Məhkəmə-hüquq islahatlarının
mütəfəkkir banisi
Xalqımız ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini əsl bayram əhval–ruhiyyəsi ilə qarşılayır. Öz doğma yurdu, Vətəni üçün misilsiz xidmətlər göstərmiş, titanik fəaliyyətini xalqın çiçəklənməsinə həsr etmiş liderin adı yaddaşlara əbədi həkk olunmuşdur. Biz, məhkəmə–hüquq sistemində çalışan insanlar fəxr edirik ki, ulu öndərin qurub–yaratdığı yolla irəliləyir, öz işimizdə, əməlimizdə onun tövsiyələrini rəhbər tutub xalqın xidmətində dayanırıq. Çox da uzaq keçmiş deyil. 1990–cı illərin əvvəllərində Azərbaycan bir çox təhlükələrlə üz–üzə dayanmışdı. Dövlətin parçalanmaq qorxusu var idi. Xaos, dərəbəylik, mənəm–mənəmlik baş alıb gedirdi. İnsanlarda ümidsizlik yaranmışdı. Sabaha inam hissi tükənmək üzrə idi. Belə bir vaxtda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər ürəklərdə ümid şöləsi yandırdı. Respublikamızda maddi və mənəvi tərəqqinin yeni mərhələsi başlandı. Dahi şəxsiyyət ölkədə müasir səviyyədə, hərtərəfli inkişaf üçün bütün sahələrdə islahatların həyata keçirilməsini zəruri şərt hesab etdi. 1995–ci ilin iyul ayında Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan komissiya yaradıldı. 1995–ci il noyabr ayının 12–də Azərbaycanın Milli Konstitusiyası qüvvəyə mindi. Bu mühüm sənəd—Ana Yasa dövlətçiliyimizin möhkəm özül üzərində qurulmasına təminat yaratdı. Konstitusiyamız siyasi–iqtisadi sistemdə islahatların genişlənməsinə şərait yaratmaqla yanaşı, hüquqi–normativ bazanın formalaşdırılmasına imkanlar açdı. Beləliklə, sosial–iqtisadi islahatların həyata keçirilməsinin hüquqi bazasını təşkil edən qanunlar silsiləsi dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynadı. Bu qanunların hər birində insan hüquq və azadlıqlarının qorunması ehtiva olunur. Respublikamızda insan hüquqlarının qorunması sahəsində həyata keçirilən mühüm tədbirlərin müsbət nəticəsi olaraq ölkəmiz 2001–ci il yanvarın 25–də Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Avropa Şurasına tamhüquqlu üzvlük Azərbaycan dövləti üzərinə bir sıra əlavə öhdəliklər də qoydu. Həmin öhdəliklərdən biri 2001–ci il dekabrın 28–də qəbul edilmiş “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili—ombudsman haqqında” Konstitusiya Qanunu olmuşdur. Müstəqil dövlətimizdə məhkəmə–hüquq islahatlarının mütəfəkkir banisi Heydər Əliyevdir. Ulu öndərin respublikamıza rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, yuxarıda qeyd etdiyimiz kimi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması müstəqil dövlətimizin demokratik inkişaf yolunda əldə etdiyi ən mühüm nailiyyətlərdir. “Məhkəmələr və hakimlər haqqında” qanun ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edir. Bu qanunun mütərəqqi cəhətlərindən danışarkən bir məsələni xüsusi qeyd etmək lazım gəlir. Bildiyimiz kimi, sovet məhkəmə sistemi ikipilləli sistem idi. O vaxt Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası funksiyalarını həyata keçirirdi. Ali Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna da malik idi. Beləliklə, bir–birinə uyğun olmayan bu funksiyaların hər ikisi Ali Məhkəmədə cəmləşmişdi. Belə bir hal isə məhkəmə–hüquq islahatlarının ümumi ideologiyasına uyğun deyildi. Bu uyğunsuzluq hüquqi müstəvilərdə aparılmış islahatlar nəticəsində aradan qaldırıldı. Ali Məhkəmə kassasiya, instansiya məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayandı. Yeni üçpilləli—birinci instansiya, apelyasiya və kassasiya instansiyalı məhkəmə sistemi yaradıldı. Bu sistemin də üstünlüklərindən geniş danışmaq olar. Qısaca onu demək kifayətdir ki, üçpilləli məhkəmə sistemi əhalinin məhkəmələrə olan inamını artırmış, məhkəmə qərarlarının qətiliyinə, onlara hörmətlə yanaşılmasına imkan yaratmışdır. “Məhkəmələr və hakimlər haqqında” qanundan sonra ölkəmizdə ilk dəfə olaraq hakim vəzifəsinə seçkilər tamamilə açıq, şəffaf, obyektiv aparıldı. Ədalətliliyin bərpa olunmasında bu qanun son dərəcə mühüm rol oynadı. Məhkəmə hakimiyyətinin nüfuzu artdı. Qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum—Məhkəmə–Hüquq Şurası hakim vəzifəsinə müstəqil namizədin seçilməsi, hakimlərlə bağlı digər məsələləri həyata keçirən müstəqil qurumdur. Hakimlərin test üsulu ilə seçilməsi ölkədə peşəkar hakim korpusunun formalaşdırılmasına böyük təsir göstərmişdir.
Hazırda peşəkar hakim korpusu insan hüquq və azadlıqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir, məhkəmə hakimiyyətinin nüfuzunu artırır. Haqq–ədalətin təminatçısı vəzifəsini həyata keçirir. Ölkəmizdə məhkəmə hakimiyyətinin geniş və hərtərəfli fəaliyyəti üçün gözəl şərait yaradılmışdır. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha da kamilləşir və müasirləşir. Son 10 ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi xeyli təkmilləşdirilmişdir. Dövlət başçısının insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi, eyni zamanda onun yüksək humanizminin ifadəsidir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasət bütün sahələrdə uğurla davam etdirilir. Dövlət başçımızın 2009–cu ilin 6 fevral sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı” ölkədə məhkəmə hakimiyyətinə göstərilən qayğı–diqqət, eyni zamanda tələbkarlığın bariz nümunəsidir. İndi ölkənin əksər rayonlarında məhkəmələr üçün ən müasir standartlara cavab verən yeni binalar tikilib istifadəyə verilmişdir. Biz həmin binalarda vətəndaşlarla hakimlər arasında münasibətlərin tamamilə şəffaf, qanuna müvafiq qurulmasını xüsusi razılıq hissi ilə, minnətdarlıqla qeyd edirik. Mən uzun müddətdir ki, məhkəmə sistemində çalışır, hakim vəzifəsi daşıyıram. Şirvan şəhərində, Sabirabad, Salyan rayonlarında məhkəmə sədri vəzifəsini daşımışam. Bu illər ərzində ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının nə qədər ali, hərtərəfli düşünülmüş konsepsiya olduğunu görüb qəlbən sevinmişəm. Bu konsepsiyanın əsas strateji xəttini həmrəylik, bütövlük, hüququn aliliyi ideyaları təşkil edir. Bu konsepsiya milli dövlətçiliyin yaranmasına xidmət edir. Ulu öndərin mütəfəkkircəsinə irəli sürmüş olduğu ideyalar gündən–günə öz bəhrəsini verməkdədir. İndi Azərbaycanın dünya dövlətləri arasında öz yeri var. Ölkədə vətəndaşlarının hüquq və azadlıqları yüksək səviyyədə qorunur. Prezident İlham Əliyevin rəhbərliyi altında əfvetmə institutu fəaliyyət göstərir. Dövlət başçısı öz əfv fərmanları ilə törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Azərbaycan Prezidenti son 10 ildə 22 əfv fərmanı imzalamış, bu fərmanlar ilə 4 mindən çox məhkum cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad edilmişdir.
Ölkəmiz dinamik inkişaf yolundadır. Hakimiyyətin mühüm qollarından olan məhkəmə hakimiyyəti də bu inkişafdan geri qalmır. Məhkəmə islahatları zaman keçdikcə öz müsbət nəticələrini verir. Həyat göstərir ki, dahi şəxsiyyət Heydər Əliyevin zəngin ideyaları həmişə yaşayacaqdır.
Həmid Əzizov,
Hacıqabul Rayon
Məhkəməsinin sədri
Respublika.- 2013.- 20 aprel.- S. 5.