Heydər Əliyev Azərbaycanın siyasi–iqtisadi müstəqilliyinin banisidir

 

Yaxşı deyiblər ki, tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşında həkk olunur.

XX yüzillikdə xalqımız dahi bir şəxsiyyət yetirdi. O, dünyanın tarixi simaları sırasında öz layiqli yerini tutdu. Xalqına, vətəninə olan tükənməyən sonsuz sevgisi onu bütün dünyaya tanıtmışdır. Bu sevgi, məhəbbət onun vətənə, xalqa xidmətində öz ifadəsini tapmışdır. Milli–mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ulu öndərin xalqımız qarşısında xidmətləri sonsuzdur. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, vətənimizin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə demokratik–hüquqi dövlət quruculuğunda mühüm nailiyyətlər qazanıldı. Yeni əsrin başlanğıcında xalqımıza məlum oldu ki, respublikada milli tərəqqinin 35 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən üstün tutan böyük siyasi xadim, iqtisadi və siyasi müstəqilliyimizin banisi Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ulu öndər demişdir: “Biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır”. Bütün varlığı ilə xalqın gələcək taleyini düşünən ümummilli liderimiz Azərbaycan vətəndaşlarının nəyə qadir olduğunu çox gözəl bilirdi və həmişə çalışırdı ki, respublikamız həm iqtisadi, həm də siyasi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələri sırasında olsun. Xalq sahib olduğu maddi və mənəvi sərvətlərin bəhrəsini görsün. “Azərbaycan Respublikasının böyük potensialı var, bu iqtisadi potensialdan səmərəli istifadə etmək bizim vəzifəmizdir”—deyən ulu öndər ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə, onun müasir infrastrukturunun yaradılmasına və gücləndirilməsi işinə hələ sovetlər dövründə respublikaya rəhbər təyin olunandan sonra başlanılmışdı. Ölkəmizin sənaye potensialının gücləndirilməsi, o cümlədən nəqliyyat şəbəkəsinin formalaşdırılması da elə həmin illərdə vüsət aldı. Başqa sahələrlə bərabər, respublikamızın coğrafi vəziyyətindən asılı olaraq nəqliyyat infrastrukturunun, xüsusən də ticarət donanmasının inkişafı daim diqqət tələb edirdi. Bir təşkilat kimi 1858–ci ildə yaradılan Xəzər Dəniz Gəmiçiliyi ictimai–siyasi quruluşdan asılı olmayaraq yüz ildən artıq—ötən əsrin 60–cı illərinə kimi xalqımıza ləyaqətlə xidmət etmiş, respublikamızda iqtisadiyyatın, təhsilin, səhiyyənin, idmanın inkişafına zaman–zaman öz töhfəsini vermişdir. Bütün bunlara baxmayaraq, 1960–cı illərin ortalarından başlayaraq mərkəzdə bizim gəmiçiliyə münasibət soyuqlaşdı, köhnə gəmilərin əvəzlənməsi prosesi, demək olar ki, dayandırılmışdı və yaxud çox ləng gedirdi. 60–cı illərin sonunda Rusiyada böyük neft ehtiyatlarına malik yataqlar kəşf edildikdən sonra o dövrə qədər SSRİ iqtisadiyyatında və sənayesində xüsusi yer tutan Bakı neftinin hasilatına maraq yavaş–yavaş azaldı. Bu, eyni zamanda Xəzərdə yük daşınmalarına da öz mənfi təsirini göstərdi. SSRİ Dəniz Donanması Nazirliyində Xəzər Dəniz Gəmiçiliyinin rentabelliyinin aşağı düşməsini bəhanə edir, onun üçün yeni gəmilər tikilməsini lazım bilmirdilər. 1969–cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunduqdan sonra onun həyata keçirdiyi tədbirlər sayəsində Xəzərdə yük daşınmasında böyük canlanma baş verdi. Nəticədə Xəzər dənizçiləri 1970–ci ildə 25 milyon ton neft və neft məhsulları, 70 milyon ton quru yük daşıyaraq gəmiçiliyin tarixində rekord göstəriciyə nail oldular. Bundan sonra yeni gəmilər almaq üçün söz deməyə, tələb etməyə əsas yarandı. Məhz Azərbaycan liderinin təkidi ilə Bolqarıstanda, Volqaqradda, Rumıniyada və başqa ölkələrin tərsanələrində yeni tankerlərin və quru yük daşıyan gəmilərin tikintisinə sifarişlər verildi. Səksəninci illərin ortalarında Yuqoslaviyadan Xəzərə səkkiz gəmi–bərə gətirildi. Ümumiyyətlə, Heydər Əliyevin sovetlər vaxtı respublikamıza rəhbərlik etdiyi illərdə alınan nəqliyyat vahidləri donanmamızın özəyini təşkil edir. Onu da qeyd edim ki, ulu öndərimiz ağır peşə sahibi olan dənizçilərimizin əməyini həmişə yüksək qiymətləndirib, müxtəlif tədbirlərdə gəmiçiliyimiz haqqında xoş sözlər deyib. 1982–ci ildə dənizçi kadrlar hazırlayan keçmiş Q.Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin 100 illik yubileyi mərasimində Heydər Əliyev respublika rəhbəri kimi iştirak etmiş və məktəbin fəxri qonaqlar kitabına yazmışdır: “Xəzər Dəniz Gəmiçiliyi böyük qəhrəmanlıqlarla zəngin tarixə malikdir. Bu yaxınlarda yaradılmış muzey bunları əks etdirir”. Ulu öndərin dəst–xətti ilə yazılmış bu sözlər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin tarix muzeyində ən qiymətli eksponat kimi qorunub saxlanılır. Ümummilli liderimiz həmişə dənizçilərə yüksək etimad göstərirdi və onlara inanırdı. Məhz ulu öndərin təşəbbüsü ilə ötən əsrin 70–80–ci illərində iyirmiyə yaxın dənizçi Mərkəzi Komitəyə, Bakı şəhər partiya komitəsinə, Xalq Nəzarəti Komitəsinə məsul vəzifələrə irəli çəkilmişdi. Heydər Əliyevin dənizçilərə qayğısından danışarkən bir faktı fəxrlə deyə bilərəm ki, 2003–cü ilin iyul ayında ulu öndərin imzaladığı fərmanla dörd dənizçi “Şöhrət” ordeni ilə, 14–ü isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ötən əsrin sonunda keçmiş SSRİ məkanında nələr baş verdiyini indi də həyəcansız xatırlamaq olmur. İmperiyanın süqutu ilə xalqımız illərlə həsrətində olduğu, arzuladığı müstəqilliyə qovuşdu. Vətənini sevənlər dövlətçiliyimizin bərpası, torpaqlarımızın müdafiəsi üçün çalışırdılarsa, bəziləri bulanıq suda balıq tutaraq varlanmaq eşqinə düşmüşdü. Bu proses keçmiş Sovet respublikalarının əksəriyyətində oxşar ssenari üzrə gedirdi. Ukraynada, Rusiyada və başqa respublikalarda yüz illərlə formalaşan nəhəng gəmiçilikləri çox qısa zaman kəsiyində müxtəlif adlar altında özəlləşdirib dağıtdılar. Çox keçmədi ki, işbazlar Azərbaycana da yol tapdılar. İki tankerimiz satıldı. Böyük sayda gəmilərimiz gizlin hərraca çıxarıldı. Dənizçilər ən çətin günlərini yaşadıqları bir vaxtda xalqın xahişi və tələbi ilə böyük xilaskar Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. O dövrdə respublikamızın üzləşdiyi problemlər mürəkkəbliyi və çoxluğu ilə insanları təşvişə salmışdı. Ermənilərin hərbi təcavüzü, hərc–mərclik, qaçqın axını, vətəndaş itaətsizliyi və başqa problemlər ortaya çıxsa da, ulu öndər gəmiçilik barədə düşünməyə vaxt tapdı və onun qətiyyəti sayəsində keçmiş SSRİ–də fəaliyyət göstərən gəmiçiliklərdən ancaq Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyini xilas etmək mümkün oldu. Çünki ümummilli lider ticarət gəmiçiliyinin respublikamız üçün nə demək olduğunu çox gözəl bilirdi. Ona görə də gəmiçiliyin üzləşdiyi problemlərin aradan qaldırılmasına həssaslıqla yanaşırdı və onun inkişafı üçün köməklik göstərirdi. Məhz onun xeyir–duası ilə 1995–ci ilin may ayında ölkəmiz Beynəlxalq Dəniz Təşkilatına üzv oldu. Mütəxəssislər yaxşı bilirlər ki, dünya okeanına çıxmaq üçün dənizçilərə ali təhsilli olduqlarını təsdiq edən diplom lazımdır. Bunun üçün Sovet dönəmində dənizçilərimiz başqa respublikalarda təhsil alırdılar. İmperiya süquta uğrayandan sonra bu məsələ xeyli çətinləşdi. Problemi aradan qaldırmaq üçün ölkəmizdə dəniz akademiyası açmaq o qədər də çətin deyildi. Amma bizim təşəbbüsümüz ciddi maneələrlə üzləşdi. Ən yüksək səviyyələrdə təklifimiz özünə tərəfdar tapmadı. Yalnız Prezident Heydər Əliyev işə qarışandan sonra Nazirlər Kabinetində bizim müraciətimizə baxıldı və hökumətin 1996–cı il 15 iyul tarixli 19 saylı qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu təhsil müəssisəsinin açılması gənclərimizi “özgə qapılarında” oxumaq əzabından xilas etdi. Hazırda akademiyanın maddi–texniki bazası gündən–günə inkişaf edir, tədrisin səviyyəsi Beynəlxalq Dəniz Təşkilatının ekspertləri tərəfindən yüksək qiymətləndirilir. Bu isə məzunlarımıza İMO–un üzvü olan 170–dən çox ölkənin hər birində işə düzəlmək imkanı verir. Bu çox mühüm haldır və respublikamızda dənizçiliyin inkişafı üçün geniş perspektivlər açır.

Bu gün iqtisadiyyatımızın önəmli sahəsi olan nəqliyyat donanmasına, dənizçilərimizə göstərdiyi diqqətə, gəmiçilik isə son 40–45 illik tarixi fəaliyyətinə, varılığına görə xalqımızın ümummilli lideri Heydər Əliyevə borcludur.

Ulu öndər qeyd edirdi ki, “Xəzər Dəniz Gəmiçiliyinin donanması Azərbaycanın çox böyük sərvətidir. O, böyük işlər görür və gələcəkdə də görəcəkdir”. Onun bu müdrik kəlamı gəmiçiliyimizin zəngin keçmişini, respublika iqtisadiyyatının inkişafındakı bugünkü və gələcəkdəki əhəmiyyətli rolunu əks etdirir. Çünki gəmiçilik tükənməyən sərvətdir, o, həmişə xalqımıza ləyaqətlə xidmət etmişdir və ulu öndərin düşüncələrinin məhsulu olan bir sıra siyasi–iqtisadi layihələrin reallaşmasında gəmiçiliyin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Azərbaycan çox əlverişli coğrafi məkanda yerləşir. Tarixən Şərqlə Qərbi qovuşduran, Avropadan Yaponiyaya qədər uzanan Böyük İpək Yolu Azərbaycandan gəlib keçmişdir. Uzun illər iqtisadi cəhətdən səmərəli olan Qədim İpək Yolunun bərpası ideyası siyasətçiləri və iqtisadçıları, iş adamlarını düşündürürdü. Hətta 1998–ci ildə YUNESKO “İpək Yolu— Dialoq yolu” ideyasını irəli sürərək İpək yolunun təxmini marşrutunu da müəyyənləşdirmişdi. Lakin Sovet İmperiyası bu planın həyata keçməsinə imkan vermədi. Yalnız 1993–ci ildə Avropa İttifaqının Brüssel konfransında səkkiz dövlətin iştirakı ilə TRASEKA dəhlizinin açılması barədə proqram qəbul edildi. Qısa vaxtda Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin açılması üçün onlarca beynəlxalq tədbir və yüzlərlə seminar keçirildi. Lakin bu layihəyə qısqanclıqla yanaşanların iradəsini sındırmaq mümkün olmadı. Yalnız xalqımızın uzaqgörən müdrik oğlu Heydər Əliyevin məqsədyönlü və gərgin əməyi sayəsində bütün maneələr aradan qaldırıldı və 1996–cı ilin yayında Türkmənistan və Azərbaycan ərazisindən keçməklə Özbəkistandan Qərbi Avropaya yola salınan pambıq yükü ilə dəhlizdə yük ötürməsinin açılışı oldu. Bu dəhlizdə ilk səfər “Akademik Həsən Əliyev” gəmi–bərəsi heyətinin bəxtinə yazıldı. Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin fəaliyyətə başlaması bir çox yüzilliklər bundan əvvəl Şərq ilə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpası istiqamətində atılan ilk real addım idi.

Ulu öndərimiz Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin əhatə dairəsini genişləndirmək, onu tarixi məcrasına yönəltmək üçün fəaliyyətini davam etdirdi. O, bütün görüşlərində müxtəlif ölkələrdən olan həmkarlarına, iş adamlarına, beynəlxalq tədbirlərin iştirakçılarına, kütləvi informasiya nümayəndələrinə deyirdi ki, Avropadan Asiyaya ən qısa yol Azərbaycandan keçir. Bu tarixi İpək Yoludur. İpək Yolu Yaponiya, Çin və Mərkəzi Asiyadan keçib Xəzərə çatacaqdır. Xəzərin Şərq və Qərb sahilləri arasında bərə keçidi var və bu, Azərbaycana məxsusdur.

Vaxtilə ulu öndərin Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi barədə fikirləri bir çoxlarına xəyal kimi görünürdü. Amma bu gün Tarixi İpək Yolunun bərpasının başlanğıcı olan Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin region ölkələrinin iqtisadiyyatının inkişafında, bu ölkələr arasında hərtərəfli əlaqələrin genişlənməsində əvəzsiz rolu reallıqdır. Gündən–günə şaxələnən, əhatə dairəsi böyüyən bu dəhlizi cazibədar edən amillərdən biri də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasıdır.

Mütərəqqi ideyaları və əməlləri ilə tanınan siyasətçilər, xalqının liderinə çevrilən insanlar təkcə öz zəmanələrinin deyil, bütün dövrlərin ən sevimli, ən nüfuzlu şəxsiyyətləridir. Bu baxımdan ulu öndərimiz Heydər Əliyev də ölkəmizin inkişafındakı xidmətlərinə görə əbədiyaşarlıq qazanmış dühalardandır. Təsadüfi deyil ki, dünya siyasətçiləri azərbaycanlı olmağı ilə fəxr edən, bütün mənalı həyatını dünyalar qədər sevdiyi Azərbaycanın hərtərəfli inkişafına həsr etmiş Heydər Əliyevin keçdiyi həyat yolunun ictimai–siyasi fəaliyyətləri ilə öz ölkələrində milli lider səviyyəsinə yüksələn tarixi simaların mütərəqqi əməlləri arasında çoxlu bənzərliklər olduğunu deyirlər.

Azərbaycanın bir ölkə kimi xəritədən sili

nmək təhlükəsinin son həddə çatdığı bir vaxtda respublikamızı düşdüyü xaosdan xilas edən ulu öndər bütün dünyanın tanınmış siyasətçilərini heyrətə gətirdi. Hüquqi–demokratik dövlət quruculuğunda çoxlarının illərlə görə bilmədiklərini on ildə reallaşdırdı. İkinci dəfə müstəqilliyini bərpa etmiş ölkəmizin tarixinə dövlətçiliyimizin qorunması və quruculuq salnaməsi kimi düşən onillikdə Azərbaycan məhz Heydər Əliyevin gərgin zəhməti, tükənməz gücü sayəsində istiqamətini dəyişmədən inkişaf yolu ilə inamla irəliləmiş, üçrəngli bayrağımız beynəlxalq aləmdə tanınmışdır. Onun uzaqgörənliklə həyata keçirdiyi sülh siyasəti həm Azərbaycanda, həm də regionumuzda əmin–amanlığın qorunması ilə yanaşı, nəqliyyat sistemlərinin inteqrasiyasına da güclü təkan vermişdir. Bu, ilk növbədə Avropa İttifaqının nəqliyyat sisteminə inteqrasiyanın və müasir İpək Yoluna qoşulmağın nəticəsidir. Avropa ilə Asiyanın böyük regionlarını birləşdirən qədim İpək Yolunun bərpası və onun idarə olunması üçün beynəlxalq qərargahın Bakıda açılması Heydər Əliyev şəxsiyyətinin nüfuzu və məqsədyönlü səyləri sayəsində reallaşaraq respublikamızın iqtisadiyyatına, o cümlədən kollektivimizin işinə müsbət təsir göstərmişdir. 90–cı illərin əvvəllərində Azərbaycanın Xəzərdəki mövqeyini zəiflətmək məqsədilə, müəyyən qüvvələr gəmiçiliyi parçalamağa cəhd göstərirdilər. Hər şey dağılırdı. Kimi şüurlu şəkildə, kimi kortəbii surətdə sökməyə, satmağa, qazanmağa çalışırdı. Bir tərəfdən Qarabağ müharibəsi, digər tərəfdən vətəndaş qarşıdurması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Bu qarmaqarışıqlıqda müdrik insanların, sağlam düşüncəli mütəxəssislərin səsi eşidilməz olmuşdu. Oxşar hadisə demək olar ki, keçmiş sovet respublikalarının hamısında cərəyan edirdi. Bizim gəmiçilikdə isə vəziyyət daha ağır idi. Gəmilərimiz uzun xəstəlikdən sonra ayağa duran adamları xatırladırdı.

“Nikifor roqov” və “Ruhulla Axundov” tankerləri dəyər–dəyməzinə satılmışdı. “Merkuri–1″ gəmi–bərəsinin pulu Almaniya banklarına köçürülmüşdü. “Dağıstan” isə 140 min dollara verilmişdi. “Araz”, “General Şıxlinski” və digər gəmilərə qiymət qoyulmuşdu. Hərraca çıxarılan yalnız gəmilər deyildi, Sahil obyektləri də satılmışdı. “Dəniz” uşaq bağçası, “Debarkader”, İ.Allahverdiyev adına istehsalat vahidinin istirahət evi və digər obyektlər əlimizdən çıxmışdı. Amma biz çətinliklə də olsa, dənizçilərin pulu ilə tikilən və alınan bütün obyektləri qaytara bildik. Çünki gəmiçiliyi Heydər Əliyev kimi dahi şəxsiyyət dəstəkləyirdi, Azərbaycan adlı gəminin sükanı arxasında Heydər Əliyev kimi müdrik insan dayanmışdı. O, respublika iqtisadiyyatının bütün sahələrini, eyni zamanda dəniz nəqliyyatını tam incəliklərinə qədər bilən rəhbər idi. O zaman sovetlər dönəmində bizim gəmiçiliyin inkişafı üçün çox böyük işlər görmüşdü. Bu gün donanmamızın özəyini təşkil edən gəmilərin əksəriyyəti məhz Heydər Əliyevin məqsədyönlü və gərgin əməyi sayəsində alınmışdı. Mən bunları bilirdim və əmin idim ki, dahi rəhbər bizim gəmiçiliyin Qara Dəniz, Baltik, Murmansk, Kamçatka və digər gəmiçiliklərin vəziyyətinə düşməsinə, dağılmasına imkan verməyəcək.

O zaman ümummilli liderimizin qətiyyəti respublika üçün strateji əhəmiyyət daşıyan dəniz nəqliyyatını qoruyub saxladı. Biz ulu öndərin uzaqgörən, düşünülmüş siyasəti nəticəsində nəinki donanmamızı qoruduq, həm də onu genişləndirdik.

Ümummilli liderimiz nəqliyyat kommunikasiyalarının fəaliyyətini bərpa etmək üçün müxtəlif istiqamətlərdə danışıqlar aparırdı. Azərbaycan iqtisadiyyatının qapılarını Avropaya açmaq üçün səylə çalışırdı. O zaman 1994–cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması bu istiqamətdə ilk addım oldu. İyirmi il bundan əvvəl heç kəsin yuxusuna da girməzdi ki, nə vaxtsa Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri–daimi üzv seçiləcək. Bu gün bu, reallıqdır. Respublikamız 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına iki il müddətə üzv seçildi. Tariximizin qızıl hərflərlə yazılmış bu səhifəsi Heydər Əliyev siyasətinin təntənəsidir. Eyni zamanda da Heydər Əliyev siyasi–iqtisadi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin uğurudur. 1996–cı ilin may ayında Türkmənistanın Serah şəhərində Azərbaycan, Özbəkistan, Türkmənistan və Gürcüstan prezidentləri dəmir yolu ilə yükdaşımaların tənzimlənməsinə dair saziş imzaladılar. Bu, Qafqazdan keçməklə Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin yaradılması demək idi. Bundan sonra gəmilərimizlə daşınan yüklərin həcmi ildən–ilə çoxalmağa başladı.

Bu gün hörmətli Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi, gəmiçiliyə münasibətdə də ümummilli liderimiz Heydər Əliyevin kursunu davam etdirir. Donanmanın təzələnməsi və yükgötürmə imkanlarının artırılması ölkə başçısının daim diqqət mərkəzindədir. İftixarla deyə bilərəm ki, 2004–cü ildən bəri gəmiçilik 10 ədəd iri tonnajlı tanker, 6 gəmi–bərə alıb istismara vermişdir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, qədirbilən dənizçilərimiz ulu öndər Heydər Əliyevin parlaq ideyalarının gerçəkləşməsində bundan sonra da daha əzmlə çalışacaqlar. Çünki möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Bu gün Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq və Vətənimizi bu yolla irəliyə aparaq. Bu, hamımız üçün, onu tanıyanlar və sevənlər, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır.

Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, daha yeni–yeni uğurlar gətirəcəkdir”.

 

 

Aydın Bəşirov,

Azərbaycan Dövlət Xəzər Dəniz

Gəmiçiliyinin rəisi

 

Respublika.- 2013.- 26 aprel.- S. 10.