İDMANA DÖVLƏT DƏSTƏYİ

 

Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün idman növlərinə dövlət səviyyəsində həmişə dəstək verilib. İdmançılarımızın ən böyük dostu ölkə başçısı cənab İlham Əliyev hər zaman onlara böyük diqqət və qayğı göstərib. Təsadüfi deyil ki, son illər Azərbaycan idmanı böyük zirvələri fəth edir, bütün beynəlxalq yarışlarda idmançılarımız medalçılar sırasındadır. Ölkəmizin üçrəngli bayrağını yüksəldən, himnimizi səsləndirən gənc oğul və qızlarımızla xalqımız fəxr edir, onlardan yeni–yeni qələbələr gözləyir.

Azərbaycanda inkişafda olan idman növlərindən biri velosiped idman növüdür. Dünən Azərbaycanın “Synergy Baku Cycling Project” velosiped komandasının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse–prezidenti Sahib Ələkbərov Azərbaycanda velosiped idmanının inkişafı sahəsində atılan addımlar barədə məlumat vermişdir. O qeyd etmişdir ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin sədri Prezident İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində velosiped idmanı da son vaxtlar öz dirçəliş dövrünü yaşamaqdadır. Son bir ildə Federasiya tərəfindən velosiped idmanının populyarlaşdırılması, onun maddi–texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, habelə velosiped idmanının təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər sırasında Azərbaycanın ilk peşəkar velosiped komandasının – “Synergy Baku Cycling Project”in yaradılması xüsusi yer tutur.

S.Ələkbərov qeyd etmişdir ki, ölkəmizin ilk peşəkar velosiped klubunu formalaşdırmaqda məqsəd beynəlxalq yarşlarda iştirak etməklə ölkəmizi dünyada daha geniş tanıtmaq və təbliğ etmək, Azərbaycanda velosiped idmanına marağın artırılmasına nail olmaqdır.

Sonra “Synergy Baku Cycling Project” komandasının üzvlərinin və texniki heyətin təqdimatı keçirilmişdir. Təqdimatda ötən ilin sonlarında yaradılmış “Synergy Baku Cycling Project”in keçən qısa müddət ərzində qazandığı nailiyyətlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, komandanın “Tour de Langkai” (Malayziya), “Tour de Taiwan” (Tayvan), “Tour of Thailand” (Tayland), “Le Tour de Filipines” (Filippin), “Melaka Governors Cup” (Malayziya), “Rutland GP” (Böyük Britaniya) kimi mötəbər yarışlarda uğurlu çıxışları ümidvericidir. Komanda heyətinə Elçin Əsədov, Samir Cabrayilov, David Clarke, Dan Craven, John Ebsen, Tural İsgəndərov, Aqşin Teymur İsmayılov, Anuar Manan, David McCann, Connor McConvey, Ruslan Mustafayev, Elvin Nağıyev, Kiril Pozdnyakov, Rico Rogers, Christoph Scheizer, Oleksandr Surutkovych daxildir. Komandaya rəhbərliyi uzun müddət İngiltərənin “SKY” komandasında böyük təcrübə toplamış Ceremi Hant həyata keçirir.

Komandamız bir neçə gündən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunda iştirak edəcəkdir. Turun rəsmi açılışı və iştirakçı komandaların təqdimatı isə aprel ayının 30–da Dənizkənarı Milli Parkda keçiriləcəkdir. Böyük maraq doğuran bu yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir.

 

 

Emin QASIMOV

 

Respublika.- 2013.- 27 aprel.- S. 12.