Humanizm və
insanpərvərlik nümunəsi
Azərbaycanın dövlətçilik tarixində
müstəsna yer tutan şəxsiyyətlərin ön cərgəsində
dayanmaq haqqı qazanmış ulu öndərimiz Heydər Əliyev
XX əsrin sonu—XXI əsrin əvvəllərində
xalqımızın qazandığı bütün diqqətəlayiq
nailiyyətlərin ilhamvericisi və təşkilatçısı
olmuşdur. O özünəməxsus uzaqgörənlik və
müdriklik, hünər və cəsarət, mərdlik və
fədakarlıqla indi sürətli inkişafı,
regiondakı lider mövqeyi ilə seçilən müstəqil
Azərbaycan dövlətinin möhkəm təməlini
yaratmış, möhkəmlətmiş və gələcək
yüksəliş yollarını müəyyənləşdirmişdir.
Nurlu əməlləri, şanlı fəaliyyəti ilə yaddaşlarda əbədi yaşayacaq şərəfli bir tarix yazmış dahi şəxsiyyət kimi Heydər Əliyevin adı dünyanın fenomen və unudulmaz siyasi xadimləri sırasında öz layiqli yerini tutmuşdur. Halal zəhmətlə güzəran sürən sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, öz fitri istedadı və polad iradəsi ilə taleyin müxtəlif çətin sınaqlarından uğurla keçərək SSRİ kimi nəhəng bir dövlətdə ali rəhbərliyə qədər yüksələn, öz millətinin istiqlal və qurtuluş savaşının önündə addımlayaraq onun zəfərini təmin edən, xilaskarlıq missiyasını layiqincə yerinə yetirən ulu öndərimizin həyatı və mübarizəsi hər bir soydaşımız üçün qürur mənbəyi, misilsiz örnək və nümunədir.
Azərbaycan tarixinin Heydər Əliyev dövrünün başlanğıcı onun ilk dəfə respublika rəhbəri seçildiyi vaxtdan hesablansa da, milli mənafelərimizin qorunması bu dahi insanın dövlət təhlükəsizliyi orqanlarındakı çoxillik səmərəli fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Xalqımızın istedadlı nümayəndələrini, vətənpərvər ziyalılarını, azadlıq və istiqlal əhval–ruhiyyəli gənclərini hər cür milliliyi və özünüdərki amansızcasına təqib edən və cəzalandıran sovet rejiminin caynağından xilas etmək üçün onun göstərdiyi fədakarlıqlar yaddaşlarda əbədi yaşayır. Kommunist rejimi dövründə xalqımızın mənəvi və fiziki əzablara, haqsızlıq və repressiyaya məruz qalmış istedadlı övladlarının respublikamızın müxtəlif guşələrində heykəllərinin ucaldılması, qəhrəman soydaşlarımızın hətta İttifaqın müxtəlif şəhərlərində xatirələrinin əbədiləşdirilməsi, repressiya qurbanı olmuş böyük şair Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətənə gətirilib milli adətlərə uyğun şəkildə yenidən dəfn edilməsi dövlətin rəsmi ideologiyası əleyhinə atılan çox cəsarətli addımlar idi.
Bu tarixi gerçəkliyi təsdiqləyən konkret faktlar, eləcə də respublikanın rəhbəri seçiləndən sonra apardığı quruculuq prosesi, həyata keçirdiyi inkişaf strategiyası Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyini hamıdan erkən gördüyünü, bu müstəqillik üçün möhkəm zəmin yaratmağa çalışdığını aşkar bir şəkildə təsdiqləyir.
Tarixçilər və təhlilçilər birmənalı şəkildə sübuta yetirirlər ki, məhz Heydər Əliyevin 1969–cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi, onun dərindən düşünülmüş, məqsədyönlü və çoxsahəli fəaliyyəti nəticəsində tariximizdə müstəqilliyə doğru böyük dönüş və milli oyanış dövrü başlanmışdır.
Sağlam mənəviyyatı və əxlaqı, dürüstlüyü, düzgünlüyü cəmiyyətin birliyi və həmrəyliyi üçün çox mühüm amil kimi dəyərləndirən ulu öndərimiz respublikaya rəhbər seçildikdən dərhal sonra rüşvətxorluq və korrupsiya hallarına qarşı kəskin mübarizəyə başladı. Həmin mübarizəni, cinayətkarlığa və korrupsiyaya qarşı genişmiqyaslı mücadiləni tərənnüm edən və bu gün də maraqla baxılan “İstintaq” filimi, Heydər Əliyevin 1980–ci illərdə keçmiş İttifaqın hər yerində böyük əks–səda doğurmuş “Qoy ədalət zəfər çalsın!” şüarı o dövrdə respublikamızda yaranmış mənəvi–psixoloji mühiti səciyyələndirən mühüm faktorlar idi. “Cəmiyyət iki şeydən sarsıla bılər—günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə,”—ulu öndərimizin söylədiyi bu aforizmi bütün dövrlər üçün aktual olmaqla yanaşı, həm də milli mənafeyi, cəmiyyətin maraqlarını və bəşəri dəyərləri özündə ehtiva edir.
Respublikamıza rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün dövlət idarəçiliyi strategiyasında mədəni və mənəvi intibahı iqtisadi tərəqqi ilə vəhdətdə götürmüş, vahid məcrada gerçəkləşdirmişdir. 1969–1982–ci illərdə Azərbaycanda bütün sahələrdə baş vermiş köklü dəyişikliklər, misilsiz yeniliklər, yaradılmış zəngin potensial və resurslar sonralar müstəqil dövlətimizin dünya birliyinə dərin inteqrasiyasında mühüm rol oynamışdır. Bu da tarixi bir faktdır ki, sosializm sisteminin və sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ–nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi ki, bu da ulu öndərimizin müstəsna xidmətlərinin nəticəsində mümkün olmuşdu.
Ciddi ideoloji qadağaların hökm sürdüyü bir şəraitdə, “sovet adamı” adlandırılan yeni insan tipinin formalaşdırılması ilə əlaqədar hər cür milliliyin, özünəməxsusluğun sıxışdırıldığı bir vaxtda Heydər Əliyev Azərbaycanda ana dilimizin respublikanın Əsas Qanunu—Konstitusiya ilə qorunmasına, dövlət qurumlarında geniş istifadə edilməsinə nail olmuş, eləcə də müxtəlif sahələr üzrə çoxsaylı gənc milli kadrların, mütəxəssislərin hazırlanmasına misilsiz qayğı göstərmişdir. Azərbaycanlıların yeniyetmə yaşlarından hərbi sənətə yiyələnməsi kimi gələcəyə istiqamətlənmiş bir addımın da məhz ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşdirilməsi həmin dövrün unudulmaz hadisələrindəndir.
Möhtərəm Prezident cənab İlham Əliyevin ulu öndərimizin siyasi və dövlətçilik fəaliyyəti barədə söylədiyi çox dəyərli sözləri burada xatırlatmaq yerinə düşər. Ölkəmizin rəhbəri demişdir: “Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970–1980–ci illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
Azərbaycanın orta və yaşlı nəsli ulu öndərimizin keçmiş sovet dövlətinin siyasi rəhbərliyindən uzaqlaşdırılmasından sonra xalqımızın başına gətirilən müsibətlərin canlı şahidi olmuşdur. 1987–ci ildə baş vermiş bu hadisədən cəmi iki həftə sonra dünya erməni lobbisi Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyasını irəli sürmüş, Ermənistan və onun havadarları bu ideyanı gerçəkləşdirmək üçün işğalçılıq siyasəti həyata keçirməyə başlamışlar. 1988–ci ildə erməni millətçilərinin Sumqayıtda təşkil etdikləri təxribatlar, 1990–cı ilin yanvarında sovet qoşunlarının törətdiyi cinayətlər, Xocalı soyqırımı, çoxsaylı işğal faktları məhz Azərbaycanın və azərbaycanlıların Heydər Əliyevin himayəsindən, rəhbərliyindən məhrum edildiyi dövrün hələ də qövr edən yaralarıdır. Bakıdakı Qanlı Yanvar hadisəsindən dərhal sonra sovet rəhbərliyinə qarşı sərt bəyanatla çıxış edən ulu öndərimiz bununla nəinki özünün, həm də bütövlükdə Azərbaycanın siyasi həyatında yeni bir dövrün başlandığını bütün dünyaya çatdırmış oldu. Sovet dövlətinin süqutundan hələ xeyli əvvəl, 1991–ci ilin iyulunda Heydər Əliyevin Kommunist Partiyasının sıralarını tərk etməsi isə bu partiyaya, bu dövlətə ümumxalq inamının, etimadının sarsılmasına çox güclü təsir göstərdi, eyni zamanda Azərbaycanda müstəqillik uğrunda mübarizənin genişlənməsinə, milli azadlıq hərəkatının vüsət almasına böyük təkan verdi.
Xalqımız Heydər Əliyev şəxsiyyətinə dərin məhəbbətini, onun siyasi iradəsinə inam və etibarını o, hakimiyyətdə olmadığı müddətdə də bariz şəkildə nümayiş etdirmişdir. Respublikaya səbatsız, milli təəssübkeşlikdən uzaq olan adamların rəhbərlik etdikləri vaxtlarda belə Azərbaycan cəmiyyətində daim belə bir istək və arzu vardı ki, xalqın üzləşdiyi bəlalardan xilas yolu hakimiyyətə Heydər Əliyevin dəvət olunmasıdır! 1993–cü ildə—yeni müstəqillik qazanmış ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranarkən xalq öz müdrikliyini göstərərək, ulu öndərə müraciət etdi və bu da imkan verdi ki, Azərbaycanın ağır, çətin vəziyyətdən çıxa bilməsi mümkünləşsin. Ölkəni bürümüş dərin böhrana yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, uzaqgörənliyi, cəsarəti, xalqa olan sevgisi və xalqın ona inamı nəticəsində son qoyuldu. Qanunsuz silahlı birləşmələr ləğv olundu, sabitlik yarandı, asayiş bərpa edildi, vətəndaş qarşıdurması aradan qaldırıldı.
Ulu öndər öz şəxsi fədakarlığı və idarəçilik məharəti ilə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində zəruri addımlar atdı, milli iqtisadiyyatımızın dirçəliş faktoru olan yeni neft strategiyasını hazırladı və uğurla həyata keçirməyə, anarxiya və başıpozuqluq nəticəsində daha da şiddətlənmiş cinayətkarlığa və hüquqpozmalara qarşı ciddi və ardıcıl mübarizəyə başladı. Qarabağ müharibəsində atəşkəsə nail olunması ölkədə yığılıb qalmış çoxsaylı sosial–iqtisadi problemlərin həllinə, cəmiyyətin və ordunun mənəvi gücünün bərpasına imkan yaratdı.
“Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994–cü il tarixli fərmanı ilə ulu öndər Heydər Əliyev dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti, mülkiyyət hüququ əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərin, rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması istiqamətində kompleks tədbirlər müəyyənləşdirdi.
Heydər Əliyev qətiyyətinin ifadəsi olan bu mühüm tədbirlərin həyata keçməsində polis əməkdaşı kimi fəal iştirakım, qürur hissi ilə deyə bilərəm ki, ömrümün ən unudulmaz dövrü olmuşdur. Məhz həmin dövrdəki fəaliyyətimi, cinayətkarlıqla mübarizədə xidmətlərimi yüksək qiymətləndirən ulu öndərimiz özünün 26 dekabr 1995–ci il tarixli 424 nömrəli fərmanı ilə məni müstəqil dövlətimizin ən ali mükafatına—Azərbaycanın Milli Qəhrəmanı adına layiq görmüşdür. Bu böyük diqqət və qayğıya, xidməti fəaliyyətimə verdiyi əvəzsiz qiymətə görə mən ulu öndərimizə ömrüm boyu minnətdaram, bu fəxri titulu onun müqəddəs adına layiq şəkildə şərəflə daşımaqdan hər zaman qürur duyuram.
Ulu öndərimizlə şəxsi görüşüm də həyatımın unudulmaz bir xatirəsidir. Heydər Əliyev 1996–cı ildə daxili işlər orqanlarında yüksək vəzifəyə təyinatımla əlaqədar məni qəbul etdi. Görüş üçün cəmi 10 dəqiqə vaxt nəzərdə tutulsa da, ulu öndər mənimlə düz 1 saat 45 dəqiqə söhbət etdi, xidməti fəaliyyətimlə yanaşı, şəxsi həyatımla da maraqlandı. Həmin vaxt mən subay idim, açığını da deyim ki, özümü bütünlüklə cinayətkarlığa qarşı mübarizəyə, müstəqil dövlətimizdə əmin–amanlığın qorunmasına həsr etmək istəyi və bu mübarizənin fiziki varlığıma təhlükə yaradacağı ehtimalı məni ailə həyatı qurmaqdan çəkindirirdi. Ulu öndər hələ də subay olduğumu eşidəndə mütləq ailə həyatı qurmağımı tövsiyə etdi və dedi ki, əsl qəhrəmanın ailəsi olmalıdır! Daim xalqımızın gələcəyini düşünən əziz rəhbərimizin, ulu öndərimizin bu tövsiyəsini yerinə yetirdim və indiki ailə xoşbəxtliyimə görə də ona əbədi minnətdarlıq borcum vardır.
Bu faktı xatırlayarkən, heç şübhəsiz, Heydər Əliyevin böyük humanizmi, insanpərvərliyi barədə daha geniş söz açmağa ehtiyac vardır. İnsan hüquqları və azadlıqlarının təmini ulu öndərin həyata keçirdiyi hüquqi islahatların tərkib hissəsi olmuşdur. Humanizm prinsiplərini rəhbər tutan Heydər Əliyev müstəqil Azərbaycanda ölüm cəzasının tətbiqinə moratorium qoymaqla insanların yaşamaq hüququna necə böyük önəm verdiyini göstərdi. Daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırıldı və 1998–ci il fevralın 10–da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edildi.
Əvvəl unudulmuş əfv və amnistiya təsisatlarının 1995–ci ildən bərpası da ümummilli lider Heydər Əliyevin apardığı humanist siyasətin nəticəsidir. Ulu öndərimizin bu siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyev ardıcıllıqla davam etdirir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkəmizdə 54 əfv aktı ilə 5.500–dən çox məhkum əfv olunmuş, 100 minə yaxın şəxsə amnistiya aktları tətbiq edilmişdir.
Ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallar onun rəhbərliyi ilə hazırlanıb, 1995–ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının da əsasını təşkil etmişdir. Ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdıran Əsas Qanunumuzda insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Konstitusiyanın üçdə bir hissəsini bu sahədəki mövcud beynəlxalq normalara əsaslanan müddəalar təşkil edir. Əsas Qanunumuzda insan hüquq və azadlıqlarına dair normalara əməl etmək, onları qorumaq bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilmişdir. Onu da qeyd edək ki, 2002 və 2009–cu illərdə Azərbaycan Respublikasının Konstitusiyasına insan haqlarının təmin olunması baxımından bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratik inkişafa təkan vermişdir.
Azərbaycanda çevik və səmərəli ədliyyə sisteminin yaradılmasına demokratik, hüquqi dövlət quruculuğunun çox mühüm istiqaməti kimi baxan ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 10 il ərzində bu sahədə məqsədyönlü iş aparılmış, uğurlu nəticələr əldə edilmişdir. Ədliyyə sisteminin inkişafını, müasirləşdirilməsini nəzərdə tutan islahatlar çərçivəsində penitensiar sistemin fəaliyyəti də yenidən qurulmuş, beynəlxalq normaların tələblərinə uyğunlaşdırılmışdır.
Ulu öndər Heydər Əliyev penitensiar xidmətin fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazasının yaradılmasına xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra o zaman qüvvədə olan İslah–Əmək Məcəlləsinə əsaslı əlavə və dəyişikliklər edilməsi ilə bağlı 7 fevral 1997–ci il tarixli qanun qəbul edilmişdir. Bu qanunla məhkumların saxlanılma şəraiti nəzərəçarpacaq dərəcədə humanistləşdirilmiş, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının dairəsi xeyli genişləndirilmiş, onlara əvvəllər mövcud olmayan yeni hüquqlar, azadlıqlar verilmiş, cəzanın icrası üçün əhəmiyyət kəsb etməyən məhdudiyyətlər ləğv edilmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış 11 fevral və 9 oktyabr 1999–cu il tarixli fərmanlarla islah–əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsi məqsədilə istintaq təcridxanaları Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, cəzaçəkmə müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılmasına dair kompleks tədbirlər müəyyən olunmuş və ardıcıllıqla həyata keçirilmişdir.
Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının ilk milli Cəzaların İcrası Məcəlləsi hazırlanmış və 14 iyul 2000–ci il tarixli müvafiq qanunla təsdiq edilmiş, 1 sentyabr 2000–ci ildən qüvvəyə minmişdir. Yeni Məcəllədə məhkumlarla davranışa həsr olunmuş beynəlxalq aktların tələbləri nəzərə alınmış, cəza çəkən şəxslərin hüquq, azadlıq və imtiyazlarının dairəsi bir qədər də genişləndirilmişdir. Cəza–icra qanunvericiliyinin daha da humanistləşdirilməsi, onun Avropa Penitensiar Qaydalarının tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilmiş, ötən illərdə məcəlləyə 20–dən çox əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərlə məhkumların əsas hüquqlarının dairəsi, onlara verilən imtiyazlar xeyli genişləndirilmiş, islah işinə xidmət etməyən bir sıra qadağalar aradan qaldırılmış, onların sayı məhdudlaşdırılmışdır.
Bu gün müstəqil Azərbaycan ulu öndərimizin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçid dövrünü başa çatdıraraq özünün uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmişdir və islahatçı ölkə kimi dünya miqyasında milsilsiz iqtisadi inkişaf sürəti ilə seçilir. Respublikamızın çoxşaxəli iqtisadiyyatında sürətli artım göz qabağındadır. Bu yüksəliş xalqımızın sosial rifahının günbəgün daha da yaxşılaşdırılmasına güclü təkan verir. Yoxsulluq və işsizlik kimi ağır ictimai bəlalar, demək olar ki, aradan qalxmışdır, ölkəmizdə güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Möhtərəm Prezident cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın iyirmi illik inkişaf yolunun ən parlaq nəticəsi onun, sözün əsl mənasında, artıq tam müstəqil ölkə kimi dünya birliyində öz yerini tutmasıdır.
Penitensiar sistemdə davamlı islahatlar da Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006–cı il tarixli fərmanı bu sistemin təşkilati əsaslarını daha da möhkəmləndirmişdir. Məhkumların saxlanılma şəraitinin daha da yaxşılaşdırılması, onun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə respublikanın müxtəlif regionlarında, o cümlədən Naxçıvan, Bakı, Gəncə, Şəki, Lənkəran və Kürdəmirdə müasir tipli qarışıq rejimli 9 yeni penitensiar müəssisənin inşasına başlanılmış, onların bir çoxu istifadəyə verilmişdir. Yaxın gələcəkdə digər müəssisələrin istismara verilməsi gözlənilir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Penitensiar Xidmətin işçi heyətinin statusunun qanunla müəyyən edilməsi, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, 26 may 2006–cı ildə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda ədliyyə işçiləri, o cümlədən Penitensiar Xidmətin əməkdaşları üçün ilk dəfə olaraq çoxsaylı güzəştlər və imtiyazlar müəyyən edilmişdir. Keçən dövrdə xidmətin əməkdaşlarının vəzifə maaşları Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə artırılmış, onların əşya təminatının keyfiyyəti yüksəldilmişdir.
Penitensiar Xidmətin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş müxtəlif fərman və sərəncamlar, dövlət proqramları bu gün uğurla icra edilir. Azərbaycanda uğurla həyata keçirilmiş cəza–icra siyasəti nəticəsində müstəqil, müasir və beynəlxalq normalara cavab verən penitensiar sistem formalaşdırılmışdır və onun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər hazırda da davam etdirilir.
Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. Azərbaycanda elə bir sahə yoxdur ki, orada Heydər Əliyev dühasının izi olmasın. Bütün bunlar ulu öndərimizə Azərbaycan xalqının əbədi minnətdarlığını və məhəbbətini qazandırmışdır.
Mədət
QULİYEV,
Azərbaycanın
Milli Qəhrəmanı,
ədliyyə
nazirinin müavini,
Penitensiar Xidmətin
rəisi,
ədliyyə
general–leytenantı
Respublika.- 2013.- 25 aprel.- S. 8.