Azərbaycan media nümayəndələri Şimali
Kiprdə olmuşlar
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistika sahəsində beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində Azərbaycan media nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri olub. Səfərin ilk günlərində Kiprin prezidenti Dərviş Əroğlu, baş nazir və xarici işlər naziri ilə maraqlı görüşlər keçirilib.
Fonddan verilən xəbərə görə, nümayəndə heyətinin növbəti görüşü “Kıbrıs” Media Qrupunun İdarə Heyətinin sədri Rəşad Akarla olub. O, belə bir geniş nümayəndə heyətinin gəlişindən razılığını bildirib. Görüşə görə təşəkkür edən fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycan mətbuatı üçün mühüm əhəmiyyət kəsb edir. Görüşdə gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi qərara alınıb.
Daha bir görüş Kıbrıs Türk Qəzetçilər Birliyinin üzvləri ilə baş tutub. Qurumun yaranma tarixi və fəaliyyəti haqqında danışan birliyin rəhbəri Hüseyn Güvən hələ də Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin kifayət qədər olmamasından təəssüfləndiyini vurğulayıb: “Bizim təşkilatın 300 nəfərə yaxın üzvü üçün sizin gəlişiniz çox xoş oldu. Ümid edirik ki, bundan sonra əməkdaşlığımız güclənəcək və bir–birimizdən çox şey öyrənəcəyik”.
Vüqar Səfərlinin fondun fəaliyyəti haqqında, xüsusilə də jurnalistlərə və qəzetlərə dövlət dəstəyi layihələri barədə geniş məlumatı kiprli həmkarların yaxşı mənada böyük təəccübünə və heyrətinə səbəb olub. Fond rəhbəri bildirib: “Fond Azərbaycanda söz və fikir azadlığına dəstək vermək üçün yaradılıb. Azərbaycan Prezidenti hər il bizim fonda kifayət qədər vəsait ayırır və bu vəsait jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşmasında mühüm rol oynayır. Prezident jurnalistlər üçün mənzil tikintisinə də vəsait ayırıb, artıq binanın tikintisi başa çatıb və bir neçə aydan sonra 156 mənzil jurnalistlərin istifadəsinə veriləcək”.
Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər nümayəndələr də çıxış edərək rəhbərlik etdikləri qurumlar haqqında kiprli həmkarlarına məlumat veriblər, fikir mübadilələri aparılıb, hər iki tərəfdən meydana çıxan suallara geniş izahlar verilib.
Kipr Türk Qəzetçilər Cəmiyyətinin üzvləri ilə keçirilən görüş də yaddaqalan olub. Çıxışına “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” ifadəsi ilə başlayan qurumun rəhbəri Akay Camal Azərbaycanı çox sevdiklərini, hər il Xocalı faciəsinin ildönümü ilə bağlı böyük tədbir keçirdiklərini deyib: “Azərbaycandan olan Kiprdəki universitet tələbələri də bu tədbirlərdə fəal iştirak edirlər. Sizin gəlişiniz göstərdi ki, bundan sonra əlaqələrimiz daha sıx olacaq”.
Azərbaycan nümayəndə heyətinin üzvləri isə ölkəmizdə mətbuatın hazırkı vəziyyəti, inkişaf tendensiyaları, dövlətin bu sahəyə göstərdiyi diqqət, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.
Ən maraqlı görüşlərdən biri Birinci Media Qurumunun İdarə Heyətinin rəhbəri Ertan Birinci ilə olub. Kiprdə ilk özəl televiziya yayımını həyata keçirən bu qurumun nəzdində üç telekanal və iki radio fəaliyyət göstərir. Telekanalların xarici əlaqələri çox güclüdür, hətta Londonda da studiyaları var və oradan verilişlər hazırlanıb yayımlanır. Müzakirələr zamanı telekörpülərin təşkil olunması, qarşılıqlı səfərlər, Azərbaycanın klassik filmlərinin Kipr televiziyalarında nümayiş etdirilməsi, hər iki tərəfdə nümayəndəliklərin yaranması kimi maraqlı təkliflər səslənib.
Səfər çərçivəsində min nəfərdən artıq azərbaycanlı tələbənin təhsil aldığı Yaxın Doğu Universiteti, Girnə Amerikan Universiteti və Doğu Akdeniz universitetlərinin rəhbərləri ilə də səmərəli görüşlər keçirilib.
Universitet rektorları ilə keçirilən geniştərkibli görüşlərdə geniş fikir mübadiləsi aparılıb. Yaxın Doğu, Doğu Akdeniz Universiteti rəhbərlərinin Azərbaycan mediasının inkişafı barədə xoş sözləri məmnunluqla qarşılanıb.
Azərbaycan Media Qrupunun rəsmi səfəri proqramında Kiprin tarixi, mədəniyyət abidələri ilə tanışlığa da yer ayrılıb. Ziyarətlər zamanı qrupu müşayət edən ŞKTC–nin Azərbaycandakı sabiq nümayəndəsi Zəki Qazıoğlu və ŞKTC–nin Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim Taksamançı ölkəsinin tarixi, mədəniyyəti, mətbuatı, xalqın öz sərvətlərinə və dəyərlərinə möhkəm bağlılığı barədə geniş məlumatlar veriblər.
KİVDF–nin icraçı direktoru Kipr mətbuat orqanlarının böyük marağını nəzərə alaraq bütün görüşlərdə ölkənin media nümayəndələrini Azərbaycanın mətbuat sahəsində hazırkı dövlət siyasətilə daha yaxından tanış olmaq üçün Azərbaycana səfərə dəvət edib. Azərbaycanın təcrübəsinə maraqlarını gizlətməyən Şimali Kipr media mənsubları dəvəti qəbul etdiklərini bildiriblər.
Bununla da Azərbaycan nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb.
Ülvi QARAYEV
Respublika.- 2013.- 25 aprel.- S. 13.