Görkəmli dövlət xadimi, müdrik insan

 

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dünyanın ən böyük şəxsiyyələrindəndir. Bütün ömrünü Azərbaycanın tərəqqisi və inkişafına həsr etmiş, yorulmaq bilmədən öz xalqının xoşbəxt gələcəyi naminə əzmlə çalışmış ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün gördüyü möhtəşəm işlərlə hər birimizin qəlbində özünə əbədi heykəl qurmuşdur.

Respublikamıza rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət, qurub yaratmaq amalı ilə yaşamışdır. Ulu öndərimiz mənalı və zəngin həyatı boyu daim millətini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıqlar göstərmişdir. Bu gün müstəqil Azərbaycanın təşəkkülü, qüdrətli, suveren, demokratik bir ölkə kimi layiqli yer tutması üçün məhz Heydər Əliyevə borcluyuq. Ümummilli liderimizin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın möhkəm təməli qurulub. Heydər Əliyev ölkənin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Biz fəxr edirik ki, bu gün müstəqil Azərbaycanın dünyada demokratik, hüquqi dünyəvi dövlət kimi tanınması ümummilli liderimizin uğurlu siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bacarıqla davam etdirilməsinin nəticəsidir.

1993– ilin kəşməkəşli iyun günlərində, xalqımızın böyük çətinliklər bahasına əldə etdiyi dövlət müstəqilliyinin, bir dövlət kimi mövcudluğunun təhlükə altında olduğu bir zamanda xalqın təkidli tələbi və xahişi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəsini və xalqını düşdüyü bu ağır, acınacaqlı vəziyyətdən çıxarmaq üçün təxirəsalınmaz tədbirlər gördü, qısa bir zamanda Azərbaycanı düşdüyü bu ağır bəlalardan hifz edib qorudu, dövlətçiliyimizi məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Respublikamızda hökm sürən xaosun, anarxiyanın, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısı birdəfəlik alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və nəticədə ölkədə ictimaisiyasi sabitlik bərqərar olundu. Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi. Qısa bir dövr ərzində ölkəmizin müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər, dünyəvi dövlət quruculuğu prosesi sürətlə həyata keçirilməyə başlandı. İnsan, hüquq və azadlıqlarının başlıca prinsipləri təsbit olundu, Azərbaycanın xarici siyasəti dünyanın aparıcı dövlətləri ilə milli maraqlarsiyasi perspektivlərə söykənən strateji xətlə inkişaf etməyə başladı. Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Ulu öndərimiz bəyan etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorunmağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.

Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursaolsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Azərbaycanda demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. Az bir zaman kəsiyində iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizin davamlı, dinamik inkişafı istiqamətində də islahatlar həyata keçirdi. 1994– ilin sentyabrında dünyanın aparıcı, böyük ölkələrinin şirkətləri ilə “Əsrin müqayiləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının, iqtisadisiyasi tərəqqisinin möhkəm təməlini qoydu. Əlverişli geosiyası məkanda, Qərblə Şərqin qovuşuğunda yerləşən ölkəmiz məhz ulu öndərin uzaqgörənliyi və müdrik siyasəti sayəsində yaranmış imkandan maksimum istifadə edərək ölkəmizin maraqlarının təmin edilməsinə, qlobal miqyasda isə regionun enerji və nəqliyyat sisteminin birləşdirilməsinə, təhlükəsizliyinə nail ola bildi. Heydər Əliyevin təşəbbüsü ilə yenidən reallaşan qədim İpək Yolu Qərblə Şərqi, Şimalla Cənubu həm dəmiryolu xətti ilə, həm də avtomobil yolları ilə sıx birləşdirərək ölkələrin siyasiiqtisadi inteqrasiyasının genişlənməsində aparıcı rola, böyük əhəmiyyətə malikdir.

Heydər Əliyevin rəhbərliyi ilə 1995–ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çəkdi. Respublikamız insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Onun 1993– ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998–ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. 2001–ci ildə isə respublikamız Avropa Şurası kimi beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik təcrübəsi və idarəçilik qabiliyyəti ilə səciyyələnən siyasi fəaliyyəti onu bütün dünyada şöhrətli siyasi xadim, böyük dövlət xadimi kimi tanıtmışdır. Heydər Əliyev nəinki öz doğma xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın böyük dövlət başçılarının, siyasi xadimlərin, tanınmış insanların hörmət və məhəbbətini qazanmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ulu öndərimizin həyat və fəaliyyətini belə dəyərləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrlademokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Bir millət, iki dövlət sözü ona məxsusdur”. Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer isə qeyd etmişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. ABŞ, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət başçıları və tanınmış böyük şəxsiyyətləri də Heydər Əliyevi dünyanın dahi şəxsiyyəti və siyasətçisi kimi qiymətləndirmişlər.

Dahi insan Heydər Əliyev həmişə öz xalqına arxalanıb və bu haqda qürur hissi ilə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

Ulu öndərimizin müəyyənləşdirdiyi sosialiqtisadi siyasətin əsas istiqamətlərindən biriinfrastrukturun inkişaf etdirilməsi, modernləşməsi və yenidən qurulması olmuşdur.

Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin güclənməsi və daha da möhkəmlənməsi üçün TRASEKA, Şimal–Cənub layihəsi uğurla həyata keçirilib. Məhz onun rəhbərliyi ilə aparılan çevik siyasət sayəsində TRASEKA dəhlizi üzrə Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcmi getdikcə artır. Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıtmasından ötən qısa bir müddət ərzində dəmir yolu nəqliyyatında da böyük bir inkişaf, tərəqqi dövrü başladı. Uzaqgörən liderimiz Heydər Əliyev bilirdi ki, hər bir ölkənin iqtisadi inkişafı üçün nəqliyyat sistemi əsas amillərdən biridir. Məhz bu səbəbdən ölkə nəqliyyat sisteminin bütün sahələrinə qayğı və diqqət göstərirdi.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurlar davam etdirilir. Son illər cənab Prezidentin rəhbərliyi ilə bu sahədə islahatlar aparılmış, uğurlar əldə olunmuşdur. Bu uğurlardan biri Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin həyata vəsiqə almasıdır. Bütün çətinliklərə baxmayaraq, ölkə başçısı bu həyati əhəmiyyətli layihənin gerçəkləşdirilməsinə nail oldu. Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin inşası unikal bir hadisədir və bu dəmiryolu xəttinin istifadəyə verilməsi xalqımızın taleyində, ümumiyyətlə, regionun inkişafı üçün olduqca mühüm rol oynayacaqdır.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Prezident İlham Əliyevin imzaladığı sərəncamda da qeyd olunmuşdur ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını tamamilə dəyişdirmişdir. Xalqımızın taleyində silinməz izlər qoymuşdur. Bütün bunlar ölkəmizin günü–gündən çiçəklənməsində, ictimaisiyasi həyatımızın bütün sahələrində özünü əyani şəkildə göstərir.

Ümummilli liderimizin parlaq ideyaları daim yaşayacaq, onun qurduğu, memarı olduğu müstəqil Azərbaycan dövləti əbədi olacaqdır. Əbədiyaşar rəhbərin xatirəsi Azərbaycan xalqı tərəfindən daim böyük hörmət və məhəbbət hissi ilə yad ediləcəkdir.

 

 

Sahib Abbasov

 

Respublika.- 2013.- 23 aprel.- S. 9.