Yubiley tədbirləri
davam etdirilir
QUBA
Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında da dahi şəxsiyyət, xalqımızın böyük oğlu Heydər Əliyevin 90 illik yubileyi geniş surətdə qeyd olunur. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına uyğun institut filialının rəhbərliyi tərəfindən fevral ayında geniş “Tədbirlər planı” hazırlanıb təsdiq olunmuşdur. Filialın kitabxanasında “Heydər Əliyev–90″ başlığı altında kitab sərgisi təşkil olunmuş, burada ulu öndərin zəngin həyat və fəaliyyətinə dair müxtəlif kitablar qoyulmuşdur. Geniş foyedə “Vətən, xalq üçün yaşanan ömür” adlı fotostend dahi rəhbərin mənalı ömrünün müxtəlif illərini əks etdirir. Məktəb divar qəzetinin son nömrəsindəki yazılar “Heydər Əliyev ideyaları yaşayır” ümumi başlıq altında verilmişdir. Yubileyə həsr olunmuş maraqlı tədbirlərdən biri də hər həftənin sonunda institutun ərazisində yaşıllaşdırma aksiyasının keçirilməsidir. Müəllim və tələbələrin fəal iştirak etdiyi bu aksiya zamanı ərazidə ağac və bəzək kolları əkilir, təmizlik, abadlıq işləri görülür.
Odlar Yurdu Universitetində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası mövzusunda keçiriləcək konfransa filialın 5 tələbəsi məqalə–tezis təqdim etmişdir. Bakı Biznes Universitetində respublika tələbə elmi cəmiyyətlərinin may ayında “Heydər Əliyev və Azərbaycan” mövzusunda keçiriləcək elmi–praktik konfransa 7 tələbə məruzə–tezis göndərmişdir. Azərbaycan Müəllimlər İnstitutunda keçiriləcək “Heydər Əliyev ideya–nəzəri irsində insan amili” elmi–praktik konfransında filialın müəllim və tələbələri 5 məqalə ilə çıxış edəcəklər.
Bu günlərdə institutun filialında “Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda elmi–praktik konfrans keçirilmişdir. Konfransda institutun müəllim və tələbələri ilə bərabər, respublikanın tanınmış alimləri və ziyalıları Heydər Əliyevin vətən, xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən danışmışlar.
XUDAT
Ölməz
ideyaları ilə xalqımızın ürəyində daim
yaşayan dahi şəxsiyyət, müdrik rəhbər Heydər
Əliyevin 90 illik yubileyi hər yerdə olduğu kimi,
respublikamızın şimal şəhəri olan Xudatda da
böyük ruh yüksəkliyi ilə qeyd olunur. Şəhər
ulu öndərin yubileyinə quruculuq işləri və
yeniliklərlə gəlir. Şəhərin küçə,
park və xiyabanlarında gərgin iş gedir. Hər yerdə
səliqə–sahman, yaşıllaşdırma,
tikinti–abadlıq işləri görülür. Köhnə tikintilərdə
iş sürətlənir, yeni obyektlərin özülü
qoyulur.
Rayon İHB–nin Xudat şəhər İƏD üzrə nümayəndəsi Ələkbər Quliyev deyir ki, rayonumuzun hər bir guşəsində olduğu kimi, şəhərimizdə də ulu öndərin yubileyinə böyük hazırlıq işləri görülür. Bu münasibətlə geniş “Tədbirlər planı” hazırlanmış, görüləcək işlərin layihəsi tərtib edilmişdir. Şəhərimizdə yerləşən idarə, müəssisə və təşkilatlarda, ticarət obyektləri qarşısında, xidmət sahələrində, yaşayış məntəqələrində keçirilən iməciliklər zamanı təmizlik, abadlıq işləri görülür, yaşıllıqlara qulluq edilir, müəyyən olunmuş yerlərdə bəzək, gül kolları əkilir. Ən qızğın iş ulu öndərin adını daşıyan parkda gedir. Park və muzey əsaslı surətdə təmir olunur. Burada fəvvarələr, yaşıllıq zolaqları, səkilər, ətrafdakı binalar, işıqlandırma sistemi yenidən qurulur. Parkın ümumi görünüşünə yeni tərtibat verilir. Nizami parkında da xeyli iş görülmüş, güllüklər salınmış, ağac əkilmişdir. Ətrafda–0,5 hektarlıq sahədə yaşıllıq zolaqları salınmışdır. Ümumiyyətlə, Xudatın ərazisindən keçən turizm yollarının hər iki tərəfi təmir olunur, tərtibatında dəyişikliklər edilir. Şəhərin təmizliyinə çox ciddi nəzarət olunur. Yaxın vaxtlarda yöndəmsiz və primitiv köşklərdən ibarət olan bazarın müasir üslubda tikilmiş ticarət mərkəzinə köçürülməsi nəzərdə tutulmuşdur.
Şəhərdə yaxın vaxtlarda yeni obyektlərin tikintisinə başlanılacaqdır. Şahmat məktəbinin özülü qoyulacaq, qocalar evi və 1 nömrəli məktəb üçün yeni bina tikiləcəkdir. Şəhərin işıqlandırılması sistemi tamamilə dəyişdiriləcəkdir. Bundan əlavə, şəhərin bütün küçələri asfaltlaşdırılacaqdır. Bəzi yaşayış massivlərində qaz, su, kanalizasiya xətləri yenidən çəkiləcəkdir. Məqsəd—turizm zonasında yerləşən Xudatı müasir və gözəl bir yaşayış mərkəzinə çevirməkdir.
Ziyafəddin
Bayramov
Respublika.- 2013.- 27 aprel.- S. 6.