ÜMUMMİLLİ
LİDER VƏ AQRAR SAHƏNİN MÜASİR TEXNİKA TƏMİNATI
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan tarixində və bütövlükdə dövlətçiliyimizin inkişafında Heydər Əliyev mərhələsi, onun misilsiz xidmətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013–cü il tarixli sərəncamında öz layiqli təsdiqini tapmışdır.
Cəmiyyətimizin, iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, aqrar bölmənin inkişafında, xüsusilə də Azərbaycan kəndinin müasir texnika təminatında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz, müstəqil
Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev
Azərbaycana rəhbərliyinin həm birinci, həm də
ikinci dönəmində iqtisadiyyatımızın
bütün sahələri kimi, kənd təsərrüfatının
inkişafında, xüsusən də aqrar bölmənin
texnika təminatında müstəsna xidmətlər göstərmişdir.
Ulu öndərin kənd təsərrüfatının
inkişafına xüsusi diqqət və
qayğısını daha aydın təsəvvür etmək
üçün onun hakimiyyətinin birinci dövrü ərəfəsində
aqrar bölmənin vəziyyətinə, təhlilinə
qısaca nəzər salmaq kifayətdir. Ötən əsrin
60–cı illərinin sonunadək iqtisadiyyatın aparıcı
sahələrindən olan kənd təsərrüfatı
böhran və tənəzzül içərisində idi. Bu
sahədə Azərbaycan müttəfiq respublikalar arasında
axırıncı yerlərdən birini tutur, dövlət
tapşırıqları belə yerinə yetirilmirdi. Hər hektardan orta hesabla cəmi
10–11 sentner taxıl, 15–16 sentner pambıq, 40 sentner üzüm,
14 sentner meyvə istehsal olunurdu.
Heydər
Əliyevin Azərbaycan KP MK–nın iyul (1969–cu il)
plenumunda birinci katib seçilməsi ilə respublikada yeni
ab–hava yarandı. Azərbaycan iqtisadiyyatında,
o cümlədən kənd təsərrüfatında baş
alıb gedən gerilik obyektiv təhlil olunaraq tədbirlər
planı hazırlandı və həyata keçirilməyə
başlandı. Ümummilli liderin müdrik
siyasəti nəticəsində Moskvanın diqqətini Azərbaycanın
problemlərini həll etməyə yönəltmək
mümkün oldu. 1970–ci il iyulun 23–də
Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–də
kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri
haqqında” qərar qəbul etdi.
Fitri istedad sahibi olan Heydər Əliyev kənd təsərrüfatının
gələcəyini intensiv inkişaf amilləri əsasında
görürdü və Moskvanı buna inandıra bildi. 1975–ci il
iyulun 9–da Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan
SSR–də kənd təsərrüfatı istehsalını
daha da intensivləşdirmək tədbirləri haqqında”
yeni qərar qəbul etdi. SSRİ kimi nəhəng
dövlətin qısa zaman kəsiyində Azərbaycanda kənd
təsərrüfatının inkişafı ilə
bağlı dalbadal iki qərar qəbul etməsi respublika rəhbərliyinin
qələbəsi idi və bu, Sovet İttifaqında Heydər
Əliyevin böyük nüfuz sahibi olmasından xəbər
verirdi.
Təbii
ki, bu böyük insanın zəhməti hədər getmədi,
respublikamızda kənd təsərrüfatı mexanikləşdirildi,
genişmiqyaslı meliorasiya tədbirləri həyata
keçirildi, pambığın hər hektardan məhsuldarlığı
28 sentnerə çatdırıldı, onun dövlətə
satış qiyməti təxminən 35 faiz
artırıldı. Respublika tarixində ilk dəfə olaraq 1,2 milyon tona yaxın taxıl istehsal olundu.
Amma ağır zəhmət hesabına
qazanılmış bu nailiyyətlər ötən əsrin
80–ci illərinin sonu, 90–cı illərin əvvəllərində
heçə endirildi. Səriştəsiz rəhbərlik, məsuliyyətsizlik
ucbatından iqtisadiyyatın digər sahələri kimi, kənd
təsərrüfatı da tənəzzülə
uğradı.
1993–cü
ilin ortalarında Heydər Əliyev xalqın təkidi və
xahişi ilə ikinci dəfə respublikada ali
hakimiyyətə gəldi. Cəbhə bölgələrinə
və kənd rayonlarına ilk səfərləri, adamlarla
görüşləri və söhbətləri zamanı bu
sahəyə dərindən bələb olan Heydər Əliyev
görürdü ki, ölkənin aqrar sahəsində
yaranmış çox mürəkkəb vəziyyətdən
çıxmaq, bir sıra köklü tədbirlərin
kompleks formada həyata keçirilməsini təmin etmək
obyektiv zərurətə çevrilmişdir. Həmin
kompleks tədbirlər ölkədə iqtisadi islahatların
keçirilməsini nəzərdə tuturdu. Bundan əvvəlki dövrlərdə islahat pərdəsi
altında həyata keçirilən sistemsiz, xaotik, son məqsədi
və nəticələri məlum olmayan tədbirlərdən
fərqli yeni islahatlar proqramının qayəsi milli
iqtisadiyyatın bazar münasibətlərinə keçməklə
sağlamlaşdırılmasına yönəldilmişdi.
Burada Azərbaycanın kənd təsərrüfatının
və xalqın milli xüsusiyyətləri nəzərə
alınmışdır.
Heydər Əliyev dəqiq qiymətləndirdi ki, aqrar
islahatların aparılmasının həyata keçirilməsi
işi qısamüddətli tədbir deyil, tarixi bir prosesdir. Bu prosesdə əvvəlki
təsərrüfatçılıq mexanizmi yeni təsərrüfatçılıq
mexanizmi ilə əvəz olunmalı, kənd təsərrüfatının
idarə edilməsi bazar münasibətlərinə keçid
prinsiplərinin tələblərinə
uyğunlaşdırılmalıdır. Köklü
struktur dəyişiklikləri aparılmalı, yeni mülkiyyət
münasibətləri və çoxnövlü təsərrüfatçılıq
formaları inkişaf etdirilməlidir. Sahibkarlığın
inkişafı üçün hüquqi, iqtisadi, təşkilati
və texniki şərait yaradılmaqla, sahələrarası,
müəssisələrarası və dövlətlərarası
yeni istehsal–iqtisadi əlaqələr qurulmaqla kənd təsərrüfatı
məhsulları istehsalçıları üçün əsl
rəqabət mühiti formalaşdırılmışdır.
Keçilmiş
yola nəzər saldıqda təhlillər göstərir ki,
bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında ölkədə aqrar islahata başlamazdan əvvəl,
yəni 1993–cü ilin ikinci yarısından sonra respublikada
daxili ictimai–siyasi stabilliyə nail olunmuş, müstəqil Azərbaycan
dövləti dünya ölkələri arasında
tanıdılmış, bir sıra beynəlxalq təşkilatlarla
iqtisadi–siyasi əlaqələr yaradılmışdır.
Respublikanın ilk milli Konstitusiyası qəbul edilmiş,
ölkə tarixində ilk dəfə olaraq
çoxpartiyalı sistem əsasında demokratik parlament
seçkiləri keçirilmiş və ali
qanunvericilik orqan olan parlament
formalaşdırılmışdır.
Ulu
öndərin rəhbərliyi altında aqrar sahədə
bazar iqtisadiyyatına uyğun aparılan islahatlar onun
bazasını təşkil edən “Aqrar islahatın əsasları
haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”,
“Torpaq islahatı haqqında”, “Azərbaycan Respublikasında
1995–1998–ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı” barədə, “Kəndli (fermer) təsərrüfatları
haqqında”, “Kooperasiya haqqında” və s. qanunlara uyğun həyata
keçirilmişdir.
Ölkədəki bütün sovxoz və kolxozlarda
islahat aparılmış, onlarda əmlak, o cümlədən
texnika fermerlər arasında pay kimi
bölüşdürülərək özəlləşdirilmişdir. Aqrar bölmədə
mövcud olan “Rayaqrotexservis” istehsalat birlikləri, təchizat
bazaları, təmir zavodları və nəqliyyat müəssisələri
özəlləşdirilərək səhmdar cəmiyyətlərinə
çevrilmişdir.
Əvəzsiz istehsal vasitəsi olan torpağın şəxsi
mülkiyyətə verilməsi adamların torpağa
bağlılığının artmasına, ondan səmərəli
istifadə edilməsinə, kiçik və orta
sahibkarlığın inkişafına təkan vermişdir. Aparılan
islahatlar nəticəsində sahibkarların xüsusi
mülkiyyətə, o cümlədən texnikalara
qarşı münasibəti
yaxşılaşmışdır.
Görülən
tədbirlərlə bərabər, qeyd etmək
lazımdır ki, 1991–ci ildə mərkəzləşdirilmiş
sistem ləğv olunduqdan sonra kənd təsərrüfatının
ehtiyacları üçün respublikaya maddi–texniki vasitələrin
gətirilməməsi, sahibkarlarda olan texnikanın çox
köhnə olması, onların çoxunun istismar müddətinin
qurtarması və sayının azalması şumun, səpinin
keyfiyyətsiz aparılmasına gətirib
çıxarmış, kənd təsərrüfatı
işlərində çətinliklər
yaratmışdı. Təbii ki, bütün
bunlar ümummilli liderin diqqətində idi və o, kənd təsərrüfatının
texnika problemini həll etmək üçün tədbirlər
görürdü. Məsələn, 1998–ci il ulu öndər
Heydər Əliyevin Yaponiya səfərindən sonra
respublikanın kənd təsərrüfatı
üçün 21,8 milyon ABŞ dolları məbləğində
qrant ayrıldı və onun hesabına respublikaya 773 ədəd
kombayn, müxtəlif kənd təsərrüfatı
texnikaları gətirilib sahibkarlara verildi.
Kəndin texnika təminatı ilə məşğul
olan bir quruma rəhbərllik etdiyimə görə mən,
şübhəsiz, ilk növbədə ümummilli liderin məhz
bu sahədəki xidmətlərinə toxundum. Amma bu dahi
insanın həyatının elə qiymətli məqamları
var ki, bu yazıda ona toxunmasam, danışmasam, zənnimcə
düz olmaz. Ola bilər kimsə fikirləşsin
ki, bu söhbətin texnikaya dəxli yoxdur, amma mövzuya, dahi
Heydər Əliyevin bir daha böyüklüyünə
çox dəxli var. Mən əslən Qərbi Azərbaycandanam,
Göyçə mahalının Şişqaya kəndində
doğulmuş və boya–başa çatmışam. Bizim kənddəki kolxoza mən yeniyetmə olanda əmim
Mikayıl Bayramov rəhbərlik edirdi. Mən X sinifdə
oxuyanda (1975–ci il idi) qonşu Norakent erməni
kəndinin kolxoz sədri bizim camaata demədən
çöldəki təxminən 100 hektar əkin sahəmizi
şumlatmış və çuğundur əkmişdi. Bizim kolxozun sədri bunu eşidib qeyzlənmiş,
bizə məxsus olan həmin 100 hektarı təzədən
şumlatmış və buğda əkmişdi. Bunu eşidən ermənilər çox hirsləndilər
və kolxoz sədri Mikayıl Bayramova hücumlar
başlandı. Məsələ o qədər
şişdi ki, bizim sədri Ermənistan KP MK–da müzakirə
edib partiyadan çıxarmağı qərara aldılar.
Köməksiz qalmışdıq. Kim idi bizi
müdafiə edən? Camaat Bakıya, ümid, pənah
yeri olan Heydər Əliyevə müraciət etməyi qərara
aldı. O vaxt Heydər Əliyevin Ermənistan rəhbərliyinə
bircə telefon zəngi kifayət etdi ki, həmin 100 hektar
torpağımızı geri qaytarsınlar, əmimə də
toxunmasınlar.
Ona görə də Heydər Əliyev təkcə Azərbaycandakı
yox, bütün dünyadakı azərbaycanlıların pənahı,
ümid yeri və rəhbəri idi. Xüsusilə də Qərbi
Azərbaycanda yaşayan bizim camaatın, çünki bizə
qarşı erməni deportasiyası elə o vaxtlar da
mövcud idi.
Mən bu böyük insanla ilk dəfə 2002–ci ildə
Prezident Aparatında təşkil edilən sərgidə
üz–üzə gəldim. O vaxt mən “Bakı şərab–1″də
çalışırdım. Ümummilli lider məhsullara
diqqətlə baxdı, müəssisənin fəaliyyəti
ilə maraqlandı. Dedi ki, mən orada 1981–ci ildə
olmuşam, müəssisə indi necə işləyir, nə
kimi problemləri var? Mən də ona müəssisə
və məhsulun istehsalı barədə ətraflı məlumat
verdim. Təbii ki, ümummilli liderin
tapşırığı və tövsiyələrini də
diqqətlə dinləyib əməl etdim.
Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən
etdiyi düzgün yolla dönmədən irəliləyir. Bunu 2003–cü il oktyabr ayının 15–də xalqın
böyük əksəriyyətinin səsini qazanaraq Prezident
seçilmiş İlham Əliyevin qətiyyətlə
atdığı addımlar sübut edir. O, hələ yenicə
formalaşmış Nazirlər Kabinetinin birinci iclasında
Heydər Əliyev tərəfindən başlanmış
aqrar siyasəti, yeni iqtisadi münasibətləri və
sahibkarlığı inkişaf etdirməyi, aqrar
islahatların ikinci mərhələsinə keçməyi, əhalinin
maddi rifahının
yaxşılaşdırılmasını qarşıya məqsəd
qoymuşdur.
Cənab
İlham Əliyevin 24 noyabr 2003–cü ildə “Azərbaycan
Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında”, 11 fevral 2004–cü ildə “Azərbaycan
Respublikası regionlarının sosial–iqtisadi inkişafı
Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq
edilməsi haqqında”, 23 oktyabr 2004–cü il tarixli “Aqrar
bölmədə idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında” və “Aqrar bölmədə
lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər
haqqında” imzaladığı sərəncamlarda Azərbaycan
kəndinin dirçəlişi üçün bir çox tədbirlər
kompleksi öz əksini tapmışdır.
Respublikada
qeyri–neft sektorunun inkişafını təmin etmək, aqrar
sahədə nəzərdə tutulan aqrotexniki xidmət
işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək,
sahibkarların əməyini yüngülləşdirmək və
onların tələb olunan kənd təsərrüfatı
texnikaları ilə təmin edilməsini sürətləndirmək
məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 23 oktyabr 2004–cü il tarixli sərəncamı
ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
yaradılmışdır.
Dövlət başçısının müvafiq sərəncamları
ilə səhmdar cəmiyyətin fəaliyyət dairəsi
sonralar ildən–ilə genişləndirilmişdir. Belə ki, kənd təsərrüfatı
texnikalarının kənd təsərrüfatı məhsulları
istehsalçılarına lizinqə verilməsi ilə bərabər,
mineral göbrələrin, pestisidlərin, texnoloji
avadanlıqların, tinglərin, buğda toxumlarının,
cins damazlıq heyvanların gətirilib müəyyən
olunmuş güzəştli qaydalara uyğun məhsul
istehsalçılarına çatdırılması və kənd
təsərrüfatında aqrotexniki xidmətlərin
aparılması kimi əlavə funksiyalar da ona həvalə
edilmişdir.
2012–ci ildə
dövlət büdcəsindən və digər mənbələrdən
ayrılmış vəsait hesabına 21,04 milyon manat dəyərində
1785 ədəd, o cümlədən 643 ədəd traktor, 24 ədəd
ekskavator və 1112 ədəd traktora qoşulan digər kənd
təsərrüfatı texnikaları gətirilərək,
hüquqi və fiziki şəxslərə lizinqə
verilmiş və ya lizinq qaydasında
satılmışdır. Cəmiyyət özəl aqroservislərin
yaradılmasını da dəstəkləyərək həmin
ildə rayon aqroservis filiallarının və onların tərkibində
olan mexanikləşdirilmiş dəstələrin istifadəsində
olan 4,75 milyon manat dəyərində 276 ədəd müxtəlif
kənd təsərrüfatı texnikası özəl
aqroservis xidməti yaratmaq məqsədi ilə fiziki və
hüquqi şəxslərə lizinqə verilmiş və ya
lizinq qaydasında satılmışdır.
Bu işlərin
həyata keçirilməsi üçün hər il dövlət
büdcəsindən və digər mənbələrdən
“Aqrolizinq” ASC–yə ayrılmış maliyyə vəsaiti
hesabına alınan kənd təsərrüfatı
texnikaları, mineral gübrələr, texnoloji avadanlıqlar
kənd təsərrüfatı məhsulları
istehsalçılarının təminatını ciddi surətdə
yaxşılaşdırmışdır. Halbuki
vaxtilə “Aqrolizinq” ASC–nin müasir maddi–texniki bazası
olmadığından gübrələr müasir standartlara
uyğun saxlanıla bilmir, keyfiyyətini vaxtından əvvəl
itirirdi. İndi cəmiyyətin 100–120 min
ton gübrə saxlamaq üçün maddi–texniki bazası və
onun sahibkarlara çatdırılması üçün
imkanı var. Dövlətin dəstəyinə söykənən
“Aqrolizinq” ASC ölkə daxilində gübrənin tənzimlənməsi,
satışı və sahibkarlara vaxtında
çatdırılması sahəsində ciddi nailiyyətlərə
nail olmuşdur. Aqrotexniki xidmətlər
üzrə fəaliyyət dairəsi genişləndirilmiş
və xidmətlərin keyfiyyəti xeyli yüksəlmişdir.
Ümumiyyətlə,
fəaliyyətə başladığı 2005–ci ildən
ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən
14450 ədəd kənd təsərrüfatı
texnikaları, o cümlədən 1035 ədəd
taxılyığan kombayn, 4262 ədəd traktor, 184 ədəd
ekskavator, 8969 ədəd müxtəlif kənd təsərrüfatı
texnikası və qoşqusu, 130 dəst texnoloji avadanlıq,
315,86 min ton ammonium nitrat (azot), 54,21 min ton superfosfat, 301,7 ton
pestisidlər gətirilmişdir. Onların
böyük əksəriyyətinin kənd təsərrüfatı
məhsulları istehsalçılarının istifadəsinə
verilməsi təmin edilmişdir. İndiyə kimi
alınmış texnikalardan 9486 ədədi, o cümlədən
204 ədəd taxılyığan kombayn, 3290 ədəd
traktor, 110 ədəd ekskavator və 5882 ədəd traktora
qoşulan digər kənd təsərrüfatı
texnikaları lizinq qaydasında mülkiyyət formasından
asılı olmayaraq 5280 nəfər hüquqi və fiziki
şəxslərə lizinqə verilmişdir.
Əvvəlki
illərdə olduğu kimi, ötən il
də “Aqrolizinq” ASC–yə məxsus kənd təsərrüfatı
texnikaları ilə istehsalçılara aqrotexniki xidmətlərin
göstərilməsi uğurla davam etdirilmişdir. Belə ki,
992 ədəd taxılyığan kombaynla 200,0 min hektar sahədə
taxıl biçini, 3,0 min ədəddən artıq
şüm traktorları ilə 880,0 min hektar sahədə
şum işləri və digər aqrotexniki xidmətlərin
həyata keçirilməsi təmin edilmişdir.
İstehsalçıların
mineral göbrələrə olan tələbatının
ödənilməsi üçün “Aqrolizinq” ASC 2012–ci ildə
bu məqsədlə nəzərdə tutulmuş büdcə
vəsaiti və təkrar istifadə vəsaiti hesabına
aldığı 12,91 milyon manat dəyərində 35,0 min ton
ammonium nitrat (azot) və sair mineral gübrələrdən
21,5 min tonunun güzəştli satışını təmin
etmişdir.
Respublika ərzaq
təhlükəsizliyinin təmin edilməsi istiqamətində
görülən tədbirlər çərçivəsində
heyvan mənşəli məhsulların istehsalının
artırılmasının və damazlıq
heyvandarlığın inkişafının vacibliyini nəzərə
alaraq Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı
məhsulları istehsalçılarının damazlıq
heyvanları ilə təmin edilməsinə əlavə dəstək
verilməsi haqqında” 2012–ci il 24 fevral tarixli sərəncamı
ilə Prezidentin Ehtiyat Fondundan “Aqrolizinq” ASC–yə
ayrılmış 9,4 milyon manat büdcə və cəmiyyətin
1,14 milyon manat təkrar istifadə vasitələri hesabına
3020 baş Holştin–Friz cinsli damazlıq heyvan
alınmışdır. Onlardan 2420 başı respublikaya gətirilərək
dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı
məhsulları istehsalçılarına lizinqə
verilmişdir.
“Aqrolizinq”
ASC tərəfindən 2009–cu ildən başlayaraq ötən
ili də daxil olmaqla, ölkəmizə 6290 baş damazlıq
düyə gətirilmiş və onlardan alınan 4806 bala ilə
birlikdə sayları 11 min başı keçmişdir. Holştin–friz cinsindən olan damazlıq düyələr
almış təsərrüfatlarda ildə orta hesabla
yaxşı yemləmə şəraitində hər inəkdən
6000–6500 kiloqram süd sağılır.
2012–ci ildə
həyata keçirilmiş işlərin nəticəsi olaraq
səhmdar cəmiyyətin fəaliyyətindən 34,12 milyon
manat, o cümlədən servis xidmətlərindən 1,68
milyon manat, kənd təsərrüfatı
texnikalarının lizinqə verilməsindən 11,90 milyon
manat, texnoloji avadanlıqların lizinqə verilməsindən
2,07 milyon manat, mineral gübrənin və pestisidlərin
satışından 15,32 milyon manat və digər xidmət
növlərindən 3,15 milyon manat vəsait cəmiyyətin
büdcəsinə daxil olmuşdur.
Ümumilikdə
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
2005–2012–ci illər ərzində 518,97
milyon manat məbləğində müxtəlif növ kənd
təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar,
mineral gübrələr, cins damazlıq heyvanlar alınaraq
hüquqi və fiziki şəxslərə
satılmışdır. 55 rayonda aqroservis
filialları yaradılmış, onların 34–ü
üçün müasir bazalar, təmir emalatxanaları
inşa edilmiş və 6 rayonda regional logistik gübrə
bazası tikilərək istifadəyə verilmişdir.
Dövlət başçısı cənab İlham Əliyev
“Aqrolizinq” ASC–yə olan diqqət və qayğısını
ardıcıl olaraq davam etdirir. Bu il yanvarın
15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi
inkişafının yekunlarına və 2013–cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasda, “Azərbaycan Respublikası regionlarının
2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının
dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransda regionlara səfərləri zamanı etdiyi
çıxışlarında “Aqrolizinq” ASC–nin fəaliyyətini
təhlil etmiş, onun qarşısında duran vəzifələrdən
danışmışdır.
Prezidentin
“Azərbaycan Respublikasında heyvandarlığın
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” 11 fevral 2013–cü il tarixli sərəncamı
isə bu diqqət və qayğının yeni bariz nümunəsidir.
Bu sərəncama əsasən 2013–cü ildə xaricdən
damazlıq heyvanların idxal olunmasının və
heyvandarlıqla məşğul olan kənd təsərrüfatı
istehsalçılarına 50 faiz güzəştlə lizinq
yolu ilə satılmasının təmin edilməsi
üçün bu ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbayan Respublikası Prezidentinin ehtiyat fondundan
“Aqrolizinq” ASC–yə 10 milyon manat vəsait
ayrılmışdır. Hazırda Kənd Təsərrüfatı
Nazirliyi cənab Prezidentin bu sərəncamından irəli gələn
vəzifələri uğurla yerinə yetirmək
üçün zəruri olan tədbirləri həyata
keçirir.
“Aqrolizinq” əmin edir ki, dövlətimizin dəstəyi
və Kənd Təsərrüfatı Nazirliyinin köməyi
ilə ASC bundan sonra da qarşıda duran vəzifələri
uğurla həll etmək üçün səylə
çalışacaqdır.
Əli Bayramov,
“Aqrolizinq” ASC İdarə
Heyətinin sədri
Respublika.- 2013.- 21 aprel.- S. 5.