Xalq və
dövlət üçün yaşanmış ömür
Adətən tarixi şəxsiyyətlərə
qiymət verilərkən əsas prinsip kimi onlar tərəfindən
öz dövrünün imkanları ilə müqayisədə
nələri edə bildikləri nəzərə
alınır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin istər Sovet, istərsə də müstəqillik
dövründəki fəaliyyətinə nəzər salsaq
tam inamla deyə bilərik ki, o, zamanın və şəraitin
diqtə etdiyi çərçivədən çıxaraq
öz dövrünü qabaqlamış və həlli
mümkün olmayan problemləri də
reallaşdırmışdır. Bu problemlər isə həyatımızın
bütün sahələrini əhatə edir.
Elə bir sahə tapmaq mümkün deyil ki, ulu öndərimiz o sahədə olan problemlərə incəliklərinə kimi diqqət yetirməmiş olsun. Bunu istər demokratiyanın başlıca göstəricilərindən olan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna, sosial–iqtisadi inkişaf sahəsinə, beynəlxalq mübasibətlərə, xarici siyasət məsələsinə və milli neft strategiyasına, lobbi və diaspora məsələlərinə, istərsə mədəniyyət və tariximizə, təhsil və elmimizə, səhiyyə və milli mətbuatımıza, yerli idarəçilik sisteminə, idman və digər sahələrə şamil etmək olar.
Dünya şöhrətli şəxsiyyət və siyasətçi Heydər Əliyev xalqımızın taleyinə, Azərbaycanın, onun dövlətçiliyinin tarixinə təkrarolunmaz bir sima kimi daxil olmuşdur. Ulu öndər bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr etmiş, böyük qurucu, memar kimi yurdumuzun hər bir guşəsində iz qoymuşdur. Mühüm iqtisadi və siyasi qərarları ilə yaddaşlarda iz qoymuş xalqımızın əbədi lideri, ömrünün 60 ildən çoxunu öz doğma xalqına, onun gələcək xoşbəxtliyinə sərf edən, xalqın ən ağır və çətin günündə onu öz şəxsi zəkası, müdrikliyi və siyasi uzaqgörənliyi hesabına xilas edən ulu öndər nəinki ölkəni iqtisadi və siyasi uçurumdan çıxardı, eyni zamanda xalqımızın gələcək inkişaf yolunun möhkəm təməlini qoyaraq Azərbaycanın 10 illər sonra da inkişaf istiqamətini proqnozlaşdırmaqla dövlətimizin qlobal inkişaf yolunu müəyyənləşdirdi.
Ümumilikdə götürsək, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərdə dahiyanə idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində ölkəmiz iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə —həyatın bütün sahələrində mühüm tərəqqi dövrü yaşadı.
Birinci dəfə ölkəyə rəhbərliyi dövründə Heydər Əliyev xalq təsərrüfatında qaynar həyatın formalaşması üçün bütün imkan və vasitələri səfərbər etdi. Məhsuldar əməyə düzgün münasibət, xalq təsərrüfatının inkişafına mane olan nöqsanların və neqativ meyillərin aradan qaldırılması —bütün bunlar gələcək inkişafla bağlı məqsəd və vəzifələri müəyyənləşdirdi. Görülən tədbirlər ölkə iqtisadiyyatının inkişafına təkan verməklə sənaye, kənd təsərrüfatı və digər sahələrdə istehsalın artımı ilə nəticələndi.
Cəmi bir neçə il ərzində respublikada yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verildi, yeni iş yerləri yaradıldı, sənayenin ixrac potensialı artırıldı və istehsalın maddi–texniki səviyyəsi yüksəldildi. XX əsrin 70–ci illəri Azərbaycan tarixinə sözün əsl mənasında sənayenin inkişafı dövrü kimi daxil oldu. respublika iqtisadiyyatının səmərəlilik göstəricilərinin yaxşılaşması istiqamətində böyük işlər görüldü. Bu dövrdə həm də Azərbaycanın elmi–texniki istehsal potensialının xeyli dərəcədə möhkəmləndirilməsi təmin edildi. İttifaqın ən nüfuzlu ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayı ildən–ilə artırdı. Heydər Əliyev Azərbaycanı İttifaq ölkələri arasında geridə qalmış aqrar bir ölkədən gələcəyə nikbin şəkildə baxa biləcək inkişaf etmiş sənaye ölkəsinə çevirməyi bacardı.
1969–1982–ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində ölkənin iqtisadi və sosial inkişafının ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artmışdır. 1963–1982–ci illəri əhatə edən iyirmiillik dövr üzrə milli gəlir göstəricisinin təhlili göstərir ki, bu dövrün ikinci onilliyində milli gəlirin həcmi daha sürətlə artmış və 1970–ci ildən başlayaraq hər il orta hesabla 7,2 faiz artım əldə edilmişdir.
1969–1982–ci illərdə ölkə iqtisadiyyatının mühüm aparıcı və böyük potensiala malik olan sənaye sahəsində digər sahələrdə olduğu kimi yüksək nailiyyətlər əldə edilmişdir. Bu zaman kəsiyində sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmış və sənaye istehsalının 13 il ərzində ümumi həcmi müharibədən sonrakı bütün dövrün (1970–ci ilə qədər) istehsalını 2 dəfə üstələmişdir. Bu dövrdə respublikanın sənayesi keçmiş İttifaqın bütün respublikaları ilə müqayisədə daha yüksək sürətlə inkişaf edirdi. Bundan başqa, respublikanın ərazisi üzrə məhsuldar qüvvələrin inkişafında və yerləşdirilməsində böyük dəyişikliklər baş vermişdir. Əgər 1969–cu ildə bütün sənaye məhsulunun 57 faizi Bakı şəhərində yerləşən müəssisələr tərəfindən istehsal olunurdusa, sonradan Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan (Əli–Bayramlı), Naxçıvan, Xankəndi, Yevlax, Şəki, Lənkəran şəhərlərində sənayenin inkişafı nəticəsində onların payı ilbəil artaraq 1982–ci ildə 51 faizə çatmışdır. Bakı şəhərinin sənaye məhsulunun xüsusi çəkisinin azalmasına baxmayaraq, 1970–ci illə müqayisədə istehsalın həcmi 2 dəfə artmışdır.
1982–ci ildə respublikada 16,9 milyard kilovatt–saat elektrik enerjisi, 12,9 milyon ton neft, 221,8 min ton mineral gübrə, 430 min ədəd məişət kondisioneri, 286 min ədəd soyuducu və buzxana və s. istehsal olunmuşdur.
1969–cu ildən etibarən respublikada tikinti kompleksinin inkişafına sağlam münasibət göstərilməyə və mövcud istehsal potensialından səmərəli istifadəyə başlanmışdır. 1969–1982–ci illərdə ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan 173–dən çox yeni sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuş, gücləndirilmiş və yeni istehsal sahələri istismara verilmişdir.
Ölkədə irimiqyaslı tikinti proqramının həyata keçirilməsi üçün böyük məbləğdə kapital qoyuluşu tələb olunurdu və 1969–1982–ci illərdə iqtisadiyyatın inkişafına 7,2 milyard manatlıq, yaxud 1920–1968–ci illlər ərzində edilmiş kapital qoyuluşundan 4,5 dəfə çox vəsait sərf edilmişdir. Təkcə 1982–ci ildə kapital qoyuluşunun həcmi 1950–ci ildəkindən 29,5 dəfə, 1956–cı ildəkindən 12,6 dəfə, 1968–ci ildəkindən isə 6,7 dəfə çox idi.
1969–1982–ci illərdə respublika əhalisinin mənzil şəraiti tanınmaz dərəcədə dəyişmiş, ümumi sahəsi 19,4 milyon kvadratmetr yaşayış sahəsi olan mənzillər tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Bu illərdə 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya–poliklinika müəssisələri inşa edilmişdir. Eləcə də, istifadəyə verilmiş xəstəxana çarpayılarının sayı 1969–cu illə müqayisədə 42,2 faiz, məktəbəqədər uşaq müəssisələrində yerlərin sayı isə 16,1 faiz artmışdır.
Azərbaycanın iqtisadiyyatında kənd təsərrüfatı həmişə mühüm yer tutmuşdur. Xalq təsərrüfatının bu həyati zəruri sahəsində 1970–1982–ci illərdə misli görünməmiş böyük nailiyyətlər əldə edilmişdir. 1982–ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969–cu illə müqayisədə 2,5 dəfə, inqilabdan əvvəlki dövrə nisbətən isə 9 dəfə artmışdır.
1982–ci ildə 1969–cu ildəki 573,9 min tona qarşı 1211,3 min ton taxıl, 299,4 min tona qarşı 558,9 min ton pambıq, 272,0 min tona qarşı 1815,6 min ton üzüm, 372,0 min tona qarşı 916,7 min ton tərəvəz, 24,5 min tona qarşı 57,0 min ton tütün, 52,2 min tona qarşı 345,0 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur.
1970–1982–ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsuldarlığından taxıl üzrə 1,9 dəfə, pambıq üzrə 1,8 dəfə, tütün üzrə 2 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvə üzrə 1,4 dəfə, üzüm üzrə 2 dəfə, çay yarpağı üzrə 2,3 dəfə çox olmuşdur.
Bununla belə digər sferalar kimi nəqliyyat və rabitə sahələri də diqqətdən kənarda qalmamış, bu sahələrin inkişafı üçün görülmüş işlərin nəticəsi olaraq ümumi istifadədə olan nəqliyyatla 1969–cu ildə 243,1 milyon ton yük, 527,8 milyon nəfər sərnişin daşındığı halda 1982–ci ildə bu göstəricilər müvafiq olaraq 477,9 milyon ton yükə və 961,5 milyon nəfər sərnişinə çatdırılmışdır. 1969–cu ilə nisbətən yük daşınması 2 dəfəyə yaxın, sərnişin daşınması isə 82,2 faiz artmışdır. Yük daşınması dəmir yolunda 21,1 faiz, aviasiyada 25,0 faiz, boru kəmərləri üzrə 3,7 dəfə, avtomobil nəqliyyatında 2,2 dəfə artmışdır.
Bu dövrdə ölkənin bir sıra şəhər və kənd yaşayış məntəqələrində poçt və rabitə müəssisələri açılmış, əhalinin telefon əlaqəsinin yaxşılaşdırılması üçün yeni telefon stansiyaları quraşdırılıb istifadəyə verilmişdir. Rabitə və poçt müəssisələrinin sayı 1969–cu ilə nisbətən 1982–ci ildə 2,8 dəfə, ümumi istifadədə olan telefon aparatlarının sayı 2,4 dəfə, şəhərlərarası telefon danışıqları 3 dəfə artmışdır. Poçt göndərişlərinin sayı 306 min ədəd artaraq 933,6 min təşkil etmişdir.
1969–cu ildən başlayaraq ölkə iqtisadiyyatının digər sahələri kimi ticarətin inkişafına da xüsusi diqqət göstərilmişdir. Belə ki, həmin vaxt ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 189,6 milyon manat olmuşdur. Ticarətin sürətli inkişafı nəticəsində 1982–ci ildə ticarət şəbəkələrindən əhaliyə 405,9 milyon manatlıq istehlak malları satılmışdır ki, bu da onun real həcminin 1969–cu ilə nisbətən 2 dəfədən çox artması deməkdir. Eləcə də respublikada 1982–ci ildə əhaliyə 39,6 milyon manatlıq və ya 1969–cu ilin səviyyəsindən 98,2 faiz çox iaşə xidmətləri göstərilmişdir.
Bu dövrdə bütün səviyyələrdə təsərrüfatçılığın təkmilləşdirilməsi, maddi və əmək ehtiyatlarından qənaətli istifadə edilməsi müəssisə və təşkilatların daha səmərəli və yüksək mənfəətlə fəaliyyət göstərməsinə imkanlar yaratmışdır. Belə ki, 1969–1975–ci illərdə Azərbaycan Respublikasının müəssisə və təşkilatlarının mənfəəti 63,2 faiz artaraq 128,2 milyon manat, sonrakı yeddi il ərzində isə 69,1 faiz artaraq 216,8 milyon manat olmuşdur. 1969–cu illə müqayisədə 1982–ci ildə təsərrüfat subyektləri tərəfindən 2,9 dəfə çox mənfəət əldə edilmişdir. Bu dövrdə sənaye müəssisələrinin mənfəəti 2,5 dəfə, tikinti müəssisə və təşkilatlarının mənfəəti 4,7 dəfə, nəqliyyat və rabitə müəssisələrinin mənfəəti 38,4 faiz, ticarət və xidmət sahəsində fəaliyyət göstərən müəssisələrin mənfəəti isə 3,1 dəfə artmışdır.
1982–ci ildən etibarən irəli vəzifəyə çəkilməklə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çalışan Heydər Əliyev Moskvada vətəndən uzaq olsa belə, ölkənin sosial–iqtisadi göstəricilərini daim diqqətdə saxlayırdı. 1990–cı ilin 20 yanvar hadisələrindən sonra mərkəzi hakimiyyətə öz etirazını açıq şəkildə bildirən Heydər Əliyev əvvəl Bakıya, daha sonra Naxçıvana qayıtdı.
Ölkəmiz XX əsrdə özünün ikinci dəfə müstəqilliyini elan etdikdən sonra bir sıra taleyüklü məsələlərlə üz–üzə qaldı. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi tənəzzül, ölkədə hökm sürən siyasi hərc–mərclik dövlətin öz funksiyalarının lazımi şəkildə icrasına mane olurdu. Bütün bunlar 1993–cü ilə kimi vətən torpaqlarının 20 faizinin işğalı və 1 milyona qədər soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. Dövlət büdcəsinin yox dərəcədə olması ölkənin iqtisadi böhranla üzləşməsinə səbəb olaraq nəticədə siyasi sabitliyin pozulmasına gətirib çıxardı.
Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın düşdüyü iqtisadi, siyasi, hərbi və sosial böhranlar göstərirdi ki, o dövrdəki iqtidar bu problemləri həll etməyə qadir deyil və səriştəsiz, naşı siyasət yeridir. Ölkə həmin vaxt bütünlüklə xaos içərisində idi. Bu vəziyyətdən çıxış yolunu respublika ictimaiyyəti, ziyalılar Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görür və təkidlə Bakıya dəvət edirdilər. O dövrdəki rəhbərlik bunun qarşısını almaq üçün hər cür maneələr yaratmaqla, xalqın gələcəyini düşünmədiklərini bir daha göstərirdilər.
Belə bir şəraitdə xalqımız yaranmış fəlakətli və gərgin vəziyyətdən xilas yolunu qəti olaraq Heydər Əliyevin Naxçıvandan Bakıya, hakimiyyətə qayıdışında gördü. Bu ən doğru seçim idi. 20 il bundan əvvəl —1993–cü ildə xalqın təkidli tələbi və çağırışı ilə ölkə rəhbərliyinə qayıdan və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən dövlətimizi ağır böhrandan, xaosdan, hərbi və siyasi iflasdan xilas etmək missiyasını öz üzərinə götürən görkəmli siyasi xadim, ulu öndər Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır idi və Azərbaycanın qarşısında dayanmış bir sıra taleyüklü məsələlərin həlli istiqamətində mühüm tarixi addımlar atdı. Böyük xilaskar Azərbaycanı parçalanmaqdan və məhv olmaqdan, vətəndaş müharibəsindən qurtardı. Milli dövlətçiliyimizin memarının uzaqgörən daxili və xarici siyasəti sayəsində tezliklə əmin–amanlıq və sabitlik bərqərar oldu. Ölkə böhrandan çıxdı. Bununla da Azərbaycanımızın inkişafında şəxsiyyət amilinin rolu bir daha təsdiqləndi. Ən mürəkkəb vəziyyətdə belə demokratik cəmiyyətə keçidin yolunu tapa bildi. Bundan sonra xalqımız üçün taleyüklü əhəmiyyəti olan islahatlar həyata keçirilməyə başlandı. Belə ki, ulu öndər Heydər Əliyev respublikanın iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin yenidən bərpası və inkişafı ilə yaxından məşğul oldu.
Yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün öz qüvvəmizin kifayət etmədiyini görən ümummilli lider, xarici neft şirkətlərini dəvət edərək birgə işləməyi qərara aldı. Qısa vaxt ərzində onun rəhbərliyi altında “Yeni neft strategiyası” işlənib hazırlandı və 1994–cü il sentyabrın 20–də dünyanın ən nüfuzlu neft şirkətləri sayılan BP, Statoil, Amoko, Lukoil, Ekson, Türk petrolları və sair şirkətlər ilə bağlanmış “Əsrin müqaviləsi” gənc respublikamız üçün həm iqtisadi və həm də siyasi sabitlik üçün bir qarant rolunu oynadı. Bu, ölkəyə xarici investisiya axınının istiqamətlənməsinə şərait yaratmaqla yanaşı eləcə də, Azərbaycanın dünyada imicinin yüksəlməsinə, əsl vətəndaş cəmiyyəti qurmağa, söz azadlığının bərqərar olmasına, dövlət və dövlətçiliyin möhkəmləndirilməsinə və inkişafına zəmin yaratdı. Beləliklə, dövlət müstəqilliyimizin ilk illərində ölkəmizdə yaranan vətəndaş müharibəsi təhlükəsinin, hakimiyyət böhranının, etnik separatizm meyillərinin qarşısının alınması, müxtəlif dövlətlərin respublikamıza yönələn geostrateji maraqlarının uzlaşdırılması, Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaradılması Heydər Əliyev fenomeni sayəsində mümkün olmuşdur.
Ümummilli liderimiz, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyev daim Azərbaycanda demokratiyanın bərqərar olmasına çalışmışdır və onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995–ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasına tam təminat verir. Hazırda dövlətimizin bütün sahələrdə uğur qazanması, siyasi, iqtisadi və mədəni inkişaf məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyev bütün fəaliyyəti boyu həmişə xalqını, onun firavan gələcəyini düşünərək qurub yaratmaqla məşğul olmuşdur. Bu ağır və məsuliyyətli, lakin şərəfli yolda onun qarşısına böyük və keçilməz maneələr də çıxmışdır. Amma dərin zəkası, dəmir iradəsi ilə hər bir çətinliyin öhdəsindən layiqincə gələn ümummilli lider yurdumuzun işıqlı gələcəyi, əhalinin firavan yaşayışı uğrunda qarşısına çıxan bütün maneələri aradan qaldıraraq özünün əməli fəaliyyətini, həyatını xalqımızın firavan gələcəyinə həsr etmişdir. Məhz “Heydər–Xalq, Xalq–Heydər” —şüarı həmin günlərdə yarandı. Respublikamızın rəhbəri olduğu dövrlərdə ulu öndərimizin istər milli şüurun oyanışı, mənəvi–əxlaqi dəyərlərimizin qorunub saxlanılması və zənginləşdirilməsi, istərsə də, sosial–iqtisadi inkişafla bağlı gördüyü möhtəşəm işlər xalqımızın arzularının gerçəkləşməsinə və dövlətin daha da möhkəmlənməsinə şərait yaratdı.
O, nüfuzlu rəhbər, dünya şöhrətli siyasətçi olmaqla yanaşı eyni zamanda əsl insanlıq nümunəsi idi. Özünün nümunəvi davranışı, gözəl əxlaqı, saf qəlbi, incə duyumu, mehribanlığı, səmimiyyəti ilə hamı üçün örnək idi və bütün gələcək nəsillər üçün örnək olacaqdır. 1992–ci il noyabrın 21–də özünün əsasını qoyduğu və 11 il ərzində sədri olduğu Yeni Azərbaycan Partiyası ilə siyasi fəaliyyətini daha da genişləndirən ümummilli lider bu sahədə də digər partiyalar və partiya liderləri üçün bir nümunə olaraq mübarizə aparmağın sivil və demokratik yollarını nümayiş etdirdi. Daim güclü intellektual və sosial bazaya əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən ictimai–siyasi proseslərdə çox fəal rol oynamağa başladı və respublikada aparıcı siyasi qüvvəyə çevrildi. Ulu öndərin sonradan özünün də qeyd etdiyi kimi— “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” şüarı indi də yaddaşlardadır.
Heydər Əliyevin hakimiyyətə gəlişi nəinki ölkəni fəlakətdən və məhv olmaqdan qurtardı, eləcə də o dövlətin daha da inkişafına, dünya birliyi tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul olunmasına nail oldu. Bu sahədə yorulmaz əmək sərf edən ulu öndər respublikamızda ən mühüm istiqamətlərdə islahatların aparılmasına qərar verdi.
Ümummilli lider Heydər Əliyevin sayəsində gücümüzün və vahidliyimizin əsası olan milli birlik bərpa edildi.
Müharibə şəraitində yaşayan bir respublika üçün vahid komandanlıq altında milli ordunun yaradılması ən vacib məsələlərdən biri idi. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı, onun hər bir nümayəndəsi öz milli ordusunun yaradılmasını, ona qayğı və hörməti öz şərəfli vəzifəsi sayırdı. Hər bir dövlətin qüdrətini ordu ilə xalqın vəhdəti və birliyi təşkil edir. Heydər Əliyev bu barədə demişdir: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ölkənin qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir”.
Ölkə iqtisadiyyatının durumunun qənaətbəxş səviyyədə olmaması bu sahədə də qəti tədbirlərin görülməsini tələb edirdi. Bu məqsədlə həyata keçirilən torpaq islahatı bölgələrdə işsizliyin aradan qaldırılmasına və bölgə əhalisinin mərkəzə axınının qarşısının alınmasına imkan verməklə yanaşı kənd təsərüffatı məhsullarının istehsalı sahəsində də canlanmaya səbəb oldu. Hazırda respublikamız MDB ölkələrinə bir sıra kənd təsərrüfatı məhsullarının əsas ixracatçı ölkələrindən sayılır.
Ulu öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına təkan vermişdir. Ölkəmizdə ictimai–siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə şərait yaratmışdır. Belə ki, bir neçə statistik göstərici ilə ümummilli liderin fəaliyyətinin nəticələrini görmək mümkündür. Heydər Əliyev hakimiyyətə gəldiyi zaman ölkədə inflyasiya səviyyəsi 1200–1700 faizlik bir göstərici ilə xarakterizə olunurdu ki, bu da reallıqda iqtisadi vəziyyətin və əhalinin sosial şəraitinin ağırlığından xəbər verirdi. Ölkəyə rəhbərliyi dövründə görülmüş mühüm tədbirlər nəticəsində infyasiya göstəricisi 1996–cı ildə 119,6 faiz, 1997–ci ildə isə 103,7 faiz səviyyəsinə endi. Bu isə əhalinin real pul gəlirlərinin səviyyəsinə öz təsirini göstərmiş oldu. Belə ki, 2003–cü ildə 1993–cü ilə nisbətən ÜDM–in həcmi 34,7 faiz, adambaşına düşən həcmi isə 21,3 faiz, büdcə gəlirləri 113,9 dəfə, əhalinin nominal gəlirləri 211,7 dəfə artmışdır.
Hakimiyyətə gəldiyi gündən Azərbaycanın milli iqtisadiyyatını sağlam bazar münasibətləri prinsiplərinə uyğun qurmağa çalışan Heydər Əliyevin apardığı uğurlu iqtisadi islahatların nəticəsi olaraq dövlətimiz özünün təbii ehtiyatlarına tam sahib çıxaraq eləcə də insan potensialına və digər şərtlərə əsaslanan milli və rəqabətədavamlı iqtisadiyyatını qurmuş oldu. Keçid iqtisadiyyatı dövrünün ağırlıqlarını öz üzərində hiss etmiş xalqımız bu dövrü uğurla başa vuraraq ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə uğurlu inteqrasiyasına nail oldu. “Əsrin müqaviləsi” neft sazişindən sonra Azərbaycan beynəlxalq iqtisadi əlaqələrini etibarlı şəkildə qurmaqla dünyada özünün iqtisadi və siyasi dayaqlarını müəyyənləşdirdi. Belə ki, 1993–2003–cü illərdə Heydər Əliyevin rəhbərliyi dövründə neft hasilatı sahəsində 49,4 faizlik artıma nail olunmuşdur. Azərbaycan hazırda özünün neft strategiyasını uğurla həyata keçirir, bu strategiyanın bəhrələri ölkəmizin çiçəklənməsinə və tərəqqisinə, əhalinin rifah halının yaxşılaşdırılmasına və sosial məsələlərin həllinə yönəldilmişdir.
Həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi olaraq qeyri–neft sektorunun da inkişafına təkan verilmiş, bank, maliyyə, vergi, gömrük sistemləri tamamilə yenidən qurulmuş, iqtisadiyyatın idarə edilməsində dövlətin rolunun əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılmışdır. Dövlət əmlakının özəlləşdirilməsi məqsədilə proqramlar qəbul edilmişdir. Elə bu cür məqsədyönlü tədbirlər hesabına Azərbaycan iqtisadiyyatı bu gün də irəliləməkdədir.
Rəhbərliyə gəldikdən sonra bütün istiqamətlərdə islahatları ardıcıllıqla davam etdirən böyük öndər səhiyyə, təhsil, mədəniyyət, idman və turizm sahələrini də yaddan çıxarmadı. Nəinki respublikanın paytaxtında eləcə də, ölkənin regionlarında, bölgələrdə məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət mərkəzlərinin, idman komplekslərinin tikintisinə başlanıldı. Qısa bir dövr ərzində bu əməyin bəhrəsi görünməyə başladı. Dünya və Avropa çempionatlarından əldə edilən yüksək nəticələr və medallar, mədəniyyət sahəsində ölkənin qazandığı uğurlar və dövlətin xarici ölkələrdə təbliği, ölkənin turizm potensialının getdikcə artırılması əsası ümummilli lider tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirildiyinin bariz nümunəsidir.
Ölkəyə rəhbərliyi dövründə bütün sahələr kimi statistika da ümummilli liderin diqqətindən kənarda qalmamışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra statistikanın inkişafına dair 5 Dövlət Proqramı qəbul edilmiş və müvəffəqiyyətlə yerinə yetirilmişdir ki, (sonuncu qəbul edilmiş Dövlət Proqramı icra olunmaqdadır), onlardan ilk iki proqram ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir.
Statistiklər işlədikləri dövr ərzində hər zaman dövlətin qayğısını öz üzərlərində hiss etmiş və ümummilli liderin statistika sisteminə, onun fəaliyyətinə isti münasibətini görmüşlər. Ulu öndər çıxışlarının birində qeyd etmişdir: “…Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır…” Bu fikrin özü statistiklərə verilmiş ən yüksək qiymət deməkdir.
Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi statistika sistemində də islahatlar aparılmağa başlanılmış, statistika orqanlarına dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilmiş, əmək şəraiti nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmış, iş yerləri genişləndirilmiş, müntəzəm olaraq avadanlıqlarla təchiz edilmişdir və hazırda Dövlət Proqramına uyğun olaraq bu işlər davam etdirilir.
Ümumiyyətlə isə 1994–cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1994–cü il fevralın 18–də “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmış və bu qanunun qəbul edilməsi statistik fəaliyyətin qanuniləşdirilməsinin təmin olunmasında mühüm rol oynamışdır. Həmçinin bu Qanun Azərbaycan tarixində statistika sahəsində əsas anlayışları, onun subyektlərinin hüquq və vəzifələrini, fəaliyyətinin əsas parametrlərini qanunvericiliklə müəyyənləşdirmiş oldu.
Tanrının millətimizə bir xilaskar kimi bəxş etdiyi ulu öndərimizin hamı üçün örnək ola biləcək qədər keçdiyi kəşməkəşli və çətin həyat yoluna nəzər salarkən görmək olar ki, o ömrünün ən mənalı illərini, canını, bütün enerjisini xalqının rifahı naminə sərf etmişdir və özünü xalqının yolunda fəda edən bu böyük şəxsiyyət hələ sağlığında özünə ölməzlik qazanaraq adını dövlətçilik tariximizə əbədi həkk etdirmişdir.
Bu gün Heydər Əliyev cismən aramızda olmasa da, onun əziz xatirəsi, xeyirxah əməlləri daim bizimlədir. Onun qurduğu dövlətçilik təsisatlarının dəqiq və qüsursuz işləməsi sayəsində xalqımız rahatlıq, dinclik və əmin–amanlıq içərisində yaşayır.
Xalq öz ulu öndərinin gördüyü işləri yüksək qiymətləndirir və ona həmişə böyük ehtiram göstərir. Bu dahi insan bütün fəaliyyəti ərzində xalqa arxalanmışdır. Respublikamızın ictimai fikrində dahi rəhbərin uzunmüddətli fəaliyyəti bir əsrə bərabər hesab olunur.
Heydər Əliyevin tarixi xidməti və xilaskar missiyası sayəsində əldə edilmiş uğurlar, həyata keçirilən demokratik dəyişikliklər, ölkəmizin müstəqil bir dövlət kimi beynəlxalq qurumlara inteqrasiyası, ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən islahatlar, həyat şəraitinin günbəgün dəyişməsi Azərbaycan vətəndaşının yaddaşında və müstəqil respublikamızın tarixində şərəfli bir səhifə kimi qalacaqdır və Azərbaycan xalqı öz xilaskarının xatirəsini həmişə əziz tutacaqdır.
Azərbaycanın yeni tarix salnaməsinə qızıl hərflərlə yazılmış Heydər Əliyev dövrü hər bir azərbaycanlı üçün çox gərəkli bir tarixdir. Xalqımız gələcəyə böyük ümidlə baxır və öz taleyini Heydər Əliyevin milli dövlətçilik ideyalarının sadiq davamçısı, yüksək intellektə malik və praqmatik düşüncəli siyasətçi olan Prezident İlham Əliyevə etibar etmişdir.
Arif Vəliyev,
Dövlət Statistika Komitəsinin sədri
Respublika.- 2013.- 25 aprel.- S. 7.