ULU ÖNDƏRİN
İDEYALARI DAİM YAŞAYIR
Heydər Əliyev son bir neçə əsrdə xalqımızın yetirdiyi ən nadir şəxsiyyət və qüdrətli dövlət xadimi kimi Azərbaycanın tarixində çox dərin izlər qoymuşdur. Ümummilli lider hakimiyyətdə olduğu bütün zamanlarda var qüvvəsi ilə ölkəmizin gələcək inkişafı, firavanlığı və müstəqilliyi naminə yorulmadan çalışmışdır. Hələ birinci dəfə hakimiyyətdə olduğu dövrdə dövlət idarəçiliyində ulu öndərin özünəməxsus dəst–xətti, polad prinsipiallığı, proseslərə müntəzəm şəxsi nəzarəti, tələbkarlığı və obyektivliyi tezliklə öz nəticələrini verirdi. 1970–80–ci illərdə Azərbaycan iqtisadiyyatının ayrı–ayrı sahələri sürətli inkişaf yoluna qədəm qoymuş, sənaye məhsulunun artım sürətinə görə Azərbaycan keçmiş SSRİ–də öncül yerlərdən birinə cıxmışdı.
Ulu öndər hələ çox öncədən Azərbaycanın gələcəkdə müstəqil olacağını görür və dirçəlişin təməlini qururdu. Məsələn, 1976–82–ci illər ərzində Azərbaycanda 15 mühüm sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, onlarca iri müəssisələrin istehsal gücü artırılmış, buraxılan məhsulun çeşidləri xeyli genişlənmiş, fəaliyyətdə olan bir çox maşınqayırma zavodları müasirləşdirilmişdi. Xüsusilə Heydər Əliyevin şəxsi təşəbbüsü və daimi nəzarəti altında Bakı məişət kondisionerləri zavodunun qısa vaxt ərzində — cəmi 2 ilə ərsəyə gətirilməsi o zaman bütün keçmiş İttifaq respublikalarında nadir hadisə kimi qarşılanmış, respublikanın şöhrətini daha da artırmışdı. Respublikada ilk dəfə çoxsahəli əlvan və qara metallurgiya kompleksi yaradılmışdı.
Vurğulamaq lazımdır ki, bütün bu işlər yalnız Heydər Əliyevin fenomenal uzaqgörənliyinin və bacarığının, şəxsi əzmkarlığının, əlbəttə ki, Vətənə böyük sevgisi sayəsində mümkün olmuş, reallığa çevrilmişdi. Əminliklə deyə bilərik ki, məhz həmin dövrlərdə yaradılan iqtisadi potensial sonralar özünün dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın inkişafı üçün yaxşı təməl idi.
Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai–siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib. Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin rəhbərliyi altında 1993–cü ildən respublikamız inkişaf yoluna qədəm qoymuş, bütün sahələrdə inkişaf dövrü başlamışdır.
Müasir müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Qısa zaman kəsiyində Azərbaycanda ictimai–siyasi sabitliyin bərpa edilməsi, ardıcıl milli dövlət quruculuğu və sosial–iqtisadi siyasətin həyata keçirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması həyata keçirildi. Beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft–qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə bərabərhüquqlu, qarşılıqlı–faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması ölkənin gələcək geosiyasi uğurlarının müvəffəqiyyətini şərtləndirdi.
Ümummilli liderimiz, partiyamızın yaradıcısı Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar möhtərəm Prezidentimizin sərəncamına uyğun olaraq YAP Şəki təşkilatı İdarə Heyətinin həyata keçiriləcək tədbirlərlə bağlı xüsusi iş planı hazırlanmışdır və plana uyğun şəkildə YAP Şəki təşkilatı və onun 102 ərazi partiya təşkilatları tərəfindən ulu öndərimizin həyat və fəaliyyəti ilə bağlı maraqlı proqramlar həyata keçirilir. Həmin tədbirlərdə YAP Şəki təşkilatı Şura və İdarə Heyəti üzvüləri, partiya aparatı, partiya veteranları və fəalları xüsusi fəallıq göstərirlər. Bu cür tədbirlər partiyanın Yuxarıbaş, Əşirlər, Çöl yol, Nuxa, 1 saylı məktəb, 18 saylı məktəb, Dodu, Musiqi kolleci, Turan, Sarıca, Bolludərə, Kiçik Dəhnə, Modul stansiyası, İnçə, Zunud, Orta Zəyzid ərazi partiya təşkilatlarında xüsusilə yüksək səviyyəli olmuşdur. Heydər Əliyevin həyatı və fəaliyyətinin, ilk növbədə gənclərimiz üçün həyat tərzi və əsl nümunə olduğunu nəzərə alaraq çalışırıq ki, bu tədbirlərdə auditoriya əsasən gənclərdən ibarət olsun. Ulu öndərimizin anadan olmasının 90 illiyi ilə bağlı tədbirlər bütün partiya təşkilatları tərəfindən ardıcıllıqla keçirilir və sonda bayram əhval–ruhiyyəli ümumrayon tədbiri keçiriləcəkdir.
Biz bu tədbirlərdə respublikamızda və rayonumuzda Heydər Əliyev siyasi kursunun uğurları, bu kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən necə uğurla və möhtəşəm qələbələrlə həyata keçirildiyini, qədim Şəkimiz və onun kəndlərinin simasının günü–gündən necə dəyişildiyini, regionların inkişafı ilə bağlı Dövlət Proqramının respublikamızda necə uğurla həyata keçirildiyini izah və təbliğ edirik.
Eyni zamanda Prezident sərəncamına uyğun olaraq görkəmli ovtalmoloq alim, akademik, unudulmaz şəxsiyyət Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi ilə əlaqədar tədbirlər keçirir, onun şərəfli həyatı ilə bağlı gənclərimizlə ətraflı söhbət aparırıq.
Gənc nəslin hərbi–vətənpərvərlik tərbiyəsi ilə bağlı tam orta məktəblərdə və orta ixtisas məktəblərində və Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, ərazi partiya təşkilatlarının əhatə etdiyi kəndlərdə silsilə görüşlər keçiririk. İşğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı dövlətimizin və möhtərəm Prezidentimizin apardığı ardıcıl siyasətlə bağlı izahat işləri aparırıq.
Respublikamızda keçirilən bütün siyasi toplantı və tədbirlərdə YAP respublika təşkilatının ilkin, çoxsaylı və qabaqcıl təşkilatlarından biri olmaqla Şəki təşkilatı həmişə fəal mövqedən çıxış etmiş və bütün seçki kampaniyalarında respublika partiya təşkilatının etimadını qazanmışdır.
Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən Prezident İlham Əliyevin siyasi iradə nümayiş etdirməsi, xalq–iqtidar birliyi 2013–cü ildə qarşıda duran vəzifələrin uğurla yerinə yetiriləcəyinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələbləri səviyyəsində və ölkəmizin maraqları çərçivəsində həll olunacağına əsas yaradır. Əminliklə demək olar ki, 2013–ci il də ölkəmizin inkişafı üçün uğurlu olacaqdır. Bu, həm də o deməkdir ki, ulu öndərin sosial–iqtisadi inkişaf konsepsiyası məhz onun arzuladığı kimi uğurla davam etdirilməkdədir. İndi bu böyük siyasəti xüsusi əzmkarlıq və iradə ilə yeni düşüncəli, müasir tipli rəhbər — cənab İlham Əliyev uğurla davam etdirir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi–sosial strategiya bu gün Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşdırılmaqdadır. Biz tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi sosial–iqtisadi inkişaf xəttini inamla davam etdirərək ölkəni irəliyə, intibaha doğru aparacaqdır. Azərbaycan xalqı dövlətçiliyinə sadiq olaraq hər zaman ulu öndərin ideyaları ətrafında sıx birləşəcəkdir. Çünki Azərbaycanda sarsılmaz xalq–dövlət vəhdəti mövcuddur.
Həsən HƏSƏNOV,
Şəki Şəhər
İcra Hakimiyyəti
başçısının
birinci müavini,
YAP Şəki rayon təşkilatının sədri
Respublika.- 2013.- 24 aprel.- S. 7.