Ulu öndər Heydər
Əliyev–Azərbaycan elminin
hamisi
Dünya
mədəniyyətinin və
elminin yaradıcılarından
biri kimi tanınan, Azərbaycan xalqının canında–qanında
olan humanizm və insansevərlik ideyalarının böyük
carçılarından biri—XIV
əsrin böyük Azərbaycan şairi və filosofu Seyid İmadəddin Nəsiminin məşhur bir kəlamı var: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam!”. Doğrudan da, bu dünyaya ülvi bir missiya—öz xalqına və bəşəriyyətə xidmət
üçün gələnlər
nəinki məkana, heç zamana da sığmırlar, onların əməlləri
və yaradıcılığı
qarşısında zaman
və məkan çərçivələri əriyib yoxa çıxır.
Xalqımızın XX əsrdə yetirdiyi zamana və məkana sığmayan dahi şəxsiyyətlərdən
biri də ulu öndər, ümummilli lider kimi şərəfli adları ləyaqətlə
daşıyan Heydər
Əliyevdir. Heydər Əliyev öz
şəxsiyyəti və
qüdrətli fəaliyyəti
ilə sanki zamanları birləşdirən
bir düha təsiri bağışlayır.
Bu cür şəxsiyyətlərdə
sanki etnosun yüz illər boyunca öz ulu məqsədləri üçün tədarük
etdiyi bioloji enerji akumulə olunur və ən maraqlısı da budur ki,
elə həmin şəxsiyyət vasitəsilə
də həmin enerji gələcək nəsillərə ötürülür.
Etnosun bu cür şəxsiyyətlər
ətrafında sıx
birləşməsinin səbəbi
də elə həmin superenerjinin yaratdığı maqnit cazibə sahəsidir.
Əlbəttə, bütün bu
hadisələrin və
fenomenlərin bir elmi izahı var və bu
izahın gerçəkləşməsi
üçün elm adamlarının,
alimlərin səyi və istəyi vacibdir. Heydər Əliyev kimi
fenomenal bir şəxsiyyətin müxtəlif
yönlərdən elmi
səviyyədə nəzərdən
keçirilməsi—onun bir
örnək, bir ideal kimi gələcək nəsillərə ötürülməsi
üçün çox
böyük əhəmiyyət
daşıyır. Məhz buna
görə Azərbaycan
alimləri, xüsusi halda Azərbaycan Milli Elmlər Akademiyasının alimləri
Heydər Əliyev fenomeninin öyrənilməsinə
həmişə maraq
göstərmiş və
bu elmi məqsədin
yerinə yetirilməsini
Akademiyanın şərəfli
vəzifələrindən biri saymışdır.
Elə bu məqsədlə hələ
keçən əsrin
90–cı illərində—Heydər Əliyev ikinci dəfə, bu dəfə müstəqil
Azərbaycanın rəhbərliyinə
qayıdanda “Heydər
Əliyev və Azərbaycan elmi” mövzusu bütün aktuallığı ilə
alimlərimizin qarşısında
durdu və bu mövzuya xüsusi monoqrafik tədqiqat əsəri həsr edildi.
Ulu öndərin 75 illik yubileyinə həsr edilmiş eyniadlı monoqrafiyanın müəllifi,
ömrü boyu ürəyində Heydər
Əliyev sevgisi daşıyan Azərbaycan
Milli Elmlər Akademiyasının sabiq prezidenti, mərhum akademik Fəraməz Maqsudovun qələmindən
çıxmış həmin
əsərin “Taleyin bəxş etdiyi nadir şəxsiyyət” adlı
giriş bölməsində
deyilirdi:
“Böyük siyasətçilər,
müdrik diplomatlar öz fəaliyyətlərinin
hərəkətverici qüvvəsi
kimi maye enerjidən, qaz enerjisindən deyil, intellektual enerjidən—beyin
enerjisindən istifadə
edirlər. Heydər Əliyev də…
intellektinin gücü
ilə zorakı fiziki qüvvəni məğlub etdi, insan zəkasının və müdrikliyinin ən qorxulu silahlarını belə susdurmağa, ən vəhşi ehtirasları söndürməyə, qana
susamışları sakitləşdirməyə
qadir olduğunu sübut etdi”.
Doğrudan da, belə baxanda
Heydər Əliyev öz ampluasının ən böyük alimidir və başqalarından onu fərqləndirən istedadı
da elmi bilikləri
ilə tandemdə bu dahini əlçatmaz
edir. Dərindən bələd
olduğu və sevdiyi klassik Azərbaycan poeziyasında,
dahi şair–mütəfəkkir
Nizami Gəncəvi yaradıcılığında da hələ 850 il öncə
bu fikir irəli sürülürdü:
Qüvvət
elmdədir,
başqa
cür heç kəs
Heç kəsə üstünlük
eyləyə bilməz!
Heydər
Əliyevin müəllimləri, onu yetişdirən xalq, mədəni–mənəvi
irs işığa, xeyirxahlığa, insansevərliyə,
ictimai tərəqqiyə yönəlik bir qaynaq idi və bu səbəbdəndir
ki, ulu öndərin elmi də yaxşılığa,
işığa, xeyirxahlığa xidmət göstərirdi.
Başqa cür ola da bilməzdi. Heydər Əliyev elə bir
ölkənin, elə bir xalqın yetirməsi idi ki, humanizm,
insansevərlik, xeyirxahlıq yönündə minillik ənənələri
var idi və ümummilli lider də ləyaqətli bir oğul
kimi təkcə bu ənənələri qəbul etməklə
kifayətlənməmişdi, həm də onları qoruyub zənginləşdirmək
yolunda qeyrət kəmərini belinə möhkəm
bağlamışdı.
Heydər Əliyev böyük siyasətə gəldiyi ilk gündən onun qəbul etdiyi və ömrünün sonuna qədər sədaqətli qaldığı bir iş üsulu oldu: rasional təfəkkürün, dəmir məntiqin qanunlarına söykənən elmi idarəetmə üsulu. Təbii ki, bu üsulun əsasını elm, bilik təşkil edirdi. Ancaq doğma xalqına məhəbbətsiz, vətəninə bağlılıqsız bu elmin və biliyin nə qədər effektiv olacağını demək çətindir. Buna görə də, heç şübhə yoxdur ki, Heydər Əliyevin elmi idarəçilik sisteminin əsasını məhz onun Vətənə və millətə sevgisi təşkil edir. Bu yöndə də Heydər Əliyev Azərbaycan humanist fikrinin layiqli davamçısıdır. Belə ki, lap qədim dövrlərdən başlamış son zamanlara qədər Azərbaycan ictimai–bədii fikrində maarifçi hökmdar ideyası aktual olmuş və istər klassik şairlərimiz, istərsə də filosoflarımız, ruhani alimlərimiz tərəfindən həvəslə təbliğ olunmuşdur. Heydər Əliyev məhz belə bir elmi irsin yetirməsi kimi uzun əsrlər boyu yalnız utopiya kimi qəbul edilmiş ideyaların gerçəkləşdirilməsində müstəsna rol oynamışdır desək, əlbəttə, yanılmarıq. Böyük Nizami “Sirlər xəzinəsi” poemasında türk dövlətçiliyinin ədalət prinsiplərini tərənnüm edərkən məhz Heydər Əliyev kimi türk dövlət başçılarının idarə üsulunu bütün dünyaya örnək göstərmişdi.
1993–cü il iyun ayında Heydər Əliyev hakimiyyətə yenidən gəldikdən sonra xalqın bu ağır və çətin vaxtında, ilk növbədə “atəşkəs rejimini” təmin etdi və ölkədə sabitlik yaratdı. Azərbaycan demək olar ki, ağır böhran içərisində idi. Bu zaman o, heç kəsin təsəvvür edə bilmədiyi və heç kəsin ağlına gəlməyən taleyüklü bir məsələni qarşıya qoydu. Heydər Əliyev çox düzgün olaraq fikirləşdi ki, Azərbaycan torpağının altında zəngin neft və digər qiymətli sərvətlər yatdığı halda, bu torpağın üstə xalq aclıq və səfalət içindədir. Ona görə də o, milli neft strategiyasını işləyib hazırladı. Bu strategiya çərçivəsində qlobal layihələr irəli sürdü. 1994–cü il sentyabr ayının 20–də “Əsrin müqaviləsi” layihəsi çərçivəsində dünyanın bir çox iri neft şirkətləri ilə birgə müqavilələr bağlandı, ölkəyə sərmayə axını başladı və xalqımızın iqtisadi vəziyyəti xeyli yaxşılaşmağa başladı. Respublikada baş alıb gedən hərc–mərcliyə, aclığa, özbaşınalığa son qoyuldu, qayda–qanun və nizam–intizam bərpa olundu. Azərbaycanı tədricən dünya ölkələri tanımağa başladılar. Məhz ulu öndərimizin uzaqgörənliyi nəticəsində xalqımız iqtisadi və sosial çətinliklərdən xilas oldu. Neft və qaz sərvətlərindən gələn gəlir hesabına digər sahələr də inkişaf etməyə başladı. Heydər Əliyevin xalqımızın dilinin, mədəniyyətinin və incəsənətinin inkişafında da misilsiz xidmətləri vardır.
Qırx beş il öncə Azərbaycanda hakimiyyətə gəlmiş Heydər Əliyev özünün humanist elmi ideyalarına söykənərək ölkəmizi qısa müddətdə cəhalət və ətalət girdabından çıxararaq elmin, qeyrətin, zəhmətin, son nəticədə isə milli səadətin işığına doğru apardı. Təsadüfi deyil ki, o zamanlar təkcə keçmiş Sovetlər Birliyində deyil, bütün dünyada sosioloq alimlər ictimai–iqtisadi inkişafın Azərbaycan fenomenindən danışmağa başladılar. Əslində buna “Heydər Əliyev fenomeni” deyilsəydi, daha doğru olardı.
Yaxşı bilirik ki, kainatın yaranması barədə müxtəlif nəzəriyyələr var. Bunlardan biri—antik filosoflar tərəfindən irəli sürülən “ilkin təkan”, digəri—çağdaş dövrdə alimlər arasında daha geniş yayılmış “böyük partlayış” nəzəriyyəsidir. Əgər keçən əsrin 70–ci illərinin əvvəllərindəki Azərbaycanı kiçik bir kainata bənzətsək, onun tərəqqisi üçün ilkin təkan da, böyük partlayış da, bütün bunlar məhz Heydər Əliyevin siyasət və idarəçilik elminin bəhrələridir. Qeyd etdiyimiz kiçik kainat, bu böyük şəxsiyyətdən aldığı enerji ilə bu gün də “genişlənməkdə” davam edir. Çünki o qüvvəni davam etdirən, sönməyə qoymayan, getdikcə gücləndirən varis var: Heydər Əliyevin elmi idarəçilik üsulunun istedadlı və bacarıqlı varisi—cənab İlham Əliyev. Demək, ulu öndərin elmi məktəbinin ideyaları yaşayır, xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə, dünya birliyində layiqli yerini tutmasına, ali beynəlxalq kürsülərdən səsimizin daha ucadan eşidilməsinə xidmət edir.
Heydər Əliyev bütün
elmi idarəçilik fəaliyyəti boyu Azərbaycan elminin
flaqmanı olan Elmlər Akademiyasına böyük önəm vermiş,
onun inkişafı üçün
əlindən gələni əsirgəməmişdir. Keçid dövrünün xaosunda
hakimiyyət başına gəlmiş səriştəsiz
insanların cəhaləti ilə yox olmaq təhlükəsi qarşısında
qalarkən, Akademiyanı əfsanəvi Simurq
quşu kimi öz məhrəm qanadları altına alan məhz Heydər Əliyev oldu.
Bu böyük
insanın qayğısı və diqqəti sayəsində alimin əvvəlki ad–sanı, şöhrəti,
nüfuzu bərpa olundu.
Dahi Nizaminin alim haqqında öz qəhrəmanı
İskəndərin dili ilə dediyi ölməz sözləri gerçəkləşdi:
Rütbələr içində seçilir biri—
Hamıdan ucadır alimin yeri!
Ulu
öndər Heydər Əliyev 15 may 2001–ci il tarixli fərmanı
ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli
Elmlər Akademiyası adını verməklə Azərbaycan
Milli Elmlər Akademiyasının statusu haqqında 4 yanvar
2003–cü il tarixli fərmanı ilə Akademiyanın statusunu
yüksəltmiş, onun qarşısında mühüm vəzifələr
qoymuş, bununla da alimlərimizin xalq və dövlət
qarşısında məsuliyyətini daha da
artırmışdır.
Bu gün milli status almış Elmlər Akademiyasının alimləri də Heydər Əliyevin bu tarixi xidmətlərini unutmur, qədirbilənlik nümayiş etdirərək onun xatirəsini əziz tuturlar. Əlbəttə, belə bir həqiqəti bir daha dilə gətirmək artıq deyil ki, Akademiya alimlərinin hər bir uğuru Heydər Əliyevin müqəddəs ruhunu şad edir, onun xidmətlərinin təhqiqatçısına və təbliğatçısına çevrilir. Xüsusən indiki informasiya və bilik əsrində alimlərimiz Heydər Əliyevin elmi məktəbinin uzaqgörən perspektiv məqsədlərinin reallaşması üçün daha genişmiqyaslı çabalar göstərir, ulu öndərin ən ülvi arzusu, amalı olan doğma Vətənin tərəqqisi, daha da abadlaşması və çiçəklənməsi naminə öz bilik və bacarıqlarını sərf etməkdən usanmırlar.
Ümummilli liderin şanlı 90 illik yubileyinə Azərbaycanın aparıcı alimləri də əliboş gəlməmişlər. Heydər Əliyev sevgisinin, Heydər Əliyev ehtiramının bir təzahürü Akademiya üzvlərinin məqalə və xatirələrindən ibarət bir toplu tərtib edilmişdir. Əlbəttə, bu ucsuz–bucaqsız mövzunu bir monoqrafiyada, bir məqalələr toplusunda əhatə etmək, onu bütün yönləri ilə aydın–aşkar təqdim etmək ağlasığan iş deyil. Ancaq necə deyərlər, varını verən utanmaz və adıkeçən toplu da ümumxalq bayramına, xalqımızın bütün nümayəndələri tərəfindən böyük sevgi və sayqı ilə qutlanan Heydər Əliyevin yubileyinə Azərbaycan Milli Elmlər Akademiyasının təvazökar bir ərməğanı kimi qəbul edilsin gərək.
Kitabdakı məqalələrdə istər Heydər Əliyevin akademik elmimizin inkişafı qarşısında xidmətləri, istərsə də onun haqqındakı ürək sözləri bu dahinin elmi dairələrdəki obrazı barədə səmimi təsəvvür yaratmağa xidmət edir. Toplunun tərtibi zamanı, təbii ki, ümummilli liderin daha çox Azərbaycan Milli Elmlər Akademiyası ilə çoxsaylı qırılmaz bağlarına, qarşılıqlı münasibətlərinə diqqət ayrılmışdır və yubiley nəşrinin janrına uyğun olaraq mümkün qədər akademizmdən qaçmağa, ulu öndərin milli elmimiz qarşısındakı xidmətlərinə ilıq, məhrəm münasibətin səmimi bir dillə qiymətləndirilməsinə önəm verilmişdir.
O ki qaldı Heydər Əliyevin elmi irsinin alimlərimiz tərəfindən sistemli monoqrafik araşdırmalarına, şübhəsiz ki, bu iş alimlərimizin müxtəlif nəsilləri tərəfindən davamlı olaraq aparılacaq və nəsillərə örnək olan bu dahi şəxsiyyətin fəaliyyəti hələ bir çox böyük siyasət və diplomatiya xadimlərinin yetişməsində öz rolunu oynayacaqdır.
Dünya elmşünaslığında gələcəkdə, yəqin ki, Heydər Əliyevin elmi idarəetmə sisteminin öyrənilməsinə neçə–neçə sanballı elmi əsərlər həsr ediləcək. Bu, dünya elminə lazımdır, dünya elminin zənginləşməsinə lazımdır. Sağlam məntiqi təfəkkür bunu tələb edir.
Heydər Əliyevin elmi irsi, onun elmə, elm adamlarına göstərdiyi sonsuz qayğı və məhəbbət bu gün bizə niyə bu qədər əziz və önəmlidir? Ona görə ki, Heydər Əliyevin idarəçilik elmi insansevərlik və şəxsiyyət azadlığı, qarşılıqlı hörmət prinsipləri üzərində qərar tutmuşdur. Hürriyyət, azadlıq. Heydər Əliyev dühasının Azərbaycana, Azərbaycan xalqına bəxş etdiyi ən böyük nemət məhz budur. Bu, ümummilli liderin vətənpərvərlik, xalqsevərlik elminin şirin bəhrələridir.
Ulu öndərə həsr edilmiş səmimi ürək sözlərimizdən ibarət olan yazımız başa çatır. Ancaq təbii ki, sözlərimiz bitmədi—bu dahi şəxsiyyətə məhəbbətimiz kimi. Nə yaxşı ki ürək sözlərimizi heydərsevərlərlə bir daha bölüşdük, onun ruhuna və əməllərinə, yaşayan ənənələrinə sevgi izharında bulunduq. Bu gün bizi qələbələrdən–qələbələrə aparan ölməz fəaliyyətinə bir daha nəzər saldıq. Əslində isə bəlkə də əbədi işığı ilə onun özü bizim qəlbimizi nurlandırdı, dilimizi açdı, nitqimizə rəvac verdi.
Bir filosof demişdi ki, biz həqiqətlərə sonsuz dərəcədə yaxınlaşa bilərik, ancaq onlara çata bilmərik. Heydər Əliyev və Azərbaycan elmi də elə bir həqiqətdir ki, biz ona yalnız mümkün qədər yaxınlaşmaq yolunda növbəti addımı atdıq..
Akif ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər
Akademiyasının Prezidenti,
Akademik
Respublika.- 2013.- 24 aprel.- S. 4.