DAHİ ŞƏXSİYYƏT, GÖRKƏMLİ DÖVLƏT XADİMİ

 

Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyinə günəş kimi doğan Heydər Əliyevin xilaskar adı tarixə qızıl hərflərlə yazılmışdır. Bu böyük insan bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmişdir. Bu qiymətli ömrün hər anı, hər dəqiqəsi vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi idi. Onun dünyaya gəlişi bir evin, bir ailənin sevinciydisə, şüurlu həyatı, səmərəli fəaliyyəti isə bütöv bir xalqın kəşməkəşli yoluna nur saçan parlaq mayak oldu.

 

Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycançılıq onun qanında, ruhunda, mayasında idi. Hələ dövlət təhlükəsizlik sistemində çalışarkən bu mühüm dövlət strukturunda azərbaycanlı kadrların azlığı onu ciddi narahat edirdi. Respublika Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən Heydər Əliyev bu “boşluğu” bacarıqla doldurdu. Hələ Sovet dönəmində Azərbycanın bir respublika olaraq dünyaya tanıdılması da məhz ulu öndərin adı ilə sıx bağlıdır. Azərbaycana rəhbərliyinin hələ birinci mərhələsində bu qüdrətli və müdrik dövlət xadimi idarəetmədə on illər sonrakı mənzərəni görür, qiymətləndirir və çox böyük uzaqgörənliklə planlar qururdu. O illərdə Azərbaycan çox sürətlə inkişaf edib geri qalmış aqrar bir əyalətdən ölkənin ən qabaqcıl, böyük sənaye potensialına malik respublikasına çevrildi. Qartal baxışları həmişə əngin səmaları gəzən, hər zaman uzaqlara baxan Heydər Əliyev məhz o illərdə Azərbaycanın müstəqillik qayğıları barədə düşünür, hər şeydən öncə milli kadrlar hazırlanmasına böyük önəm verirdi. Ulu öndərin təşəbbüsü ilə Moskvanın, Leninqradın, Kiyevin və ölkənin digər şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa hər il Azərbaycandan çox sayda gənclər göndərilirdi. Müstəqil Azərbaycan dövlətinin malik olduğu indiki güclü kadr potensialı müdrik dövlət xadiminin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın dövlətçilik tarixində qırmızı xətt kimi keçən Heydər Əliyev həmişə böyük ideallarla yaşayıb. Uca vəzifə kreslosunda əyləşib böyük səlahiyyətlərə sahib olanda da, SSRİ kimi qüdrətli bir dövlətin idarə edilməsindən M.Qorbaçovun siyasi qısqanclığı nəticəsində uzaqlaşdırılıb ətraf aləmdən təcrid olunanda da Heydər Əliyev xalqından, mənsub olduğu millətin taleyindən heç vaxt ayrı düşməyib. Sovet ordusu 1990–cı ilin 20 yanvarında doğma Bakını qanla boğanda vəzifədən uzaqlaşdırılıb “ev dustağı”na çevrilən, hər addımı izlənən Heydər Əliyev həyatını təhlükəyə atmaqdan çəkinməyib qanlı yanvar gününün sabahı Moskvada Azərbaycan milli nümayəndəliyinə gəldi və hər kəlməsi böyük cəsarətin ifadəsi olan xüsusi bəyanatla törədilən cinayəti, insanlığa yaraşmayan vəhşiliyi bütün dünyaya anlatdı.

Hər zaman ürəyi xalqı ilə bir döyünən ulu öndər azadlıq və müstəqillik uğrunda tökülən qanların hədər getməməsi, geniş xalq kütləsinin bütün təbəqələrini bürüyən azadlıq hərəkatının real nəticələr verməsi üçün tələb olunan bütün tədbirləri görür, böyük cəsarət istəyən addımlarını tərəddüd etmədən atırdı. Ölkədə son dərəcə mürəkkəb ictimai–siyasi vəziyyət yaranmışdı. Respublikaya rəhbərlik edən Ə.Vəzirov və ondan sonrakı dövrdə A.Mütəllibov vəziyyətdən çıxış yolu tapa bilmədilər. Dövlət rəhbərliyindəki qətiyyətsizlik ölkədə böyük xaos yaratmışdı. Xalqın kükrəyən etiraz dalğasında hakimiyyətə gələn AXC–Müsavat iqtidarının iqtidarsızlığı yaranmış böhranı daha da dərinləşdirirdi. Ölkəni bürüyən siyasi böhran müharibə meydanına çevrilmiş Qarabağda mövqelərimizi hər gün bir az da zəiflədirdi. Səriştəsiz siyasət dəllalları xalqın etiraz dalğasında gəldikləri hakimiyyəti nəyin bahasına olur–olsun qorumaq üçün hər şeyi qurban verməyə hazır idilər. Hakimiyyətin yuxarı qatlarında xəyanət, intriqa, özbaşınalıq dözülməz həddə çatmışdı. Şəxsi maraqlar dövlət mənafeyindən üstün tutulur, dövləti idarə edənlər daşıdıqları vəzifənin məsuliyyətini dərk etmirdilər. Məsuliyyətsizliyin heyrət doğuran göstəricisi idi ki, AXC–nin xeyir–duası ilə milli qəhrəmana çevrilən Sürət Hüseynov əqidə dostları ilə qarşıdurmaya gedəndə hakimiyyətin yuxarı eşalonunda Gəncəni bombalamaq çağırışları yaranmış situasiyadan çıxmağın ən optimal variantı kimi səslənirdi. Bu o vaxt idi ki, bütün Qarabağda, Gəncə–Qazax zonasında ağır döyüşlər gedirdi. Məkrli ermənilər isə bir–birilə dil tapıb yola getməyən azərbaycanlıların öz başlarına açdıqları oyundan məharətlə istifadə edir, Qarabağda sürətlə irəliləyirdilər.

O zaman respublikaya rəhbərlikdə təmsil olunan, yaranmış son dərəcə ağır vəziyyəti real qiymətləndirməyi bacaran bəzi qüvvələr xalqın mütləq əksəriyyəti tərəfindən Naxçıvana, Heydər Əliyevə ünvanlanan çağırışlara qoşulub ulu öndəri Azərbaycana dəvət etdilər. O tarixi dönüş yeni bir dövrün başlanğıcı oldu. O günlər uzaq keçmiş deyil. Adamlar o dövrü yaxşı xatırlayırlar. Bir dövlət olaraq Azərbaycan “olum”, ya “ölüm” dilemması qarşısında qalmışdı. Qardaş qırğını hər an gerçəkləşə bilərdi. Dövlət orqanları iflic vəziyyətində idi. Ayrı–ayrı siyasət dəllallarına məxsus silahlı qoçu dəstələri cəbhə xəttində, döyüş meydanında erməni yaraqlıları ilə savaşmaq əvəzinə Bakıda və bölgələrdə sifarişli qətllər törədir, talanlar edirdilər. Hakimiyyətə inamını itirən, ümidsizləşən adamlar, ağır da olsa, kədərli sonu gözləyirdilər…

Azərbaycan xalqının xilaskar oğlu o tarixi gəlişi ilə hər şeyi yerbəyer etdi. Barıt çəlləyinə dönmüş Gəncəyə səfər ulu öndərin həyatı üçün əslində böyük risk idi. Amma heç nədən qorxmadan, çəkinmədən problemin üstünə yeridi, ölümə meydan oxudu. Azərbaycanın qədim dövlətçilik tarixində xüsusi yeri olan Gəncəyə və gəncəlilərə böyük dəyər verən ulu öndər yanılmamışdı. Gəncəlilər qüdrətli sərkərdənin müdrik çağırışlarını, faydalı məsləhətlərini, ağsaqqal öyüdlərini yüksək məsuliyyət hissilə qəbul edib vətəndaş itaətsizliyinə, qardaş qırğınına son qoydular.

Tarixdə o xalqlar adını dünyanın xoşbəxt xalqları siyahısına yaza bilir ki, tufanlarla üzləşəndə, qaranlıq gecədə səmtini itirib qorxunc dalğaların əlində oyuncağa dönmüş gəmiyə çevriləndə buludların arasından günəş kimi sıyrılıb çıxan, ürəyini məşəl kimi başı üzərinə qaldırıb nurlu mayak kimi doğru yol göstərən övladı olsun. Heydər Əliyev zamanın ən ağır sınaqlarında Azərbaycanı gözlənilən ən ciddi təhlükələrdən hifz edib qorumağı bacarmış xilaskar oğuldur. Xalqın xilaskar oğlu hələ sağlığında ümummilli sevginin ünvanına çevrilib əbədiyaşarlıq qazanmışdır. O, qüdrətli dövlət xadimi, siyasət nəhəngi kimi həmişə yüksəklikdə qərar tuturdu. Onun siyasi iradəsinə, peşəkar dövlətçilik bacarığına dünyanın məşhur dövlət xadimləri həsəd və heyranlıqla böyük qiymət vermişlər. Corc Buş, Jak Şirak, Boris Yeltsin, Süleyman Dəmrəl və bir çox başqa məşhur dövlət xadimləri Heydər Əliyev şəxsiyyətinə son dərəcə böyük hörmət və ehtiramla yanaşmışlar. Dövlət rəhbəri kimi mürəkkəb və çətin açılan xarakterə malik Heydər Əliyev bir azərbaycanlı olaraq son dərəcə sadə, mehriban və qayğıkeş idi. O, tez–tez səfər etdiyi ölkənin müxtəlif bölgələrində adi əmək adamlarını çox yaxından tanıyırdı. Belə tanışlıqlar çox zaman dostluğa çevrilirdi. O, sözün həqiqi mənasında el–obanın sevimlisi, ümidi, pənahı idi.

Müasir qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəridir. İndi hər birimizin qürur mənbəyinə çevrilmiş Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında şərəfli yeri vardır. Yüksək beynəlxalq dairələrdə söz sahibinə çevrilmiş Azərbaycanla artıq hesablaşırlar. Azərbaycanın razılığı olmadan regionda iri layihələr həyata vəsiqə ala bilmir. Ulu öndər 1994–cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla ölkənin qarşısında misli görünməmiş üfüqlər açdı. Ölkədə neft sənayesinin qurulmasına yatırılan beynəlxalq sərmayələr Azərbaycanın siyasi, iqtisadi və elmi–mədəni həyatında dinamik inkişafı, gerçək bir sıçrayışı labüd etdi.

Ulu öndər bütün fəaliyyəti boyu demokratik prinsiplərə böyük önəm vermişdir. Fərqli düşünənlərə həmişə hörmətlə yanaşan, fikir plüralizmini, açıq sözü demokratik cəmiyyətin təməl prinsipləri hesab edən ulu öndər deyirdi: “Hər bir demokratik cəmiyyətdə, şübhəsiz ki, müxalifət olmalıdır… Kim müxalifətdə durursa–dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın!”

Heydər Əliyevin böyüklüyü, dahiliyi ondadır ki, ulu öndər cəmiyyət həyatının bütün sahələrində proporsional inkişafı təmin etməyə müvəffəq olmuşdur. Əlbəttə, ilk növbədə qanunverici baza yaradılması istiqamətində böyük uğurlara imza atıldı.

1995–ci ildə ulu öndərin bilavasitə rəhbərliyi ilə qəbul olunmuş milli Kostitusiyamız demokratik dəyərlərə tam uyğun bir tarixi sənəd, hüquqi islahatların gerçəkləşdirilməsi yolunda misilsiz bir addım oldu. Unudulmaz rəhbərin təşəbbüsü ilə 21 fevral 1996–cı ildə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən hazırlanan “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” qanunlar respublikamızın müstəqil bir dövlət kimi çiçəklənməsində misilsiz rola malikdir. 1996–cı ildə Respublika günü münasibətilə təntənəli yığıncaqda Heydər Əliyev demişdi: “Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacağıq və hər bir vətəndaşı qanuna tabe olmağa dəvət edirəm”. Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Ombudsman İnstitutunun yaradılması insanların hüquq və azadlıqlarının qorunması sahəsində dövlətimiz üçün, onun gələcək inkişafı üçün çox gərəkli bir addım oldu. İnsan hüquqları üzrə müvəkkilliyin təsisatı ölkəmizin Avropa məkanına inteqrasiya prosesində mühüm rol oynadı və hazırda bu təsisat həyatımızın bütün tərəflərini əhatə edən inkişaf yolundadır. Müdrik şəxsiyyət Azərbaycanın demokratik və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi qarşıya qoydu. Məhz aparılan bütün məqsədyönlü işlərin nəticəsi o oldu ki, 2001–ci ildə Azərbaycan Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma üzvlüyə qəbul olundu. Bununla da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artdığı bir daha təsdiqləndi.

Məlumdur ki, ümumxalq həmrəyliyinin yaradılmasında dilin çox böyük rolu var. Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır. Azərbaycan dilinə qayğı ilə yanaşan ümummilli liderimizin öz xalqı və milləti qarşısında göstərdiyi ən mühüm xidmətlərdən biri də bilavasitə onun təşəbbüsü ilə 2001–ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olmasıdır. Bununla da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor birliklərinin təşkilatlanmasına, birgə fəaliyyət göstərməsinə rəvac verildi. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu daha da mətinləşərək öz fəaliyyətini gücləndirdi. Ümummilli lider Heydər Əliyev bütün rəsmi və qeyri–rəsmi strukturların diqqətini bu istiqamətə yönəldərək demişdi: “2001–ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, 2002–ci ilin iyulunda Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, soydaşlarımızın birliyinin və həmrəyliyinin güclənməsi istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verməkdədir. Hazırda bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət siyasəti səviyyəsinə qaldırılmış, bütün rəsmi və qeyri–rəsmi strukturların diqqəti bu istiqamətə yönəlmişdir. Məmnunluqla qeyd edirəm ki, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onların arasında birlik və həmrəylik intensiv və məqsədyönlü şəkildə gedir”. Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə, onun beynəlxalq imicinin, dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə nail olmadı, eyni zamanda o, bütün dünya azərbaycanlılarının milli birliyinin yaradılmasına da əvəzsiz töhfə verdi.

Heydər Əliyevin gördüyü möhtəşəm tədbirlərdən biri də ölüm cəzasının ləğv edilməsidir. Müdrik rəhbərimizin bu humanist addımı bütün dünyanın ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Ulu öndərimiz 1995–2003–cü illərdə 32 əfv fərmanı imzaladı, yüzlərlə ailəyə xoşbəxtlik bəxş etdi, minlərlə adamı fəal cəmiyyət həyatına qaytardı. Onun təşəbbüsləri nəticəsində cəzaçəkmə yerlərinin Avropa standartlarına uyğunlaşdırılması, cəzaçəkmə xidmətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Cəzaçəkmə müəssisələri yenidən quruldu, abadlaşdırıldı, bu yerlərdə normal həyat üçün lazımi şərait yaradıldı. Bu gün hamı aydın görür ki, cəzanın humanistləşdirilməsi prosesi bizdə nə qədər irəli getmişdir, məhkumların məişət şəraitinin yaxşılaşdırılması və onların sağlamlığının qorunması üçün necə təsirli tədbirlər görülmüşdür. Ölkədə aparılan məhkəmə–hüquq islahatına uyğun olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılmış, onun fəaliyyəti beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev dövlət təsisatı olan prokurorluq orqanlarının sivil və demokratik məzmunlu qurum kimi formalaşmasına böyük diqqət və qayğı göstərmiş, prokurorluq orqanlarında çalışan hər bir əməkdaşın sağlam mənəviyyata malik olmalarını qeyd etməklə onlardan cəmiyyətə nümunə olmalarını tələb etmişdir. Ümummilli liderimiz deyirdi: “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan bizim tələblərimizə cavab verə bilməyəcək. Bizim tələbimiz isə qanundur, qanunun aliliyidir”.

Məhz ümummilli liderimiz Heydər Əliyevin 26 aprel 2000–ci il tarixdə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşündən sonra Azərbaycan Respublikası prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ halların aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, bunların nəticəsində cinayətkarlığa qarşı mübarizə və insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Heydər Əliyev deyirdi: “İndi… bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”. Azərbaycan xalqının hələ neçə–neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipi ilə çalışan Heydər Əliyev ölkədə geniş iqtisadi islahatlara cəsarətlə start verdi. Torpaq islahatı uğurla həyata keçirildi. Ulu öndər siyasi uzaqgörənliklə dünyanın məşhur şirkətlərinin marağını Azərbaycana yönəldə bildi. Ölkə iqtisadiyyatına, xüsusilə neft sənayesinə yatırılan milyardlarla ABŞ dolları ilə hesablanan beynəlxalq sərmayələrin inkişafı təmin edən nəticələri özünü çox gözlətmədi. Neft hasilatının sürətlə artırılması ölkə iqtisadiyyatının yüksəlişinə etibarlı bünövrə oldu. Artan iqtisadi güc Bakı ilə yanaşı regionların sosial–iqtisadi inkişafına stimul verdi. Müəllifi Heydər Əliyevin olduğu uğurlu iqtisadi stategiya bu gün paytaxtımızın istənilən qonağına heyrət doğuran Bakıda və bölgələrdə uğurla reallaşan nəhəng infrastruktur layihələrində, yeni açılan yüz minlərlə iş yerində və s. nailliyyətlərdə özünü aydın şəkildə göstərir. Əhalinin həyat şəraitinin ildən–ilə yaxşılaşdırılması, əmək haqqı, pensiya və müavinətlərin davamlı şəkildə artırılması məhz Heydər Əliyev siyasi kursunun və bu kursun müasir dövrün tələblərinə uyğun bir yaradıcılıqla Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevə tarixdə əbədiyaşarlıq qazandıran bir əsas amil də odur ki, xalqı və dövləti məhv olmaq təhlükəsindən xilas edən, ölkə iqtisadiyyatını ağır böhran məngənəsindən dinamik inkişaf yoluna çıxaran ulu öndər on illər sonra üçün də görüləsi işlərin aydın proqramını vermişdir. Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs fəaliyyətimizin konkret proqramına çevrilmişdir. Özündən sonrakı dövr üçün konkret inkişaf nəzəriyyəsini verən Heydər Əliyev bu nəzəriyyəni bacarıqla, zamanın fərqli xüsusiyyətlərinə uyğun bir yaradıcılıqla reallaşdıra biləcək kadrı da Azərbaycana bəxş etmişdir. Prezident İlham Əliyev ulu öndərin macal tapıb görə bilmədiyi işləri indi uğurla həyata keçirir. Sürətli sosial–iqtisadi inkişafı ilə Azərbaycan artıq bütün dünyaya səs salmışdır. Ölkəmizin siyasi nüfuzu gündən–günə artmaqdadır. BMT Təhlükəsizlik Şurasına qeyri–daimi üzv qəbul olunmağımız Prezident İlham Əliyevin yeritdiyi uzaqgörən müdrik xarici siyasətininin məntiqi nəticəsidir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz ölkəmizin siyasi nüfuzuna əlavə dvidendlər gətirməkdədir. Əvvəllər Bakıda olmuş qonaqlar yenidən bu cənub şəhərinə səfər edəndə gördükləri mənzərə qarşısında heyrətlərini gizlədə bilmirlər. Bakı ilə yanaşı, bölgələr də inkişaf edir, yeniləşir. Dəyişən, gözəlləşən isə təkcə yeni inşa olunan yollar, körpülər, park və xiyabanlar, yeni istehsal və emal müəssisələri deyildir. Ən önəmlisi odur ki, adamların həyata baxışları, dünya görüşləri yenilənmişdir. Daimi ictimai–siyasi sabitlik ölkədə sağlam mənəvi–psixoloji mühitin formalaşmasına zəmin yaratmışdır. Bütün imkanları səfərbər edərək neft kapitalını insan kapitalına çevirməyə çalışan dövlət başçısının səyləri hədər getmir. Ölkədə yüksək vətəndaş cəmiyyəti yaratmaq yolunda böyük uğurlar qazanılır. Əhalinin həyat şəraitini yaxşılaşdırmağa hesablanan və hər addımda hiss olunan davamlı dövlət qayğısı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən razılıqla qarşılanır. Dövlətin uğurlu sosial siyasətinin nəticəsidir ki, son 9 ildə 2500–ə yaxın məktəb, 500–dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir.

İnsan amili həmişə dövlət başçısının diqqət mərkəzindədir. Onun dövlət məmurlarına tapşırıq və tövsiyələrində təvazökarlıq, sadəlik və mehribanlıq həmişə əsas tələb olur. Fevralın 12–də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 4–cü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev demişdir: “Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır… Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə də bütün orqanlar, hüquq–mühafizə orqanları daha ciddi mübarizə aparmalıdırlar”.

Beynəlxalq aləmdə Azərbaycanın hüquqi və demokratik dövlət imici getdikcə möhkəmlənir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin işıqlı sabahı ilə bağlı arzuları reallaşır. Heydər Əliyev bu gün bütün şüurlu həyatını, mənalı ömrünü həsr etdiyi Azərbaycanın hər bucağındadır. O böyük insanın hər sözü, hər kəlməsi böyük məna yükü daşıyır. Müəllifi olduğu siyasi kurs, yaratdığı ideyalar zaman–zaman gerçəkləşir. Ulu öndərin Vətənə, xalqa sonsuz məhəbbətindən qaynaqlanan bir fikri — Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam, – sözləri bütün zamanlar üçün çox aktualdır.

Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir. O, qüdrətli dövlət xadimi, sadə bir azərbaycanlı kimi könüllərdə özünə əbədiyyət qazanmışdır. Biz vətəni necə sevməyi, xalqına, millətinə şərəflə xidmət etməyi məhz ondan öyrənmişik. O böyük insan özündən sonrakı nəsillərə düzgün bir yol qoymuşdur. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan hər addımda daha da güclənir, qüdrətlənir. Bu gün ölkə gəncliyini çaşdırmağa çalışan bəzi mənfur qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin işıqlı gələcəyinə aparan yol Heydər Əliyev ideallarına sədaqətdən keçir.

Hər kəs dərk etməlidir ki, Azərbaycanın nicatına aparan yol Heydər Əliyev siyasi kursuna—vətəninə, xalqına böyük məhəbbətdən, qanunların aliliyinə sədaqətdən, azərbaycanlı olmağın sonsuz qürurunu duymaqdan keçir.

 

 

Rəhim ƏLİYEV,

Bərdə rayon prokuroru,

baş ədliyyə müşaviri

 

Respublika.- 2013.- 25 aprel.- S. 10.