Ekoloji sivilizasiya — davamlı insan inkişafının məqsədi kimi

 

Ətraf təbii mühit insanın canlı varlıq kimi layiqli həyat sürməsində, cəmiyyətin formalaşmasında və inkişafında hər zaman böyük əhəmiyyət daşımış və daşımaqdadır. Bu səbəbdən onun çirklənməsi və pozulması böyük fəsadlar yaradır, bəşər övladının uzun, layiqli və yaradıcı həyat sürmək imkanlarını məhdudlaşdırır, biomüxtəlifliyin qorunmasını və təbii ehtiyatlardan səmərəli istifadə edilməsini əngəlləyir. Belə neqativ təsirli amillər sırasında qlobal iqlim dəyişmələri xüsusilə önəmlidir və bu səbəbdən dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Son illər keçirilən bir cox toplantıların, o cümlədən dünya sammitlərinin həmin problemə həsr olunması onun fəsadlarının ciddiliyindən xəbər verir. Dünyanın müxtəlif regionlarında baş verən qasırğa və sellər, çay daşqınları, quraqlıq və leysan yağışlar şəhər və kəndlərin infrastrukturlarına, sənaye və kənd təsərrüfatına olduqca böyük zərər vurur. Nəticədə insanların həyatı, ərzaq və ekoloji təhlükəsizlikləri üçün risklər yaranır. Beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO həmin məsələyə xüsusi diqqət yetirir, mövcud istiqamətdə müxtəlif layihələr və tədbirlər reallaşdırır.

Məhz Heydər Əliyev kimi böyük şəxsiyyət cəmiyyətlə təbiətin qarşılıqlı təsirinin düzgün istiqamətini aşağıdakı qısa və çox sadə fikirdə ifadə edə bilərdi: “… Mən istəyirəm ki, hamınız təbiəti sevənlər olasınız”. Bununla o, Yer planeti ekosisteminin mühafizəsi və bərpasına çağırırdı. Bunu deməklə o, ilk növbədə biosferin, planetin biomüxtəlifliyinin və dayanıqlılığının qorunub saxlanmasını, iqlimin antropogen dəyişməsinin qarşısının alınmasını, ozon təbəqəsinin qorunmasını, meşələrin mühafizəsi və bərpasını, səhralaşma ilə mübarizəni, regional ekoloji problemlərin həllini, xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin inkişafı və təkmilləşdirilməsi və sahəsinin genişləndirilməsini nəzərdə tuturdu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi respublika iqtisadiyyatının müxtəlif sahələrinin, o cümlədən ətraf mühitin mühafizəsi sahəsinin inkişafı istiqamətində çox uğurlu addımlar atmışdır. Qısa müddətdə “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və digər xarici siyasi–iqtisadi əməkdaşlıq və s. haqqında qanunlar imzalanmışdır.

Bütün bunların həyata keçirilməsi üçün möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, “Bizdə çox güclü intellektual potensial var, insanlar bilikli, savadlıdır. İqtisadiyyatda, neft sahəsində, elmdə peşəkar kadrlar çoxdur. Sadəcə olaraq, yeni texnologiyanı tətbiq etməliyik, yeni vasitələri tətbiq etməliyik ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda və yaxud geridə qalmasın”.

Bu səbəbdən ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması davamlı inkişafın göstəricilərindəndir. Meşəsizləşmə ilə əlaqədar vəziyyət belə göstəricilərə aiddir. Məlumdur ki, meşəsizləşmə iqlim dəyişmələrinə təsir göstərən başlıca amillərdəndir. Bu səbəbdən meşəsizləşmənin sürəti beynəlxalq statistikanın əsas ekoloji göstəricilərindəndir. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda son illərdə meşələrin sahələri artmaqdadır. Həm ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş xüsusi Dövlət Proqramı çərçivəsində, həm də Heydər Əliyev Fondu, bu fondun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə milyonlarla ağac əkilmiş, meşələr və meşə zolaqları salınmışdır.

Azərbaycan Respublikası zəngin təbii ehtiyatlara malikdir və ölkənin güclü insan potensialı var. Onların vəhdəti ölkədə davamlı inkişaf üçün olduqca əlverişli şərait yaradır. Ölkə gözəl torpaq–iqlim şəraitinə, zəngin flora və faunaya, əlverişli coğrafi mövqeyə və böyük həcmdə neft, qaz və digər təbii ehtiyatlara malikdir. Bu təbii potensialın davamlı və insan potensialının inkişafı üçün istifadəsi ölkənin apardığı siyasətin vacib bir hissəsidir. Neft strategiyasının yaradılması və uğurla həyata keçirilməsi buna parlaq bir misaldır. Strategiyanın yaranması və həyata keçirilməsi ölkə qarşısında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun tutduğu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti davamlı inkişaf üçün strateji əhəmiyyətə malikdir. Beynəlxalq iqtisadi layihələr, o cümlədən nəqliyyat layihələri və ölkə regionlarının inkişafına yönəldilmiş proqramlar davamlı inkişaf üçün xüsusi əhəmiyyət daşıyır. Həmin layihələr iqtisadi artım ilə yanaşı, həm də ölkənin davamlı inkişafı üçün vacib olan yeni bilik və texnologiyaların ölkəyə gətirilməsinə, bu sahədə insan potensialının formalaşmasına xidmət edir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun ölkədə insan potensialının formalaşması istiqamətində həyata keçirdiyi siyasət: “Yeniləşmiş Azərbaycana yeni məktəb” layihəsi, ölkə gənclərinin xaricdə təhsil almaları üçün şərait yaradılması və s. bu kimi siyasi və iqtisadi uzaqgörənlik davamlı inkişafın sürətlənməsinə xidmət edir. Sağlamlıq göstəriciləri də davamlı inkişaf və bu məqsədə xidmət edən insan potensialının formalaşmasının vacib şərtidir. Ölkənin bütün bölgələrində olimpiya və yeni idman komplekslərinin, müasir tibbi ocaqların yaradılması vahid bir məqsədə xidmət edir. Bu istiqamətdə aparılan ardıcıl siyasət, eyni zamanda cəmiyyətin yeni inkişaf mərhələsinə keçmək üçün zəmin yaradır.

İqlim dəyişmələrinin qarşısının tam alınması və Yer kürəsində uzunmüddətli ekoloji stabilliyi yaratmaq üçün bu gün prioritet hesab edilən davamlı inkişaf prinsiplərinin tətbiqi kifayət hesab edilə bilməz. Davamlı inkişaf bugünkü iqlim dəyişmələri ilə əlaqədar problemlərin aradan qaldırılması üçün çox önəmlidir. Lakin davamlı inkişaf ekoloji baxımdan daha yüksək pilləyə qalxmaq üçün bir mərhələdir. Tamamilə aydındır ki, insan sivilizasiyası yeni səviyyəyə qalxmalıdır və bu səviyyə ekoloji sivilizasiyadır.

Ekoloji sivilizasiyanın əsasında bir–birini tamamlayan iki prinsip durur. Onlardan biri və çox güman birincisi, insanların həyat tərzidir. Məlumdur ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat, xidmət sahələri insanların tələblərini ödəmək üçün çalışırlar. Deməli, istehsalatın həcmi, sərf olunan təbii ehtiyatların miqdarı və müvafiq olaraq əmələ gələn tullantıların həcmi və ətraf mühitə, o cümlədən iqlim dəyişmələrinə göstərilən təsirlər, öz növbəsində, iki amildən asılıdır. Onların biri əhalinin sayıdır.

Məlumdur ki, Yer kürəsində əhalinin sayı sürətlə artmaqdadır. Bizim eranın əvvəlində dünya əhalisinin sayı 230 milyon olduğu halda, XXI əsrin əvvəlində bu rəqəm 7 milyarda çatmışdır. BMT–nin Əhali Fondunun məlumatlarına görə, 2050–ci ildə bu rəqəm 9,1 milyardı aşacaq. Ən böyük sürətlə əhali Hindistan, Braziliya, Meksika, Misir, İndoneziya və digər bu kimi ölkələrdə artır. Azərbaycan Respublikasında əhalinin sayı 1900–cu ildə 1,7 milyon idi. Hazırda ölkə əhalisinin sayı 9 milyonu üstələyib.

Əhalinin sayı ilə yanaşı, istehsalın həcminə və müvafiq olaraq təbii ehtiyatların istifadəsinə və əmələ gələn tullantılara insanların istehlak səviyyəsi, istehlak mədəniyyəti təsir göstərir. İstehlak mədəniyyətinin yüksək səviyyədə olmaması, israfçılıq, istehlakda qeyri–bərabərlik istehsalatın həcmini, tullantıların miqdarını artırır və iqlim dəyişməsi üçün zəmin yaradır. Buna görə də onun qarşısını ala bilən həyat tərzinin və istehlak mədəniyyətinin formalaşması ekoloji sivilizasiyanın vacib şərtidir.

Bəzi hallarda cəmiyyətin texnoloji yolla inkişafı ətraf təbii mühiti pozduğuna, iqlim dəyişmələrini gücləndirdiyinə görə mənfi amil kimi qələmə verilir. Bu, tamamilə yanlış fikirdir və hər zaman nəzərdə saxlanılmalıdır ki, məhz elmi–texniki tərəqqi nəticəsində insan bir çox nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlər arasında ən əsasları yüksək keyfiyyətli təhsil almaq, elmi biliklərin toplanması və yayılması üçün imkanların yaradılması, rabitə və nəqliyyatın inkişafı və bunun nəticəsində məlumatların alınması və ötürülməsi sahəsindəki uğurlar, cəmiyyətin demokratik yolla inkişafı və əhalinin qərar qəbuletmə proseslərində geniş iştirakı üçün şəraitin yaradılmasıdır. İnsanın uzun ömür sürmək potensialının reallaşdırılması ən əhəmiyyətli nailiyyətlərdəndir. XX əsrin əvvəllərində Avropanın inkişaf etmiş ölkələrində əhalinin orta yaşı 41 il idi. Yüz il sonra XXI əsrin əvvəlində bu rəqəm az qala 2 dəfə artdı və hazırda 80 ildən çoxdur. Lakin insanın uzunömürlülük potensialı bundan da xeyli artıqdır. Bu səbəbdən orta yaşın daha da artma imkanları kifayət qədər böyükdür. Bu nailiyyətin əldə edilməsində ekoloji sivilizasiyanın tələblərinə cavab verən həyat tərzi, yeni istehlak mədəniyyətinin, o cümlədən orta yaşı uzatmaq potensialına malik antimutagenlərin istehlakını göstərmək olar. Ekoloji sivilizasiya, eyni zamanda istehlak cəmiyyətindən mədəni, ekosivil istehlak cəmiyyətinə keçid deməkdir. Belə “yaşıl” həyat tərzi iqlim dəyişmələrinin qarşısının alınmasının real yoludur. Beləliklə, ekoloji sivilizasiya cəmiyyətində istehlak mədəniyyəti, eyni zamanda elə bir “yaşıl” həyat tərzidir ki, o, həm çağdaş, həm də gələcək nəsillərin uzun, sağlam və yaradıcı ömür sürməsi üçün imkan yaradır.

Ekoloji sivilizasiyanın əsasında, ilk növbədə insanların həyatının ekoloji tələblərə uyğunlaşdırılması durur. Lakin həyat tərzi ilə yanaşı, insanın fəaliyyəti də ekoloji tələblərə uyğunlaşmalıdır. Bu isə “yaşıl” iqtisadiyyata keçidi tələb edir.

Ekoloji sivilizasiyanın vacib elementi olan “yaşıl” iqtisadiyyatın müxtəlif tərifləri məlumdur. Ümumiləşdirilmiş və sadələşdirilmiş şəkildə qeyd edə bilərik ki, bu—iqtisadiyyatın, ətraf təbii mühitin bir hissəsidir və onun bir hissəsi kimi fəaliyyət göstərən bir formasıdır. Bərpa olunan enerjinin istehsalı, ətraf mühiti mühafizə və yaxşılaşdırmaqla əlaqədar hər hansı fəaliyyət, ekologiyaya uyğunlaşdırılmış aqrosfera, orqanik kənd təsərrüfatı, “yaşıl” inşaat yaşıl iqtisadiyyatın istiqamətləridir.

Ekoloji sivilizasiyanın və “yaşıl” iqtisadiyyatın əsas prioritetlərindən biri təbii ehtiyatlardan və enerjidən daha səmərəli istifadə etməkdir. Məsələn, yaşıl iqtisadiyyat istiqamətində həyata keçirilən layihələr çərçivəsində ABŞ–da yanacağa 70 faiz qənaət edən yeni təyyarə yaradılıb. 180 sərnişini üzərinə götürə bilən bu uçaq yaxın zamanlarda istifadəyə veriləcək. Lakin enerjini 20 faiz işlədən işıqlandırma lampalarından artıq istifadə olunmaqdadır. Eyni zamanda bərpa olunan enerjinin istehsalı, istifadəsi artmaqdadır və bu istiqamətdə bir sıra yeni tendensiyalar müşahidə olunur. Məsələn, məlumdur ki, bioyanacaq bir sıra hallarda kənd təsərrüfatı bitkiləri məhsullarından, məsələn, şəkər alınmaq üçün yararlı xammaldan və yaxud bitki yağlarından alınır. Bu həmin məhsulların qıtlığını yaradır, dünya bazarlarında qiymətlərinin artmasına təsir göstərir. Müvafiq olaraq, bu vəziyyət insanların qida təhlükəsizliyinin təmin edilməsində problemlərin yaranmasına gətirir. Onları aradan qaldırmaq üçün hazırda bioyanacaq mənbələri kimi istifadə oluna bilən yeni bitki növləri aşkar olunub və belə bitkilər kənd təsərrüfatı bitkilərinə aid deyillər, kənd təsərrüfatı üçün tam yararsız torpaqlarda da becərilə bilərlər. Bu isə onu göstərir ki, həmin bitkilərin bioyanacaq üçün istifadəsi qida təhlükəsizliyi ilə əlaqədar heç bir problem yaratmayacaq. Hesablamalara görə, yeni mənbələrdən alınan bioyanacağın qiyməti də yüksək deyil. Mövcud istiqamətdə fəaliyyət göstərən ölkələrdə yeni ixtisasçılar, məsələn, səhrada bioyanacaq üçün biokütlələrin istehsalı üzrə aqronom və s. fəaliyyət göstərir.

Ekoloji sivilizasiya nəzərdə tutur ki, hər iqlim–torpaq şəraitində həmin şəraitə uyğun bitki çeşidləri və heyvan cinsləri istifadə olunmalıdır. Prinsip ondadır ki, bitki və ya heyvan mühitə, yəni subyekt obyektə uyğunlaşdırılmalıdır. Hazırda istifadə olunan intensiv texnologiyaların çoxu əksinə fəaliyyət göstərir: məsələn, torpaq bitkiyə uyğunlaşdırılır və bir çox hallarda prosesə külli miqdarda enerji və digər resurslar sərf edilir. İqtisadi baxımdan bu, hazırda əlverişli olsa da, uzunmüddətli uğurlu inkişaf baxımından tam perspektivsizdir.

Ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına “yaşıl” inşaat da təsir göstərə bilər. “Yaşıl” inşaat bina və qurğuların tikintisi və istismarı zamanı enerji və digər materialların istifadəsinin azaldılmasını nəzərdə tutur. Eyni zamanda bu yanaşma tikililərin keyfiyyətinin, istismar müddətinin artmasını, komfortun yüksəlməsini təmin etməlidir. Hazırda “yaşıl” inşaat ənənəvi inşaat texnologiyalarından daha bahadır. Lakin “yaşıl” binaların istismar xərcləri az, istismar müddəti isə daha çox olduğundan belə binalar ekoloji sivilizasiya və davamlı inkişaf baxımından daha əlverişlidirlər. Məsələn, hazırda ABŞ–da inşa olunan evlərin 20 faizi “yaşıl” binalara aiddir. Bəzi məlumatlara görə, Türkiyədə bu rəqəm 10 faizə yaxındır. “Yaşıl” inşaat üçün yeni inşaat materialları da yaradılır. Məsələn, sementin elə növləri yaradılıb ki, onlar benzin buxarını, iqlim dəyişmələrinə təsir göstərə bilən karbon qazını udub onları zərərsizləşdirirlər. Hazırda “yaşıl” iş yerlərinin yüz mini “yaşıl” inşaatda yaradılmışdır.

Statistik məlumatlara görə, hazırda dünyada 2,5 milyon “yaşıl” iş yerləri mövcuddur. “Yaşıl” iş yerlərinə ətraf mühitin mühafizəsi, yaxud onun yaxşılaşdırılması ilə məşğul olanlar aiddir.

Ekoloji sivilizasiya iqlim dəyişmələrinin qarşısının alınmasını və ətraf mühitin sağlamlığını təmin edən ən real və effektiv yoldur. Ətraf mühitin keyfiyyətinin idarə olunması, iqlim dəyişmələrinin qarşısının alınması və yaxud təsirinin azaldılması üçün ümumi ekoloji proseslərlə yanaşı, iqlim haqqında məlumatlarla tanış olmaq vacibdir. Yeni ekoloji qanunlar əsasında qurulmuş cəmiyyətin formalaşmasında medianın rolu olduqca böyükdür. Əhali arasında ekoloji mədəniyyətin formalaşması məqsədilə təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması da dövlətimizin yürütdüyü siyasətin tərkib hissəsidir.

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirə və iclasların keçirilməsi bu məsələnin ölkəmiz üçün mühüm sayılan məsələlər sırasında olmasını göstərir. 2010–cu il fevralın 18–də Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlət başçısı bu gün həllini gözləyən əsas məsələlərdən biri kimi ekoloji vəziyyətin yaxşılaşdırılmasını göstərmişdir. Bu istiqamətdə mühüm addımlar atıldığını və qarşıda daha ciddi addımlar atılması üçün çoxşaxəli proqramın həyata keçirildiyini vurğulayan cənab İlham Əliyev hələ də mövcud olan bir sıra problemlərin həlli istiqamətində konkret proqramların həyata keçirildiyini qeyd etmişdir. Bu proqramların, bu sahədə təsdiq edilmiş fərman və sərəncamların icrası Azərbaycanda gələcəkdə də bu yöndə yeni uğurların qazanılmasına təminat verir. Belə ki, ölkəmizin ekoloji strategiyasının əsasını təşkil edən proqramların qəbul edilməsi, müvafiq qərarların və sərəncamların imzalanması, ətraf mühitin mühafizəsi, insanların sağlamlığı, təbii şəraitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadəsi istiqamətində həyata keçirilən siyasət Azərbaycanda mövcud olan ekoloji problemlərin aradan qaldırılmasına xidmət edir.

 

 

Mətanət ZEYNALOVA,

Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Arxiv

fondunun istifadəsi şöbəsinin məsləhətçi–arxivçisi

 

Respublika.- 2013.- 23 aprel.- S. 11.