ÖVLİYA
ÇƏLƏBİ: “SƏYYAHİ–ALƏM, XANƏDANA DOST
ALLAH BƏNDƏSİYƏM”
Qafqaz Universitetinin Qafqaz
Araşdırmaları İnstitutu universitetin Elmi
Şurasının qərarı və Türkiyə
Respublikası Baş Nazirliyinin Tanıtma Fondunun dəstəyi
ilə dünyaca məşhur səyyah Övliya ÇƏLƏBİNİN
möhtəşəm “Səyahətnamə” çoxcildliyindəki
Azərbaycanımıza aid hissələrin ana dilimizə tərcüməsini
bir kitabda, nəfis poliqrafik icrada, gərəkli
qeyd və izahlarla nəşr etmişdir. “Övliya Çələbi
“Səyahətnamə”sində “Azərbaycan” adlanan bu kitabı
hazırlayanların məqsədi XVII əsr Azərbaycanının
hərtərəfli görünüşünü diqqətə
çəkməklə oxucuların coğrafiyadan Vətənə
çevrilən informasiya bazasını
genişləndirmək, “Tarixi Azərbaycan və Müasir Azərbaycan”ın
hüdudlarının müqayisəsindən ibrət
götürmək, məhz bugünkü azərbaycanlıların
ulu babalarının bu torpaqlarda DÖVLƏT qurucu titullu xalq
olduğunu bütün ali əlamətlərlə təsdiqləməkdir;
Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin dinc yolla həllində
mücadiləmizin, həqiqətən, haqqa
bağlandığını “ədalət yüklü
qatırlara” başa salmaqla, Azərbaycanın öz
mövqeyini dəstəkləmək üçün əlində
çox faktların olduğunu sivil yolla bəyan etməkdir.
***
…Ey
can, səfər eylə
Qəzetçiliyin
və teleqraf işinin genişlənməsinədək
dünyada informasiya toplamağın və yaymağın bir
forması da “səyahət etmək” olmuşdur. Məşhur
tarixçi Herodotdan başlamış Övliya Çələbiyədək,
hətta bir müddət də sonra
dünyagörüşün, elmin, yaşayışın—bir
sözlə, yaxşı–pis cəhətlərin
görüb–götürülməsində, yazıb “tarixləşdirilməsində”
səyahətnamələrin müstəsna rolu təsdiqlənmiş
faktdır. Hacı Zeynalabdin ibn Axund İskəndər
Şirvani, Marko Polo, Xristofor Kolumb, Afanasi Nikitin, Nikolay
Mikluho–Maklay, Nikolay Prjevalski və bir çox başqa səyyahların
əsərləri də belə düşünməyə əsas
verir.
Ümumiyyətlə,
səyyahlar, onların yol xəritəsi,
hazırladığı hesabatlar, icra etdikləri dövlət
əhəmiyyətli tapşırıqlar və iştirak
etdikləri rəsmi görüşlər həm də təmsil
olunduqları xalqın, dövlətin hərbi–siyasi
nüfuzunun, imperiya quruculuğu, dünyada hegemonluq
iddiasının göstəricisi idi. Bu mənada Övliya
Çələbi fenomeni beynəlxalq əhəmiyyətli
klassik nümunədir. Onun bütün fəaliyyətinə
bugünkü müqayisəli analiz sistemilə yanaşanda,
aydın olur ki, tarix, etnoqrafiya, memarlıq, coğrafiya,
diplomatiya, ədəbiyyat, iqtisadiyyat, linqvistika, beynəlxalq
münasibətlər —demək olar ki, bütün təbiət,
humanitar və ictimai–siyasi elmlər istiqamətində tədqiqatlar
aparan bir çox müasir institutların görə biləcəyi
işləri yerinə yetirmişdir. Dolayısı ilə,
Övliya Çələbi şəxsiyyəti XVII əsr
Ali–Osman dövlətinin hərtərəfli inkişaf səviyyəsinin
göstəricisidir. Buna görə də onun səyahət
marşrutu və yol qeydləri əsasında
yazdığı oçerklər—ölkələr buketi olan
çoxcildliyi konseptuallığı və zənginliyi ilə
diqqəti cəlb edir. Və bu gün də mütəxəssislər
tərəfindən həvəslə öyrənilməsi
onun həmişəyaşar qalacağı iddiasının təsdiqidir.
Bütün
bunlar həm də onu deyir ki, “Dünya duracaq yer deyil, ey can, səfər
eylə!”.
***
Naşirlər
oxucunu müəlliflə birgə səyahətə
çıxarmaqdan öncə dövr haqqında, dörd səfərin
hər biri barədə maraqlı və oxucuya
yardımçı ola biləcək
aydınlaşdırıcı mətnlər, xəritələr,
minatürlər… də tərtibləyib çapa vermişlər.
Onların elmi–kütləvi xarakteri səyahətlərin səbəb
və nəticəsini həm də vizual olaraq dərk etməkdə
müasir oxucu üçün “mövzuya giriş” xarakteri
daşıyır. Bunu kitaba albom xarakteri verən faydalı cəhət
olduğu üçün xüsusi qeyd edirik.
Alın yazısı
Övliyaşünaslar
bir yuxunun onun taleyində həlledici rol
oynadığını xüsusi vurğulayırlar: deyilənə
görə, gecə yuxuda Məhəmməd Peyğəmbəri
(ə.s.) görüb, Onun əlini öpərkən, “Şəfaət,
ya Rəsulallah” əvəzinə, dili çaşıb “Səyahət,
ya Rəsulallah” deyib. Hz. Peyğəmbər də
gülümsəyərək, şəfaəti, səyahəti
və ziyarəti ona müjdələyib…
Övliya
Çələbinin avtobioqrafiyası göstərir ki,
Peyğəmbərimiz necə buyurmuşdusa, elə də
yaşamışdır: ömrünün qırx ildən
çoxunu şəfaət, səyahət və ziyarətdə
keçirmişdir.
…
UNESCO 2011–ci ili “Övliya Çələbini anım ili” elan
etmişdi. Səbəb aydındır: Çələbi irsi
bu gün də öz elmi dəyərini saxlamaqdadır.
Kitabın
naşirləri məşhur səyyahın portretini belə təqdim
edirlər: “…heç evlənməmiş, ailə
qurmamışdır. Əsərindən mahir minici olduğu,
cirt oynadığı, hər kəslə mülayim rəftar
etdiyi, xoşsöhbət, hazırcavab olub
qatıldığı məclislərdə sözünü
dinlətdiyi anlaşılmaqdadır. Dövlət adamları
arasında xeyli tanış–bilişi olmasına baxmayaraq, mənsəb,
şöhrət arxasınca qaçmamış, həyatını
yalnız səyahətlərə sərf etmişdi… səyahətlərinə
kömək olsun deyə bir çox hallarda saraydan məktub
aparıb–gətirmək, kəndləri təhetmək, vergi
toplamaq… vəzifələri də icra edirdi. Bəzən səfərinin
təhlükəsizliyi naminə elçi qafilələrinə
qoşulmaqla… səyahətinin həm də maraqlı
keçməsinə fürsət tapırdı… zəngin ailədən
olması, uzun çəkən səfərləri
üçün lazım olan maddi imkanların
mövcudluğu onun səyahət işini
asanlaşdırmışdır”.
Övliya
Çələbi həyatını Dövləti–Aliyə
bağışlamış, ensiklopedik biliyə, çox
güclü müşahidə qabiliyyətinə və
analitik təfəkkürə malik şəxsiyyət
olmuşdur. Onun keçib getdiyi yad ərazidə “istiqamət
götürmək” // “nişan vermək” qabiliyyətinə
söz ola bilməz. Keçdiyi ərazidəki
yaşayış məntəqələrinin yeri, əhalisi və
onun etnik–dini tərkibi, yolüstü qalaların sayı,
hansı qalanın hansı müqaviləyə əsasən hələ
də sökülmədiyinə, yaxud sökülüb
xarabalıqları qaldığına işarə verən, hətta
cəza və plov növlərinin təsvirinə kimi qeydləri
məxsusiliyi ilə seçilir. Yaşayış məntəqəsinin
statusunu göstərmək üşün xan, məscid, hamam,
dükan–bazar və yaşayış evlərinin sayını
nəzərə çarpdırmaq orta əsrlər
üçün xarakterik olan statistik məlumat deyil, hərbi–strateji
“informasiya bankı”nı formalaşdıran leqal məqsəddir.
Bu baxımdan müdafiə istehkamlarının, qalaların təsvirində
ciddilik və dəqiqlik diqqəti cəlb edir. İnsan izi olan
bütün məntəqələr, demək olar ki,
yuxarıda qeyd olunan çərçivədə, üslub və
formada təqdim edilir. Məsələn, Naxçıvandan Təbrizə
olan istiqamətin təqdiminə nəzər salaq; bu formaya əsər
boyu riayət edilir: “…Naxçıvandan qiblə tərəfə
8 saat, Kəsik Künbəd mənzili: min evli,
bağlı–bağatlı, üç cameli, xan, hamamlı
abad qəsəbədir. “Yaxud: “…Etimadövləsi, kələntəri,
münşisi, daruğası, dizçökən ağası,
çigyeyən ağası vardır ki, bu əsnaflar
hökumətlə əlaqədardırlar.” Yolçu
üçün oriyentir ola biləcək təbiət
nişanları da dürüst seçilir və aydın təsvir
edilir, çay, onun adı, sağ–sol kənarı boyunca hərəkət
istiqaməti, saatölçüsü ilə məsafənin
uzunluğu və s. Çox güman ki, məhz bu bilgilərə
sahib olduğundan, o, Ali–Osman qoşunlarının
Gürcüstan, Azərbaycan və Şimali Qafqaz
yürüşlərində əsgər kimi, diplomatik
elçi heyətlərində isə üzv kimi iştirak
etmişdir. Həmçinin adıçəkilən qonşu
dövlətlər barədə onun müşahidələri
və fikirləri ilə rəsmi Osmanlı dairələrinin
baxışlarının üst–üstə düşməsi
də onun şəxsiyyəti və rəsmi missiyaların tərkibində
nüfuzunu göstərə bilir.
Övliya
Çələbi hərtərəfli və çox
istedadlı şəxsiyyət olmuşdur. O,
düşdüyü şəraitə görə müəzzin,
vergi yığan, hesabdar, səfir, kəşfiyyatçı,
döyüşən əsgər, mübahisələri həll
edəcək diplomat, söhbətcil ziyalı… və xanəndə
də ola bilirdi. Rəsmi qəbulların “Bədiyyatla
bağlı söhbətlər”indən”—qeyri–rəsmi hissələrinin
birində onun qabiliyyətinin tədqiqatçılar tərəfindən
toxunulmayan maraqlı tərəfi belə açılır:
“Xanım, siz bir badə içirsiniz ki, bədəninizə hərarət
gələ. Amma insana Allah keyfi gərəkdir. Mənə bir
qaval gətirsinlər. Ta ki, xanım Xuda keyfini müşahidə
edə” dediyimdə, “Hey Yarəli, Əli eşqinə,
qardaşıma bir qaval gətir”,—dedikdə o an bir hind
qavalı, şüşə zınqrovlu bir dairə gətirdi.
Yarəlinin əlindən alınca Rum tərzi üzrə
segah məqamında təqsim:
Eşqin
sənin həyati–əbəddən nişan verir,
Guya
yolunda ölməyə hər xəstə can verir,
—deyib
üç mürəbbe, bir səmayi, sonra bir dübeyti ilə
muğamı tamam etdiyimdə cümlə məclis əhli əllərini
ağızlarına apardılar”.
Bu fikrə
dayaq olan başqa bir maraqlı haşiyə: “Töhfeyi–təvarix”
kitabının yazdığına əsasən, musiqi elmində
“Kitabi–ədvar”da [musiqi nəzəriyyəsi haqqında kitablara
verilən ad] on iki məqam, iyirmi dörd şöbə,
iyirmi dörd üsul və qırx səkkiztərkibdən
ibarət olan Şorakir şöbəsini həkim Şorakir
bu şəhər bərpa edilərkən tapdığı
üçün isminə Şorakir deyib bu şəhərin
adı ilə adlandırmış xoş–hava şöbədir”.
Bəzi tədqiqatçılar üçün “kəşfiyyatçı”
ifadəsi də başqa cür qavranıla bilər. Amma
dövrün beynəlxalq münasibətlər sistemindən
Övliya Çələbiyə nəzər yetirdikdə
müəyyən incəliklər açıla bilir.
Onun Təbriz xanı ilə söhbətinin başqa bir yeri məhz
bu istiqamətdə düşünməyə dəvət
edir: “Övliya ağam, bu bizim casuslarımız şahdan və
bizdən donluq geyərlər və çörək yeyərlər.
Hər biri təkmülü–fünun etmiş ərəb,
hind, özbək, tatar səyyahı olan casuslardır. Başqa vaxt xəbər gətirərdilər, indi
sizin xanınız zamanında heç xəbər gətirə
bilmirlər. Mən ona heyranam”.
…Beləliklə,
düşdüyü şərait onu hansı qiyafətdə
göstərmək istəyibsə, Övliya Çələbi
onu bacarıqla qəbul etmiş və xanədana sadiq Allah bəndəsi
kimi yüksək səviyyədə qulluq göstərmişdir.
Yazılan söz yadigardır!
Səyahətnamələr ən qədim və geniş
yayılmış mövzu, şəxsi təəssüratı
ictimailəşdirmək formalarından biridir. Ona ədəbiyyatın
xüsusi janrı kimi də yanaşanlar var. Çünki səyahətnamələr
də özünəməxsus biçimdə irəliyə
baxış, axtarış və sınaqdır; onun da əsasında
İNSAN problemi dayanır. Ona görə də
illər keçdikcə püxtələşərək həm
ədəbiyyat, həm də jurnalistika tərəfindən
xüsusi janr kimi qəbul edilmiş, dolayısı ilə elmə
xidmət göstərdiyi üçün bu gün də
yaşayır. Onun ədəbi–bədii dəyəri
“qəhrəmanın avaraçılığı” üzərində
qurulmur, konkret məqsədlə düzənlənən səfərlərin
MÜSAFİR REALİZMİ—səfər təəssüratından
doğulan fikrin sərbəst, dürüst və koloritli ifadəsi—ilə
təsvirindən görünür. Xalqın güzəranını
duymaq, gəzməli–görməli məkanlarla tanış
olmaq, dövlət atributlarının, hərbi potensialın
sanbalını təxmin etmək, gördüklərinin və
duyduqlarının məntiqi ilə müəyyən proqnozlar
etmək imkanı verən informasiyaların seçilib
ümumiləşdirilməsi səyahətnamə müəlliflərinin
intellektual səviyyəsinin göstəricisidir. Bu zirvədən baxanda gözəl üslublu,
şirin dilli Övliya Çələbinin şah əsəri
öz janrında etalondur.
Səyahətnamələrdə
çatışmayan cəhətlər də olur: bəzən
müəlliflər öz gözlərilə görmədikləri
ölkələr, şəhərlər, hadisələr, adət–ənənələr…
və s. barədə “rəvayət” tipli məlumatlar verirlər.
Bu xasiyyət hətta eramızdan əvvəl
Herodotda da olmuşdur. Övliya Çələbinin əsərini
nəşrə hazırlayanlar bu incə məqamın
qarşısını nəzakətlə belə
almışlar: “Oxuculara mübahisəli görünə biləcək
məqamlara görə naşirlər məsuliyyət
daşımır”. Məsələn,
tarixçilərə məlumdur ki, Övliya Çələbi
Qazan şəhərində olmamışdır, ancaq, o,
“gördüklərini” yerli–yataqlı elə təsvir
etmişdir ki, sanki orada olmuşdur. Yaxud məşhur
Çaldıran döyüşü barədə kitabda belə
bir “sirr” oxuyuruq: “Əcəm qoşunu İslam ordusuna cəngdə
ziyan vurub dib alaylarımıza qılınc girər… bu məkanda
(Çaldıran çölündə—E.V.) iki tərəfdən
top–tüfəng atılmamağa əhd–aman da olunmuşdu. Həmən
Səlim xanın (Sultan Səlim—E.V.) xatirinə gələr:
“Biz Şah (Şah İsmayıl—E.V.) ilə İsfahanda
şahlığı kənara qoyub şətrənc
oynayıb mat etdiyimizdə əhdə vəfa etməyib bizə
bir sillə vurduqda, biz də “Şahım, əhdə vəfanı
bir gün pozarıq” demişdim. “O əhdi pozmaq budur” deyə,
topların atılmasına əmr edib… Toplara atəş edincə
cümlə qızılbaşı toplar darmadağın edib…”.
Məlumdur ki, o dövrdə Sultan Səlimin hərbi
texnikası, Şah İsmayılın isə ideologiyası
güclü olub. Hadisənin Çələbisayağı
yozumunu isə dövrün hərbi–siyasi etikasına uyğun
qəbul etmək mümkündür.
Övliya Çələbinin əsərinin çox
şirin və doğma yazılmasında bir neçə
xüsusiyyət həlledici rol oynamışdır. Ən əsası
odur ki, o, rəiyyətdən tutmuş xana qədər
hamı ilə tərcüməçisiz
danışmışdır. “Qarındaşımız”
deyərək təqdim etdiyi həmsöhbətlərini ilk
sözündən başa düşdüyündən, təsvirlər
realdr. Eyni dinə itaət etdiyindən
regionun din və təriqətləri, övliya və ziyarətgahları
barədə ətraflı məlumat verilmişdir. Hətta
bağçalarda əkilən meyvə ağaclarına da
biganə qalmayan səyyah yuxarı təbəqənin məclislərində
süfrə etiketini də dəqiq təsvir etməkdə tənbəllik
göstərməmiş, süfrədəki içki
adlarını da qeyd etməyi lazım bilmişdir: “saf
şırab, vişnabi–şüllə”.
Reseptlərini öyrənib yenidən istehsal etməyə
dəyər.
Kitabın faydalı tərəfləri çoxdur. Ona görə
də onu diqqətlə və dostcasına mütaliə etmək
lazımdır. Hətta oxucu
üçün yaş həddi çəkməyə də
ehtiyac yoxdur. Onu aşağı sinif
şagirdləri də “oxu” kitabı kimi dərsdən kənar
mütaliə edə bilərlər. Tərbiyəvi əhəmiyyətinə
əmin ola bilərsiniz. Müəllifin
dili və üslubu nağıl kimidir. Gənc
diplomatlarımız bu kitabdan öz fəaliyyətləri,
“protokol”, “etiket”, hədiyyə vermək — “almaq”, “xoş gəldin/xoş
getdin” mərasimləri ilə bağlı ana dilimizdə
vaxtilə işlənmiş ifadə formalarının leksik tərkibindən,
təkbətək görüşlərin keçirilməsi
üçün edilən xitablardan, yazılı məktub mətninin
formasından, şifahi çatdırılacaq sözün
deyiliş formasından və s. bəzi detalları öyrənib,
yeni–yeni formalaşmağa başlayan Azərbaycan diplomatiya
dilini, dipprotokol ənənəsini koloritləşdirə bilərlər.
Çünki Övliya Çələbinin ifadə
gözəlliyi bəlağətli olsa da, şit deyil. Diplomatik görüşlərdə haşiyəyə
çıxılan ibrətamiz söhbətlər—özü
bir aləmdir. Onların bəzilərinin
müasirliyi “sözə qüvvət” kateqoriyalı
olduğundan, bu gün də təcrübədə istifadə
edilə bilərlər.
Kitab azərbaycanlıların bu torpaqların əzəli
sakinləri olduğunu məzmununa uyğun mövqedən təsdiqləyir,
ölkəmiz haqqında qədim tolerantlıq və mədəniyyətlərin
qovşağı epitetlərinin həqiqiliyinə kinayə edənlərə
isə müdrikliklə cavab verir. Bu torpaqlar, həqiqətən,
bir çox etnik qruplara, o cümlədən kürdlərə,
ermənilərə, göydolaqlara [alban tayfaları
olduqları iddia edilir], gürcülərə və b.
yaşamaq haqqı verib. Amma qəti əminliklə
qeyd edilməlidir ki, adı çəkilənlərin
heç biri bu torpaqlarda DÖVLƏTqurucu titula malik etnik qrup
olmamışlar, sadəcə, vergiödəyici qövm
statusu daşımışlar. Bugünün
siyasi reallığı da buna əsaslanır və
münaqişəli məsələlər bu tarixilik üzərində
çözülməlidir. Ona görə
də Övliya Çələbi
yaradıcılığı bu gün daha dərindən və
hərtərəfi öyrənilməli, təbliğ edilməyə
layiqdir. Çünki biz bu tipli mövzulara ara verəndə, azərbaycanşünaslığa
düşmən sıralar gur qaqqıldaşırlar. Məsələn,
“tanınmış yazıçı və kinodramaturq” kimi
yekələnən Kim Naumoviç Bakşi bu yaxınlarda belə
sərsəmləmişdir; orijinalda oxuyaq: “Mənim xətrimə
dəyir Azərbaycan rəhbərləri ermənilərə
“gəlmə” xalq deyəndə. Ermənilər necə gəlmə
ola bilərlər ki, Azərbaycan və azərbaycanlıların
özləri deyil, hətta bu barədə təsəvvür
belə olmayanda bütün Artsax qədim abidələrlə
(alban abidələrini səhvən erməniləşdirir—E.V.)
dolu idi. İran Azərbaycanı olub, orada da
tamam başqa xalq yaşayıb. Ölkə
prezidentinin belə sözlər danışması
ayıbdır”. Ona geniş cavab vermək
bu yazının məqsədinə daxil deyil. Ancaq həvəskar
ermənişünas və yalançı patsifist qocanın
“mıxça” düşüncəsi ilə “mıx”
haqqında “dahiyanə” fikirlər söyləmək
iddiasının ciddi elmi söhbətlərlə rəqabət
apara bilməyəcəyi və ikili standartı onun Qafqaz
Albaniyaşünaslığının məntiqinə
dözmədən məhv olacağını görməmək
çətin deyil. Zorən ermənişünas daha sonra
deyir: “Mən Ermənistan prezidenti ilə görüşəndə
ona dedim: “Əgər sizə bircə nəfər də olsa atəş
açmağı bacaran adam lazım gələrsə,
mənə güvənə bilərsiniz”. “Əhsən”, qoca
vassal! Əlində dürüst qələm tutmaq əvəzinə,
silah arzulayan qondarma ermənişünasların tipik
obrazı, bax, budur! Belələrinə
tutarlı cavab keçmişimizdən də gur gəlir.
Beləliklə,
müdrik qoca Övliya Çələbi sanki müasir
Bakşilərin çirkablı içini çox–çox
uzaqlardan görmüş, özü dediyi kimi, Allah bəndəsi
olaraq bu gün və gələcəyə ən gözəl
töhfəsini obyektiv qələmlə verib cənnətlik
olmuşdur!
“Səyahətnamə”də müxtəlif xalqlara aid
xarakterik xüsusiyyətlər Övliya Çələbi
istedadı ilə çox dəqiqliklə portretləşdirilmişdir. O, ulularımızın
sözlə fotosunu belə çəkmişdir.
Azərbaycan
kişisi: “Ağlı gözündə, sadiqlik içində,
şəmşir belində, xəncər əlində atəş
parçası kimi adamlardır”.
Azərbaycan
qadını: “Cəmi dilbərləri qorxusuz,
hürküsüz hovuz içrə tovuz kimi qanad
açıb, göydə uçan göyərçin kimi
atılıb işvəkarlıq və mərifət göstərib
irz və vüqarlarını örtən bir dəstə məhbublardır”.
Sadə, incə və …möhtəşəm
azərbaycanlıların fotosu!
Qonşularımızın cəmiyyətimizdə tutduqları
sosial mövqe də müasirlərimiz üçün
maraqlı olmalı və yeni azərbaycanlılar nəslinin
formalaşdırılmasında yaxşı yaddaş kimi təbliğ
edilməlidir.
Keçmişimizin dadı damağımızda qalmaması
üçün ondan gələcək həmvətənimizin
milli ruhuna dad qatmağın vaxtıdır: ağılla,
kamalla, müasir elmi–milli dəyərlərlə. Çünki keçmişi müasir tələblərlə
bir daha yaşamaq mümkündür.
Xatırladacağımız ifadələrin çəkisi də
bunu reallaşdırmağın heç də çətin
olmadığını göstərə bilir: “əksəriyyət
kölələri gürcü çakərləridir”, “cariyələri
də gürcü və Gilandan gəlmiş mənhus
ruslardır”, “günəş üzlü gürcü
qulamı [hədiyyə] verdi”, “ticarət üçün gəlib–gedən
rum kafirləri” və s. Bütün bunlar regionda söz sahibi
dövlət, qonşu xalqlar arasında ən kübar və lətif
birisi istiqamətində aparılan müasir Azərbaycan siyasətinin,
həqiqətən də, tarixi köklərə malik
olduğunu təsdiqləməkdədir.
Bu gün haqqında tez–tez eşitdiyimiz bir məsələ
barəsində də Övliya Çələbinin qeydi
düşündürücüdür və müqayisəli
səslənir. Söhbət Urmiya gölündən gedir, o vaxtlar “…bu
gölə ətrafından qırx beş
ədəd böyük və kiçik çay axıb
tökülür”dü. İndi isə qurumaq təhlükəsindədir…
Çox gəzən çox bilər…
Övliya
Çələbi Azərbaycana, öz dili il
desək, “Əcəm elinə” ömrünün iyirmi ilini,
demək olar ki, tən yarısını,
bağışlamış və dörd dəfə səyahət
etmişdir. Mütəxəssislər onların
xronologiyasını, səbəb və məqsədini belə
göstərirlər:
I.
1646–1647–ci illər: Dəftərdarzadə Məhəmməd
paşa Ərzurum bəylərbəyi təyin olunduqdan sonra
onun tapşırığı ilə Osmanlı—Səfəvi
sərhədində baş verən silahlı toqquşmaları
aradan qaldırmaq üçün aparılan
danışıqlarda Osmanlı dövlətini təmsil etmək
üçün;
II. 1647–ci
il: Qarslıların Rəvan karvanlarına
basqınları ilə əlaqədar Rəvan xanının
göndərdiyi şikayət məktubuna cavab olaraq;
III.
1655–ci il: Əcəmilərin Pinyaniş
qövmünün qoyunlarını aparması və Bağdad
valisi Mürtaza paşanın əsir alınan
qardaşını azad etdirmək üçün;
IV.
1666–cı il: Avropaya səfər etmək,
sonra Qafqaza qayıdıb Azərbaycana gəlmək və
buradan Orta Asiyaya səyahət arzusunu reallaşdırmaq.
Beləliklə, ölkəyə daxil olub, leqal hərəkət
etmək üçün hər şey gözəl və
yerli–yataqlı düşünülmüşdü.
Azərbaycan dünya səyyahlarını ancaq ekzotik
ölkə qismində cəlb etməmişdir. Bu fikir orta əsrlər
dövrünə xüsusilə aiddir. Regionda gedən hərbi–siyasi
proseslərdə, məsələn, “Azərbaycan amili”ni, Hindistan, Çin, Rusiya amilini hərtərəfli
öyrənmək üşün oralara səyahətlər təşkil
etmək o vaxtlar sınaqdan çıxmış taktiki bir
üsul idi. Bu mənada Övliya Çələbinin
1646–1666–cı illər arasında Azərbaycanda dörd dəfə
olması ancaq “qardaşlıq romantikası”na
bağlı duyğusallıq deyildi. İyirmi il orta əsrlər
dövrünün zamanı qavramaq anlayışı
baxımından böyük vaxt olsa da, bu arada bir regiona
müxtəlif giriş–çıxış istiqamətlərindən
dörd dəfə səyahət etmək çoxdur,
…həm də maraqlıdır. Görünür,
müəyyən rahatsızlıq yaşanırmış.
XVII əsrdə fransalı Rafael dü Man da Azərbaycana
səfər etmişdi. Lakin təəssüratları “Səyahətnamə”
adı ilə çox–çox sonralar — XIX əsrin
axırlarında, 1890–cı ildə çap edilmişdi; gecikmənin
səbəbi ancaq fransız hiyləgərliyini ört–basdır
edən casus məxfiliyindən irəli gələ bilərdi.
Fransalı səyyah Jan Batist Tavarniye, holland Yan
Streys də Övliya Çələbi ilə bir dövrdə
buralarda olmuşlar. Guya Azərbaycanda kənd təsərrüfatının
inkişaf səviyyəsinə xüsusi diqqət yetirmişlər,
hətta dörd növ taxıl yetişdirildiyini qeyd etmişlər…
Ancaq “Tokatdan Təbrizə qədər olan
torpaqlarda” yaşayan əhalinin etnik–dini tərkibində
xristian amilini “öyrənib” vurğulamaqla yanlış məlumatlar
sızdırmağı da unutmamışdır. Çünki bu “xırdalıq” gələcəkdə
böyük strateji niyyətə xidmət edəcəkdi.
Nə isə…
Birinci səfər öncəsində baş
vermiş hadisələrdən məlumdur ki, Bağdad
uğrunda Osmanlı—Səfəvi müharibəsindən sonra
onların döyüşləri Azərbaycan torpaqlarında
davam edirdi. 1639–cu ildə Qəsri–Şirində
hər iki dövlət arasında 1612–ci ilin sülh şərtlərini
təsdiq edən yeni sülh müqaviləsi
imzalanmışdı (bu müqavilə XVIII əsrin I
rübünədək qüvvədə olmuşdu). Yaranmış dinc quruculuq illərində Azərbaycan
özünə gəlir, Yaxın və Orta Şərqdə
yenidən qüvvətli məmləkətə
çevrilirdi. Buna görə də Avropa
və Asiyanın canavar dövlətləri Azərbaycanı dərindən
“tanımağa” çalışırdılar. Ölkə ticarət əlaqələrini genişləndirirdi.
Xüsusilə də şimal sərhədində
Rusiya ilə ticarət münasibətləri sülh şəraitində
keçdiyindən (quldur kazakların talançı
hücumlarını nəzərə almasaq), durum dövlətlərarası
yaxınlaşmaya da müsbət təsir göstərə
bilirdi. Beləliklə, Azərbaycan Şərq
ölkələri—Rusiya arasında önəmli tranzit ticarət
ölkəsinə çevrilirdi. Qərbi
Avropa istiqamətində genişlənmək arzusunu
reallaşdıra bilməyən Rusiya dinc durmayıb
silahını cənuba—Qafqaza çevirmişdi. Dövləti–Alinin isə əsas diqqəti XVII əsrin
əvvəllərində Mərkəzi Avropa ölkələrində,
sonlarında isə Avstriya—Macarıstan civarlarındakı hərbi
ekspedisiyalara qarışmışdı. Belə
gərgin bir vaxtda XVII əsrin sonu, XVIII əsrin əvvəllərindəki
fürsətdən istifadə edən Rusiya Xəzərsahili
vilayətləri işğal etmişdi. İngiltərə
və Fransa Rusiyanın Qafqazda yerini bərkitməsindən
rahatsızlaşıb Türkiyəni onunla müharibəyə
qızışdırırdı. Bax, o dövrdə
Fransadan, Hollandiyadan, Rusiyadan, Türkiyədən və b.
ölkələrdən Azərbaycana ayaq açan səyyahların
niyyəti gələcək hərbi ekspedisiyalara
hazırlıq məqsədi daşıyırdı…
Osmanlı gəlmiş!
Kitab səviyyəli “Müqəddimə” ilə
açılır. Yazı, müəllif və mövzu barədə
geniş oxucu auditoriyasını faydalandıran informasiyalarla zəngindir.
Səfərlərin marşrutunu sistemli şəkildə
aydınlaşdıran müvafiq xəritələri, təsviri
sənət incilərini mətnə əlavə etməklə
dövr və coğrafiya barədə dolğun təsəvvür
yaradan “Müqəddimə” müəllifi Mehmet Rihtimin “…nəşrdə
İran, Gürcüstan, Dərbənd və Şərqi
Anadolunun şərqindəki bəzi yerlər də əsərə
alınmışdır ki, bunun səbəbi həmin məntəqələrin
Övliya Çələbinin Azərbaycan səfərlərinin
marşrutuna daxil olmasıdır”, xüsusi qeydinin də nədən
qaynaqlandığı dərk olunandır.
Ancaq bir incəliyə də toxunmağa ehtiyac var (bəzi
müasirlərimizdən fərqli olaraq Övliya Çələbi
bu məsələdə çox həssasdır). “Müqəddimə”də
oxuyuruq: “…Onun (Övliya Çələbinin—E.V.) bəzi məsələləri
aydınlaşdırarkən işlətdiyi sözlər və
bir qədər qaba vəsflər… düşmən münasibəti
deyil, o dövrdə Osmanlı və Səfəvi cəmiyyətləri
arasında.., yazılı mənbələrdə işlədilən
qəlibləşmiş ifadələrdir… əsərin
ümumi məzmunundan görünən odur ki, Övliya
Çələbinin Azərbaycanla əlaqəli müsbət,
unudulmayacaq dərəcədə gözəl təəssüratları
olmuşdur… işlətdiyi “can Bakı”, “can Azərbaycan”,
“xaki–paki Azərbaycan”, “Təbrizi–dilaviz”, “nəqşi–cahan”
(Naxçıvan), “gənciheyi–raz dilnüvaz Gəncə
qalası” … və bu kimi vəsfedici ifadələr buna
sübutdur”.
Həqiqətən,
Osmanlı—Səfəvi müharibələrindən 50–60 il sonra reallaşan bu səfərlər
dövründə dövlətlərarası münasibətlərdə
müəyyən gərginliklər olmuşdu, xüsusilə
də sərhədyanı rayonlarda. Qeyd edək
ki, soyğunçuluq məqsədi daşıyan basqınlar
o dövrün hərbiləşmiş həyat tərzinin bir
növü idi. Ancaq bütün hərbi–siyasi
kəllələşməyə rəğmən hər iki
dövlətdə qarşılıqlı XALQ məhəbbəti
həmişə qürurla göz süzdürürdü.
Bu qürur bu gün də yaşayır və
yaşayacaqdır. Övliya Çələbiyə
qayıdaq. Doğrudan da, o, Azərbaycana və
azərbaycanlılara münasibətdə məhrəmdir,
xırdalıqlar gözəldirsə, onları da unutmamağa
çalışan bır müəllifdir. Ən ümdəsi
isə odur ki, xalqımızın öz dil, din və zat
qardaşlarına olan təmənnasız ülviliyini görə
bilən və onu ifadə etməyi bacaran bir ustaddır. Özü də ancaq Anadolu tərbiyəsindəki
Azərbaycan sevgisini deyil, Azərbaycandan Anadoluya
qarşılıq verən məhəbbətin də
carçılarından biridir. Əsərdə
kiçikdən–böyüyə hər azərbaycanlının
dilindən keçən “Osmanlı gəlmiş!” “xoş gəldin”liyi adi qonaqpərvərlik
duyğusundan qat–qat yüksəkdə duran el məhəbbətinin
ən sadə və uca zirvəsidir. “Ay əmim oğlu,
canım, ay xoş gəldin…”, “…Ey mənim can bərabərim…”
xitabları Övliya Çələbinin “Ali–Osman Oğuz
soyundandır” elmi fikrinin xəlqi ifadəsidir. Heç
bir Şah İsmayıl və Sultan Səlim bu
qardaşlığı kiçildə bilməzdi. Bu
möhtəşəm qardaşlıq vüqarının hər
iki tərəfi həmişə yan–yana qeyd olunmağa
layiqdir, çünki bu bizim həyatımızdır!
“Biz bir millət, iki dövlət” ikramının
düşməni didən, dostu göylərə qaldıran
enerjisinin ululuğunu görməklə Övliya Çələbi
cənnətliyin ruhuna rəhmət diləmiş oluruq.
Elçin VƏLƏDOĞLU
Respublika.- 2013.- 25 aprel.- S. 14.