MÜDRİK
SİYASƏTİN MƏHKƏMƏ–HÜQUQ İSLAHATLARI SAHƏSİNDƏKİ
UĞURLARI
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası mühüm yer tutur. Taleyüklü hadisələrlə yadda qalan, Azərbaycanın milli intibahı kimi səciyyələnən, müstəqillik tariximizə qızıl hərflərlə həkk olunan bu epoxa ulu öndərimiz, dünya şöhrətli dövlət başçısı və ictimai–siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu dövr Azərbaycanın müasir tarixinin bütöv bir salnaməsini təşkil edir.
Dahi Heydər Əliyevin liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdi. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin hər iki mərhələsində qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur. Siyasətə ideyaların realizə vasitəsi kimi yanaşan böyük strateq bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdır. Məhz bu keyfiyyətləri sayəsində Heydər Əliyev millətə, xalqa rəhbərlik etmək haqqını təmin etmişdir. Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona hələ sağlığında ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir.
Prezident İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lıderi Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”. Azərbaycanın müasir tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti Heydər Əliyevin mənalı həyat yolu və fəaliyyəti, həqiqətən də, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbidir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyev şəxsiyyətindən qaynaqlanır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi.
Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı–qarşıya qalmışdı. Məhz bu dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə hakimiyyətə böyük qayıdışı Azərbaycanı bürümüş böhrandan, parçalanmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. 1993–cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla nail oldu. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, — deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Bu tarixi anlarda ulu öndərimiz deyirdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə–neçə qorxunc təhlükənı sovuşdumağa, keçilməz maneələri belə dəf etməyə, həqiqətən də, qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf magistralına çıxdı. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993–2003–cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz strateji seçiminı və inkişaf yolunu — insan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratık, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi və bu məqsədə nail olunması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu öndərimizin banisi olduğu, onun bilavasitə iştirakı ilə ərsəyə gəlmiş və ümumxalq səsverməsi yolu ilə 1995–ci il noyabrın 12–də qəbul edilmiş ilk Milli Konstitusiyamız, şübhəsiz ki, bütün bu islahatların yönünü müəyyənləşdirmişdir. Bu böyük tarixi, siyasi–hüquqi ali sənədin hazırlanması ulu öndərimizin gərgin əməyinin bəhrəsi kimi Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasının, ərazi bütövlüyümüzün, təbii sərvətlərimizin, dinimiz və ana dilimizin, mədəniyyətimizin və digər dəyərlərimızin toxunulmazlığının, insan və vətəndaş azadlığının, firavanlığın təminatçısı kimi dərk edilməlidir. Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasır idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.
Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996–cı il tarixdə Hüquq İslahat Komissiyası yaradıldı, komissiyanın hazırladığı “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və s. qanunların qəbulu məhkəmə–hüquq islahatlarının məntiqi yekunu oldu. Milli Məclis 1997–2002–ci illər ərzində Azərbaycan Respublikasının ilk milli Konstitusiyasından qaynaqlanan milli məcəllələr — Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsini və s. qəbul etdi. Ötən əsrin 90–cı illərinin sonlarına doğru ulu öndər Heydər Əliyevin ən inamlı və prinsipial addımlarından biri də ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998–ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsı sahəsində tədbirlər haqqında” fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Ulu öndərin təşəbbüsü ilə 1998–ci ildə Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı tarixi qərar qəbul etdi. Həmin illərdə 32 əfv fərmanı, amnistiya haqqında 8 qanun qəbul olunmuş, bu amnistiya aktları on minlərlə məhkuma şamil edilmişdir.
Məhz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ilk demokratik parlament yaradılmış, ədalətli, şəffaf seçki ənənəsi qoyulmuşdur. Həyata keçirilən siyasi və demokratik islahatlar ölkəmizin Avropa Şurası və Qərbin digər siyasi və iqtisadi strukturları ilə fəal əməkdaşlığına şərait yaratmışdır. Təbii ki, bütün bunlar Azərbaycanın Qərbə geniş inteqrasiyasını sürətləndirmiş və Avropa Şurası kimi nüfuzlu və mötəbər beynəlxalq təşkilatın qapılarını üzümüzə açmışdır. 2001–ci il yanvarın 17–də Azərbaycanın AŞ–a tamhüquqi üzv kimi qəbul edilməsi barədə qərar çıxarılmış, yanvarın 25–də isə bu qurumun Parlament Assambleyasında təsdiqlənmişdir. Bu tarixi hadisə Azərbaycanın nəinki müstəqil, demokratik, dünyəvi dövlət kimi tanınmasında, həmçinin Avropa ailəsinin önəmli üzvü kimi inkişafında yeni mərhələnin təməlini qoymuşdur. Dünya səviyyəli bu dahi şəxsiyyətin, siyasət korifeyinin göstərdiyi misilsiz tarixi xidmətlər təkcə ölkəmizdə və regionumuzda deyil, bəşəri səviyyədə çox yüksək dəyərləndirilir. Etiraf edilir ki, Heydər Əliyev dünya siyasətinə təsir etməyə qadir və dünyanın ən aktual çağırışlarına cavab verən, tarixi perspektivləri qabaqcadan görən, ən mürəkkəb situasiyalarda yeganə düzgün qərarlar qəbul etməyi bacaran çox nadir şəxsiyyət olub, Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.
Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada son illər hüquqi islahatların daha geniş miqyas aldığını, beynəlxalq standartlara tam uzlaşdığını, inteqrasiya prosesinin daha da sürətləndiyini xüsusi qeyd etmək vacibdir. Cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamların, verdiyi tapşırıqların icrası üzrə görülmüş tədbirlərin sayəsində Azərbaycan müstəqil məhkəmə sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur.
Prezident İlham Əliyevin 19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı ilə ölkənin məhkəmə hakimiyyəti üçün keyfiyyətcə yeni islahat dövrü başlamışdır. Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı mühüm sənədlərdən biri də 2009–cu il 6 fevral tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı”dır. Dövlət Proqramı ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ–hüquqi və maddi–texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində böyük rol oynayıb. Hazırda “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyalar tətbiq olunur, məhkəmələrin maddi–texniki bazası yaxşılaşdırılır. Ümumilikdə, Dövlət Proqramı məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə yeni imkanlar açıb.
Qeyd etmək lazımdır ki, məhkəmə hakimiyyətində aparılan islahatlar hərtərəfli və sözün əsl mənasında, genişmiqyaslıdır. Dövlət başçısının 17 avqust 2006–cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı məhkəmə sisteminin müasirləşdirilməsi mərhələsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakim korpusunun genişləndirilməsi, məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi və yeni məhkəmələrin fəaliyyətinin təmin edilməsi sahəsində mühüm əhəmiyyət kəsb etmişdir. Fərmandan irəli gələn məsələlərin həlli çərçivəsində hakimlərin sayı 153 ştat artırılmış, bu da hakimlərin iş yükünün azalmasına, işlərin daha keyfiyyətli və qısa müddət çərçivəsində baxılmasına gətirib çıxarmışdır. Eyni zamanda, son illər ərzində ölkənin regionlarında apelyasiya, ağır cinayətlər, inzibati–iqtisad məhkəmlələri fəaliyyətə başlamış, nəticədə əyalətdə yaşayan vətəndaşlarımızın məhkəmələrə müraciət imkanı yaxşılaşmışdır.
Ulu öndərimizin rəhbərlik etdiyi dövrdə həyata keçirilməyə başlamış hakimlərin şəffaf, test üsulu ilə seçimi son illər daha da təkmilləşdirilmiş və bu gün ən müasir standartlara uyğun keçirilməklə, SEPEJ — Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiya tərəfindən diqqətlə öyrənilmiş və bu təcrübə digər Avropa ölkələrinə örnək kimi göstərilmişdir.
Son vaxtlar xüsusi zövqlə inşa edilmiş yeni məhkəmə binaları paytaxtımıza, şəhər və rayonlarımıza yaraşıq verir, lakin şübhəsiz ki, ən vacibi belə şəraitin yaradılması ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vətəndaş hüquqlarının geniş təminatında obyektiv amillərdən biridir.
Ötən illərdə ölkəmizin həyatında ən mühüm hadisələrdən biri Ali Məhkəmənin yeni binasının açılışı olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə inşa edilən, həm məzmun, həm də forma baxımından əsl “Ədalət sarayı” olan bu bina Azərbaycanda məhkəmə hakimiyyətinin inkişafına verilən böyük əhəmiyyətin əyani təzahürüdür. Cənab İlham Əliyev bununla bağlı demişdir: “Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina — ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür. Son illər ərzində Azərbaycanda məhkəmə–hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılır… Həyatımızın bütün sahələrində ədalət olmalıdır və bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir”.
Azərbaycan dövləti bu illər ərzində dünyada analoqu olmayan sıçrayışlı inkişaf yolu keçib. Dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bir–birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər nəinki iqtisadi artım tempinə görə, eləcə də hüquqi islahatların dönmədən və davamlı olaraq həyata keçirilməsi baxımından da dünyada ön sıralardadır. Bütün bunlar dövlət rəhbərliyinin möhkəm siyasi iradəyə və ölkəmizin güclü resurslara söykəndiyini əyani şəkildə təsdiqləyir.
Təbii ki, bu möhtəşəm uğurların təməlində bu gün böyük iftixarla 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız ulu öndərimizin qətiyyətlə həyata keçirdiyi siyasi kurs, strateji konsepsiyalar, islahatlar dayanır. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə uğurla davam və inkişaf etdirilməsi, həyatımızın bütün sahə və istiqamətlərini əhatə edən dövlət proqramlarının icrası, ölkəmizin uğurlarının dünyada böyük heyranlıqla qarşılanması müstəqil Azərbaycanın hərtərəfli və dinamik inkişafının dönməz xarakter daşıdığını təsdiqləyir. Məhz bu siyasi kurs Azərbaycan xalqını xoşbəxt gələcəyə doğru aparır.
Tofiq PAŞAYEV,
Bakı şəhər Nərimanov
Rayon
Məhkəməsinin sədri
Respublika.- 2013.- 23 aprel.- S. 7.