AZƏRBAYCAN ŞƏHƏR BƏLƏDİYYƏLƏRİNİN MİLLİ ASSOSİASİYASININ NÖVBƏTİ ÜMUMİ YIĞINCAĞI GƏNCƏ ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞDİR

 

Azərbaycan Respublikasının sürətli inkişafında, əhalinin sosial rifahının yüksəlməsində, demokratiyanın genişlənməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu və iştirakı ildən–ilə artmaqdadır. Yerli əhəmiyyətli məsələlərin həllində artıq bələdiyyələrin konkret iş görmək təcrübələri və özlərinə inamları güclənmiş, nüfuzları yüksəlmiş, onların təşkilatlanması və fəaliyyətlərinin əlaqələndirilməsi üçün Bələdiyyələrin Milli Assosiyasiyalarının fəaliyyəti xeyli genişlənmişdir.

Bələdiyyələrin fəaliyyətini əlaqələndirmək, ortaya çıxan probremlərin birgə həllinə köməklik göstərmək, ölkədə yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsinə nail olmaq məqsədini daşıyan Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı Gəncə şəhərində keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illiyinin yaxınlaşdığını xüsusi qeyd etmiş, ölkəmizdə bələdiyyə instutunun əsasının qoyulmasında və inkişafında ulu öndərin müstəsna rolu haqqında danışmışdır.

Yığıncaqda şəhər bələdiyyələrinin Milli Assosiasiyasının və assosiasiyanın nəzarət–təftiş komissiyasının hesabatları dinlənilmiş, 2013–cü il üçün büdcəsi təsdiq edilmişdir.

Məruzədə və müzakirələrdə qeyd edilmişdir ki, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, iqtisadi potensialının gücləndirilməsi sahəsində bir sıra işlər həyata keçirilmişdir.

Çıxışlarda “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü çərçivəsində görülmüş işlər barədə yığıncaq iştirakçılarına geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, təşəbbüs çərçivəsində şəhər bələdiyyələri 3 milyon 655 min manat dəyərində 322 layihə həyata keçirmişdir. Həmin layihələrdə abadlıq və qurulucuq, yaşıllaşdırma işlərinin aparılması, yerli əhəmiyyətli yolların salınması, “xeyir və şər evləri”nin tikintisi və saxlanılması prioritet məsələlər kimi üstünlük təşkil etmişdir.

Hesabat dövründə bələdiyyələr vətəndaşların yerli özünüidarəetmə orqanlarına olan marağının və iştirakının artırılması məqsədi ilə Azərbaycanda yerli demokratiya həftəsi tədbirlərini davam etdirmişlər. Şəhər bələdiyyələri də daxil olmaqla vətəndaşlarla keçirilmiş 6700 görüşdə 500 mindən çox vətəndaş iştirak etmiş, 45 minə yaxın fərdi qəbullar aparılmışdır.

İşgüzar şəraitdə keçən yığıncaqda görülmüş işlər və əldə olunmuş nailiyyətlərlə yanaşı, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması zərurəti, yerli vergi və ödənişlərin yığılmasında bir sıra çətinliklərin mövcudluğu qeyd edilmiş, onların aradan qaldırılması yollarına dair bir sıra təkliflər səslənmiş, ölkəmizdə yerli özünüidarəetmənin gələcək inkişaf strategiyasının müzakirə edilməsi məqsədilə bələdiyyə sədrlərinin növbəti ümumrespublika toplantısının çağırılması təklifi irəli sürülmüşdür.

Tədbirlərdə həmçinin Avropa və Regional Hakimiyyətlər Konqresinin 23–cü Plenar Sessiyasında qəbul edilmiş Azərbaycanda yerli demokratiyaya dair 326 (2012) saylı tövsiyəyə münasibət bildirərək həmin sənəddə qaldırılan məsələlər barədə işgüzar müzakirə keçirilmişdir.

Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyə Nazirliyinin, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiyasiyalarının, qeyri–hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Yığıncaq iştirakçıları tərəfindən aprel ayının 26–da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, aprelin 30–da isə Qobustan şəhərində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

Y.TANRIVERDİYEV

 

Respublika.- 2013.- 24 aprel.- S. 9.