Qadın, alim və
ictimai xadim
FotoAzərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq– alim, akademik Zərifə Əliyevanın, Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri böyükdür. Bu il görkəmli alimin 90 illiyi qeyd olunur və bu münasibətlə geniş tədbirlər keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin respublika məktəbliləri arasında keçirdiyi “Ana—müqəddəslik zirvəsi” mövzusunda inşa yazı müsabiqəsidə həmin silsilə tədbirlərdən biridir. Artıq müsabiqəyə yekun vurulmuşdur.
Qaliblərin mükafatlandırılma mərasimindən əvvəl tədbir iştirakçıları Zərifə xanım Əliyevanın Fəxri Xiyabandakı abidəsi önünə gül dəstələri qoyub, xatirəsini yad etdilər.
Sonra tədbir Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində davam etdirildi. Dünya tibb elminə əvəzsiz töhfələr vermiş böyük oftalmoloq–alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən kinolentin nümayişindən sonra komitənin sədri Hicran Hüseynova çıxış edərək dedi:
“Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyeva vaxtilə respublikada geniş yayılmış troxomanın xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyətilə bağlı göz xəstəliklərinin öyrənilməsi profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. O, həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanması istiqamətində böyük əmək sərt etmişdir. Zərifə xanım sədaqətli həyat yoldaşı, gözəl ana kimi də hamıya örnək idi”.
Yeni Azərbaycan Partiyası Yasamal rayon Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkili Rəbiyyət Aslanova, Sevinc Hacıyeva çıxış edərək Zərifə xanım Əliyevanın qadın, alim və ictimai xadim kimi xalqı qarşısında xidmətlərindən və insani keyfiyyətlərindən danışdılar.
Sonda inşa yazı və əl işləri müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu.
Nurəngiz
Adilqızı
Respublika.- 2013.- 26 aprel.- S. 13.