Müstəqil məhkəmə hakimiyyətinin memarı

 

Hər bir xalqın öz müstəqil dövlətini qurması, ilk növbədə lider amili ilə bağlı olmaqla, onun yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində gerçəkləşir. Milli tariximizə bu kimi keyfiyyətləri ilə öz adını əbədi həkk etmiş ulu öndər Heydər Əliyev, XX əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik amalına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüş, onun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır. Məhz Heydər Əliyev dühası azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub–yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etmək üçün elmi təmələ əsaslanan çoxşaxəli inkişaf konsepsiyası irəli sürmüşdür.

Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994– il tarixli fərmanı olmuş, həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilərək, hüquq–mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılmasının vacibliyi önə çəkilmişdir.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995–ci il noyabrın 12–də ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası isə ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və digər azadlıqlar bərqərar olunmuşdur. Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılanən böyük addım olmaqla yanaşı, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin inkişafı üçün əsaslı zəmin yaratmış və hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinə təkan vermişdir. Sonrakı dövrdə —1996–cı ilin fevralında Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyasının yaradılması bir sıra mütərəqqi qanunvericilik aktlarının qəbulu ilə nəticələnmişdir ki, bununla da ölkəmizin beynəlxalq standartlara cavab verən qanunvericilik və məhkəmə–hüquq sisteminin özülləri müəyyənləşdirilmişdir. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən ümummilli lider, Hüquqi islahatlar komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etmişdir. Həmin dövrdə məhkəmə–hüquq islahatı ölkənin siyasiiqtisadi sisteminin kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən və mahiyyətcə təkamül xarakteri daşıyan islahatların həm ilkin şərti, həm də nəticəsi olmuşdur. Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən,müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” qanunlar, Mülki, MülkiProsessual, Cinayət, Cinayət–Prosessual, Vergi, Gömrük və digər məcəllələr qəbul edilmişdir.

Qeyd olunan islahatların əsas qayəsini Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquq islahatlarının aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi təşkil etmişdir. Ümummilli liderimiz ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyasının ədalətli cəmiyyətin əsas təməl daşlarından biri olması reallığından çıxış edərək ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir. Məhkəmə–hüquq islahatları istiqamətində aparılan kompleks tədbirlər sırasında ulu öndərin 18 iyul 1998–ci il tarixli “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında”, eləcə də 1 dekabr 1998–ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə fərmanlarının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Sözügedən qanunvericilik aktlarının qəbulu məhkəmə orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, ədalət məhkəmələrinin cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir. Məhz ulu öndərin əsasını qoyduğu islahatlar sayəsində çox da uzun olmayan dövr ərzində ölkəmizin məhkəmə–hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başlamış, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında məhkəmə hakimiyyətinin rolu artırılmışdır. Həmin vaxtdan etibarən keçmiş Sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddisosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsilə hüquqi dövlətə xas olan məhkəmələrin müstəqilliyinin əsas prinsipləri müəyyən edilmişdir. Məhkəmə sisteminin daha da təkmilləşdirilməsi, prosessualmaddi qanunvericiliyin yenilənməsi dövrün çağırışlarına tutarlı cavab idi və məhz ümummili liderin konsepsiyası əsasında məhkəmə hakimiyyətinin müstəqillyinin tam təmin edilməsi məqsədi ilə məhkəmələr üzərində prokuror nəzarəti də ləğv olunaraq, əksinə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.

Ulu öndərin əsasını qoyduğu hüquq islahatları nəticəsində sonradan məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası tədqiq edilərək yeni müstəqil qurumlar —Məhkəmə–Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi yaradılmış, habelə hakimlərin müddətsiz təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi qaydaları müəyyənləşdirilmişdir. Dövrün tələbindən irəli gələn bu dəyişikliklər məhkəmələrin işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində şəffaflığın geniş təminatına, hakimlərin seçilməsi qaydalarının mütərəqqi dəyərlərə uyğunlaşdırılmasına, işində səhlənkarlığa, sui–istifadə hallarına yol verən və qanunçuluğu düzgün tətbiq etməyən hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsi məqsədinə xidmət etmişdir.

Ulu öndər Azərbaycanın dünyanın hüquqisiyasi atmosferinin müəyyənləşməsində aparıcı rol oynayan bir sıra təşkilatlara üzvlük məsələsinə də xüsusi diqqət yetirmiş, bu məqsədlə ilk növbədə, milli qanunvericiliyinhüquqi təsisatların Avropa standartlarına uyğunlaşdırılması prinsipinin əhəmiyyətini vurğulamışdır. Məhz bu məqsədlə ümummilli lider 1998–ci ilin 22 fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, həmin fərmanla insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyənləşdirilmişdir. Bununla insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmış, 1998–ci il 18 iyun tarixdə isə ümummilli liderİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara, qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi artırılmışdır. Ulu öndərin 6 avqust 1998–ci il tarixli fərmanı ilə mətbuat üzərində dövlət senzurası tamamilə ləğv olunmuş, kütləvi informasiya vasitələrinin normal fəaliyyətinə xidmət edən yeni qanunvericilik aktlarının qəbulu isə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmişdir.

İnsan haqlarının etibarlı qorunmasını dövlətin prioriteti kimi müəyyən edən ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, 1993– ildən ölüm cəzasının icrasına veto qoyulmuş, 1998–ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edilərək əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlanmışdır.

Demokratik normaların genişlənməsinə xidmət edən hüquqisiyasi tədbirlərin nəticəsi olaraq ölkəmiz Avropa Şurası Nazirlər Komitəsinin 2001–ci il 17 yanvar tarixli qərarı ilə təşkilatın tamhüquqlu üzvlüyünə qəbul edilmiş, həmin ilin yanvar ayının 25–də isə Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi keçirilərək, bununla da ölkəmizin Avropa ilə əlaqələrinin tarixində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. 2001–ci il dekabrın 28–də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbulu və bunun əsasında daha sonra Ombudsman təsisatının fəaliyyətə başlaması üçün hüquqimaddi bazanın təşkili respublikamızda insan və vətəndaş hüquqlarının təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olub Azərbaycanın Avratlantik məkana sıx inteqrasiyasına zəmin yaratmışdır. Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması ideyası isə hələ respublikamızın Avropa Şurasına qəbulundan üç il əvvəl —ümummilli liderin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ilə bağlı 22 fevral 1998–ci il tarixli fərmanında əksini tapmışdır.

Artıq 10–cu ildir ki, ulu öndərin müəyyənləşdirmiş olduğu hüquq siyasəti xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər edilir. 2004– ilin dekabr ayından etibarən məhkəmə–hüquq islahatlarının ikinci mərhələsi başlanmışdır. Bu mərhələdə məhkəmə hakimiyyətinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni metodlarının, qabaqcıl informasiyakommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür. Siyasi, hüquqiiqtisadi islahatların paralelliyi prinsipini önə çəkən ölkə başçısı respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəmə sisteminin müasirləşdirilməsini, ədalət mühakiməsinin daha çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini, bu sahədə mütərəqqi dünya təcrübəsinin mənimsənilməsini mühüm vəzifələr kimi müəyyənləşdirmişdir. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hələ 2004– ilin dekabrında “Məhkəmə–Hüquq Şurası haqqında” yeni qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Həyata keçirilən məhkəmə–hüquq islahatları sırasında Azərbaycan Prezidentinin 19 yanvar 2006–cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə fərmanın əhəmiyyəti xüsusi vurğulanmalıdır. Regionların sosialiqtisadi inkişafı şəraitində əhaliyə göstərilən hüquqi yardımın yüksəldilməsi, habelə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə imzalanmış bu fərmanla Bakı, Gəncə, Şirvan, Şəki və Sumqayıt şəhərlərində (rayon) regional apelyasiya məhkəmələri, habelə Bakı, Şəki və Sumqayıtda iqtisad məhkəmələri yaradılmışdır. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olduğunu nəzərə alan ölkə başçısının 2006–cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə–Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir.

Ölkəmizdə aparılan məhkəmə–hüquq islahatlarına yeni nəfəs verən və əhəmiyyətli sayıla biləcək hadisələrdən biriPrezident İlham Əliyev tərəfindən 27 dekabr 2011–ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncamın imzalanmasıdır. Sərəncam dövrün tələbləri, məhkəmə–hüquq islahatlarının sürətli və keyfiyyətli həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin normativhüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Sərəncamda diqqəti cəlb edən məqamlar əsas etibarilə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması, xüsusilə, İnsan Hüquqlarına dair Avropa Konvensiyasının məhkəmə aparatı işçiləri tərəfindən öyrənilməsinin təmin edilməsi, dolayısı ilə məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılmasının zəruriliyi ilə bağlıdır.

Hazırda ölkə başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə islahatlar davam etdirilir,ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Bu kimi məsələlər dövlət başçısının 2009–cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013– illər üçün Dövlət Proqramı”nda geniş əksini tapmışdır. Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində son 2 il ərzində respublikamızda 4 yeni məhkəmə binasının, o cümlədən dövlət başçısının iştirakı ilə Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları açılmış, Sabunçu rayonunda 2 məhkəmənin —rayon və 2 saylı Bakı İnzibatiİqtisadi məhkəmələrinin, Şəkidə 4 məhkəmənin yerləşəcəyi yeni məhkəmə komplekslərinin təməli qoyulmuşdur. Bütövlükdə isə vahid konsepsiya əsasında və dünyada analoqu olmayan nadir proqram təminatı vasitəsilə 30–dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, artıq bəzilərinin tikintisinə başlanılmışdır.

İstənilən müasir cəmiyyətin tərəqqi meyarlarından biri məhkəmə–hüquq sisteminin səviyyəsi, bu sahədə həyata keçirilən islahatlardır və əgər bu istiqamətli fəaliyyətə xüsusi önəm verilirsə, deməli, dövlət öz cəmiyyətinin hərtərəfli inkişafına, onun institutlarının tərəqqisinə həssaslıqla yanaşmaqdadır. Son dövrlər respublikamızda məhkəmə–hüquq sisteminin daha da təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən çoxsaylı işlərin, icra olunan layihələrin mövcudluğu isə dövlətimizin bu işdə nə qədər maraqlı olduğundan xəbər verir. Əminliklə demək olar ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir.

 

 

Elnur HƏSƏNOV,

Səbail rayon məhkəməsinin hakimi

 

Respublika.- 2013.- 23 aprel.- S. 6.