Görkəmli
alimin 90 illik yubileyi
Azərbaycanda tibb elminin inkişafında misilsiz xidmətləri olan görkəmli oftalmoloq–alim Zərifə xanım Əliyevanın 90 illik yubileyi təntənəli sürətdə qeyd olunur. Bu günlərdə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri yubiley yığıncağına toplaşmışdılar. Yığıncaqda xəstəxananın baş həkimi Hüseyn Əhmədov Zərifə Əziz qızı Əliyevanın həyat və yaradıcılığı barədə ətraflı məruzə etdi. Məruzədə qeyd olundu ki, böyük alim, qeyrətli həyat yoldaşı, gözəl ana Zərifə xanım Əliyeva parlaq ömür yaşamışdır. Zərifə Əliyevanın adı Azərbaycanın oftalmologiya elmindəki inkişafında etdiyi ciddi nailiyyətlərlə, respublikanın ictimai–siyasi həyatında daşıdığı böyük ximətlərlə xalqın yaddaşına həkk olunmuşdur.
Xəstəxananın həkim və tibb işçiləri Zərifə Əliyevanın səhiyyə sahəsində misilsiz nailiyyətlərini xatırlamaqla yanaşı onun ulu öndər, ümummilli lider Heydər Əliyevə sədaqətli həyat yoldaşı, qayğıkeş ana, nümunəvi vətəndaş olduğunu xüsusi minnətdarlıqla qeyd etdilər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev ulu öndər Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə xanım Əliyevanın Azərbaycana verdiyi töhfələrdən, bu dahi insanların bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində xalqa əbədi miras qoyub getdikləri gözəl ənənələrdən danışdı. İcra başçısı əldə olunan ənənələrin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini bildirdi. Bu gün ölkə dinamik inkişaf yolundadır. Heydər Əliyev və Zərifə Əliyevanın qurduğu gözəl ailədə böyüyüb tərbiyə almış Dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan Respublikası dünya dövlətləri arasında özünə layiqli yer tutur. Ölkədə səhiyyə ocaqlarının sayı sürətlə artır, xidmətin səviyyəsi yüksəlir. Xəstəxana və poliklinikalar yenidən qurullur, səhiyyə obyektləri dünya standartlarına uyğunlaşırılır. Məcburi köçkünlük həyatı yaşayan cəbrayıllılar bu inkişafı öz həyatlarında daha aydın hiss edirlər. Biləsuvar rayonu ərazisində Cəbrayıl əhalisi üçün salınan qəsəbədə yerləşmiş xəstəxana və tibb ocaqları deyilənlərə gözəl nümunədir. Burada indi 77 nəfər həkim və tibb işçisi çalışır. Onlara nümunəvi xidmət üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar böyük alim Zərifə Əliyevanın nurlu xatirəsinə ən gözəl hədiyyədir. Xalqımız İlham Əliyev kimi qeyrətli oğul böyüdüb tərbiyə etmiş Zərifə xanım Əliyevanın əziz xatirəsini bundan sonra da uca tutacaqdır.
Tofiq Hüseyn
Respublika.- 2013.- 25 aprel.- S. 13.