HEYDƏR ƏLİYEVİN
HAKİMİYYƏT FƏLSƏFƏSİNİN ƏSAS
PRİNSİPLƏRİ
Gənc demokratiyaların söykəndiyi mühüm ideoloji dayaqlardan biri hakimiyyət fəlsəfəsidir. Bu həqiqəti Azərbaycanın müstəqilliyini və demokratiyasını tarixi fəlakətdən xilas etmiş Heydər Əliyevin hakimiyyət fəlsəfəsi daha bariz şəkildə sübut etmişdir. Ümummilli liderin hakimiyyət fəlsəfəsinin maddi–mənəvi resursunu Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Bu həyat fəlsəfəsi özünün inkişafında uzun təkamül dövrü keçirib. Heydər Əliyevin hakimiyyət fəlsəfəsi və psixologiyası barədə fikir, ideya və müddəalarını konseptual şəkildə müəyyənləşdirsək, deməliyik ki, ulu öndərin müdrik fəlsəfəsi xalqının tarixi nikbinlik ideologiyasından bəhrələnmişdir. O, həmişə belə bir ideyanı aşılamağa çalışmışdır ki, millətin tarixi inkişafının keyfiyyəti xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır.
Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin formalaşmasında mühüm metodoloji prinsip, bizcə, onun keçmiş tariximizə yaradıcı yanaşma tərzidir. O, heç zaman tarixi ənənəyə nihilist münasibət göstərməmiş və bunu mühüm tarixi–mədəni keyfiyyət kimi daim yadda saxlamağı cəmiyyətşünaslıq elmimizə tövsiyə etmişdir. Heydər Əliyev müdrik tarixi şəxsiyyət kimi tarixi keçmişi düzgün qiymətləndirdiyindən, öz dövrünün həqiqətləri ilə keçmişin dialektikasını aydın dərk etdiyindən, sosializm sisteminin məntiqi məhvini irəlicədən görmüş və bunun mühüm səbəblərindən birini də sovet hakimiyyət institutunun obyektiv ictimai qüsuru ilə əlaqələndirmişdir. Ona görə də ümummilli lider özünün siyasət fəlsəfəsinin mühüm tərkib hissəsi olaraq Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək strategiyasını zamanın buna ehtiyac duyduğu bir məqamda işləyib hazırlamışdır.
Məlumdur ki, tam müstəqilliyə nail
olmaq, onu inkişaf etdirmək xalqın liderindən çox
mühüm tarixi məsuliyyət tələb edir. Heydər Əliyev
həyata keçirdiyi milli inkişaf strategiyası ilə bu
tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Çox
önəmli haldır ki, Heydər Əliyev özünün
hakimiyyət fəlsəfəsində demokratiya institutunun
formalaşmasına xüsusi yer ayırmışdır. Onun
hakimiyyət nəzəriyyəsində demokratiya
anlayışı dövlətin ictimai hakimiyyət forması
kimi işlənmişdir. Mənbəyi xalq olan dövlət
hakimiyyəti nəzəriyyəsində demokratiya tarixi hadisə
kimi qiymətləndirilir, onun sosiomədəni transformasiya
proseslərilə bağlılığı göstərilir.
Heydər Əliyev
demişdir: “Demokratiya daim inkişafda, daim hərəkətdə
olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər
təkmilləşmə yolu ilə getməlidir… bu təkmilləşmə
təkamül yolu ilə olmalıdır. Çünki hər
şeyə tezliklə nail olmaq çətindir”.
Müasir
sosial həyatımız göstərir ki, beynəlxalq
münasibətlərin xarakteri sürətlə dəyişir.
Yeni geosiyasi reallıqlar dünyanın regionlarından
asılı olmayaraq demokratikləşmə proseslərinə
güclü təsir göstərir. Müasir dövrdə
adekvat strategiyanın işlənib hazırlanması demokratikləşmə
prosesinin həyata keçirilməsi deməkdir. Onun
başlıca mahiyyəti vətəndaşların, cəmiyyətin
və dövlətin məsul işlərində geniş
iştirakıdır. Heydər Əliyev hesab edirdi ki, bundan
ötrü insanların təşəbbüskarlığına,
hakimiyyəti təmsil edən orqanların fəaliyyətinə,
onların xalqla əlaqəsinin möhkəmləndirilməsinə
geniş şərait yaratmaq lazımdır. Demokratikləşdirmə
prosesi, ilk növbədə milli inkişaf faktoru,
qanunçuluğun və hüququn möhkəmləndirilməsi,
seçki sisteminin təkmilləşdirilməsi, vətəndaşların
azad fəaliyyətini təmin etməkdir.
Göründüyü kimi, hakimiyyət və idarəetmə
demokratikləşmə prosesinin nüvəsini təşkil
edir. Ona görə də özünün hakimiyyət fəlsəfəsində
Heydər Əliyev dövlətçiliyin rasional idarə
olunması probleminə üstünlük vermişdir.
Xalqımızın
milli və tarixi həyatının ən ağır günlərində
istedadlı təşkilatçı kimi ulu öndərimizi
xalqının təkcə tarixi keçmişi deyil, həm də
dövlətçilik ənənəsi dərindən
düşündürmüşdür. Təsadüfi deyildir
ki, Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə
ölkə rəhbərliyinə qayıtdıqdan sonra hakimiyyət
məsələsi ilə məşğul olarkən bu sahədə
özünün müdrik prinsipial mövqeyini bildirmişdir.
Hakimiyyətlə bağlı görüşlərində
Heydər Əliyev belə bir mühüm metodoloji prinsipdən
çıxış edirdi ki, hakimiyyət institutu—sosial–siyasi
sistemin optimal fəaliyyəti üçün vətəndaşların
davranışı hüquqi normalara və bəşəri dəyərlərə
uyğun gəlməli və bunlar bacarıqla əlaqələndirilməlidir.
O, müstəqilliyin ilk günlərində Azərbaycan
xalqının mənəvi–əxlaqi hüquqlarını nəinki
qorumayan, hətta onları pozan iqtidarın səriştəsizliyini
çox narahatlıqla, ürək ağrısı ilə
qarşılamışdı. Heydər Əliyev özünün
zəngin dövlətçilik təcrübəsindən
bilirdi ki, hakimiyyət məsələsində insanın və
cəmiyyətin mənafelərinin
reallaşdırılmasına optimal şərait yaratmaq
lazımdır.
Bu gün
belə bir həqiqət mövcuddur ki, hazırda yeni
demokratiyalar onlar üçün tamamilə yeni olan sosial–siyasi
reallıqlarda inkişaf etməli olurlar. Siyasi həyatın
dialektikasını gözəl bilən ümummilli lider əmin
idi ki, milli inkişaf perspektivlərini müəyyən etmək
üçün onun imkanlarını, sosial gerçəkliyi
dərindən öyrənməklə dialektik təhlil etmək
lazımdır. Bu imkanlar, birincisi, hər bir maddi strukturun
bütöv sistemə münasibətində götürəndə
məlum olur ki, burada nisbi müstəqillik, həm də
müəyyən mənada azad seçimlə
bağlıdır. İkincisi, obyektiv gerçəkliyin və
zərurətin özü təbiət və cəmiyyət
çərçivəsində bilavasitə və birbaşa
deyil, təsadüf və kortəbii vasitələrlə
reallaşır ki, bu da ətraf aləmin hadisə və
proseslərində nəticəsi irəlicədən bilinməyən
müəyyən elementi meydana gətirir. Əgər problemin
qoyuluşuna və həllinə bir vahid sinergetik baxımdan
yanaşsaq, onda bu prosesi qeyri–xətti proses kimi qiymətləndirmək
lazım gəlir. Üçüncüsü, maddi resurslarda
olan qüsur nəticəsində dünyada müəyyən
yerə malik olmaq uğrunda rəqabət və mübarizə
başlayır. Dördüncüsü, seçilmiş
istiqamətin düzgünlüyünün, yaxud qeyri–düzgünlüyünün
meyarı mövcud struktur deyil, əksinə onun məxsus
olduğu bütövlük çıxış edir. Buradan
da Heydər Əliyevin hakimiyyət konsepsiyasına istinad edərək
onu demək olar ki, insanların fəaliyyətini obyektiv proseslərlə
əlaqələndirmək üçün onların əxlaqi
davranışlarına müəyyən qədər adekvat
siyasət işləyib hazırlamaq lazımdır. Bu cür
zəruri nəzəri ideyaların tərbiyəvi rolunu
artırmaq məqsədilə Heydər Əliyev həmişə
belə bir konsepsiyadan çıxış edib ki, hər bir
siyasətin uğurlu əsasları insanın öz təbiətindədir.
Azad iradəyə
malik hər bir insan bilməlidir ki, siyasət təkcə ətraf
şəraitin tələblərini deyil, həm də vətəndaşların
siyasətdə fəal iştirakını əks etdirməlidir.
Ulu öndərin xalq tərəfindən seçilmiş
hakimiyyətin müdrikliyi və mahiyyəti bunda idi ki, o
reallıqlara söykənərək subyektiv faktorların,
siyasətin obyektiv şəraitdə—özü də
onların həlledici rolu da nəzərə alınmaqla
uyğunsuzluq, ziddiyyətlər və konfliktlər yarada biləcəyini
nəzərdə tuturdu. Hakimiyyət fəlsəfəsinin
mahiyyətini yaradan məhz bu komponentlərdir. Təcrübəli
siyasətçi kimi Heydər Əliyev məsləhət
bilirdi ki, əgər obyektiv şərait yetişməyibsə,
hətta düzgün siyasəti rəhbər tutan hər bir
lider real siyasi fəaliyyətdə iştirak edə bilməz,
deməli, onun real nailiyyətlər də qazanması
mümkün deyildir. Başqa sözlə, real sosial şərait
olmadan lider əsl siyasətdə iştirakdan məhrumdur.
Lakin sosial–siyasi şəraitin idarə olunması da müəyyən
problemlərlə müşayiət olunur, belə ki, şəraitin
olması hələ uğur qazanmaq deyil, çünki şəraitin
özü də avtomatik reallaşmır, o, təsadüflərlə
şərtlənir, özü də şərtlərin
özünün hazırlığı müxtəlif dərəcədə
olur. Deməli, lider real konkret şəraitə uyğun
oriyentasiya seçməyi bacarmalıdır. Siyasətin
köməkliyi ilə yetişmiş imkan reallaşmış
gerçəkliyə çevrilir. Siyasi liderin müvəffəqiyyətli
idarəçiliyinin rəhni bundadır. Öz fəaliyyətində
arzu edilən uğuru qazanmaq üçün ulu öndər
Heydər Əliyev zəruri olaraq siyasi hakimiyyətin və
liderliyin əsasında duran müəyyən qanunların
obyektiv şəraitə uğunluğunu əsas tuturdu. Təcrübəli
dövlət başçısı kimi Heydər Əliyev
çox gözəl bilirdi ki, siyasətdə də, sənət
sahəsində olduğu kimi, müxtəlif qrup qanunlar
mövcuddur və bu qanunları düzgün tətbiq etmək
üçün onların mahiyyətini dərk etmək
vacibdir. Heydər Əliyevin hakimiyyət fəlsəfəsi prinsiplərinin
dərindən öyrənilməsi belə bir mülahizədən
çıxış etməyə əsas verir ki, siyasətdə
obyektiv imkanı gerçəkliyə çevirmək məqsədilə
cəmiyyətin sosial resurslarından bacarıqla istifadə
yolu ilə konkret şəraitdə cəmiyyətin, sosial
institutların, fərdlərin optimal fəaliyyətini təmin
edən faktoru əsas qanun kimi təsnif etmək olar. Burada
siyasi hakimiyyətin məqsədi, həmçinin onun təminatının
vasitələri müəyyən edilmiş olur. Bizə elə
gəlir ki, Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin
funksiyası və təsnifatı bu prinsiplərlə
bağlıdır. Özünün idarəetmə fəlsəfəsinin
əsas funksiyasından çıxış edərək
ümummilli lider siyasi fəaliyyət konsepsiyasını
işləyib hazırlamışdır. Bu nəzəriyyənin
potensial imkanları çərçivəsində lider
öz fəaliyyətini ictimai həyatın müxtəlif sahələri
arasında, yəni cəmiyyətin ümumi mənafeləri
ilə vətəndaşların maraqları arasında
tarazlığı təmin etməyə yönəldir.
Heydər
Əliyevin elmi cəhətdən inandırıcı şəkildə
yaratdığı, əsaslandırdığı hakimiyyət
fəlsəfəsi liderə siyasi hakimiyyət strukturlarında
nöqsan buraxmağa, səhv etməyə imkan vermir,
çünki lider insan təbiətinin sosial əhəmiyyət
kəsb edən keyfiyyətlərinin tələblərinə
uyğun hərəkət etməyə və onların optimal
təzahürü üçün sosial və təbii şəraiti
yaratmağa imkan verir. Heydər Əliyevin fəaliyyətinin
idraki əhəmiyyəti bundadır ki, o, fəlsəfi
düşüncəyə malik milli lider kimi nəinki
ümumi inkişaf tendensiyalarını, həmçinin
mövcud tarixi məqamda onların meydana gəlməsini də
nəzərə alırdı. Heydər Əliyevin dünya
siyasətində tanınmış lider kimi müvəffəqiyyətlərinin
tərkib hissələrindən biri budur ki, o,
özünün fəaliyyətində cəmiyyətin
intellektual qüvvələrinə söykənir, əsl milli
ziyalı sözünə və fikrinə diqqətlə və
hörmətlə yanaşırdı. Heydər Əliyevin
liderlik fəaliyyətinin çox önəmli cəhətlərindən
biri odur ki, hadisələrin məqsədində əsas vəsiləni
məharətlə sezirdi, onu yaradıcılıqla həyata
keçirməyə nail olurdu. Başqa sözlə, Heydər
Əliyevin hakimiyyət fəlsəfəsi liderdə öz fəaliyyətində
məqsədi düzgün müəyyənləşdirmək
şüurunu, həmçinin ona nail olmağın nəzəri
bacarığını formalaşdırırdı.
Məhz
Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin obyektiv
elmi prinsipləri Azərbaycanın gələcək müstəqilliyinin
möhkəm əsaslarının yaradılmasında mükəmməl
ideoloji zəmin rolunu oynamışdır. Bu gün Azərbaycan
öz müstəqilliyinin ürəklərdə və
düşüncələrdə parlaq iz qoyan günlərini
yaşayır. Bu ona görə mümkün olmuşdur ki, Azərbaycan
dövlətçiliyinə Heydər Əliyevin hakimiyyət
fəlsəfəsinin ölməz ideyaları ilə
silahlanmış Azərbaycan Prezidenti İlham Əliyev inamla
rəhbərlik edir. Azərbaycan tarixində ən müdrik
dövlət xadimlərindən biri, tanınmış
böyük strateq, görkəmli dövlət
başçısı və siyasətçi Heydər Əliyev
siyasi kursu uğurla davam etdirilir. Müstəqil Azərbaycan
dövləti bu gün bütün dünya azərbaycanlılarının
ümummilli inkişafı naminə fəaliyyət göstərir.
Bu fəaliyyətin əsasını Heydər Əliyevin
hakimiyyət fəlsəfəsini özünün
dünyagörüşünün meyarı seçmiş Azərbaycan
Prezidenti İlham Əliyevin parlaq intellekti təşkil edir.
Qoşqar ƏLİYEV,
Azərbaycan Tibb Universitetinin
Fəlsəfə kafedrasının
müdiri,
fəlsəfə
elmləri doktoru, professor
Respublika.- 2013.- 24 aprel.- S. 5.