Ömrünü xalqına həsr etmiş böyük rəhbər

 

Azərbaycanın çağdaş tarixi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdəndir.

Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bu gün əldə etdiyi möhtəşəm uğurlar Heydər Əliyev strategiyasının böyük təntənəsidir. Azərbaycan hərtərəfli, dinamik inkişaf yolundadır. İqtisadi artım tempinə görə respublikamız dünyada lider mövqeyə yüksəlib. Bu gün Azərbaycanda davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, doğma xalqı da onun bu sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993–cü ilin kəşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər başının üstünü almış böyük bəlalardan xalqını hifz edib qorudu, ölkədə tüğyan edən hərc–mərcliyi, özbaşınalığı, xaosu, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanıb məhv olmaq təhlükəsindən xilas etdi və bununla da milli qurtuluşu təmin etdi. Ölkədə siyasi sabitlik, iqtisadi dirçəliş bərqərar olundu, respublikamız demokratiya yolu ilə irəlilədi. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, dünyada qüdrətli bir ölkə kimi təşəkkülü üçün Heydər Əliyevə borcluyuq. Onun polad iradəsi və qətiyyəti fədakar əməyi sayəsində müasir Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutub. Ulu öndər respublikamızın gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Müstəqil Azərbaycanın dünyada demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınması o dövrdə təməlini qoyduğu uğurlu siyasi kursun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük bacarıqla davam etdirməsinin məntiqi nəticəsidir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994–cü il sentyabrın 20–də dünyanın iri neft şirkətləri ilə imzalanmış, “Əsrin müqaviləsi”, 1999–cu il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. Bundan başqa, qısa bir zamanda Qərb standartlarına uyğun qanunvericilik aktları qəbul edildi. Uğurla həyata keçirilən iqtisadi islahatlar respublikamızın hərtərəfli və dinamik inkişafına təkan verdi, müstəqilliyimizi əbədi və dönməz etdi. Bu barədə danışarkən ölkə başçısı İlham Əliyev demişdir: “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.

Qısa zamanda Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. Xalqımızın həyatında yeni bir inkişaf dönəmi başladı. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi. 1995–ci il noyabrın 12–də Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Çoxəsrlik dövlətçilik ənənələrimizə söykənərək yaradılan Konstitusiyamız hüquqi–demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.

Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik məharəti ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi şəxsiyyətin dünya şöhrətli siyasi xadim kimi tanınmasına xidmət etmişdir. Ona görə də ulu öndərimiz dünyanın ən tanınmış dövlət rəhbərlərinin və siyasətçilərinin hörmət və rəğbətini qazanmışdır. Türkiyə dövlətinin sabiq prezidenti Süleyman Dəmirəl onun fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdir: “Heydər Əliyev yalnız Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi”. Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer də Heydər Əliyevdən danışarkən vurğulamışdır: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Bundan başqa, Rusiya prezidenti, Gürcüstan, Qazaxıstan və digər dövlətlərin başçıları, tanınmış dövlət xadimləri də Heydər Əliyevi zəmanəsinin ən böyük şəxsiyyətlərindən olduğunu qeyd etmişlər.

Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dunyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan dünya dövlətləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri quran və qonşularıyla dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz Heydər Əliyevin böyük səyləri və möhkəm iradəsi sayəsində Azərbaycan dünya birliyi tərəfindən demoratik, geniş iqtisadi imkanlara, elmi, intellektual potensiala malik ölkə kimi qəbul olunur. Dünyanın böyük dövlətləri regionla bağlı bir çox mühüm məsələlərin həllində Azərbaycanla etibarlı tərəfdaş kimi hesablaşırlar.

1993–cü il Qurtuluş gününədək ölkəmizə rəhbərlik edən ozamankı şəristəsiz iqtidarın ucbatından bütün sahələr kimi nəqliyyat sektoru da dərin böhran içərisində idi. Onlar bu mühüm sahənin inkişafı üçün heç bir iş görməmişdilər. Yalnız ulu öndərin hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da inkişaf dövrü başladı. Uzaqgörən dövlət xadimi Heydər Əliyev bilirdi ki, hər bir ölkənin iqtisadi tərəqqisi üçün nəqliyyat sektorunun inkişafı əsas amillərdəndir. Məhz ulu öndərin apardığı çevik nəqliyyat siyasəti nəticəsində TRASEKA dəhlizi üzrə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən–ilə artdı.

Təməli Heydər Əliyev tərəfindən qoyulmuş nəqliyyat siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının ən böyük uğurlarından biri Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin uğurlu icrasıdır.

Ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

 

 

Əli Qasımov,

ADY QSC Bakı Biləcəri

stansiyasının rəisi

 

Respublika.- 2013.- 21 aprel.- S. 6.