Dövlət
Proqramı dilimizə qayğının təzahürüdür
Müsahibimiz AMEA
Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya
elmləri doktoru, professor Fəxrəddin Veysəllidir
—Fəxrəddin müəllim, bu il aprelin 9–da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalamışdır və artıq bütün respublika ictimaiyyəti və KİV–i bu proqramın ayrı–ayrı maddələrinin şərhi ilə məşğuldur. İlk öncə, bu proqram haqqında təəssüratlarınızı bizimlə bölüşməyinizi xahiş edərdik.
—Qeyd edim
ki, bu, çox ciddi bir sənəddir. Onun imzalanması və
ictimaiyyətə bu şəkildə
çatdırılması dövlətin, xüsusilə də
cənab Prezidentin dilimizə və dilçiliyimizə
göstərdiyi qayğının bariz nümunəsidir,
ötən ilin mayında dalbadal verilən iki Prezident sərəncamının
reallaşması yolunda irəli atılan ciddi
addımlardır.
—Xahiş
edirik, bir qədər Dövlət Proqramının özəllikləri
barədə danışardınız.
—Öz
quruluşuna görə proqram 6 bölmədən ibarətdir.
Proqramın 5 bənddən ibarət preambula hissəsində
dilimiz və dilçiliyimiz səviyyəsində son illər
görülmüş işlər və həyata
keçirilmiş tədbirlər sadalanır. Burada çox
haqlı olaraq vurğulanır ki, müstəqillik illərində,
xüsusilə 1995–ci ildə müstəqil Azərbaycanın
qəbul etdiyi Konstitusiyada ayrıca maddə ilə dilimizin
dövlət dili kimi təsbit edilməsindən cəmi 18 il
keçsə də, Azərbaycan dilinin tətbiqinin təkmilləşdirilməsi
(18 iyun 2001–ci il), Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi (8 avqust 2001–ci il),
akademik nəşrlər haqqında (2 yanvar 2004–cü il), Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun işlənməsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı (23
may 2012–ci il), AMEA Nəsimi adına Dilçilik İnstitutunun
maddi–texniki bazasının gücləndirilməsi (29 may
2012–ci il) və nəhayət, hazırkı Dövlət
Proqramı (DP) dövlətimizin dilimizə, onun gələcək
perspektivinə qayğısının aydın göstəricisidir.
Doğrudan da, bu sərəncamlar və onların yerinə
yetirilməsi üçün görülən tədbirlər
xalqın bütün təbəqələrinə dilimizin və
dilçiliyimizin problemlərini açıb göstərmək
və geniş ictimaiyyətin diqqətini onların həllinə
yönəltmək, dilin keşiyində duran qurumlara konkret
köməklik göstərmək qayğısından irəli
gələn vəzifələrdir. Təkcə onu qeyd etmək
kifayətdir ki, hazırkı Dövlət Proqramını
işləyib hazırlamaq üçün görkəmli
dilçi alim, yazıçı, elmin və təhsilin
inkişafı yolunda bütün bacarıq və səylərini
yorulmadan sərf edən AMEA–nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor K.Abdullayevin rəhbərliyi
altında respublikanın elm, təhsil, ədliyyə, mədəniyyət,
tele və radio verilişləri və KİV nümayəndələrini,
habelə idarəetmə stukturlarını və parlament
üzvlərini əhatə edən İşçi qrupu isti
yay günlərinə baxmayaraq, 4 ay ərzində mütəmadi
olaraq yığışıb mübahisələr və
diskussiyalar şəraitində geniş tədbirlər
planı hazırlamış və onu müzakirə
üçün AR Nazirlər Kabinetinə təqdim
etmişdir. Nazirlər Kabineti isə təkliflər paketini
müzakirə edərək indiki variantda imzalanması
üçün Prezident Administrasiyasına təqdim etdikdən
sonra o, Prezident tərəfindən imzalanaraq icra
üçün müvafiq qurumlara
ünvanlanmışdır.
—Fəxrəddin
müəllim, hazırda belə bir proqramın meydana gəlməsinə
ehtiyac nədən yarandı? Sənədin digər bölmələrində
konkret olaraq nədən danışılır?
—Dövlət
Proqramı dilimizin və dilçiliyimizin bugünü və
gələcəyilə bağlı problemləri qabartmaq,
hazırkı qloballaşma şəraitində Azərbaycan
dilinin yerini və rolunu müəyyənləşdirməkdən
ibarətdir. Məlumdur ki, bütün sahələrdə
olduğu kimi, milli–mənəvi kimliyimizin ən vacib rəmzi
olan dilimiz sahəsində də qloballaşmanın təsirini
hər an hiss edirik. Hər gün yüzlərlə söz
alırıq, onların hamısına dilimizdə
qarşılıq tapmaq o qədər də asan deyil.
Baxın, deyək ki, informasiya və kommunikasiya
texnologiyaları sahəsində dilimizə nə qədər
keçən söz var. Hələ mən yad vurğu və
yad intonasiya modellərini demirəm. Biz nə qədər
çalışsaq da, bu axının qabağını ala
bilmərik. Deməli, güclü qloballaşma prosesində
öz yerimizi qoruyub saxlamaq üçün dilimizin
qayğısına qalmalıyıq, dilçiliyimizi
inkişaf etdirməliyik ki, dövrün tələbləri səviyyəsində
duruş gətirə bilək. Bu gün dünyada 6500 dil var,
onlardan 200–ü hər il ölmək üzrədir. Azərbaycan
dili bu dildə danışanların sayına görə
dünya dilləri içərisində 20–22–ci yeri tutur. O ki
qaldı sənədin digər bəndlərinə, onlarda da
son dərəcə maraqlı və aktual məsələlər
qaldırılır. Məsələn, sənədin ikinci və
üçüncü bölmələrində DP–nin
qarşısında duran məqsəd və vəzifələr
göstərilir. Aydın məsələdir, məqsəd
dilimizin müasir dövrdə işlənməsinə və
onun perspektivlərinə dövlətin, müvafiq
qurumların və ictimaiyyətin qayğılarını
artırmaqdan ibarətdir. Proqramda bu məqsədə
çatmaq üçün 11 bənddən ibarət vəzifələr
müəyyənləşdirilir. Burada dilin maneəsiz işlənməsi
və dilçiliyin əsas istiqamətlərinin müəyyənləşdirilməsi,
dünya dilçiliyinin zəngin irsini mənimsəmək və
gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək,
daxili və xarici dilçilik mərkəzlərilə əlaqələndirilmiş
işlər həyata keçirmək, müasir kompyuter
metodları ilə dilin tədqiqini və tədrisini təmin
etmək, yüksək ixtisaslı kadr hazırlığı,
informasiya və kommunikasiya texnologiyalarının tətbiqilə
dil təhlili və sintezi, habelə maşınla tərcümə,
ədəbi dil normalarının pozulmasının
qarşısının alınması, dilimizin internet və
virtual məkanda işlənməsi üçün konkret tədbirlərin
görülməsi göstərilir.
—Fəxrəddin
müəllim, Siz kifayət qədər məqsəd və vəzifələr
haqqında danışdınız. Bəs Dövlət
Proqramı bu vəzifələri həyata keçirtməklə
nəyə nail olmağı hədəfə
götürür?
—Doğrudan
da, bu vəzifələri həyata keçirməklə biz nəyə
nail ola bilərik? Bu və bu kimi suallara DP–nin 4–cü bəndi
kifayət qədər dolğun və aydın cavab verir.
Bunlardan bir neçəsini bir daha nəzərdən
keçirək.
1. Dil fəlsəfəsi
və dilçilik fəlsəfəsi istiqamətində
araşdırmaları hər vəchlə həvəsləndirmək,
dilin semiotik sistem olmasını Azərbaycan dilinin
materialına rəğmən əsaslandırmaq, dilimizdə
olan yazılı abidələrin mətnlərinin
semiolinqvistik və avtomatik təhlilini həyata keçirmək,
dilin tədqiqində müasir semantik nəzəriyyələri
tətbiq etmək;
2.
Respublikanın tanınmış alimlərinin cəlb
olunması ilə dilimizin monoqrafik və fundamental
qrammatikasının müasir metodların tətbiqilə
yazılıb çap edilməsi;
3.
Müasir tələblərə cavab verən orfoqrafik və
orfofonik lüğətlərin hazırlanması, onların
elektron versiyasının çapı, sərbəst və
internet yolu ilə dilimizin öyrənilməsinin təşkili;
4.
Dünya dilçilik irsinin dərindən öyrənilməsi
və Azərbaycana gətirilməsi üçün
onların ən yaxşılarının yüksək səviyyədə
tərcümə edilib yayılması, bununla da gənclərimizin
onları öz ana dillərində oxuyub təhlil edə bilməsi
üçün real imkanların yaradılması;
5. Azərbaycan
dilçiliyinin zəngin irsini toplayıb müntəxəbat
şəklində çap etdirmək və onlardan ən
yaxşılarını başqa dillərə tərcümə
edib dünyada yayılmasına nail olmaq;
6. Azərbaycan
dilçiliyi tarixinin yazılması və dünyanın
qabaqcıl dillərinə tərcümə edilməsi,
7. Azərbaycan
xüsusi adlarının (şəxs, yer, şəhər,
çay, dağ və s.) bir neçə dilə və eyni
zamanda dünya ölkələrinin şəxs, yer və media
adlarının aparıcı dillərdən dilimizə
transliterasiyası və terminoloji ensiklopediyaların
hazırlanması, orfoqrafik və orfofonik lüğətlərin
eksperimental tədqiqat metodu vasitəsilə hazırlanması;
8. Qədim
dillərin və respublikada dil situasiyasının öyrənilməsi,
bu sahələr üzrə yüksək ixtisaslı
kadrların hazırlanması, beynəlxalq əlaqələrin
inkişaf etdirilməsi;
9.
Dilimizin təmizliyini qorumaq, alınmaların mənimsənilməsini
öyrənmək, Azərbaycan dilinin bütün sahələrdə
(radio dalğalarında, teleməkanda, KİV–də, dublyajda,
reklamlarda, idarəetmədə, kargüzarlıq sahələrində
normaya uyğun işlənməsinə nəzarətin
güclənməsi və s. kimi tədbirlərin həyata
keçirilməsi DP–dən gözlənilən nəticələr
kimi dəyərləndirilə bilər.
Əlavə
edim ki, DP–nin maliyyələşdirilməsi də onda
xüsusi bənd kimi göstərilmişdir.
Bundan
sonra DP–də ayrı–ayrı bəndlər üzrə tədbirlər
planı sadalanır və onların icrası
üçün müvafiq qurumlar göstərilir.
—Fəxrəddin
müəllim, Siz lüğətlərdən
danışdınız. Ancaq geniş ictimaiyyət
üçün yeni terminlər işlətdiniz. Orfofonik
lüğət və ya lüğətlərin eksperiment yolu
ilə tərtibi. Bəlkə bunlara bir qədər
aydınlıq gətirəsiniz.
—Məmnuniyyətlə.
Əvvəla, ondan başlayaq ki, bizim hazırda işlətdiyimiz
lüğətlər avtoritar lüğətlərdir. Onlar tərtibçinin
subyektiv mülahizə və qənaətlərinin məhsuludur.
Dünya indi belə lüğətlərə köhnəlmiş
mənbə kimi yanaşır. İndi lüğətlərimiz
ümumxalq dilinin eksperiment yolu ilə öyrənilərək
tərtib olunmalıdır. Lüğətlərdə
xalqın işlətdiyi və danışdığı dil
öz əksini tapmalıdır. Odur ki, bir nəfərin
yaradıcılığından yaranan lüğət bu
gün bizi təmin edə bilməz. Həm dilin şifahi, həm
də yazılı forması xalqın dilinə adekvat olaraq tərtib
olunmalıdır. Bir misalla fikrimi aydınlaşdırım.
Dilimizdə “saat” sözü var. Bunun yazılışı
“saat” şəklində qəbul olunub və orfoqrafik
lüğətdə də bu cür verilir. Bu, heç bir
etiraz doğurmur. Hərçənd ki, geniş xalq kütlələri
sorğuya cəlb olunmalı, yalnız bundan sonra ortaq məxrəcə
gəlinməlidir. Onu bir “a” ilə yazmaq olmaz, onda “satmaq”
felinin əmr forması ilə üst–üstə düşər.
Ancaq “saat” sözünün tələffüzü necə
olmalıdır məsələsi tədqiq olunmalıdır:
uzun /a:/ ilə və ya bir saitlə tələffüzü dəqiqləşdirilməlidir,
yəni biz bu sözü /sa:t/ və ya /saat/ kimi tələffüz
edirik və ya “sahat” deyirik. Deməli, yenə də tədqiqat
aparılmalı, mütləq çoxluğun rəyi nəzərə
alınmalı, yalnız bundan sonra lüğətdə
transkripsiyası verilməldir. Belə lüğətlərə
bugünkü dilçilikdə orfofonik lüğətlər
deyilir. Təəssüf ki, biz köhnə vaxtlarda olduğu
kimi, bu cür lüğətləri yanlış olaraq
orfoepik lüğətlər adlandırırıq, halbuki
orfoepik termini sözlərin sait və samit tərkibini müəyyənləşdirməklə
məşğul olur. Onların normaya uyğun tələffüzü
isə orfofoniyanın tədqiqat sahəsidir.
—Fəxrəddin
müəllim, Dövlət Proqramında konkret olaraq Sizin
hazırda rəhbərlik etdiyiniz AMEA–nın Nəsimi adına
Dilçilik İnstitutunun qarşısında hansı vəzifələr
müəyyən edilib?
—Dövlət
Proqramında bizim Dilçilik İnstitutunun strukturca təkmilləşdirilməsi
və onun maddi–texniki bazasının müasirləşdirilməsi
ayrıca maddə ilə göstərilmişdir. Doğrudan
da, qloballaşma şəraitində dillə bağlı
işləri günün tələbləri səviyyəsində
həyata keçirmək üçün müvafiq struktur və
müasirləşdirilmiş maddi–texniki baza
yaradılmalıdır. Artıq bu işlərin böyük
bir qismi reallaşmışdır. Respublika Prezidentinin 29 may
2012–ci il tarixli sərəncamı ilə instituta ayrılan vəsait
hesabına son informasiya və kommunikasiya texnologiyaları
alınmış, bütün şöbələr yeni
avadanlıqlarla təmin olunmuş, yuxarıda
sadaladığımız tədbirlərin əksəriyyəti
planlaşdırılmış və onların həyata
keçirilməsi reallaşmaqdadır (fundamental monoqrafik əsərin
yazılması, Azərbaycan dilçiliyi müntəxəbatı,
dünya dilçilik irsindən tərcümələr,
orfofonik lüğətin hazırlanması, Azərbaycan
dilçiliyi tarixinin yazılması və s. bu qəbildən
olan işlərdəndir).
AMEA Nəsimi
adına Dilçilk İntitutunda yeni struktur dəyişikliyini
əhatə edən əsaslandırılmış model
hazırlanmış və o, institutun Elmi Şurasında
müzakirə edilərək AMEA–nın Humanitar və Sosial
Elmlər Bölməsinə təqdim olunmuşdur. Bölmədə
müzakirədən sonra yeni struktur dəyişikliyinin modeli
AMEA–nın Rəyasət Heyətində müzakirəyə
çıxarılacaqdır.
—Fəxrəddin
müəllim, DP–də göstərilən vəzifələri
həyata keçirmək üçün respublikanın dillə
bağlı qurumları ilə əlaqələr barədə
nə deyə bilərsiniz?
—Hazırda
Dilçilik İnstitutunda DP–də göstərilən
qurumlarla birlikdə “qaynar xətt” deyilən nəzarət
mexanizmi üzərində iş gedir. Həmçinin bizim
struktur dəyişikliyimizdə institutda dilimizin təbliği
və işlənməsilə bağlı monitorinq qrupunun
yaradılması da nəzərdə tutulur. Biz 11 aprel 2013–cü
il tarixli Elmi Şura iclasında DP–nin bu şəkildə təsdiq
olunmasını təqdir edən qərar qəbul etmiş və
bütün şöbələrə bir vəzifə olaraq
tapşırmışıq ki, onlar Dövlət
Proqramını diqqətlə oxuyub öyrənsinlər,
şöbələrin tədqiqat istiqamətlərinə və
mövzularına uyğun olaraq tədbirlər planı
hazırlayıb Elmi Şuraya təqdim etsinlər. Bundan sonra
bütün institut kollektivinin iştirakı və DP–də
göstərilən əlaqədar qurumlarla birlikdə konkret fəaliyyət
planı tərtib edərək bu proqramın
reallaşmasına nail olacağıq. Dövlət
Proqramında dilimizin təbliği, tətbiqi və tədqiqilə
bağlı konkret vəzifələr müəyyənləşib
və onların yerinə yetirilməsi üçün
müvafiq qurumlar göstərilib. Göstərilən
qurumlarla birlikdə konkret iş görmək üçün
bu Dövlət Proqramını ciddi şəkildə öyrənmək
və sonra konkret işlər planını işləyib
hazırlamaq lazımdır.
Proqramın
icrası üçün xeyli vaxt ayrılıb (2013–2020–ci
illər). İndi bizim hər birimizin qarşısında duran
əsas vəzifə ondan ibarətdir ki, bütün qüvvələrimizi
səfərbər edib bu mühüm tarixi dövlət sənədinin
ayrı–ayrı bəndlər üzrə layiqincə yerinə
yetirilməsinə yönəldək.
—Fəxrəddin
müəllim, Dövlət Proqramının
reallaşmasında üzərinizə düşən vəzifələri
yerinə yetirmək üçün Sizə uğurlar
arzulayırıq.
Nəriman
SEYİDƏLİYEV,
filologiya elmləri
doktoru
Respublika.- 2013.- 23 aprel.- S. 10.