HEYDƏR ƏLİYEVİN
İQTİSADİ SİYASƏTİNDƏ NƏZARƏT
AMİLİ
Şəffaflığın artırılması və səmərəli maliyyə nəzarəti sisteminin yaradılması hər bir ölkədə sosial–iqtisadi inkişafın təminatının vacib amillərindən biri kimi mühüm əhəmiyyət kəsb edir.
Bu mənada, çox səciyyəvidir ki, Azərbaycanda mükəmməl maliyyə nəzarəti sisteminin yaradılması və mövcud nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur.
Heydər Əliyevin 1993–cü ildə yenidən hakimiyyətə qayıtdığı ilk vaxtlar dövlətin iqtisadi və siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların mülkiyyət hüquqları əleyhinə cinayətlər, maliyyə–kredit fırıldaqları və iqtisadi xarakterli başqa cinayətlər çoxalaraq, cəmiyyət üçün təhlükəli bir həddə çatmışdı. Bunu nəzərə alan ölkə rəhbəri təsirli tədbirlər gördü. Ulu öndərin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994–cü il 9 avqust tarixli fərmanı bu cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Fərmanda hüquq–mühafizə orqanlarının rəhbərlərinə tapşırılırdı ki, müəssisə, idarə və təşkilatlarda rüşvətxorluq faktlarının aşkarlanması, belə hallara yol vermiş vəzifəli şəxslərin qanuna müvafiq surətdə cəzalandırılması, rüşvətxorluğun qarşısının alınması üçün təsirli tədbirlər görsünlər. Bununla yanaşı, prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanlarına tapşırılır və məhkəmə orqanlarına təklif edilirdi ki, ağır cinayətlərin törədilməsi ilə, habelə mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilmiş cinayətlərlə əlaqəsi olan hüquqi və fiziki şəxslərin maliyyə–təsərrüfat fəaliyyəti, onların banklardakı əmanətləri və hesabları üzrə əməliyyatlar haqqında müvafiq orqanların vəzifəli şəxslərindən zəruri hallarda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq sənədləri və məlumatları tələb edib alsınlar və belə tələblərin yerinə yetirilməsinə mane olan və ya bundan yayınan şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görsünlər.
Ulu öndərin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998–ci il 27 yanvar tarixli sərəncamı da xüsusi qeyd olunmalıdır. Göstərilən sərəncam Azərbaycan xalqının mənəviyyatına mənfi təsir göstərən, tarixi adət–ənənələrə zidd olan hallara yol verməmək, həmçinin, iqtisadi sahədə cinayətkarlıqla mübarizənin möhkəmləndirildiyi və bazar münasibətlərinin bərqərar olunduğu bir zamanda həmin sahədə müxtəlif əyintilərin qarşısını almaq məqsədi daşıyırdı.
Ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilən bu sərəncamda bazar münasibətlərindən irəli gələn yeni növ cinayətlərin cəmiyyətimizdə yuva salması və bu cinayətlər üçün bir sıra dövlət orqanları tərəfindən zəmin yaradılması açıqlanır və milli mənəviyyatımıza zidd əyləncə yerlərinin sayının çoxalması kəskin tənqid edilirdi. Qeyri–qanuni yollarla mənimsənilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradan bu və ya digər halların qarşısını almaq tədbirlərinə dair dövlət proqramının hazırlanmasını nəzərdə tutan həmin sənəd Heydər Əliyevin korrupsiyaya və iqtisadi cinayətkarlığa qarşı amansız və ardıcıl mübariz olduğunu nəinki Azərbaycanda, həm də beynəlxalq aləmdə bir daha sübut etdi.
Mütəşəkkil cinayətkarlığa cəlb olunanlar tərəfindən zəhmətsiz gəlir götürülməsinin əsas forması kimi banklardan və maliyyə sistemindən vəsaitlərin çıxarılması ümummilli liderimizi çox narahat edirdi. Bu proses Azərbaycanda bilavasitə mütəşəkkil cinayətkarlıq strukturlarının birləşdiyi 1989–cu ildən sonra başlanmışdı: reket, embarqonun kütləvi şəkildə pozulması, qaçaqmalçılıq və digər cinayətkar fəaliyyət nəticəsində bir neçə il ərzində yığılmış gəliri “qanuniləşdirib” leqal şəkildə xarici banklarda yerləşdirmək lazım idi… Xarici ölkələrə milyardlarda manat məbləğində mal göndərilib haqqının ödənilməməsi, ayrı–ayrı adamların belə vəziyyətdən istifadə edərək dövlətin, xalqın vəsaitini mənimsəməsi, “məşhur” klirinq əməliyyatlarındakı “unutqanlıq”, idxal əməliyyatlarından respublikaya gəlməli olan vəsaitlərin başqa ölkələrin banklarında “ilişib” qalması, bu məbləğin inflyasiya nəticəsində öz dəyərini itirməsi Heydər Əliyevin kəskin etirazına səbəb olurdu. O, bununla əlaqədar deyirdi: “Mən belə vəziyyəti, bununla əlaqədar heç bir izahatı qəbul edə bilmərəm”.
Kriminal strukturlar o dövrdə nizama salınmamış və yayğın maliyyə sektorunu pulların “qanuniləşdirilməsi” mexanizminə çevirmişdilər, həmin mexanizm isə “öz adamları”na dövlət tərəfindən təminat verilən bank kreditlərinin buraxılması sistemi vasitəsilə aktivlərin dağıdılmasına kömək edirdi, sonralar isə bu adamların həmin kreditləri ödəmək iqtidarında olmadıqları aşkara çıxırdı. Bu barədə Heydər Əliyev 1993–cü il dekabrın 8–də keçiriliən müşavirədə çıxış edərək demişdi: “Respublikamız ağır bir dövr keçirir, iqtisadiyyat böhran vəziyyətindədir. Maliyyə bizim üçün əsaslı bir sahədir. Əgər bu sahədə işləyən şəxslər ayrı–ayrı kooperativlərin, assosiasiyaların, şirkətlərin mənafeyini, yaxud da onlarla əlaqəli olaraq öz şəxsi mənafelərini ölkənin, xalqın, dövlətin mənafeyindən üstün tutursa və cürbəcür qeyri–qanuni yollarla gedirlərsə, bütün bunlar dəhşət doğurur və bir daha sübut edir ki, son illərdə respublika iqtisadiyyatının, çox mühüm sahə olan maliyyənin dağılmasının, böhran halına düşməsinin səbəbləri də birinci növbədə buradadır”.
Mütəşəkkil cinayətkar fəaliyyət iqtisadiyyatın bütün sahələrinə hərtərəfli pozucu təsir göstərirdi. Çirkli pulları “qanuniləşdirmək” və ya qeyri–qanuni gəlirlər əldə etmək məqsədilə mütəşəkkil cinayətkar qruplaşmaların valyuta fırıldaqları mübadilə məzənnələrinə və bank sisteminə çox zərərli təsir göstərirdi. Bu cür neqativ və cəmiyyət üçün təhlükəli vəziyyət ölkəmizdə 1995–ci ilədək müşahidə edilmişdir.
Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında azad sahibkarlığın, özəl bölmənin inkişafı üçün zəruri şəraitin təmin edilməsi mühüm yer tutur. Heydər Əliyev deyirdi: “İstəyirik ki, insanlar mülk sahibi olsunlar, əmlak sahibi olsunlar, sahibkar olsunlar; bu şərtlə ki, gərək bizim sahibkarlarımız qanuna riayət etsinlər, qanuni yolla getsinlər. Onlar qanuni yol ilə gedərək həqiqi sahibkar ola bilərlər”. Məhz buna görə Heydər Əliyev dövlət orqanlarından tələb edirdi ki, “qanuni yolla sahibkarlıq etməkdə sahibkarlara maneçilik törətməsinlər, əngəllər yaratmasınlar, mane olmasınlar, qanuni tələbləri yerinə yetirərkən onları rüşvət verməyə sövq etməsinlər, rüşvət almasınlar, onlarla birlikdə qanunu pozmasınlar”, “sahibkarlığın inkişaf etdirilməsi üçün indiyə qədər yaradılan və mövcud olan əngəllər aradan götürülsün, sahibkarlara onların normal fəaliyyət, qanuni fəaliyyət göstərməsi üçün şərait yaradılsın, kömək edilsin”.
Sahibkarlığın inkişafına dövlət himayəsindən danışarkən özəl bölmənin hərtərəfli fəaliyyətinə mane olan bürokratik əngəllərin, qanunsuz müdaxilələrin, əsassız yoxlamaların qarşısının alınması istiqamətində Azərbaycan Respublikası prezidentinin növbəti məqsədyönlü addımlarından bəhs etməmək, sadəcə, mümkün deyildir. “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002–ci il 28 sentyabr tarixli fərmanda əksini tapan məsələlər kompleksinin genişliyi və həmin məsələlərin həlli naminə dövlət başçısının nümayiş etdirdiyi qətiyyətlilik buna ciddi əsas verir.
Prezidentin bu fərmanında dövlət nəzarəti sistemində struktur islahatlarına və qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəlmiş radikal mahiyyətli müddəaların geniş spektri əksini tapmışdır. Fərmanla Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilmiş, hüquq–mühafizə orqanlarının (məhkəmənin qərarları əsasında hallar istisna olmaqla) sahibkarlıq subyektlərinə müdaxilələri qəti qadağan edilmişdir; şəhər və rayon icra hakimiyyətlərinin nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumlarının on gün müddətində ləğv edilməsi məqəsəduyğun sayılmış və bu tapşırıq yerinə yetirilmişdir.
2001–cü ilin sonlarında “Korrupsuyaya qarşı mübarizə haqqında” qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması və birinci oxunuşda qəbul edilməsi Heydər Əliyevin korrupsiya və iqtisadi cinayətkarlığa qarşı amansız və ardıcıl mübariz olduğunu nəinki Azərbaycanda, beynəlxalq aləmdə də bir daha sübut etmişdir.
Ulu öndər tərəfindən mövcud nəzarət sisteminin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması istiqamətində imzaladığı normativ hüquqi aktlar sırasına “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu (16 sentyabr 1994–cü il), “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu (2 iyul 1999–cu il), “Azərbaycan Respublikasında korrupsiyaya qarsı mubarizənin gucləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı (8 iyun 2000–ci il) aid etmək olar. Bunun da nəticəsində Azərbaycanda beynəlxalq tələblərə cavab verə biləcək nəzarət sisteminin əsası qoyulmuşdur. Başqa sözlə, bir tərəfdən nəzarətedici orqanların sayının azaldıldığı və səlahiyyətlərinin məhdudlaşdırıldığı halda, digər tərəfdən sivil nəzarət institutuna – auditə geniş yer verilmişdir.
Ölkə iqtisadiyyatında bazar münasibətlərinin bərqərar olması və bazar iqtisadiyyatına xas olan qurumların yaranması maliyyə nəzarəti sisteminin köklü surətdə yenidən təşkilini tələb etmiş, bu isə müstəqil maliyyə nəzarəti funksiyasını yerinə yetirən auditə tələbatı həyati zərurətə çevirmişdir.
Cəmiyyətin demokratikliyinin meyarlarından biri kimi qiymətləndirilən və müstəqil, qərəzsiz nəzarət forması sayılan audit Azərbaycanda beynəlxalq standartlar baxımından artıq bərqərar olmuşdur və iqtisadi həyatda öz mövqeyini durmadan möhkəmləndirir.
Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar cənab İlham Əliyevin Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanladığı 2006–cı il 4 aprel tarixli məktubda qeyd olunub ki, Azərbaycanın bir sıra transmilli layihələrin reallaşmasında fəal iştirakı, xarici investisiyaların ölkəmizə axını, birgə müəssisələrin uğurlu fəaliyyəti auditor xidmətinin iqtisadi proseslərdə rolunu və əhəmiyyətini daha da artırmışdır. Eyni zamanda: “Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi–maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir”.
Ölkə prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası beynəlxalq və regional təşkilatlar, ayrı–ayrı ölkələrin audit qurumları ilə sıx əlaqə saxlayır, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizin xüsusiyyətlərini nəzərə almaqla tətbiq olunması sahəsində ardıcıl iş aparır, bir sıra nüfuzlu beynəlxalq və regional peşə qurumlarında respublikamızı ləyaqətlə təmsil edir.
Memarı ulu öndərimiz Heydər Əliyev olan və ölkəmizdə uğurla həyata keçirilən cəsarətli iqtisadi islahatlar konsepsiyası reallaşdırılarkən idarəetmənin mühüm vəsiləsi olan nəzarətin, o cümlədən maliyyə nəzarətinin beynəlxalq praktikaya uyğun şəkildə yenidən qurulması mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə əlamətdardır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf və tərəqqi konsepsiyası reallaşdırılarkən, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın təmin edilməsi, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan korrupsiyaya qarşı mübarizə mühüm vəzifələr kimi ön plana çıxmışdır. Azərbaycan Prezidentinin son dövrlərdə imzaladığı fərman və sərəncamlarda maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial–iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunmuşdur.
Şəffaflığın inkişafına Prezident İlham Əliyevin diqqət və qayğısı son bir ayda qəbul edilmiş dörd mühüm sənəddə də öz əksini tapıb. Həmin sənədlərə “Açıq Hökumətin təşviqinə dair 2012–2015–ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015–ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2012–ci il 5 sentyabr tarixli sərəncamı, “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 2012–ci il 4 sentyabr tarixli fərmanı, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010–cu il 27 may tarixli 97 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012–ci il 6 sentyabr tarixli qərarı daxildir.
Bütün bunlar ona dəlalət edir ki, maliyyə şəffaflığının təmin edilməsi, maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun olması istiqamətində yüksək hüquqi bazaya malik ölkələr arasında Azərbaycanın layiqli yer tutmasına baxmayaraq, möhtərəm Prezident bu sahədə işlərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulmasına xüsusi önəm verir.
Həyata keçirilən bütün tədbirlər maliyyə nəzarətinin idarəetmənin mühüm bir istiqaməti kimi aktuallığını artırmaqla bərabər, optimal idarəetmə məsələlərinin işlənib hazırlanması və qəbul edilməsi sahəsində onun rolunun yüksəldilməsi zərurətindən irəli gəlir.
Şübhə yoxdur ki, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətində mühüm yer tutan, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, söylədiyi proqram xarakterli nitqlərdə həlli vacib mühüm vəzifə kimi qarşıya qoyulan maliyyə nəzarəti və şəffaflıq problemləri ilə bağlı məsələlərin tam həcmdə yerinə yetirilməsi ölkəmizdə sosial–iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi–maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru,
professor
Respublika.- 2013.- 27 aprel.- S. 4.