BÖYÜK VƏ ŞƏFQƏTLİ ÜRƏK SAHİBİ

 

Zərifə Əliyeva adamların gözlərinə işıq bəxş etmək kimi müqəddəs bir sənətin sahibi olmuşdur, insanların gözlərinə nur vermişdir.

Bəşəri duyğularla yaşamış el anasının adı heç vaxt dillərdən düşmür, insanlar üçün elədiyi yaxşılıqlar itmir. İllər bir–birini əvəz etsə də, qayğıkeş müəllim, əvəzedilməz insan, görkəmli alim Zərifə Əliyevanın xatirəsi unudulmur.

Zərifə Əliyeva xoşbəxt bir insan idi, ona görə ki, Əziz Əliyev kimi görkəmli dövlət xadiminin, xeyirxah və alicənab bir insanın ailəsində doğulmuşdu. İnsanların rifahına, cansağlığına vicdanla, qeyrətlə xidmət etmək, həkimlik sənətinə məhəbbət və sədaqət kimi keyfiyyətlər də ona böyüklərindən keçmişdi. Əziz Əliyev öz övladlarına əsl mənəvi, humanist duyğuların sahibi olmaq keyfiyyətlərini aşılamışdı.

Zərifə xanım hər kəsə qismət olmayan bir ömür yaşadı, bu ömrün akkordları insanlara yadigar qalmış uca–uca əməllərdə yaşayır, əzəmətli bir simfoniyaya çevrilərək zaman–zaman qəlbləri oxşayır.

Zərifə Əliyevanın həyat tarixçəsi bizim hamımız üçün nümunədir. O, 1923–cü ilin aprel ayında İrəvanda anadan olmuş, sonradan valideynləri ilə Naxçıvanda yaşamış, daha sonra Zərifə xanımın atası Əziz Əliyevin ailəsi Bakıya köçmüşdür. Zərifə xanım 1942–ci ildə Bakı şəhərində orta məktəbi bitirərək Tibb İnstitutuna daxil oldu, elə tələbəlik illərində nə qədər dərin zəkaya malik olduğunu dəfələrlə sübuta yetirdi. 1947–ci ildə ali təhsilini uğurla başa vuran Zərifə xanım Moskvada Ümumittifaq Həkimləri Təkmilləşdirmə İnstitutunda təcrübə qazandı, elmi–tədqiqat müəssisələrində işlədi, dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldı. Keçmiş SSRİ–də onun elmi təcrübələri ilə maraqlanırdılar. 50–ci illərdə artıq yetkin təcrübəyə və nəzəri biliklərə sahib olan Zərifə xanım respublikanın bölgələrində tüğyan edən traxoma xəstəliyinə qarşı mübarizədə böyük işlər gördü. Zərifə xanım xalqına, Vətəninə xidmət edirdi, rayonlarda olarkən xəstələri müalicə etməklə yanaşı imkansız ailələrə də köməyini əsirgəmirdi.

Daha sonra Zərifə xanım Moskvada “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi aldı. 1983–cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı nailiyyətlərə, elmi təcrübələri praktikada geniş tətbiq etdiyinə, yüksək ixtisaslı kadrların hazırlanmasında bilavasitə iştirakına və digər uğurlarına görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçildi.

Görkəmli həkim peşə fəaliyyəti zamanı görmə orqanlarında əmələ gələn xəstəliklərin yayılmasının qarşısını almaq üçün səmərəli iş aparırdı. O, zavodlarda, fabriklərdə, istehsalatın digər sahələrində görmə orqanlarını müxtəlif təsirlərdən, toksinlərin müdaxiləsindən mühafizə etmək üçün mühüm tədbirləri həyata keçirdi. Zərifə xanım Bakı Məişət Kondisionerləri zavodunda “Görmə orqanlarının fiziologiyası və peşə patologiyası” adlı xüsusi laboratoriya yaradılmasına nail oldu, bununla da peşə patologiyasının öyrənilməsini yüksək səviyyədə təşkil etdi.

Zərifə xanımın necə böyük bir müəllim, alim, tibb elminin dərin–dərin qatlarını fəth etməyə qadir olduğunu hələ tələbəlik vaxtlarımda dərk etmişəm. Onun əsərlərindən öyrənmişəm, indi də öyrənirəm.

Zərifə xanımı düşündürən məsələlərdən biri həkim etikası idi. “Həkim cəmiyyətdə əxlaq etalonudur”. Bu sözlər akademik Zərifə Əliyevaya məxsusdur. O, gənc həkimlərin tərbiyəsində, onları böyük həyata hazırlayanda məhz bu cəhəti əsas götürürdü, gənc həkimlərə xəstələrə qarşı münasibətdə nəzakətli olmağı tövsiyə edirdi. Onun bu məsələyə həsr olunmuş “Yüksək etimad” kitabını biz tələbələr dönə–dönə oxumuşduq, indinin özündə də orada yazılanlardan çox şey əxz edirik. “Həkimin yüksək vəzifəsi”, “Oftalmologiyanın aktual problemləri”, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” əsərləri tibb işçilərinin stolüstü kitablarıdır. Əminəm ki, bizdən sonra gələcək nəsillər də böyük insanın təcrübəsindən daim bəhrələnəcəklər.

Zərifə xanımın nəcib əməllərinin bəhrələrini Azərbaycanın bütün bölgələrində müşahidə etmək mümkündür. Hazırda səhiyyə ocaqlarında, xüsusilə oftalmoloji xəstəxanalarda, diaqnostika müəssisələrində böyük alimin işləri öyrənilir, geniş tətbiq olunur. Ölkəmizin müstəqilliyi möhkəmləndikcə, bütün sahələrdə dinamik inkişaf da paralel olaraq daha fundamental xarakter alır. Bu inkişaf, şübhəsiz, xalqımızın ümummilli lideri, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Zərifə Əliyeva ailəsinə, övladlarına çox bağlı idi…

Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, regionların, şəhər və kəndlərimizin inkişafı, vətəndaşların sosial–iqtisadi həyat tərzinin yaxşılaşdırılması sahəsində atdığı möhtəşəm addımlar ona ümumxalq məhəbbəti qazandırmışdır. Dövlətimiz əhalinin sosial müdafiəsinə böyük qayğı və diqqət göstərir. Bunu səhiyyə işçiləri öz gündəlik fəaliyyətlərində aydın görürlər. Rayonlararası Diaqnostika Mərkəzinin qırmızı lentini məhz hörmətli Prezidentimiz kəsmişdir. Hazırda Cəlilabad şəhərində regionda ən iri xəstəxana kompleksi tikilir. Tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş digər tədbirlər əhalinin ürəyincədir. Rayonun bütün sakinləri kimi, səhiyyə sahəsinin işçiləri də bu böyük diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürünü və səmimi minnətdarlıqlarını bildirirlər.

Zərifə Əliyevanın və onun ardıcıllarının həyat və fəaliyyət yolunu özünə örnək bilən həkim və tibb işçilərimiz bütün qüvvələrini nəcib peşəyə həsr edirlər, onun təcrübəsindən öyrənirlər. Həkimlərimiz və tibb işçilərimiz insanların sağlamlığı keşiyində ayıq–sayıq dayanmaqla hər gün neçə–neçə xəstəyə xoşbəxtlik bəxş edir. Burada hər cür müalicə və diaqnostika tədbirləri həyata keçirilir. Ayrıca göz xəstəlikləri bölməsi də işləyir ki, mərkəz istifadəyə veriləndən bəri burada yüzlərcə insan şəfa tapmış, onların gözləri ən yeni üsullarla və müasir cihazlarla müalicə olunmuşdur. İndi təkcə Cəlilabaddan deyil, ətraf rayonlardan da müraciət edənlərin sayı getdikcə artır. Hətta ucqar dağ rayonlarından, Lerik və Yardımlıdan gələrək tam müalicə və müayinə olunanlar vardır ki, 5–6 il əvvəl bunu ancaq arzulamaq olardı.

Ötən əsrdə oftalmologiya təbabəti sahəsində yaxşı nə vardısa, onu ərsəyə gətirənlərin ən irəlidə gedəni Zərifə xanım idi, bu böyük alimin bitib–tükənməyən amallarının bəhrəsi idi.

Qədirbilən xalqımız akademik Zərifə Əliyevanın adı ilə həmişə fəxr edəcək, onun işıqlı əməllərini, insansevərliyini, səmimiliyini daim hörmətlə xatırlayacaq. Böyük alim–oftalmoloq bizim qəlbimizdə özünə əbədi bir abidə ucaltmışdır.

 

 

Eldar Hacıyev,

Cəlilabad Müalicə Diaqnostika

Mərkəzinin baş həkimi

 

Respublika.- 2013.- 27 aprel.- S. 7.