Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər

 

Xalqımız Müstəqil Azərbaycanın yaradıcısı, dövlətçiliyimizin banisi ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubiley təntənəsi ərəfəsindədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd olunur. Ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalanmışdır.

Belə bir dahi şəxsiyyətin yubiley təntənəsi respublikamızın bütün idarə və təşkilatlarında, hökumət və qeyri–hökumət qurumlarında, bütün tədris ocaqlarında, ictimai qurumlarda yüksək səviyyədə qeyd olunmaqdadır. Bununla bağlı sosial–mədəni həyatımızın bütün sahələrində ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlər həyata keçirilir.

“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində də ulu öndərin əziz xatirəsinə həsr olunmuş geniş tərkibli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Belə ki, səhmdar cəmiyyət gənc rəssamlar arasında (18–35 yaş) rəsm (yağlı boya, qrafika, dekorativ tətbiqi sənət əsərləri) müsabiqəsinin keçirilməsi, talassemiyadan əzab çəkən xəstələrə müəssisə işçilərinin könüllü qanverməsı kampaniyasının təşkil edilməsi, tədris Mərkəzində “Heydər Əliyev — Azərbaycanın müstəqil energetika sisteminin yaradıcısıdır” mövzusunda konfransın keçirilməsi, eləcə də ulu öndərin xatirəsinə həsr olunmuş Bakı futbol turnirinin təşkili və daha bir sıra digər tədbirlərin keçirilməsini planlaşdırıb.

Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq aprel ayının 6–dan etibarən talassemiyadan əzab çəkən xəstələrə Səhmdar Cəmiyyətin idarə və şöbələrinin işçilərin könüllü qanvermə kompaniyasına başlanılmışdır.

Aprelin 13–dən isə isə Ulu öndərin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilmişdir. Xəzər rayonundakı Zirə İdman Kompleksində keçirilən turnirin açılış mərasimində “Bakıelektrikşəbəkə” ASC–nin İnsan Resursları və Xidmət İdarəsinin rəisi Tərlan Dadaşov ulu öndər Heydər Əliyevin titianik fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışmış, dahi şəxsiyyətin müyyənləşdirdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğulamışdır.

Turnirdə 8 komanda mübarizə aparır. Yarışda fərqlənənlər xüsusi mükafatlar və “Bakıelektrikşəbəkə” ASC–nin diplomları ilə təltif olunacaqlar.

 

 

Respublika.- 2013.- 20 aprel.- S. 7.