Müstəqil Azərbaycan dövlətinin memarı

 

O xalq xoşbəxtdir ki, müdrik və sınanmış rəhbəri var. XX əsrdə bizim də bəxtimizə məhz ulu öndərimiz Heydər Əliyev kimi dahi rəhbər düşmüş, xalqımızı tariximizin ən kəşməkeşli çağlarında çətinliklərdən xilas edə bilmişdir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ötən əsrdə təkcə respublikamızda deyil, bütün dünyada tanınan böyük siyasətçi və görkəmli dövlət başçısı olub. Ulu öndərimiz sözün həqiqi mənasında müdrik və uzaqgörən rəhbər kimi, xalqımızın qəlbində əbədi məskən salmışdır. Onun pinsipial siyasi fəaliyyəti, müstəqil dövlət quruculuğu təcrübəsi ən yeni tariximizin ayrıca bir mərhələsini təşkil edir.

Xalqımız son dövrdə nə əldə etmişsə, bunun bünövrəsi hələ ötən əsrin 70–80–ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman qoyulmuşdur. Ulu öndər bilirdi ki, çox keçməyəcək, Azərbaycan yenidən müstəqil dövlət olacaqdır. Azərbaycanın sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrinin dinamik inkişafını daim diqqət mərkəzində saxlayırdı, müstəqilliyin iqtisadi dayaqlarının yaradılması üçün zəmin hazırlayırdı.

Dövran dəyişdi, ölkəmiz ikinci dəfə müstəqilliyə qovuşdu. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr kürsü, var–dövlət, vəzifə davası ilə məşğul idilər. Hətta torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunması, ana və bacılarımızın fəryadı, minlərlə soydaşımızın qətlə yetirilməsi onların vecinə deyildi. Qrup maraqları, şəxsi ambisiyalar, hakimiyyətsizlik baş alıb gedirdi. Bu, Azərbaycanın təklənməsinə, beynəlxalq aləmdən təcrid olunmasına aparırdı.

Xalqımız yaranmış fəlakətli və gərgin vəziyyətdə mövqeyini, ölkənin nicatını Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Böyük xilaskar siyasi müdriklik və qətiyyəti ilə dövlət çevrilişinin, ərazilərimizin parçalanmasının qarşısını aldı. Gəncə hadisələri, qondarma “Talış–Muğan respublikası” iddiaları, 1994 və 1995–ci illərdə dövlət çevrilişinə yönəldilən cəhdlər heç bir nəticə vermədi.

Ulu öndərin uzaqgörən daxili və xarici siyasəti sayəsində tezliklə əmin–amanlıq və sabitlik bərqərar oldu, ölkə siyasi və iqtisadi böhrandan çıxdı, müharibə dayandırıldı. İqtisadi sahədə islahatlar həyata keçirilməyə başlandı, “Əsrin müqaviləsi” baş tutdu, ordu quruculuğunda irəliyə doğru olduqca mühüm addımlar atıldı.

Bütün bunlar Azərbaycanın imicinin yüksəlməsinə, plüralizmin bərqərar olmasına, vətəndaş cəmiyyətinin qurulmasına, dövlətin və dövlətçiliyin möhkəmləndirilməsinə və geniş inkişafa zəmin yaratdı. Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsindən birdəfəlik xilas oldu, ölkəmiz tənəzzüldən çıxaraq tərəqqiyə doğru istiqamət götürdü.

Müdrik və dahi insanın rəhbərliyi ilə Azərbaycan dövləti 10 il ərzində böyük inkişaf yolu keçdi. Ölkə bazar iqtisadiyyatı istiqamətində kəskin dönüşə nail oldu. Dövlət və hökumət strukturlarında, hüquq–mühafizə orqanlarında təkmilləşdirmələr aparıldı. Respublika nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olundu.

Xarici dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə çevik, tarazlaşdırılmış siyasət yürüdən Heydər Əliyev Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmağa və bununla da Azərbaycana diqqət və marağın qat–qat artırılmasına nail oldu. 1994–cü ildə Azərbaycan NATO–nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu, 2001–ci ildə Avropa Şurasına üzv oldu. Dövlət başçımızın səsi BMT–nin, digər nüfuzlu təşkilatlarının tribunasından eşidildi.

Heydər Əliyev çevik, ədalətli, ardıcıl və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli–mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz qanını və canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi.

Ümummilli liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı ulu öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxlanıram”. Buna görədir ki, onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir.

Heydər Əliyev bəşər tarixində siyasət olimpinə yüksələn nəhəng xadimlərdən biridir və onun həyat yolu doğma vətənə sədaqət nümunəsidir. Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də kadr siyasəti olmuşdur.

Bu siyasətin minlərlə yetirmələrindən biri də mənəm. 1971–ci ildə Kuban Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra rayonumuzda işləməyə başladım. 1974–cü ildə ulu öndərimiz Cəlilabad rayonuna gəlmişdi. O zaman çalışdığım quşçuluq fabrikində gənclərlə görüşdə iştirak edirdim. O, bir ata kimi bizimlə şirin söhbət edərək dəyərli məsləhətlərini verirdi. Birdən nəzərləri mənə sataşdı, yanına dəvət edib bir neçə sual verdi, axırda dedi ki, yaxşı işlə, sənin gələcəyin var. Bu görüşdən az bir müddət keçəndən sonra gözləmədiyim halda ulu öndərin qəbuluna çağırıldım. O, məni yenə də mehribanlıqla, hərarətlə qarşıladı, son dərəcə böyük ehtiramla söhbət apardı və mən Mərkəzi Komitədə məsul işə təyin olundum. Təsəvvür etmək çətindir ki, o zaman 27 yaşı olan sadə bir gənc üçün bu, nə demək idi. Çoxları buna təəccübləndilər, səbəb axtardılar, həsəd aparanlar da oldu. Əsl səbəb isə Heydər Əliyevin cavan kadrlara olan qayğısı, insanlara, xüsusilə bölgələrdə yaşayan gənclərə diqqəti, atalıq nəvazişi idi. Və mən bundan sonra daim ulu öndərin etimadını doğrultmağa çalışdım, onun diqqət və qayğısına layiq olmaq üçün var qüvvəmi əsirgəmədim.

İllər sürətlə tarixə qovuşur, ötən illərə boylananda bir daha yəqinlik hasil edirsən ki, tarix, həqiqətən, təkrar olunur. 1980–ci illəri götürək. Həmin illərdə Cəlilabad rayonu özünün ən yüksək inkişaf mərhələsini yaşayırdı, şöhrəti o zamankı SSRİ–nin bütün guşələrinə yayılmışdı. Həmin illərdə Heydər Əliyev üç dəfə Cəlilabada gəldi, hər gəlişi ilə yeni–yeni müjdələr gətirdi, hər addımı, hər sözü ilə rayonun salnaməsinə yeni sətirlər yazdı. O dövrün şahidləri yaxşı xatırlayırlar ki, ulu öndərin Cəlilabadın əməksevər insanları ilə görüşləri necə böyük toy–bayrama çevrilirdi. Heydər Əliyev yayın istisində iş üstündə üzümçülərlə, heyvandarlarla, bir sözlə, hamı ilə görüşüb söhbət edir, öz dəyərli məsləhətləri və tövsiyələri ilə onları daha yaxşı çalışmağa ruhlandırırdı. Rayonun yüksəlişində çox mühüm rol oynamış “Cəlilabad rayonunun sosial–iqtisadi inkişafına dair” məlum qərar da elə o vaxtlar Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə qəbul edildi. O qərarın Cəlilabada gətirdiyi yeniliklərin nişanələri indi də qalmaqdadır. Heydər Əliyev Moskvaya işləməyə gedəndən sonra da rayonumuzu unutmadı, insanlara hər cür kömək göstərməkdə davam etdi.

Müstəqilliyin ilk illərində Cəlilabad da səriştəsiz adamların yaratdığı anarxiyanın qurbanına çevrildi. Bunun üçün 1990–cı ilin dekabr hadisələrini, 1993–cü ilin olaylarını xatırlamaq kifayətdir.

Rayonu şər qüvvələrin caynağından məhz ulu öndərimiz xilas etdi. Yeni inkişaf mərhələsinin təməli onda qoyuldu, əmin–amanlıq bərqərar oldu, insanlar yenə gülərüzlə, qurub–yaratmaq əzmi ilə iş başına keçdilər. Cəlilabadın, ölməz şairimiz Səməd Vurğunun təbirincə desək, “yeni dövranı” başlandı.

Mən qeyd etdiyim kimi, Heydər Əliyevin yetirməsiyəm, onun kadrıyam. Ümummilli liderimizin həyat və fəaliyyəti mənim üçün əsl universitet, akademiya deməkdir. Mən minlərlə Azərbaycan vətəndaşı kimi, ulu öndərdən dərs almışam, onu həmişə özümə böyük müəllim hesab etmişəm, indi də edirəm.

Heydər Əliyevin əməyinin bəhrəsini xalqımız hələ neçə illər bundan sonra da görəcəkdir. Son illərin göstəricilərinə, kənd adamlarının uğurlarına diqqətlə nəzər salanda inkişafın əsl mahiyyəti və məzmunu bir daha aydın şəkildə özünü büruzə verir. Bu uğurların yaradıcısı, memarı, ilhamverici qüvvəsi, yenə təkrar edirəm, məhz el atası Heydər Əliyevin qoyub getdiyi işıqlı ideyalardır.

Bütün bunlar insanları heç vaxt arxayın salmır. Onlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər bir sözünün, tapşırığının əhəmiyyətini yaxşı başa düşürlər. Onu da aydın görürlər ki, qarşıda daha çətin, əzəmətli vəzifələr durur. Həmin vəzifələri yerinə yetirmək, Heydər Əliyevin bütün arzularını tam həyata keçirmək xalqımızın birinci dərəcəli işidir. İnanırıq ki, onun müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, respublikamızın müstəqilliyi və suverenliyi daha da möhkəmlənəcək, ölkəmiz gündən–günə varlanacaq, vətəndaşlarımız daha firavan yaşayacaqlar

90 illik yubileyini qeyd etdiyimiz, bizim üçün həmişə canlı həyat məktəbi olan ulu öndər, mənəvi atamız Heydər Əliyev belə bir insan idi. Onun adı yüz illər bundan sonra da qəlbimizdə yaşayacaq, ideyaları bizə daim doğru yol göstərəcəkdir. Ulu öndər bu gün sıralarımızda olmasa da, pak və xeyirxah əməlləri, misilsiz xidmətləri gözümüz önündədir. Biz həmişə Heydər Əliyevin parlaq dühası, dərin zəkası, möhtəşəm və dəmir iradəsi, pak adı ilə fəxr edəcəyik.

 

 

Tofiq TAĞIYEV

 

Respublika.- 2013.- 27 aprel.- S. 5.