Ədalət mühakiməsinin səmərəliliyinə yönəlmiş mütərəqqi islahatlar

 

Yeni dünya nizamı insan hüquq və azadlıqlarının etibarlı təminatı məsələsini hər bir dövlətin demokratik inkişafının ayrılmaz hissəsinə çevirmişdir. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyar son 20 ildə hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyərək ciddi uğurlara imza atmış müstəqil Azərbaycanın ictimaisiyasi həyatında da özünə möhkəm yer tapmışdır. Respublikamızın ötən müddətdə inanılmaz inkişaf yolu keçməsi, qlobal miqyasda mövqelərini, nüfuzunu möhkəmləndirməsi, ilk növbədə qanunların aliliyinin təminatı, məhkəmə–hüquq islahatlarının həyata keçirilməsi keyfiyyəti və ədalət mühakiməsinin beynəlxalq standartlara uyğunlaşdırılması tədbirləri ilə sıx şəkildə bağlı olmuşdur.

İnkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, ictimaisiyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biri kimi çıxış edir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdığı ilk gündən bu reallığı düzgün müəyyənləşdirərək respublikada dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının maksimum dərəcədə qorunduğu, liberal ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirmişdir.

Yüksək bəşəri dəyərlərə hörmət ulu öndər Heydər Əliyev dühasının daxilən azad şəxsiyyət olmasından, yüksək demokratizmindən, vətəndaşlıq məsuliyyətindən irəli gəlmiş, böyük strateq hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının təminatını dövlətin ali vəzifəsi saymışdır. Bu mənada, xalqımızın ictimai şüurunda əsrlər boyu aktuallığını qoruyub saxlamış, insanların can atdığı ali ideallardan birinə çevrilmiş “ədalətli rəhbər” arzusu məhz Heydər Əliyevin parlaq şəxsiyyətində real təcəssümünü tapmış, ümummilli lider humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan mükəmməl hüquqi mexanizmlərin formalaşdırılmasına böyük həssaslıqla, diqqətlə yanaşmışdır.

Cəmiyyətdə hüquq qaydalarının möhkəmləndirilməsini milli inkişaf strategiyasının üstün istiqamətlərindən biri kimi diqqətə çəkən böyük strateq bu istiqamətdə ardıcıl, sistemli və məqsədyönlü islahatların həyata keçirilməsini təmin etmişdir. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994– il tarixli fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilmiş, hüquq–mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirmişdir. Fərman ölkədəki daxili ictimaisiyasi durumun sabitləşdirilməsi və ümumi situasiyaya nəzarətin gücləndirilməsi baxımından ilk mühüm sənəd olmuşdur.

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995–ci il 12 noyabr tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyaya əsaslandığını xüsusi xatırlatmağa ehtiyac yoxdur. Kommunizm quruculuğunu özünün ali məqsədi elan etmiş keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur. Hüquqi dövlətin mühüm prinsiplərindən olan “Hamının məhkəmə və qanun qarşısında bərabərliyi prinsipi” Azərbaycan Konstitusiyasının 25–ci maddəsində dəqiq təsbit olunmuşdur. Bu maddə özündə hər bir kəsin qanun və məhkəmə qarşısında bərabərliyini, kişi ilə qadının eynihüquqluluğunu, irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsi prinsiplərini özündə ehtiva edir.

1998–ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, bu mühüm sənəddə insan hüquqlarının təminatı yönümündə həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. Sözügedən fərmanın müəyyənləşdirdiyi mühüm məqsəd və vəzifələrə, ümumilikdə, Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 18 iyun 1998–ci il tarixdə daha bir sərəncam imzalamışdır. Strateji əhəmiyyətli bu sərəncamla “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara, qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır.

Müxtəlif idarəetmə forması və hüquq sistemi olan 100–dən artıq dövlətdə təşəkkül tapmış ombudsman təsisatının ölkəmizdə yaradılması Azərbaycanda ardıcıl surətdə aparılan demokratikhüquqi islahatların məntiqi davamı olmuşdur. Bununla bağlı dövlət, ictimai və beynəlxalq təsisatlarla sıx əməkdaşlıq şəraitində aparılmış, mövcud xarici təcrübə təhlil edilərək, konkret strategiya müəyyən olunmuş, nəticədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” 28 dekabr 2001–ci il tarixli Konstitusiya Qanunu qəbul edilmişdir.

1996–2000–ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Nəticədə 1996–cı ildən təşkilatda “xüsusi qonaqstatusu ilə təmsil olunan Azərbaycan 2001–ci ilin 17 yanvarında Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. Təşkilata üzvlüklə bağlı Azərbaycanın 2001–ci ildə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi ölkə vətəndaşlarına pozulmuş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə birbaşa müraciət etmək imkanı yaratmışdır. 15 aprel 2002–ci il tarixdə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş Katibinə təqdim olunmuş, bununla da ölkə vətəndaşlarının belə bir müraciət imkanı reallaşmışdır.

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı olaraq 24 dekabr 2002–ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzimlədiyi məsələlərin dairəsinə görə mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda yeni dövrün tələblərinə cavab verən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən addımlar özünün konseptual mahiyyəti ilə diqqət çəkmişdir. Qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin həlli bu islahatların başlıca qayəsini təşkil etmişdir.

Ulu öndər Heydər Əliyevin 21 fevral 1996–cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyasında dünya standartlarına uyğun şəkildə hazırlanmış “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinin 1 dekabr 1998–ci il tarixdə imzalanaraq qüvvəyə minməsi məhkəmə fəaliyyətinin hüquqi tənzimlənməsinə, eləcə də hakim vəzifəsinə seçkilərin tamamilə şəffaf, demokratik şəkildə həyata keçirilməsinə imkan vermişdir. “Məhkəmələr və hakimlər haqqına” qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum – Məhkəmə–Hüquq Şurası yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətinin yaxşılaşdırılması və hakim vəzifəsinə namizədlərin seçilməsi haqqında” 17 yanvar 2000–ci il tarixli fərmanına və Məhkəmə–Hüquq Şurasının 11 aprel 2000–ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hakimliyə namizədlərin seçilməsi qadaları”na əsasən, 2000–ci ildə ilk dəfə test üsulu və müsabiqə əsasında hakimlərin şəffaf seçimi həyata keçirilmişdir. Bu əlamətdar hadisə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi baxımından ölkədə müsbət təcrübənin formalaşmasına yaxşı imkanlar açmışdır.

Azərbaycanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən məhkəmə–hüquq islahatları statik xarakter daşımır, cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq müasirləşir, yeni forma və məzmun kəsb edir. 2003– ildən bu islahatları daha yüksək dinamizmlə davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsilə məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində gerçəkləşdirilən genişmiqyaslı islahatlar ardıcıl və davamlı səciyyə daşıyır.

Ölkə başçısı ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu prosesdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakim korpusunun sağlamlaşdırılması tədbirlərini daim diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2006–cı il 19 yanvar tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında Məhkəmə–Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur.

Prezident İlham Əliyevin 2006–cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə–Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə layiqli insanların seçilməsinə xidmət etmişdir. Seçim prosedurları zamanı hakim vəzifəsini tutacaq şəxsin qanunları mükəmməl bilməsi, geniş dünyagörüşə, yüksək insani keyfiyyətlərə malik olmasına, cəmiyyətdə müsbət reputasiya ilə tanınmasına xüsusi diqqət yetirilmişdir. Seçki prosesinin tam şəffaflığının və obyektivliyinin təmin edilməsi üçün Avropa Şurasının tövsiyələrinin nəzərə alınması da prosesin səmərəliliyinə yaxşı təsir göstərmişdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Avropa Şurasına üzvlüyünə qəbul edilərkən götürdüyü öhdəliklər sırasında hakimlərin müstəqilliyinin artırılması məqsədilə onların təyinat müddətinin və seçim prosedurunun yenidən nəzərdən keçirilməsi məsələsi də var idi. Əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə 10 il müddətinə təyin edilirdilər. Lakin aparılan mütərəqqi məhkəmə islahatları nəticəsində son illər hakimlərin ən yüksək həddədək – müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının ekspertləri respublikamıza çoxsaylı səfərlər edərək hakimlərin seçilməsi prosedurlarını yaxından izləmiş, Azərbaycanın bu sahədəki uğurlarını digər ölkələrə örnək kimi göstərmişlər.

Son 5 ildə bu istiqamətdə həyata keçirilən islahatların digər bir mühüm istiqaməti regionlarda yaşayan əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması olmuşdur. Bu məqsədlə Lənkəran, Gəncə və Şəkidə ağır cinayətlər məhkəmələri, habelə 7 bölgədə yerli iqtisad məhkəmələrinin əsasında inzibatiiqtisadi məhkəmələr yaradılmışdır. 2011–ci il yanvar ayının 1–dən iqtisadi xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibatiiqtisadi məhkəmələrdə baxılır. Bu, iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 2010–cu il 9 avqust tarixli “Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati–iqtısadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası haqqında” fərmanı da mühüm əhəmiyyətə malikdir. Fərmanla Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibatiiqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası təsdiq edilmişdir.

Ümumiyyətlə, regionlarda apelyasiya, ağır cinayətlər, hərbi və inzibatiiqtisadi məhkəmələrin yaradılması yeni dövrün tələblərindən irəli gələn sosial tələbatdır. Son illər bu məqsədlə imzalanmış qanun və fərmanlar, sərəncamlar yalnız bir məqsədə – regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Bu ali məqsədin uğurla reallaşdırılması üçün həm də məhkəmələrin madditexniki bazasının möhkəmləndirilməsi, şəraitinin yaxşılaşdırılması istiqamətində sistemli addımlar həyata keçirilir. Məhkəmə Aparatı işçilərinin 75 faiz artırılması, hakimlər üçün köməkçi ştatının ayrılması, məhkəmələrin müasir texnologiyalarla təmin edilməsi də son illərin mühüm uğurları sırasındadır.

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni binainventarla təmini, onların şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009–cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013– illər üçün Dövlət Proqramı”nda da geniş əksini tapmışdır. Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən “Ədliyyə sektorunun müasirləşdirilməsi” layihəsinin əhəmiyyəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Möhtərəm Prezident İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi işinin davamlı proses olduğunu xüsusi diqqətə çəkir: “…Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi işi sürətlə gedir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə məhkəmə–hüquq islahatları aparılmağa başlanmışdır. Bu işlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır və bu gün uğurla davam etdirilir. Çünki məhkəmə–hüquq sisteminin təkmilləşməsi hər bir ölkənin inkişafında çox böyük əhəmiyyət kəsb edir. Hətta inkişaf etmiş ölkələrdə də bu proses daim gedir. Yəni bu prosesin əvvəli var, amma sonu yoxdur… Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə–hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir–birindən çox asılıdır”.

Göründüyü kimi, ölkə başçısı İlham Əliyev Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə hakimiyyətinin tam müstəqilliyinin təmin edilməsini sonu görünməyən hüquqi islahatlar prosesi kimi dəyərləndirir. Davamlı şəkildə həyata keçirilən islahatlar isə bir daha təsdiqləyir ki, Azərbaycanda məhkəmə orqanlarının dövlət idarəçilik mexanizmində nüfuzlu təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

 

 

Eynulla Vəliyev,

Bakı Ağır Cinayətlər Məhkəməsinin

Hakimi

 

Respublika.- 2013.- 24 aprel.- S. 6.