Bresser Eurasiya BV Holland şirkəti
ilə anlaşma memorandumu imzalanıb
Dünən
Azərbaycan Memarlar İttifaqında Bresser Eurasiya BV Holland
şirkəti ilə memorandum imzalanmışdır. Tərəflər
arasında imzalanan memorandumdan öncə Füzuli
küçəsi, 39 ünvanında yerləşən tarixi
binanın sürüşdürülməsi ilə
bağlı layihə işləri və görüləcək
işlər barəsində Bresser Eurasiya BV şirkətinin
texniki heyəti ətraflı məlumat vermişlər.
Məlum
olduğu kimi, Füzuli küçəsindəki 39 nömrəli
yaşayış binası tarixi memarlıq nümunəsi
olduğu üçün sökülmədən arxaya
sürüşdürüləcəkdir.
Ağırlığı 18 min ton olan bu tarixi memarlıq
nümunəsinin sürüşdürülməsini bu
şirkət həyata keçirəcəkdir. Tədbirdə
qeyd edilmişdir ki, binanın sürüşdürülməsi
məqsədilə ən müasir texnologiyadan istifadə ediləcəkdir.
Texnoloji proses binanın bir neçə millimetr
qaldırılması və binanın altında
quraşdırılmış 210 hidravlik qurğunun köməyi
ilə köçürülmə zamanı binanın yerdəyişməsini
nəzərdə tutur. Binanın köçürülməsi
bu qurğuların yerini dəyişməsi ilə
mümkün olacaq. Bresser Eurasiya BV şirkətinin əməkdaşları
binanın 5 gün ərzində sürüşdürülməsinin
davam edəcəyini və bu zaman heç bir titrəmə belə
olmadan yeni özülə oturdulacağını bildirmişlər.
Tədbirdə işin gedişini göstərən plan və
videofilm nümayiş etdirilmişdir.
Ətraflı
məlumatdan sonra memorandumun imzalanma mərasimi olmuşdur. Sənədi
Azərbaycan Memarlar İttifaqının sədri Elbay
Qasımzadə və Bresser Eurasiya BV şirkətinin rəhbəri
Leon Sveyxers imzalamışlar. Memarlar İttifaqının
xarici şirkətlə imzaladığı bu ilk sənəd
müxtəlif sahələrdə qarşılıqlı
münasibətləri, xüsusilə Azərbaycan şəhərlərinin
tikinti–bərpa potensialının artımına dəstək,
yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması sahəsində əməkdaşlıq,
mühəndis və inşaat sahəsində təcrübə
mübadiləsi, həmçinin müxtəlif xarakterli birgə
layihələrin həyata keçirilməsini nəzərdə
tutur.
Görüşdə
Mİ sədri Elbay Qasımzadə demişdir: “Azərbaycanda
uğurlu fəaliyyət, həmçinin sahibkarlıq sahəsində
çalışmaq üçün bütün şərait
yaradılıb. Biz əməkdaşlığa
açığıq”.
Bresser
Eurasiya BV şirkətinin rəhbəri Leon Sveyxers: “Tərəfimizdən
imzalanan memorandum münasibətlərimizdə mühüm
addımdır. Biz öz təcrübəmizi
bölüşməyə hazırıq və Azərbaycanda
qabaqcıl texnologiyamızı nümayiş etdirmək
imkanına malik olduğumuz üçün şadıq”.
Qeyd edək
ki, Bresser Eurasiya BV şirkəti bu sahədə 30 illik iş
təcrübəsinə malikdir və onun tərəfindən
köçürülən binaların sayı 35–dən
artıqdır.
Samir Zeynalov
Respublika.- 2013.- 20 aprel.- S. 7.