Ulu öndərimizin ideyaları həmişə
yaşayacaqdır
“…Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır”. Xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu sözlər anadan olmasının 90 illiyini qeyd etməyə hazırlaşdığımız bu günlərdə böyük əzəmətlə səslənir.
Heydər Əliyev Azərbaycana Tanrının bəxş etdiyi əvəzsiz şəxsiyyətdir—deyənlər nə qədər də haqlıdırlar. Onun canından artıq sevdiyi Vətəni qarşısında göstərdiyi misilsiz xidmətlər, cahanşümul əməllər hər bir Azərbaycan vətəndaşının qəlbində möhtəşəm abidə kimi ucalmışdır.
Milli dövlətçilik tariximizin şərəfli səhifəsi olan Xalq Cümhuriyyətinin şanlı ənənələrini unutmayan xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Demokratik qüvvələrin tələbi ilə 1990–cı ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 may günü—Azərbaycan dövlətçiliyinin bərpası günü elan edildi.
1991–ci ilin fevralında isə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı çağdaş Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edildi.
1993–cü ilin iyununda ölkədə yaranmış anarxiyadan, sözün həqiqi mənasında, cana doymuş xalq özünün pənah yeri olan ulu öndərimiz Heydər Əliyevə üz tutdu.
Yalnız Heydər Əliyev dühası, qüdrətli xalqımızı vahid milli ideya — azərbaycançılıq ideyası ətrafında birləşdirdi.
Azərbaycan adlı bir məmləkətin səsi dünyaya yayılmağa başladı, atəşkəsə nail olundu, Milli Ordumuz formalaşmağa başladı.
Dahi şəxsiyyətin heç bir şeydən çəkinmədən cəbhə bölgələrinə etdiyi tarixi səfərlər, səngərlərdə dayanan əsgərlərlə görüşləri böyük ruh yüksəkliyi yaratdı. Hər bir əsgər öz Ali Baş Komandanının diqqət və qayğısını görəndə daha da yenilməz oldu.
Bu mətinlik, bu qayğı və diqqət, dəmir iradə ordumuzu formalaşdırdı.
Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xoşbəxt günlərini yaşayan xalqımızın mətin, cəsarətli, yenilməz, işğal altında olan torpaqlarımızı hər an azad etməyə, Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirməyə hazır olan ordusu vardır.
Aydındır ki, öz xalqının lideri səviyyəsinə hər bir şəxs ucala bilməz. Buna o şəxslər nail olur ki, onlar xalqına xas olan ən ali keyfiyyətlərə malik olmalı, onun bütün ideal xüsusiyyətlərini özündə ehtiva etməlidir.
Heydər Əliyevi xalqın lideri səviyyəsinə qaldıran ikinci əsas keyfiyyət onun şəxsi intellektual potensialının hüdudsuz olması, elmliliyi və təfəkkür səviyyəsi baxımından əlçatmazlığı idi. O, həm dövlət rəhbərlərinə xas olan yüksək idarəçilik keyfiyyətləri ilə, həm iqtisadiyyatı, siyasəti, diplomatiyanı, kadrların yetişdirilməsi və düzgün yerləşdirilməsi prosesini yaxşı bilməsi ilə, həm də tariximizə, milli adət və ənənələrimizə dərindən bələd olması ilə seçilirdi. Heydər Əliyev tarixin nadir şəxsiyyətlərindən biri kimi bu mövzuların hər birindən saatlarla sinədən, bədahətən danışmağa və auditoriyanı inandırmağa qadir bir insan idi.
Xalqımızın dahi oğlu Heydər Əliyev bütün sahələrdə olduğu kimi, təhsilimizin də himayədarı idi. Onun sərəncamı ilə tikilmiş, 2005–ci il may ayının 9–da istifadəyə verilmiş Kiş 1 saylı orta məktəbi məhz ulu öndərimizin adını daşıyır. Bütün pedaqoji kollektiv təhsildə və ictimai həyatda onun adına layiq çalışır və yeni–yeni uğurlar qazanır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Bu xidmət bütün sahələri əhatə edir. Azərbaycanın istər sovetlər dövründə, istər müstəqillik illərində, istərsə də bu gün onsuz keçirdiyimiz illərdə qazandığı bütün uğurlarda biz Heydər Əliyevin xəttini, əməllərinin izlərini görürük. Bu xidmətlər sırasında ən önəmlilərdən biri, şübhəsiz, ulu öndərimizin bizə azərbaycançılığı, onun ideya və prinsiplərini bəxş etməsi, bu məfhum ətrafında dünyanın ayrı–ayrı ərazilərinə paylanmış soydaşlarımızı birləşdirmək uğrunda göstərdiyi fədakar fəaliyyətdir. İlk növbədə biz bu fəaliyyətdə planlılıq, məqsədlilik və məqsədə doğru addım–addım düşünülmüş əməli işlər görürük. Biz bu fəaliyyətin ilkin hazırlıq mərhələsini 1969–1982–ci illərdə, daha sonra isə 1982–1987–ci illərdə ulu öndərimizin SSRİ Nazirlər Soveti sədrinin I müavini işləyərkən hiss etdik. Lakin şübhəsiz, bu istiqamətdə köklü fəaliyyəti Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra, xalqın tələbi ilə ümummilli liderimizin 1993–cü ilin 15 iyununda Azərbaycan siyasi rəhbərliyinə ikinci dəfə gəlişindən sonrakı rəhbərliyi dövründə gördük. Hakimiyyətə gəlişinin elə ilk günlərindən başlayaraq ölkə daxilində əvvəlki səriştəsiz rəhbərlərin apardığı ağılsız siyasət nəticəsində yaranmış xaos, anarxiya, özbaşınalıq, ən əsası, qruplara bölünmə, parçalanma hallarının aradan qaldırılması, soydaşlarımızın bir araya gələrək ümumi düşmənə qarşı bir mövqedən çıxış etmək vəziyyətinə gətirilməsi istiqamətində ustalıqla aparılan rəhbərlik fəaliyyətinin şahidi olduq. Qısa müddətdə ölkəni bürüyən bu anormallıqların qarşısı alınaraq, hadisələrin məcrasına salınması, qanunsuzluqların aradan qaldırılması, insanların sabaha olan inamının qaytarılması istiqamətində aparılan məqsədyönlü işlər ölkə daxilində vəziyyəti normallaşdırdı, ölkədaxili həyat nizamlanan, tənzim olunan formaya salındı. Belə bir məqamda vətəndaş həmrəyliyinin bərqərar olunmasının necə vacib olması hamı üçün aydın idi. Bunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev həmin sahəyə çox böyük diqqət və əhəmiyyət yetirdi. Müdrik şəxsiyyət ölkə prezidenti kimi Azərbaycanın demokratik və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətləri kimi qarşıya qoydu.
Elçin QARAYEV,
Şəki rayonu Heydər Əliyev
adına Kiş kənd
1 saylı tam orta
məktəbin direktoru
Respublika.- 2013.- 27 aprel.- S. 4.