Tənəzzüldən
tərəqqiyə: Heydər Əliyevin inkişaf
doktrinası
İkinci Dünya müharibəsindən sonra formalaşmış ikiqütblü dünyanın episentrlərindən biri olan Sovet İttifaqının süqutu nəticəsində Avrasiya məkanında və bütövlükdə qlobal siyasi coğrafiyada unikal bir vəziyyət formalaşmışdı: baş verən proseslər cəmiyyətin bütün sferalarında – siyasi, iqtisadi, sosial sahələrdə onilliklər ərzində formalaşmış ənənəvi institutlar və münasibətlər sistemlərində köklü islahatlar zərurəti yaratmışdı. Bu situasiya dövlətlər, xalqlar və hətta fərdlər üçün yeni institusional landşafta uyğunlaşma ilə bağlı çox ciddi çağırışlar səsləndirsə də, strateji məqamdan faydalanma baxımından mühüm tarixi imkanlar da açmışdı. Retrospektiv prizmadan baxdıqda xalqımızın həmin dövrün çağırışlarını düzgün dəyərləndirərək onun strateji imkanlarından faydalanan azsaylı xalqlardan biri olduğunu əminliklə demək olar.
Həmin dövrdə Azərbaycanın üzləşdiyi spesifika ondan ibarət idi ki, fundamental islahatlar yeni ideoloji kontekstdə müasir dövlət quruculuğu ilə paralel həyata keçirilməli idi. Bu proseslər xarici hərbi təcavüz və ərazilərin işğalı, ölkə vətəndaşlarının passionar tərkibinin quruculuq proseslərinə deyil, dövlət müstəqilliyinin saxlanması və ərazilərin müdafiəsinə mobilizasiyası, əhalinin hər 8 nəfərindən birinin qaçqın və ya məcburi köçkün olması və ölkə iqtisadiyyatının kəskin tənəzzülü şəraitində həyata keçirilməli idi. Belə bir şəraitdə, bəzi daxili qüvvələrin xarici təhdidlərə qarşı səfərbər olmaqdansa, irticaçı mövqe tutması əlavə maneələr törədirdi.
Bu problemlər Azərbaycan xalqını dövlətin təcavüzdən xilas edilməsi və müstəqilliyin davamlılığının təmin edilməsi kimi ideoloji konsensus ətrafında birləşdirimişdi. Lakin bu konsensusun vahid milli dövlətçilik ideologiyasına çevrilməsi də sosial sifariş olaraq mövcud idi ki, bu da yalnız güclü, uzaqgörən və cəsarətli bir liderin rəhbərliyi altında mümkün idi. Məhz belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın iradəsi ilə hakimiyyətə qayıdaraq ayrı–ayrı milli təşəbbüslərin vahid milli doktrinaya çevrilməsini, xalqımızın yaranmış kritik tarixi məqamdan yararlanmasını və müstəqil dövlətçilik arzusunun dönüşsüz reallaşmasını təmin etdi.
Müstəqilliyimizin ilk dekadası ərzində ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş quruculuq və islahat tədbirləri nəticəsində Azərbaycanda bütün zəruri dövlətçilik təsisatları yaradıldı və hüquqi dövlət institutları formalaşdırıldı. Ölkənin təhlükəsizliyini təmin edə biləcək güclü ordu və müdafiə sistemi quruldu, müstəqilliyin ilk illərində əldən verilmiş mövqeləri bərpa edən xarici siyasət xətti təşkil edildi.
Hərbi və siyasi sabitliyin bərpa edilməsi növbəti mərhələdə köklü iqtisadi islahatların keçirilməsinə ilkin zəmin yaratdı. Azad bazar münasibətləri, fərdi sahibkarlıq prinsipləri əsasında yeni iqtisadi sistemin baza institutları formalaşdırıldı. Ötən iki dekada ərzində nail olunmuş iqtisadi uğurların təhlili göstərir ki, Heydər Əliyev inkişaf etməkdə olan ölkələrdə bazar iqtisadiyyatı sisteminin formalaşması üçün yol xəritəsi kimi hazırlanmış Vaşinqton konsensusunun Azərbaycanın milli dövlətçilik maraqlarına uyğun olan adaptiv modelini hazırlayaraq tətbiq etmişdir. Bu yanaşma ölkə iqtisadiyyatının, onun dayanıqlığının və geniş mənada suverenliyimizin əsas qarantı olmuşdur.
Dayanıqlı rifah və güclü iqtisadiyyatın ən fundamental institutlarından birini də məhz inkişaf etmiş və şaxələndirilmiş maliyyə sektoru təşkil edir. Bu əsasda qısa bir müddətdə maliyyə sektorunun yeni iqtisadi sistemə uyğun quruculuğu strategiyasının realizasiyasına başlanıldı.
Milli Bankın vahid monetar siyasət orqanına çevrilməsi, fiskal tarazlığın təmin olunması, dövlət borclanması və maliyyəsi proseslərinin sistemləşdirilməsi makroiqtisadi sabitliyin təmin olunmasına zəmin yaratdı. Dövlət banklarının restruktrizasiyası, problemli borclarının həll edilməsi və yenidən kapitallaşdırılması ilə maliyyə sektorunun keçmişdən qalmış problemləri həll edildi. Kapital tələblərinin mərhələli artımı və maliyyə sistemi üzərində tənzimlənmə və nəzarətin mütərəqqi prinsip və təcrübələr əsasında optimallaşdırılması ilə özəl bank sektorunun quruculuğu və inkişafı təmin edildi.
Diversifikasiya olunmuş maliyə sektorunun yaradılması özəl mülkiyyət hüquqi prinsiplərinin ən xarakterik elementlərini özündə əks etdirən qiymətli kağızlar bazarının da formalaşdırılmasını tələb edirdi. Azərbaycanda qiymətli kağızlar bazarının yaranması əksər postsosialist ölkələrində olduğu kimi, özəlləşdirmə proseslərinin başlanması ilə üst–üstə düşdü. Ölkədə həyata keçirilmiş iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri kimi 1995–ci ildə özəlləşdirmə proseslərinə start verildi. Bu dövrdə səhmlərin buraxılışı və tədavülünə dair qanunvericilik bazası və infrastruktur təsisatları formalaşmağa başladı. Nəticədə, 1000–dən çox səhmdar cəmiyyəti, 70 minədək səhmdar təbəqəsinin formalaşması qiymətli kağızlarla pərakəndə ticarətin intensivləşməsinə səbəb oldu.
Yeni formalaşan mülkiyyət münasibətlərinin tənzimlənməsi, habelə inkişaf etməkdə olan özəl sektorun maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi vəzifələri qiymətli kağızlar bazarının keyfiyyətcə yeni inkişaf mərhələsinə çatdırılmasını və bu istiqamətdə dövlət siyasətinin koordinasiyasını tələb edirdi. 1998–ci il dekabrın 30–da Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanın imzalanması ilə ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının inkişafının yeni mərhələsi başlandı.
İlk növbədə, bazarın tənzimləyicisi olan Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi təşkil edildi. İlk gündən yüksək statusa malik olan komitə tərəfindən qiymətli kağızlar bazarının inkişafı istiqamətində kompleks təşəbbüslər həyata keçirilməyə başlandı. Normativ–hüquqi baza təkmilləşdirildi və ölkədə qiymətli kağızlar bazarının fəaliyyəti və tənzimlənməsinə dair yeni nəsil qanunvericilik yaradıldı.
Yeni qanunvericilik əsasında mütəşəkkil qiymətli kağızlar bazarının əsas institutları formalaşdırıldı. Qiymətli kağızların uçotu və qeydiyyatı sistemi təkmilləşdirildi. Bu dövrdə ölkənin qabaqcıl maliyyə institutlarının təsisçiliyi və 100 faiz özəl sərmayə əsasında Bakı Fond Birjası yaradıldı və beləliklə də, qiymətli kağızlarla ticarətin mütəşəkkil meydançası təşkil edildi. Bilavasitə fond birjasının aktiv iştirakı ilə maliyyə vasitəçiliyi institutları – broker və dilerlər formalaşdırıldı. Beləliklə də, özəlləşmə infrastrukturu institutlarının klassik fond bazarı təsisatlarına transformasiyası prosesi tamamlandı.
2003–cü ildə Azərbaycan Respublikası özünün dövlət quruculuğu və suverenlik tarixində yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının dayanıqlı inkişafının əsas doktrinası kimi Heydər Əliyev dövlətçilik ideologiyasının davam etdiriləcəyini bəyan etdi. Yeni dövrün iqtisadi strategiyası dinamik və dayanıqlı artımın təmin olunması, sosial rifahın əhəmiyyətli dərəcədə yüksəldilməsi və ölkənin iqtisadi müstəqilliyinin gücləndirilməsinə hədəflənmişdi. Bu strategiyanın realizasiyası yolları kimi isə iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, əlverişli biznes mühitinin təmin olunması, ixrac potensialının genişləndirilməsi və insan kapitalının gücləndirilməsi müəyyən olundu.
Yeni əsrdə Heydər Əliyev dövlətçilik doktrinasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin keyfiyyətcə yeni bir səviyyəyə qalxmasını şərtləndirdi. Bazar yönümlü iqtisadiyyatın baza institutlarının quruculuq proseslərinin tamamlanması ilə ölkədə iqtisadi keçid prosesləri başa çatdı və bu institutların effektiv fəaliyyət göstərməklə davamlı rifahı dəstəkləməsi təmin olundu.
Bu dövrdə Azərbaycan ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilərək ortagəlirli ölkələrin siyahısına daxil oldu. Ölkəmiz insan kapitalının inkişafına, iqtisadiyyatın rəqabət qabiliyyətinə, qabaqcıl innovasiyaların tətbiqi göstəricilərinə görə regionda qabaqcıl ölkəyə çevrildi. Formalaşdırılmış uğurlu xarici siyasət xətti nəticəsində Azərbaycan beynəlxalq siyasi səhnədə də öz mövqeyini möhkəmləndirməyə nail oldu. Qısa müddət ərzində həyata keçirilən kompleks tədbirlər qlobal kollaps və itkilər şəraitində belə Azərbaycan iqtisadiyyatına dəyərlər yaratmaq və bu dəyərləri xalqın hər bir fərdi arasında optimal bölüşdürmək imkanları təqdim edir.
Müstəqilliyin 3–cü dekadasında da Azərbaycanın inkişafı Heydər Əliyev iqtisadi–siyasi kursu əsasında davam edəcəkdir. Cənab İlham Əliyev ölkə iqtisadiyyatının keyfiyyətcə yeni səviyyəyə qaldırılması və davamlı iqtisadi artım və yüksək sosial rifahın təmin edilməsini hökumət qarşısına prioritet vəzifə kimi qoymuşdur. Gələcək dekada ərzində səmərəli dövlət tənzimlənməsi, ixracyönümlü iqtisadiyyata transformasiya, insan kapitalının gücləndirilməsi və innovasiyaların dəstəklənməsi ən mühüm iqtisadi inkişaf prinsipləri kimi müəyyən edilmişdir. Məhz Heydər Əliyev dövlətçilik ideologiyasına Azərbaycan xalqının sadiqliyi ulu öndərin təbirilə desək – Azərbaycan dövlətinin müstəqilliyinin davamlığını, dönməzliyini və əbədiliyini təmin edəcəkdir.
Rüfət
ASLANLI,
Azərbaycan Respublikasının
Qiymətli
Kağızlar üzrə Dövlət
Komitəsinin sədri
Respublika.- 2013.- 25 aprel.- S. 9.