Ümummilli lider və Azərbaycanda mülkiyyət islahatları: dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi proqramları

 

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev milli iqtisadiyyatımızın formalaşdırılmasında əvəzedilməz rol oynamışdır.

Müstəqilliyini qazanmış Azərbaycan dövləti ilk dövrlərində cəmiyyət həyatının bir sıra əsas sahələrində qeyri–stabilliklərlə qarşılaşmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yürütdüyü müdrik siyasət nəticəsində, dövlətə səriştəsiz rəhbərliklə bağlı 1990–cı illərin əvvəllərində baş alıb gedən xaos və anarxiya aradan qaldırılmış, siyasi stabillik təmin edilmişdir. Bunlar ölkəmizdə bazar iqtisadiyyatının formalaşdırılmasına yönəldilmiş sistemli islahatların həyata keçirilməsinə şərait yaratmışdır.

 

Qeyd etmək lazımdır ki, müstəqilliyin başlanğıcında ölkəmizdə makroiqtisadi stabillik pozulmuş, hiperinflyasiya baş vermiş, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, daxili və xarici ticarət dövriyyəsinin həcmi kəskin azalmış, əhalinin istehlak malları ilə təminatında ciddi çətinliklər meydana gəlmişdi.

Keçmiş İttifaq dövlətinin dağılması, iqtisadi fəaliyyət mexanizmlərinin və idarəetmə sisteminin pozulması, qərarlaşmış istehsal–iqtisadi əlaqələrin iflic olması səbəbindən dövlət mülkiyyətində olan müəssisələrin fəaliyyətinin təşkili sahəsində problemlər yaranmışdı. Dövlət müəssisələrinin maliyyə–iqtisadi göstəricilərinin kəskin surətdə aşağı düşməsi, müəssisələrdə iş yerlərinin bağlanması və məşğulluq problemlərinin yaranması meyilləri güclənmişdi. Dövlət tərəfindən müəssisələrə investisiya qoyuluşlarının kəsilməsi, müəssisələrin dövriyyə vəsaitlərinin çatışmazlığı onların istehsal fəaliyyətinə mənfi təsir göstərirdi. Eyni zamanda satış bazarlarının itirilməsi, xammal mənbələrinin əlçatmazlığı dövlət müəssisələrinin iflasına səbəb olmuşdu.

Belə bir şəraitdə ölkə Prezidenti tərəfindən iqtisadiyyatda əsaslı islahatların aparılması zəruriliyi irəli sürüldü və özəlləşdirmə həmin islahatların başlıca istiqamətlərindən biri kimi müəyyən edildi.

Ulu öndər özəlləşdirmənin həm dövlətin və həm də xalqın mənafeləri baxımından səmərəli təşkilinin vacibliyini ön plana çəkmişdir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı strateji qərarların qəbulundan öncə bu sahədə əsas məsələlərin ölkə Prezidenti tərəfindən müvafiq dövlət strukturlarının, təsərrüfat rəhbərlərinin və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş müzakirəyə çıxarılması qeyd edilən yanaşmanın bariz nümunəsi kimi dəyərləndirilə bilər. Həmin müzakirələrin gedişində Ulu Öndər tərəfindən irəli sürülən müvafiq konseptual müddəalar ölkəmizdə özəlləşdirmənin strateji xətlərinin müəyyən edilməsi üçün əsas olmuşdur.

Ulu öndər özəlləşdirməni iqtisadi islahatların əsas istiqamətlərindən biri və eyni zamanda digər istiqamətlər üzrə islahatların uğurla həyata keçirilməsinin mühüm şərti olduğunu nəzərə alaraq onun müvafiq kompleks proqram əsasında həyata keçirilməsi zəruriliyini təsdiq etmişdir. Bununla bağlı tələblər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli tədbirlər haqqında” 1995–ci il 8 mart tarixli Fərmanında öz əksini tapmışdır. Həmin Fərmana uyğun olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq məqsədilə Dövlət Komissiyası yaradılmış və onun əsas vəzifələri müəyyən edilmişdir.

Ulu öndərin qeyd edilən fərmanına uyğun olaraq “Azərbaycan Respublikasında 1995–1998–ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı hazırlanmışdır. Həmin proqramın icrası ölkəmizdə struktur islahatlarının sürətləndirilməsində, ilk növbədə isə xüsusi sahibkarlığın təşəkkülündə mühüm rol oynamışdır. Bu, həmin dövrdə bir sıra istehsal və xidmət sferalarının dirçəldilməsi və bütünlükdə iqtisadiyyatın böhran vəziyyətindən çıxarılması üçün xüsusi əhəmiyyətə malik olmuşdur. Özəl sektorda istehsal olunan məhsulların və göstərilən xidmətlərin həcmi əsaslı surətdə genişlənmiş və nəticədə daxili bazarda qıtlığın aradan qaldırılması istiqamətində əsaslı irəliləyişlər əldə etmək mümkün olmuşdur.

Ölkədə makroiqtisadi stabilliyin təmin edilməsi şəraitində institusional quruculuq sahəsində dövlət başçısının irəli sürdüyü yeni vəzifələr özəlləşdirmənin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi zəruriliyini şərtləndirmişdir. Bununla əlaqədar, ulu öndərin təşəbbüsü ilə 2000–ci ildə dövlət əmlakının özəlləşdirilməsi barədə yeni Qanun qəbul edildi. Həmin ilin avqust ayında ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı imzalanmışdır. Eyni zamanda dövlət mülkiyyətinin özəlləşdirilməsi mexanizmlərinin sistemli şəkildə formalaşmasını təmin edən normativ hüquqi aktlar təsdiq edilmişdir.

Ulu öndər dövlət əmlakının özəlləşdirilməsinin gedişində sosial ədalət prinsiplərinin gözlənilməsinə xüsusi həssaslıqla yanaşmışdır. O, genişmiqyaslı özəlləşdirmə başlanmamışdan öncə özəlləşdirilən dövlət mülkiyyətindən ölkə vətəndaşlarına çatacaq əvəzsiz payın miqdarı və onun bölüşdürülməsi qaydasının müəyyən edilməsi vəzifəsini qarşıya qoymuşdur. Bu sahədə ulu öndər tərəfindən müəyyən edilən strateji xətt özəlləşdirmə prosesində əhalinin bütün təbəqələlərinin sosial müdafiəsini təmin edən tədbirlərin həyata keçirilməsini, habelə vətəni qoruyarkən həlak olmuş şəhidlərin ailələrinin və qaçqınların sosial müdafiəsinin təmin olunmasına xüsusi fikir verilməsini nəzərdə tuturdu. Özəlləşdirmədə sosial ədalət prinsipinin reallaşdırılması məqsədilə dövriyyəyə dövlət özəlləşdirmə payları buraxılmış və özəlləşdirilən dövlət müəssisələrinin əmlakının işçilərə güzəştli satışı qaydası tətbiq edilmişdir. Dövlət əmlakının özəlləşdirilməsinin gedişində əhalinin müvafiq kütləsinin sosial müdafiəsinin təmin olunmasında özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişlər üzrə yaranmış borclarının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının da mühüm əhəmiyyəti olmuşdur.

Ulu öndər investorların, o cümlədən xarici investorların özəlləşdirmədə iştirakı üçün əlverişli şəraitin yaradılması tələblərini qoymuş və bununla bağlı zəruri tədbirlərin görülməsinə xüsusi diqqət vermişdir. Bununla əlaqədar, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda iqtisadiyyata investisiyaların cəlb edilməsi yolu ilə onun səmərəliliyinin artırılması özəlləşdirmənin məqsədinin mühüm tərkib hissəsi kimi qəbul edilmişdir. Eyni zamanda Qanunda özəlləşdirmədə investisiyalara dövlət təminatı və investorların hüquqlarının və qanuni mənafelərinin qorunmasının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirildiyi təsbit edilmişdir.

Qeyd edilənlərlə əlaqədar, dövlət əmlakının özəlləşdirilməsi ölkəmizin iqtisadiyyatına investisiyaların cəlb edilməsinin mühüm amillərindən birinə çevrilmişdir. Bu günədək 84 müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi başa çatdırılmışdır.

Müvafiq müəssisələrə yatırılan investisiyaların 1/3–ə qədəri xarici investorların payına düşür. Ölkəmizdə aparılan özəlləşdirmədə ABŞ, İsveç, Fransa, Böyük Britaniya, Türkiyə, İran və digər ölkələrin investorları iştirak etmişdir.

Ulu öndər özəlləşdirmənin sürətləndirilməsinə, bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət yetirmişdir. Bu istiqamətdə ölkə başçısı özəlləşdirmə mexanizmlərinin ardıcıl olaraq təkmilləşdirilməsi, bununla bağlı zəruri qanunvericilik sənədlərinin qəbulu və əməli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlamışdır. Dövlət müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması əsasında özəlləşdirilmənin sürətləndirilməsində, onların borcları ilə bağlı yaranan maneələrin aradan qaldırılmasında Azərbaycan Respublikası Prezidentinin “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının təsdiq edilməsi haqqında” 11 iyul 2001–ci il tarixli fərmanının xüsusi əhəmiyyəti olmuşdur.

II Dövlət Proqramının həyata keçirilməsi gedişi ölkəmizin sosial–iqtisadi həyatında köklü dəyişikliklərin baş verməsi mərhələsinə düşmüşdür. 2003–cü ildə Müstəqil Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf strategiyasının həyata keçirilməsi, iri neft–qaz layihələrinin reallaşdırılması iqtisadiyyatımızın sürətli yüksəlişinə imkan yaratmışdır. Belə bir şəraitdə xalqın həyat səviyyəsinin sıçrayışlı yüksəldilməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması, habelə regionda lider dövlətə çevrilməsi vəzifəsi önə çəkilmişdir. Azərbaycan dövləti bu tarixi missiyaların gerçəkləşdirilməsi ilə yanaşı, milli iqtisadiyyatın neft amilindən asılılığını azaltmağı, iqtisadiyyatın diversifikasiyasını həyata keçirməyi və qeyri–neft sektorunun sürətli inkişafını təmin etməyi başlıca vəzifə kimi irəli sürmüşdür.

Bununla əlaqədar, özəlləşdirmənin qeyri–neft sektorunun inkişafına daha güclü təkan verməsi və gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün zəminlərin möhkəmləndirilməsində rolunun yüksəldilməsinə zərurət yaranmışdır. Bu məqsədlə özəlləşdirmənin əhatə dairəsi əhəmiyyətli surətdə genişləndirilmişdir. İqtisadiyyatın bir sıra mühüm sahələrində, o cümlədən nəqliyyat, telekommunikasiya, bank–maliyyə sektoru, tikinti və inşaat materialları, yüngül, yeyinti və emal sənayesi, maşınqayırma, metallurgiya, neft–kimya və kimya, eləcə də başqa sahələrdə orta və iri müəssisələrin özəlləşdirilməsi həyata keçirilmişdir.

Həmin müəssisələrin əksəriyyəti özəl təsərrüfat subyektləri olaraq fəaliyyətlərinin müasir texnologiyaların və menecmentin geniş tətbiqi əsasında genişləndirmiş və ölkə iqtisadiyyatında ciddi mövqelərə yiyələnmişlər.

Orta və iri müəssisələrin özəlləşdirilməsində uğur qazanılmasının təmin edilməsində bu prosesin gedişində beynəlxalq təşkilatlarla, nüfuzlu məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlıq edilməsi əhəmiyyətli rol oynamışdır.

Ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatların gedişində özəlləşdirmə ilə yanaşı, dövlət əmlakının idarə edilməsinin yeni sistemi qurulmuşdur. Bu sahədə müvafiq dövlət qurumları yaradılmış, zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ulu öndərin fərmanlarına uyğun olaraq dövlət əmlakının registrinin yaradılması və aparılmasının, icarəyə və istifadəyə verilməsinin, habelə dövlət əmlakından səmərəli istifadə edilməsinə nəzarətin çevik mexanizmləri müəyyən edilmişdir.

Ulu öndərin özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində müəyyən etdiyi strategiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə uğurla davam etdirilmişdir.

II Dövlət Proqramının həyata keçirilməsi gedişi ölkəmizin sosial–iqtisadi həyatında köklü dəyişikliklərin baş verməsi mərhələsinə düşmüşdür. 2003–cü ildə Müstəqil Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf strategiyasının həyata keçirilməsi, iri neft–qaz layihələrinin reallaşdırılması iqtisadiyyatımızın sürətli yüksəlişinə imkan yaratmışdır. Belə bir şəraitdə xalqın həyat səviyyəsinin sürətlə yüksəldilməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması, habelə regionda lider dövlətə çevrilməsi vəzifəsi önə çəkilmişdir.

Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi ilə bu tarixi missiyaları uğurla gerçəkləşdirmişdir. Uğurlu inkişaf xətti, əsaslı struktur islahatları proqramlarının reallaşdırılması sayəsində Azərbaycan dünya miqyasında iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir.

Yeni şəraitdə ölkəmizdə şaxələndirilmiş iqtisadiyyatın yaradılması və sürətli inkişafın təmin edilməsi sahəsində özəlləşdirmənin töhfəsinin artırılması ön plana çəkilmişdir.

Özəlləşdirmənin qeyri–neft sektorunun inkişafının sürətləndirilməsi və regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsində əhəmiyyətli rolu təmin olunur. Özəlləşdirmə iqtisadiyyatın əsas sahələri, o cümlədən maşınqayırma, kimya, yüngül sənaye, qida istehsalı sənayesi, inşaat, nəqliyyat, habelə digər xidmət sahələrinə aid müəssisə və obyektləri əhatə etmişdir. Müxtəlif sahələr üzrə özəlləşdirilmiş müəssisələr regionlarda uğurla fəaliyyət göstərirlər.

Özəlləşdirmə ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş sənayeləşdirmə strategiyasının həyata keçirilməsində fəal rola malikdir. Özəlləşdirilmiş müəssisələr ölkəmizin sənaye mərkəzlərində uğurla fəaliyyət göstərirlər. Bu müəssisələrdə müasir texnologiyaların tətbiqi əsasında daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsullar istehsal edilir. Həmin müəssisələr, eyni zamanda, formalaşmaqda olan müasir sənaye komplekslərinin daxilində çoxlu sayda iş yerlərinin açılmasını təmin etmişlər.

Digər vacib məqam özəlləşdirmənin sosial–mədəni təyinatlı xidmətlər (təhsil, səhiyyə, idman) göstərən müəssisə və obyektlərə investisiya qoyuluşlarının həyata keçirilməsi vasitəsinə çevrilməsi və bununla da müvafiq xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsinə zəminlərin yaradılmasıdır. İstehsal və xidmət müəssisələri özəlləşdirilərkən sadəcə olaraq onların fəaliyyətinin əvvəlki profil üzrə bərpası deyil, bazar tələbi nəzərə alınmaqla və müasir texnologiyaların və menecmentin tətbiqi əsasında yüksək keyfiyyətli məhsullar və xidmətlərin istehsalının təşkili əsas hədəf kimi qəbul edilir.

Özəlləşdirmənin sürətləndirilməsində müəssisələrin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə özəlləşdirməqabağı restrukturizasiya və sağlamlaşdırması ilə bağlı ardıcıl işlərin aparılmasının mühüm əhəmiyyəti olmuşdur. . Bu sahədə tədbirlər müəssisələrin təşkilatı restrukturizasiyası, texnoloji cəhətdən yenidən qurulması, borclarının restukturizasiyası, müəssisəyə maliyyə yardımı göstərilməsi istiqamətlərində aparılmışdır.

Qarşıdakı dövrdə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012–ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunmuş prioritetlərə uyğun olaraq, özəlləşdirmə prosesinin dinamikliyinin təmin edilməsi ilə yanaşı, özəlləşdirmənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulacaqdır. Bu istiqamətdə təkliflər komitədə Dünya Bankının dəstəyi ilə hazırlanan “2013–2017–ci illər üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Strategiya Planı”nda öz əksini tapır.

Eyni zamanda özəlləşdirmə proseslərinin genişlənməsi, həmçinin iqtisadiyyatda dinamik artım meyillərinin güclənməsi dövlət əmlakının idarə edilməsi strategiyasının təkmilləşdirilməsi zəruriliyini şərtləndirmişdir. Bununla bağlı əsas vəzifələr və onların həlli istiqamətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 iyun 2007–ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda öz əksini tapmışdır.

Dövlət Proqramının həyata keçirilməsi nəticəsində son dövrlərdə əsas istiqamətlər üzrə irəliləyişlərə nail olunmuşdur:

İlk növbədə, dövlət əmlakının uçot və qeydiyyat sistemi inkişaf etdirilmişdir. Dövlət əmlakının idarə edilməsinin Milli avtomatlaşdırılmış əmlak informasiya sisteminin formalaşdırılması həyata keçirilmişdir. Bununla yanaşı, dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müəssisələr haqqında, habelə dövlət müəssisələrinin və özəlləşdirilən müəssisələrin yerləşdiyi dövlət torpaq sahələri haqqında sistemləşdirilmiş məlumat bankları yaradılmışdır.

Eyni zamanda dövlət əmlakının icarəyə verilməsi şərtləri və qaydaları təkmilləşdirilmişdir. Dövlət Proqramına uyğun olaraq daşınmaz dövlət əmlakının icarə haqlarının müəyyən edilməsinin baza göstəriciləri yeniləşdirilmişdir. Dövlət əmlakının müsabiqəlilik əsasında icarəyə verilməsi mexanizmi hazırlanmış və tətbiq edilmişdir. Eyni zamanda dövlət və özəlləşdirilmiş müəssisələrin yerləşdikləri torpaq sahələrinin səmərəli idarə edilməsi tələblərinə uyğun icarəyə vermə qaydası müəyyən edilmişdir.

Dövlət Proqramına uyğun olaraq, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadəsinə nəzarətin mükəmməl mexanizmləri formalaşdırılmışdır. Dövlət hakimiyyət orqanlarının və büdcədən maliyyələşən təşkilatlarının əmlakla təminatı və həmin əmlakdan istifadə qaydaları təkmilləşdirilmiş, vəzifəli şəxslərin dövlət müəssisə və təşkilatlarının balansında olan əmlakın qorunub saxlanılması və səmərəli istifadəsi ilə bağlı hüquqi məsuliyyətlərinin gücləndirilməsini təmin edən mexanizmlər inkişaf etdirilmiş, dövlət əmlakının mövcudluğu və istifadəsi ilə bağlı daha mükəmməl hesabatlılıq qaydasının tətbiqi təmin edilmişdir.

Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin yaradılması və idarə edilməsi qaydaları da təkmilləşdirilmişdir. Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müəssisələrdə korporativ idarəetmənin, dövlət korporativ idarəetmə sistemində müvafiq qərarların qəbulunun yaxşılaşdırılmasını təmin edən qaydalar müəyyən edilmişdir. Eyni zamanda səhmdar cəmiyyətlərdə dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi mexanizmləri yaradılmışdır.

Qeyd edilənlərlə yanaşı, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi strategiyasının təkmilləşdirilməsi məqsədilə bu sahədə beynəlxalq təcrübənin müsbət cəhətlərindən istifadə edilməsi məsələlərinə diqqət artırılmışdır. Müvafiq istiqamət üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması dünya təcrübəsinə Əsaslanan səmərəli mexanizmlərin qurulmasına imkanlar açmışdır.

Zamanın çağırışlarına və ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq istər özəlləşdirmə və istərsə də dövlət əmlakının idarə edilməsində müasir texnologiyalardan istifadə edilməsi, şəffaflığın yüksəldilməsi, bu sahələrdə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində zəruri işlər davam etdiriləcəkdir.

 

 

Rüstəm ŞAHBAZOV,

Əmlak Məsələləri Dövlət Komitəsinin

sədr müavini

 

Respublika.- 2013.- 20 aprel.- S. 6.