Ulu öndərə böyük
ehtiram
Ötən hər bir gün bizi ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə yaxınlaşdırır. Bu münasibətlə ölkənin hər yerində, ayrı–ayrı kollektivlərdə ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, onun xalqı qarşısında əvəzsiz xidmətləri təkrar–təkrar xatırlanır. Bu günlərdə Yasamal rayonundakı 153 saylı orta məktəbdə keçirilən anım tədbiri ulu öndərin məktəbin foyesindəki böyük portretinin önündən başladı. Portret önünə tər gül dəstələri qoyuldu. Xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Təranə Paşayeva çıxış edərək dedi ki, Heydər Əliyev xalqın sabahı, gələcəyi ilə bağlı olan bütün sahələrə qayğı ilə yanaşır, o cümlədən təhsilimizin inkişafını dövlətin nəzarətində saxlayırdı. Ulu öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində belə olmuşdur. Heydər Əliyev bütün sahələrdə olduğu kimi, bu istiqamətdə atdığı addımlarda da yanılmamışdı, vaxtilə xaricə oxumağa göndərdiyi gənclər gərəkli mütəxəssislər kimi sonralar müstəqil Azərbaycanın inkişafında mühüm rol oynadılar.
Heydər Əliyev deyirdi ki, təhsil xalqın gələcəyidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Böyükağa Əhmədov və Yasamal Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İradə Əlayi öz nitqlərində ulu öndərin Azərbaycan təhsilində köklü islahatların aparılmasının, elm və təhsilimizin dünyaya inteqrasiyasının da banisi olduğunu qeyd etmişdir.
Sonra tədbir
4a sinfində davam etdirildi. Sinif rəhbəri
Sevinc Babayeva dedi: “Əziz uşaqlar, ulu öndərimiz təhsilimizin
təəssübkeşi, uşaqların
sevimlisi idi. Bizim bugünkü dərsimiz də onun əziz
xatirəsinə həsr
edilib”. Sonra Azərbaycan himni səsləndi, uşaqlar əllərini ürəklərinin
üstünə qoyaraq
onu böyük sevgi ilə ifa etdilər.
Sinfə
sakitlik çökdü.
Hamının gözü
lövhədən asılmış
ekrana zillənmişdi.
Ulu öndərimizin həyatının bəzi
məqamları ekranda
canlandıqca, sinifdə
uşaqlar arasında məhrəm bir yaşantı sezilirdi. Bu zaman qəlbləri oxşayan məhrəm bir səs eşidildi:
El bilir ki, sən
mənimsən,
Yurdum, yuvam məskənimsən
Anam doğma Vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!
Ulu öndər şeiri söylədikcə kövrəlir,
xalqına, Vətəninə
sevgisi hər kəsə sirayət edirdi. Şagirdlərin hazırladıqları ədəbi–bədii
kompozisiya da böyük marağa səbəb oldu. Məktəbin direktor müavinləri Sevinc Babayeva, Mətanət Cəfərova, Xanım Əliyeva məktəbin həmkarlar komitəsinin sədri İlahə Əliyeva, ibtidai sinif müəllimi Gülüstan Qurbanova öz çıxışlarında
ulu öndərimizin tövsiyələrinə bundan
sonra da əməl edəcəklərini,
milli təhsilimizin inkişafı və Vətənə layiqli gənclər yetişdirilməsi
üçün əllərindən
gələni əsirgəməyəcəklərini
bildirdilər.
Nurəngiz ADİLQIZI
Respublika.- 2013.- 21
aprel.- S. 8.