İNSAN HÜQUQLARI SAHƏSİNDƏ YENİ STRATEGİYALARIN BANİSİ

 

(əvvəli ötən sayımızda)

 

Bu gün artıq qətiyyətlə demək olar ki, aparılmış uzaqgörən siyasət nəticəsində bu məsələlərin hər biri öz uğurlu həllini tapmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra, ölkədə bu sahədə demokratik, hüquqi islahatların həyata keçirilməsi və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən qurulmuşdur.

Bu sahədə atılan ən mühüm addımlardan biri ötən il fəaliyyətinin 10 ili tamam olan Ombudsman təsisatının yaranması oldu. Bu təsisatın yaranması bilavasitə ümummilli liderimizin adı ilə bağlıdır.

Ombudsman institutunun yaradılması və fəaliyyəti dövlət və vətəndaş, hakimiyyətə malik şəxslər, yəni idarə edənlər və idarə olunanlar arasında münasibətlərdə yeni bir başlanğıcın əsasını qoydu.

28 dekabr 2001–ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində həqiqətən böyük dönüş nöqtəsi oldu. Qanunun konstitusiya statuslu olması dövlətin bu təsisatın fəaliyyətinə, ümumilikdə isə insan hüquqlarının müdafiəsi işinə verdiyi böyük önəmin göstəricisi olaraq qiymətləndirilməlidir ki, Konstitusiya qanunları qanunvericilik sisteminin əsasını təşkil edir və ali qanun olan Konstitusiyanın ayrılmaz hissəsidir.

Beləliklə, mühüm əhəmiyyətə malik olan tarixi hadisələrin xronoloji ardıcıllığına diqqət yetirdikdə, 2001–ci ilin yanvarın 25–də Avropa Şurasına üzv olduq, dekabrın 25–də Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduq və 3 gündən sonra dekabrın 28–də isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında ilk Konstitusiya statuslu qanun qəbul olundu, bununla da Ombudsman təsisatının hüquqi bazasının özülü qoyuldu.

Ombudsman haqqında Konstitusiya Qanunu hazırda yeni redaksiyada qüvvədədir. Qanunun üstünlüklərindən biri ondan ibarətdir ki, o, Müvəkkili preventiv səlahiyyətlə təminatlandırır. Yəni, Müvəkkil nəinki Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarını bərpa edir, həmçinin qanuna edilən son əlavə və dəyişiklərə görə insan hüquqları pozuntularının qarşısının alınması səlahiyyətlərinə malikdir.

Qanuna edilən yeni əlavə və dəyişikliklərdən biri də işgəncə əleyhinə milli preventiv mexanizmin (MPM) fəaliyyəti ilə bağlıdır.

2 dekabr 2008–ci il tarixdə ölkəmiz tərəfindən ratifikasiya edilən İşgəncə əleyhinə BMT Konvensiyasının Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009–cu il tarixli sərəncamı ilə adıçəkilən sənəddə nəzərdə tutulmuş MPM funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkil müəyyən edilmişdir. Qanunda Müvəkkilin Aparatında yaradılan Milli preventiv qrupun (MPQ) səlahiyyətləndirilməsi, bu qrupun üzvlərinə dair tələblər, onların toxunulmazlığının təminatları və digər əhəmiyyətli məsələlər təsbit edilmişdir. Qanuna görə, Müvəkkil işgəncənin və digər qəddar, qeyri–insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

MPM qismində fəaliyyətə dair iki ili (2009–2010) əhatə edən ilk hesabat, həmçinin 2011–ci il üzrə hesabat Azərbaycan və ingilis dillərində hazırlanaraq çap olunmuşdur. 2012–ci il üzrə də müvafiq hesabat artıq hazırlanmışdır.

Yeni əlavə və dəyişikliklərə əsasən Müvəkkil 30 sentyabr 2005–ci il tarixli “İnformasiya əldə etmək haqqında” qanunun icrasına nəzarəti həyata keçirir.

Bununla bağlı heç bir ayrı–seçkiliyə yol vermədən çoxsaylı KİV təmsilçiləri, dövlət qurumlarının mətbuat xidmətlərinin nümayəndələri, həmçinin qeyri–hökumət təşkilatları ilə məsləhətləşmələr keçirilir və hazırda da bu proses davam etməkdədir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2012–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012–2015–ci illər üçün Milli Fəaliyyət Planı”nda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının strukturunun təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Fəaliyyəti dövründə Azərbaycan Ombudsman təsisatı işi ilə cəmiyyətə öz yeniliklərini, müsbət təcrübəsini və təşəbbüslərini də gətirmişdir. İstər dövlət qurumlarının və vəzifəli şəxslərin, istərsə də cəmiyyətin ayrı–ayrı fərdlərinin, o cümlədən hüququ pozulmuş şəxslərin insan hüquqları məfhumuna yanaşma tərzi dəyişmişdir. Müvəkkilin tövsiyəsi ilə ilk dəfə olaraq bir çox dövlət qurumlarının strukturu təkmilləşmiş, insan hüquqları bölmələri yaradılmış, bu isə öz növbəsində səmərəli idarəetmənin formalaşmasına gətirib çıxarmışdır.

Yeniliklərdən biri də Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramı üzrə “ictimai dinləmələr”lə bağlıdır. Belə ki, qeyd olunan sənədlərin icrasının monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda millət vəkillərinin, yerli icra hakimiyyəti, məhkəmə və digər hüquq–mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT–lərin, KİV–lərin, o cümlədən milli azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir. Ölkəmiz üçün yenilik olan ictimai dinləmələr iştirakçıların böyük fəallığı şəraitində keçmiş və böyük marağa səbəb olmuşdur. Məhz ictimai dinləmələr nəticəsində bu sənədlərin səmərəli icrası, həmçinin ictimai dinləmələrdə insanların öz fikir və təkliflərini sərbəst surətdə ifadə etməsi, bütün hüquqların hər bir kəsə heç bir ayrı–seçkiliyə yol verilmədən məxsusluğu fikrinin möhkəmlənməsi, bütövlükdə demokratik, layiqli idarəetmənin təkmilləşməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Müvəkkilin də təklifi nəzərə alınmaqla 18 iyun tarixi Azərbaycanda insan hüquqları günü kimi təsdiq olunmuş və buna uyğun olaraq hər il 18 may–18 iyun tarixi “insan hüquqları aylığı” elan olunur və aylıq çərçivəsində həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər həyata keçirilir;

Qarşılıqlı əməkdaşlıq münasibətləri yalnız dövlət orqanları ilə deyil, QHT–lər, ictimaiyyətlə, vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq şəraitində qurmağa xüsusi diqqət yetirilmiş və bu əməkdaşlığı daha faydalı və məqsədyönlü etmək, müntəzəm davam etdirmək üçün insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan dövlət orqanları təcrübəsində ilk dəfə olaraq Ombudsmanın yanında müstəqil Ekspertlər Şurası yaradılmışdır. O cümlədən, əhalinin müxtəlif təbəqələrinin hüquqlarının daha etibarlı təmin edilməsi məqsədilə ayrı–ayrı sahələr (qadın, uşaq, ahıl, əlil, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular və b.) üzrə ixtisaslaşmış müşavirlər fəaliyyət göstərir.

Ombudsman təsisatının gətirdiyi digər mühüm yenilik xarici əlaqələr sahəsində fəaliyyətlə bağlıdır. Buraya universal və regional beynəlxalq təşkilatlarla (o cümlədən BMT–nin ixtisaslaşdırılmış təsisatları ilə) əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, insan hüquqlarının təmin olunması sahəsində beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi, Azərbaycan Respublikasının BMT–nin müqavilə komitələrinə təqdim olunan hesabatların hazırlanmasında iştirak, əlavə və alternativ məruzələrin hazırlanması və aidiyyəti üzrə təqdim olunması, ombudsman təsisatının ən yüksək “A” statusuna layiq görülməsi, bir sıra nüfuzlu təşkilatlara (Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası və s.) üzvlük, hər il Bakıda müxtəlif ölkələrin ombudsmanlarının iştirakı ilə artıq bir ənənə halını almış Ombudsmanların Beynəlxalq Bakı Forumunun keçirilməsi, bu forumlar çərçivəsində bəyannamələrin qəbul edilməsi, BMT–nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq, Şuranın sessiyalarında iştirak, xüsusi bəyanatlarla çıxış edilməsi və bu bəyanatların rəsmi sənəd kimi qeydiyyatdan keçməsi və bu kimi digər işləri aid etmək olar.

Yeniliklər sırasında iştirak etdiyimiz beynəlxalq proqramları qeyd etmək lazımdır. Beynəlxalq əlaqələrimiz sırasında Avropa Birliyi ilə münasibətlər xüsusi önəm daşıyır. Bu əməkdaşlıq əlaqələri kontekstində Avropa Birliyinin Şərq tərəfdaşlığı və Twinning layihələrində aktiv iştirak edirik. Bununla yanaşı, Avropa Birliyinin TAİEX proqramının da iştirakçısıyıq və bu proqram çərçivəsində 2011–ci ilin oktyabr ayında “Ombudsmanın Regional Mərkəzlərinin imkanlarının artırılması” mövzusunda treninq–seminar keçirilmişdir. Twinning üzrə tərəfdaşımız Almaniya İnsan Hüquqları İnstitutu olmuşdur. Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda tətbiq olunmuş “Twinning Light” layihəsi uğurla həyata keçirilmiş, faydalı təcrübə mübadiləsi aparılmışdır. Ombudsman Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsündə də fəal iştirak etməkdədir və burada tərəfdaşımız Polşa ombudsman təsisatıdır. Bu layihə çərçivəsində Azərbaycan Ombudsman Aparatının və Polşa Ombudsman təsisatının bir neçə əməkdaşının iştirakı ilə 2011–ci ilin may ayında Varşavada, 2011–ci ilin oktyabr ayında isə Bakıda birgə görüşlər keçirilmiş və həmin görüşlərdə işgəncələrə qarşı mübarizə üzrə milli preventiv mexanizmlərin fəaliyyəti, ayrı–seçkiliklə mübarizə, cinayət qurbanlarına hüquqi, psixoloji, təşkilati və maliyyə dəstəyinin göstərilməsi, insan hüquqlarının müdafiəsi işində yeni texnologiyalardan istifadə imkanları mövzularında müzakirələr aparılmış, bununla bağlı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Hal–hazırda bu istiqamətdə fəaliyyətimiz davam edir.

Azərbaycan Ombudsman təsisatı 2011–ci ildə Asiya Ombudsmanlar Assosiasiyasına institusional üzv seçilmişdir.

Ombudsman təsisatı aidiyyəti dövlət qurumlarının və əlilliyi olan şəxslərin təmsil olunduğu QHT–lərin də təklifləri nəzərə alınmaqla “Əlillərin hüquqları haqqında” Konvensiya üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını yerinə yetirən müstəqil milli insan hüquqları təsisatı qismində müəyyən edilmişdir. UNİCEF–in dəstəyi ilə əlillərin hüquqları üzrə BMT komitəsinə təqdim edilməsi üçün paralel məruzə hazırlanmışdır.

Həqiqətən də, dövlətin siyasi iradəsi, dəstəyi olmasa heç bir ölkədə ombudsman səmərəli fəaliyyət göstərə bilməz.

Fərəhli haldır ki, ümummilli liderimizin insan hüquq və azadlıqlarının qorunması sahəsində müəyyən etdiyi müdrik və uzaqgörən siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Belə ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş davamlı, ardıcıl proseslər, yeni strategiyalar, konseptual yanaşma, milli fəaliyyət planı və proqramları üzərində qurulmuş çoxsaylı praktiki tədbirlər həm normativ hüquqi bazanın təkmilləşməsi, həm də bunların həyata keçirilməsini təmin etmək üçün yeni mexanizmlərin yaranması və daha da təkmilləşdirilməsi öz müsbət nəticələrini verməkdədir.

Böyük ehtiram hissi ilə xatırlamaq istərdim ki, Prezident Heydər Əliyev öz şəxsi keyfiyyətləri ilə hər kəsə nümunə idi. Bu gün biz müstəqil respublikamızda sabitlik, əmin–amanlıq mühitində yaşayırıqsa, Azərbaycanın müstəqilliyi daimi, dönməz və əbədidirsə, bu, Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü kimi tanınırsa, dünya inteqrasiya proseslərində fəal iştirak edirsə, bu, dahi şəxsiyyət Heydər Əliyev siyasi uzaqgörənliyi və qüdrətinin təzahürüdür.

Təbii ki, ulu öndərin siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz. Bu mənada Azərbaycanın müasir tarixində özünəməxsus yeri olan Heydər Əliyev ideyaları hələ uzun illər qəlblərdə yaşayacaq, bu dahi şəxsiyyətin xalqımız qarşısındakı müstəsna xidmətlərinin ictimai–siyasi mahiyyəti gələcəkdə də tədqiqatçılar tərəfindən diqqət mərkəzində saxlanılacaqdır.

Heç də təsadüfi deyildir ki, əsası ulu öndər tərəfindən qoyulmuş uzunmüddətli yüksəliş strategiyalarının reallaşdırılması nəticəsində ötən dövr ərzində Azərbaycan daha da inkişaf etmiş, yeni–yeni regional proqramlar, Azərbaycanın hərtərəfli, daha dinamik inkişafı, xoşbəxt gələcəyimiz naminə islahatlar həyata keçirilmiş və bu proses sürətlə davam etməkdədir.

Bu islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006–cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) təsdiq edilmişdir.

Lakin zaman dəyişdikcə hər yeni inkişaf mərhələsi insan hüquqlarının təmin olunması sahəsində yeni məqsədlər, prioritetlər, problemlər və onların həlli məsələlərini doğurur ki, bu da yeni islahatların zəruriliyini gündəmə gətirir.

Odur ki, insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetlər nəzərə alınaraq, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ–hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011–ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

Sevindirici haldır ki, Avropa Şurasının Baş katibi T.Yaqlandın ölkə başçısına ünvanladığı məktubda qeyd olunan Proqramın təsdiq edilməsi alqışlanır və mühüm əhəmiyyətli sənəd kimi dəyərləndirilir.

Ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri də, o cümlədən AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri C.D.Qrex və P.Aqramunt, Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı N.Müjneks, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq ekspertlər də Ombudsmanla görüşdə belə bir Proqramın qəbulunu alqışlamışlar.

Yeni insan hüquqları üzrə dövlət Proqramı ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasını sözün əsl mənasında keyfiyyətcə tam yeni mərhələyə qaldırmışdır.

Çoxşaxəli problemləri özündə ehtiva edən bu Proqram insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının əsas istiqamətlərini də müəyyən etmişdir: Normativ–hüquqi bazanın təkmilləşdirilməsi; Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi; Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; İnsan hüquqları sahəsində tədris, elmi–analitik və maarifləndirmə tədbirləri; İnsan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq; çox önəmlidir ki, bu sənəddə Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin icra mexanizmi əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi də özünə yer tapmışdır.

Proqramın icrasına müstəqil monitorinq mexanizmi qismində isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir.

Həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin geniş əhatəliliyinə və öz praktiki əhəmiyyətinə görə bu qəbildən olan digər proqramlardan kifayət qədər fərqlənən belə bir Milli Fəaliyyət Proqramının səmərəli icrasına nail olmaq böyük təşkilatçılıq işi, dövlət qurumları, QHT–lərin və icmaların davamlı, mütəşəkkil və müntəzəm əməkdaşlığını tələb edir.

Göründüyü kimi, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir və ölkə prezidentinin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.

Ölkəmizin ildən–ilə daha da yüksək templə iqtisadi inkişafı qarşıya qoyulan ən mürəkkəb və çətin vəzifələrin öhdəsindən gəlməyə imkan yaradır.

Hüquqi, demokratik, dünyəvi dövlət qu

ruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində nüfuzu ilbəil artır.

Azərbaycanın yeni–yeni uğurları, həyata keçirilən islahatlar, beynəlxalq nüfuzu, BMT Təhlükəsizlik Şurasına qeyri–daimi üzv seçilməsi davamlı inkişafa və insan hüquqlarının etibarlı təmininə xidmət edən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi insan hüquqlarının daha səmərəli təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Dünyada yaranmış yeni şərait qarşıya yeni vəzifələr qoyur. Məhz bu vəzifələrin həyata keçirilməsi baxımından ölkə başçısının 2020–ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə 2012–ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyası mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətdə ictimai–siyasi sabitliyin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətindəki fəaliyyəti nəticəsində bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif millətlərin dilinin, dininin, mədəniyyətlərinin qovuşması nəticəsində yaranmış, tolerantlıq prinsiplərinə sadiq, intellektual mühitin formalaşdığı bir məkana çevrilmişdir.

Heydər Əliyev dühasının bəhrələri bu gün bütün sahələrdə aşkarlıqla görünür. Bu bizim iqtisadi inkişaf tariximizdə görünməmiş sıçrayışda, sosial problemlərin həllində, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində əldə olunmuş nailiyyətlərdə öz təzahürünü tapır. Beləliklə, ölkənin hər bir vətəndaşının heç bir ayrı–seçkiliyə yol vermədən siyasi, vətəndaş, iqtisadi, sosial, mədəni və digər hüquqlarının təmin olunması üçün real şərait yaradılmışdır. Bu isə istər ölkə əhalisi, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

2003–cü ildən hazırkı vaxta kimi ümumi daxili məhsul üç dəfə, qeyri–neft ümumi daxili məhsulu isə 2,4 dəfə artmış, strateji valyuta ehtiyatları isə 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür.

2004–2008 və 2009–2013–cü illəri əhatə edən regionların sosial–iqtisadi inkişaf proqramlarının uğurlu icrası nəticəsində 100–dək sənaye müəssisəsi istifadəyə verilmiş, 1 milyon 200 min, o cümlədən 2012–ci ildə 93 mini daimi olmaqla, 117 min yeni iş yeri açılmış, işsizliyin səviyyəsi aşağı düşərək 5,2 faiz, yoxsulluğun səviyyəsi 7,6 faizdən enərək 6 faiz, orta aylıq əmək haqqı isə 9,1 faiz artaraq, 391,4 manat təşkil etmiş, 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdə qərar tutmuşdur. Dünya İqtisadi Forumunun – “Doing Business–2013″ hesabatında ölkəmiz dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olaraq 46–cı yerə qalxmış, MDB respublikaları arasında isə birincilik mövqeyini saxlamışdır.

Yeri gəlmişkən qeyd edək ki, insan hüquq və azadlıqlarının müdafiəsində mühüm vasitə olan, ulu öndərin banisi olduğu Ombudsman təsisatında 19 aprel 2013–cü il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90–ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi–praktiki konfrans keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, həmçinin digər dövlət qurumları, qeyri–hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.

Müvəkkil bu il xalqımızın ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyini böyük təntənə ilə qeyd etdiyini, dünya şöhrətli ictimai–siyasi və dövlət xadiminin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri diqqətə çatdıraraq, onun xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirmişdir.

Ombudsman “Heydər Əliyev insan hüquqları sahəsində yeni strategiyaların banisidir” mövzusunda məruzəsində qeyd etmişdir ki, ümummilli liderin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmizdə sabitlik bərqərar olunmuş, insan hüquq və azadlıqlarını müdafiəsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Öz müstəqilliyini bərpa etmiş və hüquqi, demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında həyata keçirilmiş mütərəqqi dəyişikliklərin məhz Prezident Heydər Əliyevin adı ilə bağlı olduğu, onun respublikamızın hər bir sahəsinin, iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi vurğulanmışdır.

Elmi–praktiki konfransda Milli Məclisin deputatı, yazıçı–publisist E.Axundova “Heydər Əliyev: Liderliyin fenomeni”, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Z.Səmədzadə “Azərbaycan dövlətinin uzunmüddətli inkişafında Heydər Əliyev strateqiyaları”, ədliyyə nazirinin müavini V.Zahirov “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədliyyəsinin təşəkkülü”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini S.Qəhrəmanova “Heydər Əliyev və dövlət qadın siyasəti” Azərbaycan Respublikasının Prezidenti yanında QHT–lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili A.Quliyev “Heydər Əliyev siyasətində vətəndaş cəmiyyəti”, Baş Prokurorluğun idarə rəisi, N.Hüseyinov “Ümummilli liderin Azərbaycan prokurorluğunun inkişafındakı müstəsna rolu”, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini G.Fərhadov “Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı”, DİN–in idarə rəisi F.Quliyev “Daxili işlər orqanlarının formalaşmasında ümummilli liderin rolu” mövzularında məruzələr etmiş, xalqımızın böyük oğlunun nəcib əməllərinin, parlaq ideyalarının həmişəyaşarlığını vurğulamışlar.

90 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində əsası qoyulmuş inkişaf strategiyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin tərəqqi və quruculuq ideyalarının öz əksini tapdığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını və vətəndaşlarımızın sosial–iqtisadi vəziyyətinin yaxşılaşmasını və bununla da bütövlükdə insan hüquqlarının səmərəli müdafiəsini təmin edəcəkdir.

 

 

Prof. Elmira Süleymanova,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

Respublika.- 2013.- 21 aprel.- S. 2.