ULU ÖNDƏR
HEYDƏR ƏLİYEV İDEYALARI İŞIĞINDA
Anadan olmasının 90–cı ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyev adı Azərbaycanın dirçəlişi yolunda əvəzsiz xidmətləri, müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafı, ölkənin stabillik və inteqrasiya faktoruna çevrilmiş balanslı daxili və xarici siyasət konsepsiyasını işləyib hazırlaması, xalqın rifah və azadlığının etibarlı təminatı kimi çıxış edən iqtisadi islahatları ilə mahir dövlət başçısı və istedadlı siyasətçi kimi yaddaşlarda həkk olunmuşdur.
Heydər Əliyev kimi nadir insanlar bəşəriyyətin görkəmli tarixi şəxsiyyətlərindən sayılırlar. Onlar təkcə öz xalqlarının rifahı naminə deyil, bəşəriyyətin inkişafı, dünyada sülhün bərqərar olması naminə fəaliyyət göstərmiş, bütün təzyiqlərə sinə gərmişlər.
Milli–mənəvi dəyərlər hər xalqın, millətin, şəxsin kimliyini ortaya qoyur. Milli–mənəvi dəyərləri qoruyan, təkmilləşdirən, ona əməl edən xalq həmişə hörmətlə qarşılanmışdır. Zaman–zaman Azərbaycan torpağına çoxları gəlib–getmiş, hərəsinin də bir marağı, məqsədi olmuşdur. Sonda hamının gəldiyi nəticə bu olmuşdur ki, Azərbaycan və onun qonaqpərvər, zəhmətsevər, mübariz, qəlbində humanist ideyalar yaşadan xalqı hörmətə layiqdir. Əcnəbi səyyahlar, yazıçılar, alimlər, mədəniyyət xadimləri, dövlət başçıları öz xatirələrində bu məqamı həmişə dönə–dönə xatırlamışlar.
Etiraf etmək lazımdır ki, xalqımızın milli–mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu və əməyi olmuşdur. Onun fəaliyyətində, əməllərində bir tamlıq vardır. Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsinin yaradıcısıdır. Azərbaycançılıq nədir? Bu sualın ən mükəmməl cavabını Heydər Əliyev vermişdir: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli–mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Milli–mənəvi dəyərlər, onların qorunması, yabançı təsirlərdən xilas olması, saflaşması, Azərbaycan xalqının dəyərli sərvəti kimi milli emblemə çevrilməsində böyük öndərimizin uzaqgörən siyasəti, əməli fəaliyyəti, verdiyi fərman və sərəncamlar, keçirdiyi tədbirlər və görüşlər, beynəlxalq kürsülərdən söylədiyi tarixi nitqlər, gənc nəslin milli–mənəvi dəyərlərə yiyələnməsi üçün verdiyi nəsihət və tövsiyələr, eləcə də özünün şəxsi nümunəsi əvəzsiz rol oynamışdır.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam”—deyən Heydər Əliyev xalqının ürəyində milli–mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl—Heydər Əliyev ideyalarından güc alan məşəli bizlərə bəxş etmişdir.
Son 20 il göstərdi ki, Azərbaycan xalqı torpağına, taleyinə, milli–mənəvi dəyərlərinə bağlı və olduqca sadiq bir xalqdır. Bu 20 il Azərbaycan türkünün oyanışı, müstəqil Azərbaycan Respublikasının dövlətçilik ənənələrinin bərpası illəridir. Bu illər Heydər Əliyevin əbədi olaraq Azərbaycana, övladı olduğu xalqın həyatına, dövlətçiliyimizə, gələcək taleyimizə qayıdışı, beynəlxalq arenada Azərbaycan bayrağının ucalması, Azərbaycan dilinin mötəbər kürsülərdə səslənməsi, böyük neft və qaz kontraktlarının bağlanması, “Bakı–Tibilisi–Ceyhan” neft kəmərinin çəkilməsi, dünya ölkələrinin Azərbaycan reallığını təsdiq etməsi, nəhayət, Azərbaycan intibahının çiçəklənməsi illəri kimi yadda qalacaqdır. Bu sıçrayışın, uğurun sirri və əsası nə idi?
Ölkəmizin hərtərəfli inkişafı Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, Azərbaycan prezidenti seçilməsi ilə başladı. Onun əldə edəcəyi uğurlar, dövlətçiliyimiz üçün zəruri olan proqram Heydər Əliyevin 10 oktyabr 1993–cü il tarixdə Prezidentin andiçmə mərasimindəki çox yığcam, düşünülmüş və müdrikcəsinə səslənən çıxışında öz əksini tapmışdır. Gəlin Azərbaycan dövlətçiliyinin bu tarixi proqramına bir daha nəzər salaq:
“Əlimi Qurani–Kərimə basaraq and içirəm ki, Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq olacaq və bu ənənələrin Azərbaycanda bərqərar olmasına, yaşamasına təminat yaradacağam”.
Böyük öndər milli–mənəvi sərvətlər anlayışı deyərkən onu hamının başa düşdüyü dil, mədəniyyət, incəsənət, din və s.–dən daha geniş anlamda, fəlsəfi aspektdə götürürdü. Onun nəzərində Azərbaycan Respublikasının və onun xalqının ən qiymətli milli–mənəvi sərvəti bu ölkənin insanlarıdır. Ona görə də Heydər Əliyev insan amilini həmişə önə çəkirdi. Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirilərkən Heydər Əliyev soydaşlarımızı məhəbbətlə qarşılamış, arzu və təkliflərini dinləmişdi. Onlara, harada yaşamalarından asılı olmayaraq Azərbaycan Republikasını bir an da olsa, unutmamağı, doğma Vətənə xidmət etməyi, xalqımızın dilini, dinini, mədəni sərvətlərini xaricdə yaşatmağı, övladlarını azərbaycanlı kimi böyütməyi tövsiyə etmişdi.
Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayında azəbaycançılıq ideologiyasının əsasını qoyan proqram xarakterli çıxışında deyirdi “…Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir… Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı —azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli–mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir —ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət–ənənələrdir.
İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var. Ancaq insanlar gərək daim öz milli–mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
Heydər Əliyevin milli–mənəvi sərvətlərimizin qorunması və inkişafı yolunda fəaliyyəti çoxşaxəlidir. Onun bu sahəyə aid fərman və sərəncamları çox mətləblərdən xəbər verir: “1948–1953–cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi–etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” (18 dekabr 1997–ci il), “Azərbaycanlıların soyqırımı haqqında” (26 mart 1998–ci il), “Azərbaycan Xalq Cümhuriyyəti haqqında” (30 yanvar 1998–ci il), “N.Tusinin anadan olmasının 800 illiyi haqqında” (20 aprel 1997–ci il), “Kitabi–Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında” (23 fevral 1999–cu il), “C.Cabbarlının anadan olmasının 90 illiyi haqqında” (23 fevral 1999–cu il), “Naxçıvan Muxtar Respublikasının 75–ci ildönümü haqqında” (5 fevral 1999–cu il), “20 Yanvar faciəsinin 10–cu ildönümü haqqında” (16 dekabr 1999–cu il), “Dədə Qorqud heykəli” və “Dədə Qorqud dünyası tarixi–etnoqrafik kompleksinin yaradılması haqqında” (1 aprel 2000–ci il), “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” (13 iyun 2000–ci il), “R.Rzanın anadan olmasının 90 illiyi haqqında” (29 aprel 2000–ci il), “Dövlət dilinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001–ci il), “Azərbaycan Respublikası Dövlət dil komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” (4 iyul 2001–ci il), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001–ci il), “Milli–mənəvi dəyərlərimiz haqqında” (13 avqust 2001–ci il), “Azərbaycan MEA–nın Naxçıvan bölməsinin təsis edilməsi haqqında” (8 avqust 2002–ci il), “Azərbaycanın mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar” (19 aprel 2002–ci il),”Bakı şəhərində İçərişəhər tarixi–memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” (18 fevral 2003–cü il) və s.
Heydər Əliyev milli–mənəvi dəyərlərin qorunmasında, təbliğində yazıçıların, yaradıcı insanların, alimlərin rolunu xüsusi vurğulayır, onların yaradıcılığına hörmətlə yanaşır, ziyalıların normal fəaliyyət göstərməsi üçün əlindən gələni edirdi. Yaradıcı insanlara təkcə maddi köməklə kifayətlənmir, onlara mənəvi dəstək verirdi. Keçirilən yubileylər, sərgilər, görüşlər, verilən fəxri adlar, ayrılan prezident təqaüdləri, bu istiqamətdə atılan addımların bir qismidir. Onda yaradıcı insanların yaşamağa, yaratmağa stimul verən ilahi bir qüdrət var idi. Onun işığına toplaşan ziyalılar yaxşı dərk edirdilər ki, həmişə olduğu kimi, bu görüşdə də Heydər Əliyev Azərbaycan xalqının milli–mənəvi dəyərləri ilə bağlı olduqca əhəmiyyətli bir fikir söyləyəcək, ziyalıları mühüm bir məsələyə səfərbər edəcəkdir.
Ulu öndər Azərbaycan xalqının milli–mənəvi dəyərlərini yaşadarkən, ilk növbədə, tariximizin maraqlı səhifələrini özündə yaşadan abidələrə, əsərlərə, şəxsiyyətlərə, ümumtürk dəyərlərinə daxil edilən əsərlərə üstünlük verirdi. Onun məqsədi “tariximizin görkəmli səhifələrini xalqımızın bugünkü və gələcək nəsillərinə, bütün dünyaya daha yaxşı tanıtmaq idi”.
Bu baxımdan “Kitabi–Dədə Qorqud” dastanı bütün müdriklər kimi, Heydər Əliyevin də diqqətini daim cəlb etmişdir. O, bu dastanı Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi ən qiymətli inci sayırdı. “Kitabi–Dədə Qorqud” elə bir sənət abidəsidir ki, burada Azərbaycan türklərinin dünyagörüşü, milli xarakteri, adət–ənənəsi, dini, fəlsəfi və psixoloji görüşləri, əxlaqı, dövlətçiliyi, ailə və cəmiyyət münasibətləri, Vətən, torpaq sevgisi, xalqın mübarizliyi, qəhrəmanlıq səhifələri, dilimizin şirinliyi, üslub rəngarəngliyi, humanizm və xeyirxahlıq kimi saf hisslər cəmlənmişdir. Bu əsərin təbliği, tədqiqi fonunda çox məsələləri öyrənmək mümkündür. Ona görə də “Kitabi–Dədə Qorqud” dastanı bütün elm sahələrinin tədqiqat obyekti olmuşdur.
Ümummilli liderimiz bütün bunları nəzərdə tutaraq 20 aprel 1997–ci il tarixdə oğuz türklərinin tarixini əks etdirən, yüksək bəşəri ideyaları tərənnüm etdirən “Kitabi–Dədə Qorqud” dastanının 1300 illik yubileyini keçirmək üçün tarixi fərman imzaladı. Heydər Əliyev bu yubileyin hazırlanmasında və keçirilməsində bütün ağırlığı öz üzərinə götürdü. Fərmanı xalq arasında sevinclə qarşılandı, bütün türk dünyası razılığını bildirdi.
Yubiley üzrə Dövlət Komissiyasının 8 aprel 1999–cu il tarixdə keçirilən iclasında onun müdrikcəsinə və uzaqgörənliklə dediyi kəlamlarda böyük həqiqətlər, onun arzu və istəyi, birliyimiz, yaddaşımız, gedəcəyimiz yol görünürdü. O deyirdi: “Kitabi–Dədə Qorqud” dastanı yubileyinin keçirilməsi ən böyük siyasi, mənəvi xarakter daşıyır və mədəniyyətimizə, ədəbiyyatımıza olan qayğını və münasibəti göstərir. Biz son illərdəki Azərbaycanda tariximizin görkəmli səhifələrini yad etmək, tariximizi bugünkü və gələcək nəsillərə daha da geniş anlatmaq, xalqımızın, millətimizin tarixini dünyaya nümayiş etdirmək məqsədi ilə bir çox yubiley mərasimləri keçirmişik. Bunlardan da hər birinin çox böyük faydası olubdur. Bu faydanı nə faizlə, nə miqdarla, nə də çəki ilə ölçmək olar. Ancaq əgər bir öçlü olsaydı, demək olardı ki, ən böyük ölçüyə malik faydalardır…”Dədə Qorqud” dastanı bizi bu gün, eyni zamanda birləşdirir, bir–birimizə yaxınlaşdırır. Birləşməyə də ehtiyac vardır. Bu, hamımız “onlar üçün də, bizim üçün də doğmadır. Amma bu, hamının olmaqla bərabər, xüsusən Azərbaycanındır, Azərbaycana məxsusdur. Bu da türk aləmində Azərbaycanın nə qədər görkəmli yer tutduğunu göstərir”.
Azərbaycan xalqı və onun dilinin mənşəyi ilə bağlı son yüzilliklərdə elmi ədəbiyyatda ziddiyyətli, subyektiv fikirlər səslənmiş, saxta, qeyri–elmi tezislər yayılmışdır. Müasir Azərbaycanşünaslıq elmi, Heydər Əliyev və bu elmi yaradıb inkişaf etdirən sağlam düşüncəli alimlər anti–Azərbaycan fikirlərinin çürük, əsassız olduğunu sübut etmişlər. “Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi bədxahlarımıza layiqli cavab oldu.
Dünyanın bütün qitələrində ünsiyyət vasitəsi kimi səslənən bu dil —Azərbaycan dili Azərbaycan xalqının milli mənliyi və ən qiymətli, əvəzolunmaz sərvətidir. Azərbaycan dilinin inkişafı, çiçəklənməsi, zənginləşməsi uzun və ziddiyyətli bir yol keçmişdir. Bu işdə xalqımızın soykökündə iştirak edən qəbilə, tayfa, xalq və neçə–neçə etnik qrup fəal rol oynamışdır.
Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində ulu öndərin müstəsna rolunu hamı etiraf edir. XX əsrin II yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin, ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər
Əliyev və Azərbaycan dili! Bu iki ad XX əsrin
60–cı illərindən həmişə qoşa çəkilmişdir.
Çünki Heydər Əliyev Azərbaycanda səlahiyyət
sahibi olduğu andan — 1969–cu ildən Azərbaycan dilinə təkcə
adi ünsiyyət vasitəsi kimi baxmamış, onu həmçinin
dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən
yayındırmamışdır. Bunun isbatı
üçün bir neçə il öncəyə
qayıdaq. Tarixi bir faktı xatırlatmaq kifayətdir.
Respublikamızda baş verən məlum dəyişiklikdən—
Xalq cəbhəsi hakimiyyətə gəldikdən sonra Azərbaycan
dilinə müxtəlif münasibətlər özünü
büruzə verdi. Hətta
Milli Məclis səviyyəsində “Azərbaycan dili” terminindən
imtina etdilər. “Azərbaycan dili” “türk
dili” adlandırıldı. Orta məktəb
dərslikləri “Türk dili” adı ilə nəşr olundu.
Bu, xalq arasında narazılıqla
qarşılandı. Ona görə də ulu öndər
hakimiyyətə gələn kimi işin, vəziyyətin
çətin və gərgin olmasına baxmayaraq, bu məsələni
bir neçə ay alimlərin, yazıçıların,
ziyalıların, dövlət xadimlərinin, geniş mənada
xalqın müzakirəsinə verdi.
Ulu
öndər həmin müzakirələrin hamısında
yaxından iştirak etdi və özünün münasibətini,
müşahidələrini çox yığcam şəkildə
belə ümumiləşdirdi:
1. “Ana
dilinin adı müasir ictimai təfəkkür
üçün tamamilə aydın olmalı, arxaik səciyyə
daşımamalıdır.
2. Ölkənin,
xalqın və dilin adında məntiqi bağlılıq
olmalı, biri digərini təsdiq etməlidir.
3. Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir”.
Heydər
Əliyev yazıçılarla, mədəniyyət
işçiləri ilə, gənclərlə
görüşlərində həmişə “Azərbaycan
dili, onun saflığı və qorunması”nı
ayrıca bir tezis kimi irəli sürmüş və dil
mütəxəssislərinə özünün nəzəri
göstərişlərini vermişdir.
Ulu
öndər bu sahədəki fəaliyyətini iki istiqamətdə
qurmuşdur:
1. Azərbaycan
dili ilə bağlı söylədiyi nəzəri mülahizə
və göstərişlər;
2. Azərbaycan
dilinin əməli olaraq tətbiqi ilə bağlı
özünün nümunəvi nitqləri.
Heydər Əliyev Azərbaycan xalqının və onun
dilinin mənşəyi, formalaşması, sabitləşməsi
kimi məsələlərə çox ciddi yanaşır,
bütün bunları elmi faktlarla əsaslandırırdı. Ümummilli
liderimizin Azərbaycan dili ilə bağlı dilçilik
görüşləri çoxcəhətlidir. Onun çıxışlarında yeri gəldikcə
dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti,
yazı və əlifba, üslublar və s. yaxşı,
özü də yerli–yerində əsaslandırılırdı.
O, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti,
tarixi, mədəniyyəti, mədəni sərvəti kimi
yanaşırdı. Bunu onun alimlərlə,
yaradıcı ziyalılarla, diplomatlarla, tələbələrlə,
xaricdə yaşayan həmvətənlərimizlə, təsərrüfat
adamları ilə söhbətlərində duyuruq.
Heydər Əliyevin səyi nəticəsində Azərbaycan
dilinin statusu Azərbaycan Konstitusiyasında təsbit
olunmuşdur.
Ümummilli liderimizin elə bir ciddi toplantı yox idi ki, o,
orada dilimiz, milli mənliyimiz, milli sərvətimiz, tariximiz, mədəniyyətimiz
və s. haqqında söz açmasın. Xüsusilə
gənclərlə görüşlərdə bu məsələlər
ön plana çəkilir, çox dərin və məzmunlu
mətləblərdən söhbət açılır, vətəndaş
qayğıkeşliyi ilə bu fikirlər təbliğ olunur,
insanların beyninə həkk edilirdi.
Heydər Əliyevin Azərbaycan dilinin qorunması və
inkişafı istiqamətində gördüyü ən
böyük xidmət dilimizə dövlət dili statusu verilməsi
istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə
Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi
dəyərləri ilə bağlı ümummilli liderimizin
imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə
olduqca əhəmiyyətli işlərin görülməsinə
imkan yaratmışdır.
18 iyun
2001–ci il! Bu gün Azərbaycan
xalqının tarixində əlamətdar bir gün kimi
qalacaqdır. Məhz bu tarixdə Heydər
Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” müstəsna dəyəri olan bir Fərman
imzaladı. Ondan bir neçə gün sonra —4 iyul 2001–ci
il tarixdə “Azərbaycan Respublikası
Dövlət Dil Komissiyasının təşkilinin təsdiq
edilməsi haqqında” sərəncama imza atdı. 9 avqust
2001–ci il tarixdə “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsdiq edilməsi
haqqında” fərman verildi. Bütün bu fərman
və sərəncamların verilməsi milli qeyrət, mənəvi
saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət,
nəhayət, bu sahədə dərin bilik tələb edirdi.
Heydər Əliyev fərmanın reallaşması istiqamətində
ciddi işlər gördü. Hər şeydən əvvəl,
aidiyyəti olan insanlara anlatdı ki, Azərbaycan dili, sadəcə
olaraq bir ünsiyyət vasitəsi kimi başa
düşülməməlidir. Hər bir
azərbaycanlı anlamalıdır ki, ulu
babalarımızın, aqillərimizin bizə yadigar
qoyduqları bu dil tarixdir, mənəviyyatdır, Azərbaycan
xalqının varlığı və Azərbaycan adlı
müstəqil dövlətin əsas simvoludur. Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat
bayrağıdır. Nə qədər ki,
bu bayraq Azərbaycan adlı diyarda ucalır, deməli, Azərbaycan
var, Azərbaycan xalqı yaşayır. Azərbaycan
xalqı bu gün dünyanın əksər qitələrində
yaşayır, onların sayı 50 milyonu aşır. Azərbaycan dili tarixən çox mürəkkəb
bir regionda, müxtəlif sistemli dillər mühitində
formalaşmış və inkişaf etmişdir.
Heydər Əliyevin Azərbaycan dilinin inkişafında
xidmətlərindən danışarkən onun yazı mədəniyyətimiz,
əlifba islahatı və türk dünyasının birləşdirilməsi
sahəsində gördüyü tarixi xidmətlərini
xüsusi qeyd etmək lazımdır. Ölkə prezidentinin 9 avqust 2001–ci il tarixdə imzaladığı “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” fərmanı irəliyə atılmış yeni
və tarixi bir addım idi. XIX–XX əsrlərdə dəfələrlə
latın qrafikalı əlifbaya keçmək
üçün səylər olsa da, real nəticə
olmamışdır. Latın qrafikalı əlifbaya
keçmək ideyası türk dünyasında xüsusi bir
mərhələdir. Bu ideyanın yaranması,
reallaşması, tətbiqi Azərbaycanla, onun görkəmli
şəxsiyyətlərindən sayılan M.F.Axundov, H.B.Zərdabi,
C.Məmmədquluzadə, S.M.Qənizadə, N.Nərimanov,
Ü.Hacıbəyov, B.Çobanzadə, Ə.Hüseynzadə,
S.Ağamalıoğlu və b. ilə bağlı olmuşdur.
Milli ruhlu bu ziyalılar Azərbaycan xalqının tərəqqisi,
maarifə, elmə yiyələnməsi yolunda latın
qrafikalı əlifbanın tarixi rolunu dərk etmişlər.
O dövrün reallığı bu ideyanın həyata
keçməsinə həmişə mane olmuş, sədd
çəkmişdir. 1926–cı ildə Bakı şəhərində
keçirilən I Türkoloji qurultay türkdilli ölkələrdə
latın qrafikalı əlifbaya keçməyi
tövsiyə etdi. Qurultayın tövsiyəsini
ilk reallaşdıran ölkə Azərbaycan oldu. Lakin 30–cu illərin repressiyası Azərbaycan
xalqına çox böyük zərbələr vurdu.
Bunlardan biri də latın qrafikalı əlifbanın
ləğv edilməsi idi. Sovet
strategiyasının şovinist siyasəti nəticəsində
doğma əlifbamız kiril qrafikalı əlifba ilə dəyişdirildi.
Üzərindən neçə onilliklər keçdi, tarix
öz ədalətli hökmünü verdi
—Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqil
respublikaya çevrildi. Heydər Əliyev kimi
dünya şöhrətli siyasətçi, qəlbində
türkçülük, azərbaycançılıq məşəli
yanan dahi bir lider Azərbaycan dövlətinə yenidən rəhbərlik
etdi. Ulu öndər şəxsi nüfuzundan istifadə
edərək Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi
və latın qrafikalı əlifbaya
keçmək haqqında dəyərli, tarixi fərman
imzaladı. Bu fərman Azərbaycan dilinin tətbiqi və latın qrafikalı əlifbanın geniş
işlənməsi üçün dövlətin təminatı
idi.
Heydər Əliyevin uzaqgörənliyi, məsələnin
vaxtında həllinə qərar verməsi təkcə Azərbaycanda
deyil, ümumiyyətlə, bütün türk
dünyasında sevinclə qarşılandı. Ümummilli
lider Türkiyədə “2001–ci ilin müdrik dövlət
adamı” seçildi.
Heydər
Əliyev “Azərbaycan Respublikasında dövlət dili
haqqında Azərbaycan Respublikası Qanunu”nun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə 02 yanvar 2003–cü il tarixdə imzaladığı fərmanla Azərbaycan
Dövlət Dil Komissiyası, ziyalılarımız, mətbuatımız
və dövlət strukturları konkret əməli işlər
görmüşlər.
Ulu öndərimiz dini dəyərlərə, xalqın
inanc yeri saydığı ocaqlara, pirlərə, məscidlərə,
ziyarətgahlara çox həssas yanaşırdı. Xalqı bu
ruhda tərbiyə edirdi. Bu tərbiyənin
nəticəsidir ki, bütün ölkələr Azərbaycan
xalqını tolerant xalq, Azərbaycanı isə tolerant
ölkə kimi tanıyır. Dünyanı
məhvə aparan terrora, dini ayrı–seçkiliyə Azərbaycanda
yer yoxdur.
Cənab
İlham Əliyev bu il martın 19–da keçirilən Novruz
şənliklərində söylədiyi nitqdə maraqlı
bir məqama toxunmuş, Novruz bayramını
xalqımızın ən qədim bayramı, çox vacib
milli–mənəvi vərdişlərimiz kimi səciyyələndirmiş,
ulu öndərimiz Heydər Əliyevin milli–mənəvi dəyərlərlə
bağlı nəsihətlərinə sadiq qalmağın əhəmiyyətindən
söz açmış, bu işdə həssas
davranmağı tövsiyə etmişdir: “Novruz
xalqımızın ən sevimli bayramıdır. Azərbaycan xalqı əsrlər boyu Novruz
bayramını qeyd etmişdir. İctimai–siyasi
quruluşdan asılı olmayaraq bütün dövrlərdə
bu bayram hər bir Azərbaycan ailəsində qeyd edilirdi.
Bu gün isə müstəqil Azərbaycanda bu
bayram dövlət bayramı kimi qeyd edilir”.
Azərbaycan xalqı milli–mənəvi dəyərlərinə
həmişə sadiq olmuşdur. Bu dəyərlər
bizi bir xalq kimi qoruyub saxlamışdır. Bu gün
müstəqillik dövründə Azərbaycanda dövlət
quruculuğu prosesi də məhz milli–mənəvi dəyərlər
üzərində qurulmuşdur…
…Milli–mənəvi
dəyərlər bizim üçün əsas məsələdir.
Əlbəttə, elə etməliyik ki, bu dəyərlər
gələcəkdə də Azərbaycanda daim
üstünlük təşkil etsin. Gənclərimiz,
uşaqlarımız, gənc nəsil bu dəyərlər
üzərində tərbiyə alsınlar, milli ruhda
böyüsünlər, daim Vətən haqqında
düşünsünlər və Vətənin
inkişafı üçün əllərindən gələni
əsirgəməsinlər. Xüsusilə,
indiki zamanda, qloballaşma dövründə bunun daha da əhəmiyyəti
vardır. Çünki
qloballaşmanın müsbət tərəfləri
haqqında kifayət qədər geniş danışılır.
Ancaq qloballaşmanın mənfi tərəfləri
də vardır. Özümüzü bu mənfi
təsirdən qorumaq və gələcəkdə, uzun illər
bundan sonra da Azərbaycanı inkişaf yolu ilə irəliyə
aparmaq üçün mütləq milli dəyərlər
üstünlük təşkil etməlidir”.
Bütün bunlar “Heydər Əliyev–Xalq! Xalq–Heydər Əliyev”
kəlamının təsadüfi yaranmadığını
sübut edir. Çünki o, dahidir! Dahilər
isə əbədiyyətə qovuşur, mənsub
olduqları xalqın, bəşəriyyətin mənəvi,
dünyəvi günəşinə çevrilir, zamana,
ölkəyə sığmırlar. Heydər
Əliyev bəşər dünyasına məxsus olan bu
cür dahilərdəndir.
İllər, əsrlər ötəcək, müstəqil
Azərbaycan dövləti daha da inkişaf edəcək,
iqtisadi və siyasi cəhətdən dünyada ən
güclü, ən qüdrətli, çiçəklənən
bir ölkəyə çevriləcək. Böyüməkdə olan
nəsil ulu öndərimizi hər il yad edəcək,
alimlər və yazarlar onun həyat Kitabına yeni–yeni səhifələr
açacaq, onun fəaliyyətini işıqlandıracaq. Xalq müdrikdir —dağdan uzaqlaşdıqca, onun nə
qədər möhtəşəm olduğu
görünür. Ulu öndər tarixdə
əbədi olaraq öz əməlləri ilə
yaşayacaqdır. Bu gün ziyarətə
çevrilən məqbərəsi, Azərbaycanı təbliğ
edən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi,
onun adını ucaldan obyektlərlə nəsillərin
yaddaşında həkk olunacaqdır.
Dünyada hər şey dəyişir. Qalan saf əməllərdir.
Ulu öndər nəsillərin qəlbində
öz əməlləri, ölməz ideyaları ilə
yaşayacaqdır. Azərbaycan dövlətini
yaşatmaq, əbədiləşdirmək üçün
Heydər Əliyev ideyalarına sadiq qalmaq və bu ideyaları
dəstəkləmək çox vacibdir.
Vilayət ƏLİYEV,
Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, əməkdar
müəllim,
filologiya elmləri doktoru, professor
Respublika.- 2013.- 23 aprel.- S. 5.