sisteminin təkmilləşdirilməsi və seçki hüquqlarının təmin edilməsi məqsədi ilə 27 may 2003–cü il tarixdə Avropa standartlarının tələblərinə uyğun və Avropa Şurasının Venesiya Komissiyasının iştirakı ilə hazırlanan yeni Seçki Məcəlləsi qəbul edilmişdir. Artıq ölkəmizdə prezident, parlament və bələdiyyə seçkiləri bu məcəllə əsasında keçirilir.

Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz azadlığının təmin olunmasından ibarətdir.

Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət ölkənin ictimai–siyasi həyatında sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun təmin edilməsi, sosial–iqtisadi problemlərin həlli sahəsində ciddi addımların atılması kütləvi informasiya vasitələrinin fəaliyyəti, söz, fikir və məlumat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi–texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılmışdır.

“Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998–ci il tarixdə imzalanmış fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 16 aprel 1992–ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993–cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir.

2000–ci il martın 6–da Heydər Əliyevin imzaladığı sərəncamla “2000–2001–ci illərdə kütləvi informasiya vasitələrinin maddi–texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olunmuş və müvafiq dövr ərzində uğurla icra olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” 20 iyul 2001–ci il tarixli fərmanında isə milli mətbuatın inkişafı ilə əlaqədar əlavə tədbirlər nəzərdə tutulmuşdur.

BMT–nin 2000–ci ildə keçirilmiş minilliyin sammitindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2003–cü il 20 fevral tarixli fərmanla “2003–2005–ci illər üçün Azərbaycanda yoxsulluğun azalması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilmiş və bu sənədin icrası nəticəsində insanların sosial–iqtisadi hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.

Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının təmini ilə bağlı beynəlxalq müqavilələrdə və dövlətdaxili qanunvericilik aktlarında təsbit olunmuş hüquqlardan kəsb etdiyi əhəmiyyətinə görə ən vacibi yaşamaq hüququdur. Məhz bu hüququn qorunması, toxunulmazlığı digər hüquq və azadlıqların təmin olunmasına şərait yaratmış olur. Təsadüfi deyildir ki, tarix boyu insanlar məhz yaşamaq hüququnun tam təmin olunması və qorunması istiqamətində mübarizə aparmış və aparmaqdadırlar.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədi ilə həyata keçirilən hüquqi islahatlar sırasında ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər olmuşdur.

1993–cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulmuş, 1998–ci il 10 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur.

Şərqdə ilk dəfə məhz bizim respublikamızda ölüm cəzasının ləğv edilməsi dünyada böyük əks–səda doğurmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş bu islahat dövlətimizin humanist siyasi kurs həyata keçirdiyini bəyan etməklə onun Avropa hüquq məkanına inteqrasiyasını sürətləndirmişdir.

Yaşamaq hüququnun təmin edilməsi baxımından ölkəmizdə dəfələrlə tətbiq olunmuş əfv və amnistiya aktları xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini də daim önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atmışdır. Belə ki, Azərbaycan Respublikasında ilk əfv fərmanı prezident Heydər Əliyev tərəfindən 1995–ci ildə imzalanmış və demək olar ki, bu tarixdən etibarən Azərbaycanda əfv institutu bərpa olunmuşdur.

1995–2003–cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Ulu öndər Heydər Əliyev eyni zamanda Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə çevirmişdir. 1996–cı ildən başlayaraq 9 amnistiya aktı qəbul edilmiş və on minlərlə insana tətbiq edilmişdir.

Ümumiyyətlə, dövlətimizin humanist siyasəti nəticəsində 1995–2013–cü illər ərzində 54 əfv fərmanı imzalanmışdır ki, bunun da nəticəsində minlərlə insan azadlığa qovuşmuşdur.

Yeri gəlmişkən, qeyd edək ki, fəaliyyət dövrü ərzində Ombudsman ölkə Prezidenti cənab İlham Əliyevə yüzlərlə məhkumun əfv olunması ilə bağlı müraciət ünvanlamış, həmin müraciətlərin bir qismi nəzərə alınmış, bugünədək ümumilikdə 391 məhkum əfv edilərək azadlığa buraxılmışdır.

İnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında Heydər Əliyevin 22 fevral 1998–ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı, habelə 1998–ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş və bu il 15 illiyi tamam olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Belə ki, bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi–tədqiqat institutunun yaradılması, normativ–hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.

 

(davamı növbəti saylarımızda)

 

 

Prof. Elmira Süleymanova,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

Respublika.- 2013.- 20 aprel.- S. 4.