Müasir Azərbaycanın banisi

 

Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ölkə ictimaiyyəti tərəfindən böyük təntənə ilə qeyd olunur. Ümummilli liderimizin canından artıq sevdiyi vətəni qarşısında göstərdiyi misilsiz xidmətlər, cahanşümul əməllər hər bir Azərbaycan vətəndaşının qəlbində onun möhtəşəm abidəsini ucaltmışdır. Bu nadir tarixi simanın şüurlu ömrünün hər bir anı doğma vətəninə və xalqına, onun yüksəlişinə və tərəqqisinə xidmətə həsr edilib.

Tarixə müraciət etsək, öz xalqının həyatında xüsusi rol oynayan liderlərin adlarının o xalqlar tərəfindən yaşadıldığının şahidi olarıq. Bəzən fərqləndirərək deyirlər ki, kimsə Şərq aləmində, kimsə Qərbdə sevilən liderdir. Lakin biz Heydər Əliyev şəxsiyyətini bu baxımdan xarakterizə etsək, görərik ki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onu eyni məhəbbətlə həm şərqlilər, həm də qərblilər sevirdilər. Çünki bu fenomenal şəxsiyyət planetar düşüncə tərzinə malik idi.

O da bir reallıqdır ki, xalqın mentalitetini onun tarixi və əfsanəvi qəhrəmanlarının keyfiyyətlərini özündə cəmləşdirməyən insan lider kimi qəbul edilə bilməz. Bu yanaşma ilə yanaşsaq, deyə bilərik ki, Heydər Əliyev həm tarixintaleyin seçimi, həm də müdrik Azərbaycan xalqının seçimi idi. Bu gün ulu öndərin müxtəlif xalqların seçimləri olan C.Vaşinqtonla, Şarl de Qolla, Mustafa Kamal Atatürklə müqayisə edilməsi təsadüfi deyil.

Heydər Əliyevi xalqın lideri səviyyəsinə qaldıran əsas bir keyfiyyət də onun şəxsi intellektual potensialının hüdudsuz olması, elm və təfəkkür səviyyəsinin əlçatmaz zirvəsi idi.

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Bu xidmət bütün sahələri əhatə edir. Azərbaycanın istər sovetlər dövründə, istər müstəqillik illərində, istərsə də bu gün onsuz keçirdiyimiz illərdə qazandığı bütün uğurlarda biz Heydər Əliyevin xəttini, xidmətlərinin, bəhrələrini görürük. Bu xidmətlər sırasında ən önəmlilərdən biri, şübhəsiz, ulu öndərimizin bizlərə Azərbaycançılığı, onun ideya və prinsiplərini qaytarması bu məfhum ətrafında dünyanın ayrı–ayrı ərazilərinə paylanmış soydaşlarımızı birləşdirmək uğrunda göstərdiyi fədakar fəaliyyətidir. İlk növbədə biz bu fəaliyyətdə planlılıq, məqsədlilik və bu məqsədə doğru addım–addım düşünülmüş əməli işlər görürük. Biz bu fəaliyyətin ilkin hazırlıq mərhələsini 1969–1982–ci illərdə, daha sonra isə 1982–1987–ci illərdə ulu öndərimizin SSRİ nazirlər sovetinin sədrinin 1–ci müavini işləyərkən hiss edirik. Lakin şübhəsiz, bu istiqamətdə köklü fəaliyyəti Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra, xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev 1993– ilin 15 iyununda siyasi rəhbərliyə qayıdışı dövründə gördük. Biz hakimiyyətə gəlişinin elə ilk günlərindən başlayaraq ölkə daxilində əvvəlki səriştəsiz rəhbərlərin apardığı ağılsız siyasət nəticəsində yaranmış xaos, anarxiya, özbaşınalıq, ən əsası, qruplara bölünmə, parçalanma hallarının aradan qaldırılması, soydaşlarımızın bir araya gələrək ümumi düşmənə qarşı vahid mövqedən çıxış etmək vəziyyətinə gətirilməsi istiqamətində ustalıqla aparılan fəaliyyətin şahidi olduq. Qısa müddətdə hadisələrin təbii məcrasına salınması, qanunsuzluqların aradan qaldırılması, insanların sabaha olan inamının qaytarılması istiqamətində aparılan məqsədyönlü işlər ölkə daxilində vəziyyəti normallaşdırdı. Vətəndaş həmrəyliyinin bərqərar olunması hər bir dövlət üçün çox zəruri şərtdir. Bunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev həmin məqama çox böyük diqqət və əhəmiyyət yetirdi. Müdrik şəxsiyyət ölkə Prezidenti kimi Azərbaycanın demokratikhüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətləri kimi qarşıya qoydu. Məhz elə aparılan bütün bu işlərin nəticəsində, 2001–ci ildə Azərbaycan Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma üzvlüyə qəbul olundu. Bununla da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artdığı bir daha təsdiqləndi. Bu uğurlar bu gün də artmaqdadır.

Ümummilli liderimizin öz xalqı və milləti qarşısında göstərdiyi ən mühüm xidmətlərdən biri də bilavasitə onun təşəbbüsü ilə 2001–ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olmasıdır. Bununla da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasporların təşkilatlanmasına, birgə fəaliyyət göstərməsinə rəvac verildi. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu daha da mətinləşərək, öz əhatə dairəsini genişləndirdi.

Ümummilli lider Heydər Əliyev bütün rəsmi və qeyri–rəsmi strukturların diqqətini bu istiqamətə yönəldərək demişdir: “2001–ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, 2002–ci ilin iyulunda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, soydaşlarımızın birliyinin və həmrəyliyinin güclənməsi istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verməkdədir. Hazırda bütün azərbaycanlıların vahid amalideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət səviyyəsində qaldırılmış, bütün rəsmi və qeyri–rəsmi strukturların diqqəti bu istiqamətə yönlənmişdir. Məmnunluqla qeyd edirəm ki, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onların arasında birlik və həmrəylik intensiv və məqsədyönlü şəkildə gedir”.

Ümumiyyətlə, 1993–2003– illərdə ümummilli lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması istiqamətində aparılan işləri təhlil etsək deyə bilərik ki, o, bu işləri çox böyük məsuliyyətlə, sistemli və ardıcıl siyasət yeritməklə həyata keçirmişdir. Ulu öndər tərəfindən diasporlobbi quruculuğu istiqamətində aparılan işlər bu ümumi siyasətin tərkib hissəsi kimi çox böyük əhəmiyyəti olmuşdur. Bu tarixi şəxsiyyətin ən böyük üstünlüyü o idi ki, Heydər Əliyev həyatı boyu azərbaycanlı adını uca tutmuş, bununla qürur hissi keçirmiş, başqalarına da bu hissi aşılamağa çalışmışdır. Bu dahi şəxsiyyət ömrünün ən mənalı dövrünü milliliyin, həmrəyliyin və bütövlüyün qorunub saxlanmasına xidmətə həsr etmişdir. Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə, onun beynəlxalq imicinin, dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə nail olmadı, eyni zamanda o, bütün dünya azərbaycanlılarının milli birliyinin yaradılmasına da əvəzsiz töhfə verdi. Bu işdə təşkilatlanmaya verdiyi stimul, şübhəsiz, xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünyanın müxtəlif ölkələrində 200–dən artıq birlik, cəmiyyət və assosiasiyalar dediklərimizə əyani sübutdur.

Ümummilli liderimiz Heydər Əliyev təkcə dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsinə, onların milli həmrəyliyinin yaradılmasına nail olmadı, eyni zamanda həyata keçirdiyi işlərlə, xeyirxah əməllərlə onların vahid lideri səviyyəsinə ucaldı. Bu gün yaşadığımız anlar, izlədiyimiz və şahid olduğumuz hadisə və proseslər göstərir ki, sağlığında dünya azərbaycanlılarının həqiqi lideri səviyyəsinə yüksəlmiş ümummilli lider Heydər Əliyevin ideyaları, əsasını qoyduğu işlər bu gün də yaşamaqdadır. Ulu öndərin çox böyük dəqiqlikə işləyib hazırladığı strategiya 2003– ilin oktyabrından başlayaraq onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003– il prezident seçkilərinə hazırlıq ərəfəsində keçirdiyi görüşlərdə Azərbaycan seçicilərinə Azərbaycanın ümummilli lideri Heydər Əliyev strategiyasını həyata keçirəcəyini qətiyyətlə bildirən dövlət başçısının rəhbərliyə başladığı ilk gündən bu vədə məsuliyyətlə əməl etməsini görürük.

Biz son 10 il ərzində Azərbaycan Prezidentinin fəaliyyətinin hər məqamında görürük ki, idarəetmə praktikasında ulu öndərin xəttinə, təcrübəsinə üstünlük verilir, daim ona sədaqət nümayiş etdirilir. Bu xətt isə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, inkişafının yüksəldilməsi, yoxsulluğun azaldılması, əhalinin rifahının yaxşılaşdırılması, sabitlik və vətəndaş həmrəyliyinin yaradılması və s. kimi ümumxalq mənafeyli məsələlərdir.

Bütün bu işlər bir daha göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev öz müdrik müəllimi, xalqımızın tarixinə qurucu, xilaskar, şəxsiyyət kimi daxil olan Heydər Əliyevin başladığı işləri qətiyyətlə və uğurla, dövlətçiliyimizin tərəqqisi naminə əzmlə davam etdirir. Bu isə o deməkdir ki, ulu öndərin ideyaları yaşayır və əbədi yaşayacaqdır.

 

 

Ələkbər Əliyev,

Bakıdakı Etibar Əliyev adına 162 saylı orta

məktəbin direktoru,

fizika–riyaziyyat elmləri namizədi,

dosent

 

Respublika.- 2013.- 25 aprel.- S. 10.