MƏNƏVİYYAT
VƏ PAKLIQ ZİRVƏSİ
Müdriklər deyiblər ki,
böyük şəxsiyyətlərin ömrü yaşanan illərin
sayı ilə deyil, onların insani keyfiyyətləri, mənəviyyatı
ilə ölçülür, öz həqiqi dəyərini alır. Mənəvi
dünyası və daxili aləmi zəngin,
əqidə və ideyaları saf olan insanlar həyatı boyu öz xeyirxah
əməlləri, cəmiyyət üçün
gərəkli və faydalı fəaliyyətləri ilə seçilir və sevilirlər. Sadəlik
və xeyirxahlıq kimi ən ali insani keyfiyyətlərin
daşıyıcısı, tibb elminə,
xüsusən də oftalmologiyanın inkişafına verdiyi töhfələrlə nəinki Azərbaycanda,
eləcə də bütün dünyada tanınmış, yüksək ehtiram sahibi olmuş akademik Zərifə
xanım Əliyeva məhz belə bir şərəfli ömür
yaşayan, tale yolunun hər bir anı
yüksək mənəviyyat mücəssəməsi
sayılan görkəmli ictimai xadim, gözəl həkim, həyat
yoldaşı, ana və milyonların qəlbində
özünə əbədi məhəbbət qazanmış
böyük şəxsiyyətdir. O
ömrü boyu şəfalı
əlləri ilə insanlara nur paylayaraq gözlərinin
işığını sönməyə qoymamış,
yüzlərlə xəstəyə həyat eşqi
bəxş etmişdir.
Mənəviyyat
ilk öncə ailədə təşəkkül tapır,
ailə mühiti və tərbiyəsi insanın gələcək
ömür yolunun formalaşmasında əvəzsiz rol
oynayır. Zərifə Əziz qızı Əliyeva
xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı
hörmət hökm sürən bir ailədə
böyümüşdü. Atası, görkəmli
ictimai–siyasi xadim, Azərbaycan səhiyyəsinin təşkilində
böyük xidmətləri olmuş professor Əziz Əliyev
nəinki respublikamızda, eləcə də o vaxtkı
SSRİ–də böyük nüfuz sahibi idi. Anası Leyla
xanım qədim Azərbaycan torpağı olan İrəvanın
əsilli–nəcabətli ailəsindən
çıxmışdı. Bu ailənin üzvləri
kübar, ziyalı, elmli, təvazökar və millətini,
torpağını düşünən insanlardı. Zərifə
xanım məhz belə bir ailədə
böyümüş, gözəl təhsil və mükəmməl
tərbiyə almışdı. İnsanlar onu həmişə
gözəl nəslin xanımı kimi tanıyıb. O, ailəsinə
bağlı, övladları ilə nəfəs alan analardan
olub.
Tale
elə gətirmişdi ki, qarşısına Heydər Əliyev
kimi vəfalı, sədaqətli, ailəcanlı bir insan
çıxmışdı. Mənəviyyatca zəngin olan bu
insanlara qibtə ediləsi ailə səadəti nəsib
olmuşdu. İstedadlı tibb alimi Zərifə Əliyeva ilə
görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin—bu
iki böyük şəxsiyyətin əfsanəvi sevgisi, səmimi
münasibətləri, bir–birlərinə olan dərin hörmət
və sonsuz ehtiramları ilə bağlı xatirələrin
işığı bu gün də insan qəlbini nurla
doldurur.
İnsan
həyatda ürəyinin hökmü ilə seçdiyi və
sevdiyi işlə məşğul olanda, sözün həqiqi
mənasında, öz peşəsinin vurğunu olanda
gördüyü işin faydası da, cəmiyyətə
xeyri də çox olur. Bu həyat həqiqətini biz akademik
Zərifə xanım Əliyevanın keçdiyi şərəfli
ömür yolunun timsalında aydın görürük. Bu
müdrik, eyni zamanda sadə və səmimi insanın həyat
yolu alim və həkimlərimiz üçün mənəviyyat
məktəbidir. O, atası kimi həkim olmaq istəyirdi, bu
istəklə də Azərbaycan Tibb İnstitutunun müalicə–profilaktika
fakültəsinə daxil olur, institutu bitirdikdən sonra Moskva
Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu
keçir, Azərbaycan Oftalmologiya Elmi–Tədqiqat
İnstitutunda göz həkimi kimi fəaliyyətə
başlayır. Burada çalışdığı uzun illər
ərzində göz xəstəliyinə tutulmuş çox
ağır xəstələrlə rastlaşır, onlara
şəfa, gözlərinə nur verir.
Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu da həyat özü müəyyənləşdirmişdi. Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Həmin dövr üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. O vaxt traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları mövcud deyildi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Bu xəstəliyə qarşı ilk dəfə antibiotiklərin tətbiqi də Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanımın fədakarlığı sayəsində bu yoluxucu xəstəliyə tutulmuş insanların dünya işığından məhrum olmasının, əlilliyə düçar olaraq əmək qabiliyyətini itirməsinin, çarəsizlikdən depressiya vəziyyətinə düşməsinin qarşısı alınır. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, yerlərdə xəstələri müayinə edir, həkim–oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Həmin praktiki iş Zərifə xanımın gələcək tədqiqatlarına güclü təkan verir.
Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960–cı ildə uğurla müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib. Gənc alim traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə araşdırmalara başlayıb və qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı tədqiqat işləri aparıb.
Ötən əsrin yetmişinci illərinin əvvəllərində yeni elmi axtarışlar aparan Zərifə xanım görmə orqanının digər patologiyaları ilə məşğul olur. Bu dövrdə Azərbaycanda yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verilirdi, xüsusən də neft–kimya sənayesi sürətlə inkişaf edirdi. Həmin müəssisələrdə proseslərin daha çox gözə mənfi təsiri isə bu elmi problemin həllini aktual etmişdi. Odur ki, görkəmli alimin peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinin aradan qaldırılması istiqamətindəki səmərəli fəaliyyəti cəmiyyətimizdə olduqca böyük maraq doğurur. Zərifə xanım bu problem üzərində iş apararkən şəxsən özü sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrində elmi təcrübələr aparırdı. Onun təşəbbüsü ilə Bakı Məişət Kondisionerləri Zavodunun nəzdində görmə orqanının fiziologiyası və peşə patologiyası üzrə nadir bir laboratoriya yaradılmışdı. Müasir cihazlarla təchiz edilən laboratoriyada əldə olunan nəticələr nəzəri və təcrübi əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki, məhz bu genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğu aşkar olunmuş, bununla da gələcəkdə xəstəliyin baş verməsinin qarşısı alınmışdı.
Zərifə xanım çoxillik müşahidələrinin, klinik tədqiqatlarının nəticəsi olaraq ərsəyə gətirmiş və kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyətinə həsr olunmuş doktorluq dissertasiya işini dünyanın nüfuzlu oftalmologiya mərkəzlərindən birində —H.Helmqolts adına Moskva Elmi–Tədqiqat Göz Xəstəlikləri İnstitutunda böyük uğurla müdafiə edib. Alim peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparmışdır. Görkəmli alimin 200–dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Zərifə xanım Əliyeva elmi–pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına önəmli təsir göstərmişdir. Onun rəhbərliyi altında yetişən alim və oftalmoloqların böyük bir nəsli bu gün də insanların xidmətində dayanıblar.
Zərifə xanımın oftalmologiya elmi üçün çox mühüm əhəmiyyət daşıyan tədqiqat işləri onun həkimlik fəaliyyəti ilə vəhdət təşkil edir, nəticədə çox uğurlu göstəricilər əldə edilirdi. Uzun illər tibbi sahədə çalışdığım və bu sahədə müəyyən təcrübəm olduğu üçün həkimlərin insanlara münasibətdə nə qədər məsuliyyətli, həssas olmalarının vacibliyini yaxşı bilirəm. Həkim peşəkar olmaqla yanaşı, müalicə etdiyi xəstəyə qarşı mülayim, diqqətcil və fədakar olmalı, xəstənin əzabını öz şəxsi əzabı kimi qəbul etməli, onun vəziyyətini düzgün qiymətləndirməli, tezliklə şəfa tapacağına inam hissi oyatmağı bacarmalıdır. Zərifə xanım Əliyeva peşəkar həkim idi, onun müalicə üsulları həmişə öz effektini verirdi, amma eyni zamanda ona müraciət edən, kömək uman hər bir insana elə qayğıkeşliklə, elə həssaslıqla yanaşırdı ki, hər bir xəstə Zərifə xanımı özünün ən yaxın adamı, xilaskarı sayırdı. Üzərində əməliyyat apardığı, gözlərinə işıq verdiyi xəstələr mehriban həkimin şəfalı əllərindən çox onun məhəbbət dolu ürəyinə, qayğı dolu gözlərinə inanır, talelərini tərəddüdsüz sadə və xeyirxah Zərifə xanıma etibar edirdilər. Vaxtilə Zərifə xanımın rəhbərliyi altında çalışan həmkarlarımızın onun xəstələrə qayğısı ilə bağlı çox şirin xatirələri var. Onlar deyirlər ki, Zərifə xanımın insani keyfiyyətləri, yüksək mənəviyyatı özünü xəstələrlə münasibətdə aydın göstərirdi. Hər gün xəstələrə baxış keçirməsini, onları necə müayinə etməsini, onlarla necə ünsiyyət qurmasını sözlə ifadə etmək çətindir, bu özü böyük bir elmdir. Palatalarda çox vaxt yaşlı qadınlar da olurdu. Zərifə xanım onları səbirlə dinləyər, üzlərindən öpərdi. Xəstələr çox vaxt xəstəliklərindən başqa digər problemlərini də Zərifə həkimlə bölüşərdilər, çünki bu sadə və xeyirxah həkimə hədsiz inanar, bütün çətinliklərinə kömək umardılar. Qazandığı hər müvəffəqiyyət, başqasına bəxş etdiyi səadət Zərifə xanım üçün tükənməz sevinc mənbəyinə çevrilirdi. Zərifə xanımda əsl həkim üçün çox vacib olan başqasının ağrısını, kədərini duymaq, onu öz ürəyindən keçirmək bacarığı vardı. Xəstənin gülər üzü, gözlərinin nurunun qaytarılması Zərifə xanım üçün ən böyük mükafat, ən böyük sevinc idi.
Zərifə xanım Əliyeva müasir dünyada həkim etikasından bəhs edən “Yüksək əqidə” adlı əsərində özünün insan kredosu ilə bütövlük təşkil edən sənətinin sirlərini də açıb: “Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş–başa qalanda o, soruşur: Ağ xalat geyməyə haqqın varmı? Sənin əllərin xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, xəstənin ağrısını şəxsi ağrısı hesab edir. Əgər sağlamlığını itirən şəxs yenidən ona qovuşursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır. Həkim peşəsi mücahidlikdir. O, əsl fədakarlıq, geniş ürək və təmiz niyyət tələb edir”. Zərifə xanım özündə cəmləşən bu yüksək keyfiyyətləri hər bir insanda, xüsusən də hər bir həkimdə görmək istəyir, buna var qüvvəsi ilə çalışırdı. Zərifə xanımın həkim kimi ən yaxşı köməkçisi biliyi, fədakarlığı, eyni zamanda sadəliyi və xəstə ilə mehriban ünsiyyəti, xoş sözü idi. Məhz bunun nəticəsində Zərifə xanım bir həkim kimi xəstələrinin rəğbətini qazanmış, nüfuz sahibi olmuşdu. Tənha insanlara qayğı ilə yanaşırdı. Xəstələrinə doğmaları kimi baxır, onlara şəfqət və mərhəmət göstərirdi. Onun xatirələrini xalqın yaddaşında bu gün də böyük ehtiramla yaşadan həm də bu insanpərvərliyi idi. Bir çox xəstələri vaxtilə Zərifə xanımın onlara göstərdiyi köməyi indi də minnətdarlıq hissi ilə xatırlayırlar. Alman filosofu Emanuel Kant deyirdi ki, “Mənəviyyat bizə xoşbəxt olmağı deyil, xoşbəxtliyə necə nail olmağı öyrədir”. Akademik Zərifə Əliyeva da həyatda xoşbəxtliyə nail olmağın sirrini insanlara xoşbəxtlik bəxş etməkdə tapmışdı.
Zərifə xanımın elmi və həkimlik fəaliyyəti ilə ailəyə bağlılığı, ailə mehribançılığı bir–birini tamamlayırdı. Zərifə xanım işi ilə yanaşı, ailə həyatında da çox həssas idi. Bütün qəlbi ilə ailəsinə —ömür–gün yoldaşına, övladlarına bağlıydı, onlar ilə yaşayar, həyatdan zövq alardı. Ən çətin məqamlarda belə öz xoş sözü, mehribançılığı, zəkası ilə ulu öndəri qoruyub və bu dahi insana mənəvi dayaq olub. Deyirlər ki, hər bir qüvvətli kişinin arxasında qüvvətli qadın dayanır. Bu baxımdan Heydər Əliyevin güclü şəxsiyyət olması və dövlət xadimi kimi qazandığı böyük uğurlarda Zərifə xanımın da özünəməxsus rolu olub. Ömür–gün yoldaşını istedadlı, xeyirxah, sadə insan kimi xarakterizə edən ulu öndərimiz qəlbindən gələn fikirlərini belə ifadə edib: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur… Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Zərifə xanıma məxsus insani keyfiyyətlər, zəngin mənəviyyat bu gün övladlarında yaşayır. Zərifə xanım Əliyevanın şəxsiyyət kimi böyüklüyü həm də ondadır ki, ləyaqətli və mehriban ana kimi üzərinə düşən missiyanı şərəflə yerinə yetirmişdir. Zərifə xanımın müdrik Azərbaycan qadını olaraq övladlarına, o cümlədən yeganə oğlu İlham Əliyevə verdiyi müqəddəs tərbiyənin və yüksək təhsilin nəticəsidir ki, bu gün dövlət başçısı xalqımızın min illərin sınağından çıxmış milli–mənəvi, əxlaqi dəyərlərinə sədaqət nümayiş etdirir. Xoşbəxtlik ondadır ki, Prezident İlham Əliyevin hər addımında, əməlində, davranışında təcəssüm olunan bu ailə tərbiyəsindən bütün Azərbaycan xalqı bəhrələnir. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin layiqli davamçısı kimi Azərbaycana inamla rəhbərlik edir, ölkəmizi bütün sahələrdə uğurla irəliyə aparır, insanların yaşayış səviyyəsi yaxşılaşır. Xalqımız öz layiqli liderinin həyata keçirdiyi siyasi, sosial–iqtisadi, hüquqi islahatları birmənalı dəstəkləyir.
Akademik Zərifə xanım Əliyeva haqqında keçmiş zamanda danışmaq olduqca ağırdır. Həyat onu bizlərdən tez ayırdı, ömür imkan versə idi, hələ çox işlər görəcəkdi. Bu il xalqımız bu böyük alimin, vətənpərvər ziyalının, xeyirxah həkimin, sədaqətli həyat yoldaşı və gözəl ananın—Zərifə Əziz qızı Əliyevanın 90 illik yubileyini təntənə ilə qeyd edir, bu bənzərsiz insanla bağlı ən gözəl günləri, ən gözəl hissləri bir də yaşayır, əziz xatirəsini dönə–dönə yad edir. Zərifə xanımın Fəxri Xiyabanda ucaldılan möhtəşəm abidəsini ziyarət edərkən sanki qəlblərə bir işıq, bir nur süzülür, bu nur ürəklərə nüfuz edir, insanı riqqətə gətirir. Bu ziya istedadlı oftalmoloqun ömür boyu işıqlı dünyaya açdığı gözlərin nurudur.
Rəfail MEHDİYEV,
Əməkdar həkim
Respublika.- 2013.- 26 aprel.- S. 13.