Dahi şəxsiyyətə
hüsn–rəğbətimiz sönməz və əbədidir
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri, o cümlədən xalqımızın əsrlərlə ürəyində gizlədib arzuladığı müstəqillik, azadlıq istəyinin gerçəkliyə çevrilməsi, müasir Azərbaycan dövlətinin möhkəm dayaq, bünövrə üzərində qurulmasında müstəsna rolu olmuşdur. Bu siyasi kurs indi də böyük uğurla davam edir.
Bu danılmaz reallıqdır. Məhz, ulu öndərin uğurlu siyasi fəaliyyəti nəticəsində ölkəmiz özünün mövcud iqtisadi və mədəni potensialından, resurslarından səmərəli istifadə edərək dünyanın ən dinamik inkişaf edən, yüksəlişə doğru gedən ölkələrindən birinə çevrilmişdir. Onu da deyək ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun formalaşması, vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli–mənəvi dəyərlərə qayıdış və onun bərqərar olması, möhkəmlənməsi, eyni zamanda elm, təhsil və mədəniyyətin inkişafı da məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Bunlar yaddaşlardan silinib getmir, tarixdə əbədi yaşayır. Hazırda ölkədə ümummilli liderin, bu ölməz insanın anadan olmasının 90 illik yubileyinin geniş miqyasda, böyük təntənə ilə keçirilməsinə, ona ümumxalq məhəbbətinin ifadə olunmasına ciddi hazırlıq gedir. Bununla əlaqədar bütün təhsil müəssisələrində də geniş tədbirlər planının işlənib hazırlanması onun böyük uğur, istəklə həyata keçirilməsi bu əvəzolunmaz insana məhəbbətin, hüsn–rəğbət və hörmətin parlaq təhazürüdür. Ümummilli lider Heydər Əliyevə, bu siyasi düha sahibinə bəslənilən bu böyük hörmətin ifadəsini Xırdalan şəhər 4 saylı tam orta məktəbin, tədris ocağının timsalında da yaxından görmək olar. Bu təlim–tərbiyə ocağının direktoru Zülfiyyə Hümbətova yubileylə bağlı məktəbdə həyata keçirilən çox mühüm, silsilə tədbirlərdən, onun siyasi mahiyyət və məzmunundan dahi rəhbərə bəslənilən sönməz, əbədi məhəbbətdən söz salarkən dedi:
—Heydər Əliyev çox böyük şəxsiyyətdir. O, müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır. Biz bu böyük şəxsiyyətin dərindən, bütün yönləri ilə öyrənilməsi, tədqiq və geniş təbliğ edilməsi, onun işıqlı ideya və fikirlərinin məktəblilərə çatdırılması, möhkəm aşılanması üçün bir pedaqoq–vətəndaş kimi bacardığımızı edirik və bundan sonra da bu yolda fədakarlıq, prinsipiallıq nümunəsi göstərəcəyik. Çünki bu şəxsiyyətdə öyrənməyə, qibtə etməyə çox incə məqamlar var. Odur ki, bu gün qarşıda düran çox vacib, təxirəsalınmaz vəzifələrdən biri məktəbimizin yuxarı sinif şagirdləri arasında ümummilli liderin nəsillərə nümunə, örnək olan zəngin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsinin təşkili, onun uğurla həyata keçirilməsi, qaliblərin aşkar edilərək müəyyənləşdirilməsi və onu gerçəkləşdirənlərin təqdir olunmasıdır. Biz bununla uşaqları, yeniyetmələri yalnız dahi şəxsiyyətin çoxtərəfli həyat və fəaliyyətini, siyasi ideya və fikir, düşüncələrini öyrənib ona istiqamət vermirik və eyni zamanda keçirilən bu tədbirlərdə ona sönməz məhəbbət, rəğbət hissi oyadır, dərin aşılayırıq. Nəzərdə tutulan tədbirlər bununla tükənmir.
Yaxın tarixə ötəri bir nəzər yetirmək, qısa bir xatırlatma vermək istəyirik. Uşaqlıq məktəb və arzularımın yeni–yeni cücərib boy atan, inkişaf edən yeniyetməlik çağlarım keçən əsrin 70–80–ci illərinə, doğma Azərbaycanımızın möhkəm tərəqqi, yüksəliş dövrünə təsadüf edir və bu sıçrayış sözsüz, Heydər Əliyev siyasəti, dühası ilə baş vermişdir. O zəhmət, hünər dolu illər, xüsusilə orta məktəb həyatı yaxşı xatirimdədir və bu anlar yaddaşımın dərinliklərinə iz buraxıb hoparaq, əbədi yaşamaq haqqı qazanmışdır. Olub–keçən tarixi hadisələrin üstündən səssiz–səmirsiz ötüb keçmək qeyri–mümkündür. Həmin o xoşbəxt, səadət dolu anları bir daha yaşamaq, xatırlamaq onu göz önünə gətirib canlandırmaq necə də xoşdur. Dahi şəxsiyyət 1981–ci ildə Abşeron rayonunda istehsalatda hünər, qəhrəmanlıq göstərən, qurub–yaradan insanlara, təhsil işçiləri ilə də görüşməyə, qayğı və problemləri birgə bölüşməyə, onları aradan qaldırıb həll etməyə gəlməsi bu xüsusda da öz qiymətli məsləhət və tövsiyələrini verməsi yaddaşlardan heç vaxt unudulmayan xatirədir. Böyük–kiçik, o cümlədən biz məktəblilər də Heydər Əliyevi gül–çiçəklə, böyük hörmət və məhəbbətlə qarşılamağa, səmimi hisslərimizi bildirməyə, ifadə etməyə tələsirdik. Bu böyük axında biz məktəbli oğlan–qızların da olması, iştirak etməsi hədsiz sevincimizə səbəb olmuşdur. Bütün bu coşğulu anlar indi arxivə çevrilən, lakin dil açıb, onu təcəssüm etdirən, yaşadan fotoşəkillərdə də özünə möhkəm yer tutub, əksini tapır. Biz məktəblilər Heydər Əliyevə dahi bir şəxsiyyət, böyük rəhbər, azərbaycanlı kimi baxır, ürəyimizdə ona qarşı sonsuz sevgi, hörmət bəsləyirdik. Onunla fəxr edir, sevinirdik ki, xalqımızın belə bir qeyrətli, görkəmli oğlu var və o, Azərbaycanın adını yüksəkliklərə, zirvələrə qaldırıb, ləyaqətlə təmsil edir. Bu anların çox cüzi, kiçik bir zərrəsi məktəbdə düzəldilmiş keçmişi xatırladan, yaşadan fotostendlərdə öz dolğun, bənzərsiz əksini tapır, bizə o günlərə qayıtmaq fürsəti yaradır.
Dahi şəxsiyyətin anadan olmasının 90 illik yubileyi təkcə məktəbdə müxtəlif tədbirlər keçirməklə bitmir və eyni zamanda biz bu əlamətdar, mübarək günü təlim–tərbiyə, təhsil sahəsində qazanılacaq yüksək göstəricilərdə bu böyük insana göstərilən hörmət, məhəbbət və sönməz ehtiramın ifadəsi olacaqdır. Sözsüz, bu istək, arzu hər bir təhsil işçisinin müqəddəs borcu, amalı olmalıdır.
S.HƏSƏNLİ
Respublika.- 2013.- 23 aprel.- S. 9.