“Yazıçı
hər əsəri ilə yenidən doğulur”
“Hər il ilin–günün bu vaxtında göy üzünə baxıram. O hayla–harayla qatar–qatar gəlib keçən durnalar elə bilirəm bizim ellərdən xəbər gətirəcək. Bu il bahar gecikdi, durnalar gecikdi bir az…”. Bu sözləri bir neçə il bundan qabaq söhbətimiz zamanı demişdi yazıçı dostum Tahir Kazımov. Mən indi yenə onunla əsirlikdə qalan yurd yerlərimizlə bağlı söhbət edə–edə gözlərinə baxıram. Qəm, qüssəylə, həsrətlə dolu bu gözlərdə nigaranlıq, narahatlıq duyuram: “Bu gecə yuxuda sınıq Xudafərin körpüsünü və bir də qapımızdakı qoca alça ağacını görmüşəm. Qəribədir, ağappaq çiçəkləmiş ağacın üzü bəri baxan iri bir budağı qurumuşdu. Səncə bu nəyin əlamətidi?”
—Çiçəkləmiş alça ağacı muraddı. Qurumuş budaq ayrılıqdı, sınıq körpü isə o üzün həsrətidi. Aradan çay axır, bax, bu aydınlıqdı, axırı xeyir olar, inşallah,—deyirəm.
Sonra söhbət ədəbiyyatdan, təzə yazılardan düşür. Tahir müəllimin elə bil qırışığı açılır: “Təzə bir romanımı yenicə bitirmişəm. Burda elə səhnələr, yaşantılar var ki, bəlkə yüz yol ölüb–dirilmişəm. Sevdiyim obrazın ölümünü istəməsəm də öz ayağı ilə dirigözlü ölümün üstünə gedib. Qəribədir, bir cüt qoz ləpəsinə bənzəyən bu insan beynində nələr yerləşir, nələr. Heyrətə gəlirsən”.
Adətən yazdığı yeni əsər haqqında xəsisliklə danışan Tahir müəllimin bu dəfə elə bil çiçəyi çırttayıb. Bəlkə də bu uğurlu alınan yeni romanın sevinci, fərəhidi, bilmirəm.
Tanınmış yazıçımız Tahir Kazımovun illərdən bəri yazdığı əsərləri bir–bir xəyalımdan keçirirəm. Surətlər, xarakterlər gözlərim önündə canlanır. Ədəbi mübahisələrimiz yadıma düşür. Sizə zarafat gəlməsin, 40 ildən bəri tanıdığım qələm dostumun keçdiyi yaradıcılıq yolundan danışıram. Tahir müəllim bu illərdə bir yazıçı kimi, daxili işlər orqanlarının məsul işçisi kimi nə qədər çətinliklərdən, sınaqlardan keçib. Amma ən ağır, ən məsuliyyətli əməyi o, yazıçı zəhməti, yazıçı əməyi hesab edir.
Yazıçı əməyi qaya çapmaq, daş yonmaq işi qədər çətindir, əzablıdır. Onun işıq üzü görən saysız–hesabsız kitablarını, əlyazma şəklində qalaqlanan və çap üçün növbə gözləyən neçə–neçə yazılarını görəndə heyrətə gəlirsən. Bir insan ömrünə çətin sığan bu güc, bu qüdrət hardandı? Bir–birindən kəskin şəkildə fərqlənən xarakterlər, obrazlar, hadisələr, süjetlər, hadisələrin cərəyan etdiyi məkanlar…
Yazıçının zəngin dünyasından xəbər verən bu kitabları cəmiyyətin güzgüsü də adlandırmaq olar. İllər uzunu müşahidə etdiyi, birbaşa iştirakçısı olduğu həyat hadisələrini bədii sözün gücü ilə ümumiləşdirərək bir–birindən kəskin şəkildə fərqlənən yeni–yeni orijinal əsərlər yazması yazıçı istedadından xəbər verir.
Bir dəfə xalq yazıçısı Süleyman Rəhimovdan soruşdum: “Süleyman müəllim, yazıçı üçün müəyyən bir meyar, şərt, ölçü–biçi hissi varmı?”—Mən o sualı elə–belə verməmişdim, məqsədim vardı.
Süleyman Rəhimov qayıtdı ki, bala, meyar, şərt istedad, bir də dabanından süzülən tərdi. Kotana qoşulan kəli görübsən? Dizi yerə gələnəcən daşlı, kəsəkli torpağın bağrını sökə–sökə gedəcək. Bax, yazıçı əməyi o kotanı çəkən kəl əməyidi. Ölçü–biçi hissinə gələndə isə yazı yazanda səddi–sərhəddi, qayçını fikirləşsən, ay toba, bircə sətir də yaza bilməzsən. Mən yazmayan gün ən azı on səhifə yazıram. O on səhifə növbəti yazı üçün hazırlıqdı. Elə bil kor dumana düşübsən, dumanı dağıdan balaca bir meh gərəkdi. O meh bax, bu 10 səhifəlik yazıdı”.
Mən qüdrətli yazıçımız Süleyman Rəhimovun bir–birindən gözəl əsərlərinin hansı əzab–əziyyət hesabına başa gəldiyinin bir daha şahidi oldum. Bu söhbətə elə–belə toxunmadım.
Süleyman Rəhimov Tahir Kazımovun sevdiyi yazıçılardandır. Sağlığında böyük yazıçımızla neçə dəfə görüşüb, söhbət edib.
Tahir müəllim deyir ki, mən Süleyman Rəhimovdan xarakter yaratmaq yollarını, sirlərini öyrəndim. Və gəldiyim qənaət də bu oldu ki, yazıçı üçün zəngin həyat müşahidələri mütləqdir. Bəzən yazdığım əsərlərdə özünü görənlər var. Zəng eləyirlər ki, bəs filan məsələni hardan öyrənibsən? Mənim portretimi, xarakterimi, xasiyyətimi, elədiyim işdəkləri kim sizə olduğu kimi çatdırıb? Deyirəm ki, ay qardaş, bu ümumiləşdirilmiş obrazdı, indi sən orda özünü görübsənsə, burda mənim günahım nədi?
Tahir Kazımov kitab mağazalarının qeybə çəkildiyi, “internet kitabların” at oynatdığı bir vaxtda oxucuların ən sevimli yazıçısıdır. Oxucular, xüsusilə gənc ədəbiyyat həvəskarları tez–tez zəng edir, yazıçının yeni əsərlərilə maraqlanırlar. Tahir müəllim deyir ki, kitabla birbaşa təmas başqa aləmdi.
İnternetdə hər şeyi tapmaq olar, amma kitabın istiliyinin, hərarətinin yerini heç nə verməz. 40–cı, 50–ci illəri xatırlayıram. Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri yadıma düşür. Gecələr kitabı bağrımıza basıb yatardıq. Kitabı indi bağrına basıb yatan varmı, bilmirəm. Yazdığım kitabları mən o hiss, o duyğu ilə yazıram. Yoxsa vallah, billah, yazmaram. Yazıçı üçün bircə oxucu belə varsa, yazmaq lazımdır. Biz cəmiyyətin gözəllikləri ilə yanaşı, sərtliyini, acılarını, eybəcərliklərini göstərə–göstərə oxucuları tərbiyə edirik.
Yazıçının bir çox əsərlərində çılpaq həyat həqiqətlərini əks etdirməsi bəzən mübahisələrə səbəb olur. Bu da təbiidir. Hər oxucu yazıçı həqiqətini öz baxış bucağı altından görür, qiymət verir. Reallıqsa budur ki, cəmiyyətin dərin qatlarına endikcə çox xırdalıqlardan hali olursan. Aysberqlər, görünməz dalğalar bir az dərindədir. “Bizə ilğım əsərlər yox, həyat həqiqətlərini bütün cizgiləri ilə göstərə bilən sərt əsərlər gərəkdir”.
Yazıçının bu sözlərində böyük həqiqət var.
Yadıma gəlir, 80–ci illərin axırlarında Tahir Kazımovun “Səsin sehri”, “Qisas” əsərlərini oxucular necə acgözlüklə oxuyurdular. O kitabları əl–əl gəzənlər əsasən tələbələr, gəncliyin nümayəndələri idilər. Bu əsərlər şablondan, ölçüdən uzaq olduğu üçün öz hərarəti, istiliyi, təbiiliyi ilə ahənrüba kimi oxucunu özünə çəkirdi. Sonralar bu əsərlərin qardaş Türkiyədə, bir sıra xarici ölkələrdə nəşr edilməsi bu ajiotajın əsl səbəblərini açıqlamış oldu.
Təbiətən sakit, az danışan, dinləməyi xoşlayan, müsahibinin fikirlərinə hörmətlə yanaşan Tahir Kazımovu gəldiyi qənaətdən döndərmək də çətindi. Belə olmasaydı, xarakterlərlə zəngin olan bu cür unikal əsərlər yaranardımı?
Mən bir dəfə bu barədə, gərək ki, yazmışam. İndi də təkrar etməyi vacib sayıram. Tahir Kazımovun çoxsaylı əsərlərində qeyri–adi, zəngin həyat, kino materialları var. Hələ də nostalgiya hisslərilə yaşayan kinematoqrafiyamız, maliyyə dəstəyi alsa da, kimlərinsə qondarma ssenarisi əsasında qeybət səviyyəli seriallar çəkən ayrı–ayrı televiziya kanallarımız burunlarından irəlini görmürlər. Tahir Kazımovun əsərlərində bu gün maraqla baxdığımız məşhur türk seriallarından qat–qat zəngin, təbii, kino üçün qızıl qiymətində olan materiallar var.
Mən gənc, istedadlı rejissorları, kinomuza biganə olmayanları bu əsərləri oxumağa dəvət edirəm. Bu gün ədəbiyyat ideologiya prinsiplərindən uzaqlaşan sısqa çaylara bənzəyir. Yağış yağanda bu çaylar cana gəlir. Elə ki, gün çıxdı, istilər düşdü, sular soğulur, o çayların səsi içində batır.
Tahir Kazımovun bu irihəcmli çeşid–çeşid əsərlərində vətən sevgisi də var, insan tərbiyəsi də, ailə–məişət problemləri də var, əsrin bəlası olan narkomanlığa, beynəlxalq terrorizmə qarşı mübarizə də. Erməni xislətinin öldürücü ifşası da var, milli barışa çağırış da.
Bütün bunlar göstərir ki, yazıçı milli özünüdərki, ictimai borcun sərhədlərini dərindən duyub dərk etdiyindəndir ki, əsərlərində belə qlobal mövzuları qabarıq şəkildə işıqlandırır.
“Əmək rəşadəti” (publisistika), “Qəfil ezamiyyət”, “Səsin sehri”, “Sənin olmuşdum” (I–II hissə), “Gecikmiş məktublar”, “Əsirlik düşüncələri”, iki hissədən ibarət “Sənsiz səninlə”, “Biganəymişsən”…, “Etiraf”, “Qisas” povestlərinin, 550 səhifədən çox olmaqla hər biri 4 hissədən ibarət “Taleyin qisməti beləymiş yəqin” roman–epopeyasının, hər biri 750 səhifəlik iki kitabdan ibarət “Ürək fəryadı”nın, hər biri 500 səhifədən çox olan üç kitablıq “Müsibət” trilogiyasının”, “Cəhənnəmə aparan yol” romanının, hər biri 550 səhifədən artıq olmaqla 6 kitabdan ibarət “Talelərini özləri yazanlar” roman–epopeyasının, “Yeni Orlean” şənlikləri (detektiv), “Qırmızı rəng” (detektiv) romanlarının müəllifi olan Tahir Kazımov indiyədək 800 çap vərəqi həcmində müxtəlif janrlı əsərlər çap etdirmişdir.
Onun “Səsin sehri” əsəri xalq artisti Ağakişi Kazımovun rejissorluğu ilə səhnələşdirilmiş, uzun müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oyanmışdır. Oxucuların böyük sevgisini qazanmış “Taleyin qisməti beləymiş yəqin” dörd kitabdan ibarət romanının birinci kitabı əsasında on seriyalı televiziya filmi çəkilmişdir.
İstedadlı yazıçı “Qızıl qələm”, “Şərəf”, “Araz”, “Ömər Faiq Nemanzadə”, “Qrand” mükafatlarına, fəxri diplomlara layiq görülmüşdür. Yazıçı türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmət” mükafatını almış, Birləşmiş Millətlərin İctimai Mükafat Şurasının Beynəlxalq Mükafat Birliyi tərəfindən “Ədəbiyyat və Mədəniyyət” qarşısındakı böyük xidmətlərinə görə “Şərəf və Ləyaqət” ordeninə, Təbiət Elmləri Avropa Akademiyasının (Hannover şəhəri) qəyyumlar və elmi şurasının rəyi ilə ədəbiyyatda xüsusi xidmətlərinə görə Şiller medal–diplomuna layiq görülmüşdür.
Yazımı Tahir Kazımovun bir çox əsərləri haqqında maraqlı fikirlər söyləmiş fəlsəfə doktoru, dosent Şakir Əlifoğlunun sözləri ilə bitirmək istəyirəm: “Yazıçılıq missiyasını şərəf və ləyaqətlə daşıdığına, ədəbiyyat və mədəniyyət qarşısında misilsiz xidmətlərinə görə yazıçı Tahir Şirin oğlu Kazımovun sinəsini “Şərəf və Ləyaqət” ordeni bəzəyir. Ədəbiyyatımızın şərəfinin və ləyaqətinin şərəfli daşıyıcısı olan Tahir Kazımova getdiyi müqəddəs yolda daha böyük uğurlar qazanmasını, oxucularını yeni–yeni əsərlərlə sevindirməsini arzulayıram”.
Zülfüqar ŞAHSEVƏNLİ
Respublika.- 2013.- 27 aprel.- S. 11.