Yevlaxda ilin birinci rübünün yekunları təhlil olunmuşdur

 

Yevlax rayonunda 2013–cü ilin ilk rübünün sosial–iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq–mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov acaraq demişdir ki, Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekununa həsr olunmuş geniş iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqində qarşıya mühüm vəzifələr qoyulmuşdur.

İclası giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın tərəqqi və inkişaf strategiyasını müəyyənləşdirmiş milli–mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, Azərbaycanda hüquqi dövlətin bərqarar olmasına, müstəqil dövlətlərə xas olan mütərəqqi inkişaf modelini yaratmağa, demokratikləşməyə nail olmuşdur. Dahi rəhbərin bu möhtəşəm ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun uğurla davam etdirilir. On ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkəmizin iqtisadi göstəriciləri durmadan artmaqda davam edir.

2013–cü ilin birinci rübündə sosial–iqtisadi inkişaf baxımından Yevlax şəhəri üçün də uğurlu olmuşdur.

Cənab Prezidentin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki illərdə olduğu kimi, ənənələrinə sadiq qalaraq, bütün qüvvələri səfərbərliyə alaraq quruculuq, abadlıq, tikinti işləri aparılmasını davam etdirmiş, infrastrukturun yaxşılaşdırılmasına, vətəndaşları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir vermiş, insanların dahada yaxşı yaşaması üçün mühüm addımlar atmışlar.

2013–cü ilin birinci rübündə ümumdaxili məhsulun həcmi 115,7 milyon manat olmuşdur ki, bu da 2012–ci ilin birinci rübünə nisbətən 18,7 milyon manat və yaxud 19,3 faiz çox olmuşdur.

Ümumdaxili məhsulun 98,5 faizi qeyri–dövlət sektorunda istehsal olunmuşdur.

Ümumdaxili məhsulun 3,2 milyon manatını sənaye, 11,2 milyon manatını kənd təsərrüfatı, 20,6 milyon manatını tikinti, 66,6 milyon manatını ticarət, 1,2 milyon manatını nəqliyyat, 0,3 milyon manatını rabitə, 12,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 985,1 milyon manatlıq sənaye məhsulu ixrac olunmuşdur. Bu, satılmış məhsulun 30,2 faizini təşkil edir.

2013–cü ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 18140 pensiyaçıya 7,2 milyon manat vəsait ödəmişdir.

Rayon əhalinin sosial müdafiəsi mərkəzi 2013–cü ilin birinci rübündə 6517 sosial müavinət alanlara 1,0 milyon manat vəsait ödəmişdir. Sosial müdafiəyə ehtiyacı olan 1974 ailəyə 807,6 min manat ünvanlı sosial yardım ödənilmişdir.

2013–cü ilin birinci rübündə bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 25 milyon manat olmuşdur.

Kapital qoyuluşu hesabına hazırda 4 mərtəbəli 20 mənzilli yaşayış binasında, Kür çayı sahilində 5 ulduzlu hoteldə, təhsil şöbəsinin inzibati binasında, şəhər 10 nömrəli 240 şagird yerlik tam orta məktəb binasında, Balçılı kənd 180 şagird yerlik orta məktəb binasnda, Aran qəsəbəsi 3 nömrəli 180 şagird yerlik tam orta məktəb binasında, “Azərbaycan Beynəlxalq Bankı” ASC–nin Yevlax filialının binasında, Uşaq Gənclər İdman Məktəbinin üzgüçülük hovuzunda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax şöbəsinin, Sənaye və Energetika Nazirliyinin Yevlax rayon Regional Qaz Nəzarəti idarəsinin, Yevlax Qaz İstismar sahəsinin, 11 saylı Vergilər idarəsinin, Regional referens toksikologiya və karantin ekspertiza labaratoriyasının, 180 çarpayılıq Mərkəzi şəhər xəstəxanasının, 50 çarpayılıq Regional Vərəm dispanserinin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional idarəsinin binalarının tikintisi aparılır.

Heydər Əliyev Fondu hesabına Kövər kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır.

Eyni zamanda Yevlax şəhəri üçün mühüm əhəmiyyəti olan Hava limanının yenidən qurulması işlərinə başlanılmışdır.

Cari ildə rayonun Yuxarı Bucaq, Əcəmi kəndlərində 180 şagird yerlik, Bünyadabad və Dəlləklər kəndində 80 şagird yerlik məktəb binalarının tikintisi üçün layihə–smeta sənədləri hazırlanır.

Yevlax rayonunun qazla təmin olunmayan Xaldan zonası adlanan ərazisində 21 kəndin qaz təminatının bərpası məqsədilə daşıyıcı qaz kəmərinin çəkilişi və Qaz paylayıcı stansiyanın tikintisi işləri başa çatmaq üzrədir.

Xaldan zonası kəndlərində, İsmayılabad kəndində yeni qaz xətlərinin çəkilişi aparılır.

Hacımahmudlu, Nuralılar kəndlərinə, Aran qəsəbəsində və şəhərdə 7 küçədə qaz xətlərinin əsaslı təmir işləri görülür.

2013–ci ilin birinci rübündə abonentlər tərəfindən 1 milyon 451 min manatlıq təbii qaz istehlak olunmuş və istehlak olunmuş qazın dəyərinin 1 milyon 18 min manatı, yəni 70 faizi ödənmişdir.

Əhalidən isə ödəmə 71,0 faiz olmuşdur.

Əvvəlki illərə nisbətən əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin səviyyəsi və həcmi artmışdır.

Belə ki, 2013–cü ilin birinci rübündə abonentlərə 326 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 44 min manat və ya 7,0 faiz çoxdur. Əhaliyə göstərilən xidmətlərin həcmi isə 12,3 min manat çoxalmışdır. Rüb ərzində əhaliyə 68 telefon çəkilmişdir.

İnternet abunəçilərinin sayı 2656–ya çatdırılmışdır ki, bu da keçən ilə nisbətən nisbətən 7,0 dəfə çoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları, yeni məktəb binalarının tikintisi, məktəblərin maddi–texniki bazasının əsaslı surətdə inkişafı istiqamətində görülən işlər, məktəbdə təlim–tərbiyənin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər davam etdirilmişdir.

Şagirdlərin təlim–tərbiyəsinin yaxşılaşdırılması istiqamətində məktəb rəhbəri və Şəhər Təhsil Şöbəsi tərəfindən bir sıra işlər görülmüşdür. Məktəblərin IX, XI siniflərində fənlər üzrə sınaq testləri, ulu öndərin 90 illik yubileyi ilə əlaqədar inşa və rəsm müsabiqələri keçirilmişdir. Fənn olimpiadalarının rayon turunda 686 nəfər, respublika turunda 14 nəfər şagird iştirak etmiş, şəhər 5 N–li tam orta məktəbin X sinif şagirdi Məşdizadə Maya Hüseyn qızı respublika turunda biologiya fənni üzrə dördüncü yeri tutmuşdur.

Şəhər 5 N–li tam orta məktəbi “İlin ən yaxşı məktəbi” respublika turunda iştirak etmiş, yekun mərhələyə buraxılmışdır.

Şagirdlərin ali hərbi məktəblərə və Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbulu istiqamətində tədbirlər davam etdirilmişdir. Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumaq istəyən 115 şagird yerli həkim komissiyasında yoxlanılmış, onlardan 53 nəfəri yararlı hesab edilmişdir. Ali hərbi məktəblərdə oxumaq istəyən 35 şagirddən 29 nəfəri yararlı hesab edilmiş və onlar ali hərbi məktəblərə sənədlərini təqdim etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011–ci il tarixli 1941 N–li sərəncamına uyğun rayonun 25 körpələr evi və uşaq bağçaları şəhər icra hakimiyyətinin tabelliyinə götürülmüş, uşaqların gündə 3 dəfə normativə uyğun qidalanması təmin edilmiş və bu sahəyə diqqət və nəzarət daha da artırılmışdır.

Rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Stasionlarda müalicə olunan xəstələrə diqqət artırılmışdır.

Hazırda şəhərdə 180 çarpayılıq mərkəzi şəhər və 50 çarpayılıq ağ ciyər xəstəlikləri xəstəxanasının tikintisi davam edir.

Yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilmiş, rüb ərzində 2495 nəfər uşağa peyvəndlər edilmiş, səhiyyə maarifi işinə diqqət artırılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vərəmə yoluxma hallarının sayı azalmışdır.

Rayon gigiyena və epidemiologiya mərkəzi tərəfindən rayon ərazisində 42150 kvadratmetr sahədə dezinfeksiya, 51000 kvadratmetr dezinseksiya işləri görülmüşdür.

Son illər olduğu kimi 2012–ci ildə də əhaliyə göstərilən mədəni–maarif xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə Şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər davam etdirilmişdir. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində təmir və yenidənqurma işləri həyata keçirilmişdir.

Novruz bayramı münasibətilə şəhərin müxtəlif yerlərində təşkil edilmiş el şənliyi yüksək səviyyədə, milli adət–ənənələrimizə uyğun olaraq keçirilmiş, tədbir rayon əhalisi tərəfindən maraqla qarşılanmışdır.

Mədəniyyət və Turizm şöbəsinin və Uşaq yaradıcılıq Mərkəzinin mahnı və rəqs kollektivləri hərbi hissələrdə konsert proqramları ilə çıxışlar etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun rayonda gənclər siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin siyasi, vətənpərvərlik, fiziki inkişafı, idman müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

2 fevral Gənclər günü ilə əlaqədar Gənclər və İdman idarəsi tərəfindən maraqlı, silsilə tədbirlər keçirilmişdir. “Gənc Liderlər” və “Gələcəyə körpü ” Gənclər ictimai birliyi ilə keçirilmiş tədbir gənclərdə böyük maraq doğurmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliği, cənab Prezidentin diqqət və qayğısı sayəsində Yevlax şəhərinin sosial–iqrisadi inkişafı, infrastrukturun yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər “Kür” qəzetində müntəzəm işıqlandırılmış, bu məqsədlə silsilə yazılar, fotoşəkillər verilmişdir. Qəzetdə əhalinin sosial problemlərinin həlli, şəhərin mədəni həyatı, iş adamlarına verilən qiymət, sahibkarlığın inkişafi istiqamətində görülən işlər daima öz əksini tapmış və qəzetin prioritet istiqamətini təşkil etmişdir!

Cənab Prezidentin 14 aprel 2009–cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər yerində olduğu kimi Yevlaxda da uğurla icra edilir, tikinti–quruculuq, abadlıq işləri daha da geniş vüsət alıb. Şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov bir daha əminniklə bildirdi ki, ötən illərdə gördüyümüz irihəcmli işlər bizə imkan verir ki, bundan sonra da şəhərimizin inkişafı üçün lazım olan bütün tədbirləri yüksək səviyyədə həyata keçirək. Qədirbilən yevlaxlılar ümummilli lider Heydər Əliyevin siyasi varisi–yüksək intelektli, praqmatik düşüncəli, dünya siyasətində özünə məxsus yer tutan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişdir və əminliklə deyə bilərik ki, onun rəhbərliyi ilə dövlətimizin qarşısında duran bütün taleyüklü məsələlər öz həllini tapacaqdır.

 

 

Zabit XƏLİLOV

 

Respublika.- 2013.- 27 aprel.- S. 9.