SAMUX RAYONUNDA ZƏRİFƏ
ƏLİYEVANIN YUBİLEY TƏDBİRLƏRİ
Samux rayonunda Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbirləri keçirilmişdir.
Görkəmli oftalmoloqun həyat və yaradıcılığına həsr olunmuş elmi–praktik konfransı rayon icra hakimiyyətinin başçısı Alı Qocayev açaraq Zərifə Əliyevanın həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Konfransda qeyd edilmişdir ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150–yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologii” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
1981–ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı və çoxillik elmi–tədqiqat işlərində böyük xidmətlərinə görə Zərifə xanım Əliyeva 1983–cü ildə Azərbaycan SSR EA–nın akademiki seçilmişdir.
Çıxış edənlər Zərifə Əliyevanın elmi irsinin öz aktuallığını bu gün də saxladığını xüsusi vurğulamışlar.
Tədbir iştirakçıları yubiley münasibətilə keçirilən iməciliyə fəal qoşularaq rayonun müxtəlif ərazilərində 1500 ədəd ağac və gül kolu əkmişlər.
Bir həftə davam edən yubiley tədbirləri çərçivəsində rayon həkimləri ehtiyacı olan sakinlərin müayinə və müalicəsini təşkil etmişlər.
Y.TANRIVERDİYEV
Respublika.- 2013.- 24 aprel.- S. 9.