DÜNYA SİYASƏTİNİN
PARLAQ SİMASI
Qeyri–adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində silinməz iz qoyan böyük şəxsiyyət kimi yaşayacaqdır. Bu dahi şəxsiyyət respublikamızın inkişaf və tərəqqi yolunu müəyyənləşdirmiş, milli–mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin əsaslarını yaratmış, milli ruhun, milli ideologiyanın yüksəlməsinə əvəzsiz töhfəsini vermişdir. Ulu öndərin xilaskarlıq missiyası sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtarmışdır.
Heydər Əliyev keçmiş SSRİ–də dövlət təhlükəsizlik orqanlarına rəhbərlik edən ilk azərbaycanlı olmaqla bu qurumun yerli kadrlarla formalaşdırılmasına xüsusi diqqət yetirmiş, bu orqanda general–mayor rütbəsinə qədər ucalmışdır.
Heydər Əliyevin siyasi hakimiyyətinin ilk dövrü Azərbaycanın iqtisadi və sosial sahələrdə inkişafı, kənd təsərrüfatı və sənayedə islahatlar, ölkənin güclü inkişafının təməlinin qoyulduğu mərhələ kimi xarakterizə olunur. Uzaqgörən siyasətçi hələ Azərbaycanın SSRİ–nin tərkibində olduğu vaxtlarda onun gələcək müstəqilliyinin əsas təminatlarından olan iqtisadiyyatın güclü təməl üzərində qurulması istiqamətində çalışmış, böyük çətinliklər hesabına mühüm ittifaq əhəmiyyətli sənaye müəssisələrinin respublikamızda açılmasına nail olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan aqrar–sənaye respublikasından sənaye–aqrar respublikasına çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi, ölkənin sabahı naminə peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Bu illərdə respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Heydər Əliyev bu fəaliyyəti ilə həm də gələcək müstəqil Azərbaycanın möhkəm özülünü, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının əsasını qoymuşdur.
Təcrübəli hüquq–mühafizə orqanı işçisi kimi rüşvətxorluq və korrupsiya hüquqpozmalarının iqtisadiyyata, bütövlükdə ölkənin inkişafına zərərli təsirini yaxşı bilən Heydər Əliyev siyasi hakimiyyətə gəlişinin ilk vaxtlarından bu istiqamətdə də ciddi mübarizəyə başlamışdır.
Ulu öndərin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi təyin ediləndən sonra haqq–ədalətin bərqərar olması, dövlət–vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması istiqamətində köklü işlər görüldü. Heydər Əliyev Sovet hakimiyyəti dövründə mövcud olan neqativ halların, xüsusilə də rüşvətxorluğun aşkar edilməsində və ona qarşı mübarizə aparılmasında daim cəsarətli addımlar atmışdı.
Ümummilli liderin 1969–cu ilin 5 avqust plenumunda məruzəsi o vaxtkı Sovetlər Birliyində, eləcə də SSRİ–dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında əsl hadisəyə çevrildi. Respublikanın rəhbəri Heydər Əliyevin məruzəsində daha çox çatışmazlıqlardan danışılırdı. Tarixi avqust plenumunun iştirakçıları və şahidləri söyləyirlər ki, bu bütün Sov.İKP–nin və SSRİ–nin tarixində yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi.
Bu mövzuda xarici mətbuatın o dövrdə yazdıqları olduqca maraqlıdır: “Röyter” agentliyi 11 avqust 1969–cu ildə yazırdı: “Ötən ay Azərbaycan Partiya Komitəsinə rəhbər seçilən bu şəxs Zaqafqaziya sovet respublikası olan Azərbaycanda yüksək vəzifəli şəxslər arasında korrupsiya və mənəvi durğunluq halları barədə qeyri–adi bəyanat səsləndirib…”.
“Azadlıq”
radiosunun rus dilində 12 avqust 1969–cu il
buraxılışından bir parça: “Bakı. Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər
Əliyev Azərbaycan SSR–in bir sıra məsul dövlət və
partiya işçisinin rüşvətxorluq və əxlaqazidd
hərəkətlərini ifşa eləyən bəyanatla
çıxış etmişdir… O, günahkarların ifşa
olunmasını və rüşvətxorluqla amansız
mübarizə aparılmasını tələb etmişdir.
Bundan başqa, Əliyev təsdiqləmişdir ki, Azərbaycan
SSR–in bir çox məsul əməkdaşı
qohumbazlıqla vəzifəyə yiyələnib”.
“Morninq
star” qəzeti 12 avqust 1969–cu il: “Cənab Əliyev bəzi vəzifəli
şəxslərin mənəviyyatsızlığını
və özünüaparma qaydalarının pozulmasını
kəskin tənqid etmişdir… O, respublikada idarə üsulunu,
kadrların seçilərək yerləşdirilməsini kəskin
tənqid etmişdir…”.
“Yeni həyat”
(Türkiyə) 30 avqust 1969–cu il: “N.S.Xruşşov
dövründən bəri ilk dəfə belə yüksək
mənsəb sahibi olan bu qədər şəxsə
qarşı belə ağır ittiham səsləndirilmişdir…”.
Göründüyü
kimi, hələ o vaxt Azərbaycana rəhbərlik edən Heydər
Əliyev “Qoy, ədalət zəfər çalsın!”
prinsipindən çıxış edərək qanuna,
hüquq qaydalarına əməl olunmasını əsas amil
kimi götürərək ardıcıl tədbirlər həyata
keçirməyə başlamışdır. Ümummilli
lider hələ o vaxt sovet qanunlarının sərtliyinə
baxmayaraq, öz xalqının hüquqları uğrunda
mübarizə aparmış, bir sözlə, haqqı nahaqqa
qurban verməmiş, mütərəqqi fikirli
ziyalıları təqiblərdən qoruyub saxlaya bilmişdir.
Tarixə
çevrilən 5 avqust 1969–cu il plenumu, sözün həqiqi mənasında,
Azərbaycanın ictimai–siyasi həyatında bir
dönüş yaratdı. Plenumdan dərhal sonra
respublikanın iqtisadiyyatında canlanma yarandı, korrupsiya ilə
mübarizə dönməz xarakter aldı.
Ulu öndər
Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata
müsahibəsində bu və digər nöqsanları
açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini
deməkdən çəkinmirdi. Bu baxımdan, onun 1981–ci il
dekabrın 19–da “Literaturnaya qazeta”da dərc olunmuş məşhur
“Qoy ədalət zəfər çalsın!” sərlövhəli
müsahibəsini xüsusi xatırlatmaq lazımdır. Ulu
öndər 2000–ci ilin 22 iyulunda məhz həmin müsahibədən
dərhal sonra böyük sensasiyanın
yarandığını xatırladaraq demişdir: “Xatirimdədir,
o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin
sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir
neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin
bu müsahibən böyük bir sensasiya yaradıbdır.
Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də
var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir,
nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki
bu yaraları görürlər və sevinirlər ki, kimsə
cəsarət edib bunları açıq deyir. Özü də
bunu aşağıda yox, ən yüksək vəzifədə
çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar
da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar
bunun açılmağını istəmirlər. O vaxt bir
çox belə yazılar olub. İstəsəniz, axtarın,
tapın, oxuyun”.
Azərbaycan
rəhbərinin rüşvətxorluğa qarşı
mübarizəsi haqqında məlumat alan Sov.İKP MK–nın
baş katibi L.Brejnev xüsusi olaraq bu məsələ barəsində
Heydər Əliyevlə söhbət edir. Heydər Əliyev
onu inandırır ki, belə hallar var. Heydər Əliyev
özü bu barədə belə demişdi: “Həmin 80–70–ci
illərdə Azərbaycan bütün müxtəlif
respublikalar arasında hər cəhətdən çox
yaxşı olması ilə seçilirdi, özü də təkcə
iqtisadi göstəricilərinə görə yox. Ancaq o
vaxtlar Sovetlər İttifaqında belə hallar olduğunu
etiraf etməyə qorxurdular. Mən isə elan etdim ki, Azərbaycanda
rüşvətxorluq, korrupsiya var və bunlara qarşı
mübarizə aparmaq lazımdır, yəni Azərbaycan
açıqlıq baxımından, aşkarlıq
baxımından müsbət mənada fərqlənirdi”.
1970–71–ci
illərdə Lənkəran və Balakən rayonlarında
partiya, sovet və təsərrüfat orqanlarının
işində böyük çatışmazlıqlar, kobud
qanun pozuntuları aşkar edilmişdi. Başlanmış cinayət
işlərinin dərindən istintaq edilməsi nəticəsində
Lənkəran rayonundan 1198 nəfər cinayət məsuliyyətinə
cəlb edilmiş və müxtəlif səviyyələrdə
şəxslər məhkum edilmişdi. Balakən rayonunda
ifşa edilmiş cinayətkarlar içərisində rayon
partiya komitəsinin birinci katibi, rayon icraiyyə komitəsinin sədri,
kənd təsərrüfatı idarəsinin rəisi və
başqa məsul şəxslər var idi.
Azərbaycan
rəhbəri Heydər Əliyevin prinsipial və
barışmaz mübarizəsi, məqsədyönlü fəaliyyəti
nəticəsində Lənkəran və Balakən
rayonlarında neqativ halların aradan qaldırılması
üçün ciddi tədbirlər görüldü,
onların iqtisadiyyata vurduğu zərərli nəticələr
aradan qaldırılmağa başlandı. Bu iki rayon üzrə
baş vermiş böyük mənimsəmələr və
digər sui–istifadə halları haqqında Azərbaycan KP
MK–nın həyata keçirdiyi tədbirlər 10 dekabr 1975–ci
il tarixli qərarda göstərilirdi. Bundan sonra cinayətkarlığa
qarşı mübarizə ardıcıl həyata keçirilən
siyasətə çevrilir. Azərbaycan KP MK–nın 1975–ci il
aprelin 24–də təsdiq etdiyi “Cinayətkarlıqla, ümumi
mülkiyyətin dağıdılması və
oğurlanmasına qarşı tədbirlər planı”
inzibati orqanlar, rayon partiya – sovet təşkilatları və rəhbər
vəzifəli şəxslər üçün proqram sənədi
oldu.
Görkəmli
dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin
parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir.
1982–1987–ci illəri əhatə edən bu dövrdə
SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi
yüksək post tutan Heydər Əliyev böyük dövlətçilik
psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu
rejimin yaratdığı təqiblər və
ayrı–seçkilik sisteminə sübut etdi ki, heç bir
qüvvə onun zəngin, tükənməz və hərtərəfli
dövlət idarəçiliyi istedadının
qarşısını almağa qadir deyildir. Nəhəng
imperiyanın ən ağır sahələrinin idarə edilməsində
böyük uğurlara nail olan Heydər Əliyev az vaxt
içərisində bütün SSRİ–də böyük
nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev
Siyasi Büroda Sovet dövlətini idarə etməyə və
onu tənəzzüldən çıxarmağa qadir olan yeganə
dövlət xadimi idi.
1983–cü
ildə Heydər Əliyevin ünvanına dəmir yolunda
geriliyin aradan qaldırılması, qarşıda duran vəzifələrin
həyata keçirilməsi haqqında vətəndaşların
müxtəlif təklif və arzularını əks etdirən
saysız məktubları daxil olurdu. Bunlarla yanaşı, sərnişin
daşınmasının təşkilində ciddi
çatışmazlıqlar, qatarların gecikməsi, qatar və
vağzallarda sərnişinlərə xidmətin pis təşkili,
sərnişinlərə qulluq xidmətinin aşağı səviyyədə
olması, yüklərin itməsi və digər məsələlər
barədə şikayətlər gəlirdi.
Bütün
məktubları, ərizələri, məlumatları diqqətlə
nəzərdən keçirən Heydər Əliyev
1983–cü il avqustun 13–də onları nəzarətdə
saxlamaqla baxılmaq üçün SSRİ yollar nəqliyyatı
naziri Konarevə göndərmişdi. O, nazirə məktubda
yazırdı: “Xahiş edirəm, zəhmətkeşlərin
məktublarında qoyulan məsələlərə baxın
və zəruri tədbirlər görün”.
M.Qorbaçov
Heydər Əliyevi ciddi rəqib hesab edirdi. Belə bir şəraitdə
fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev
sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə
diqqət mərkəzində saxlayır, onun inkişafına
hər cür qayğı göstərirdi.
Xalqımızın böyük oğlu o zaman, həm də
Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa
çalışan erməni millətçilərinin
qarşısında qüdrətli maneə, keçilməz sədd
idi. M.Qorbaçovun yeritdiyi yarıtmaz siyəsətə etiraz
olaraq Heydər Əliyevin istefa verməsindən dərhal sonra
erməni millətçiləri Dağlıq Qarabağı
Azərbaycandan qoparmaq üçün fəal mübarizəyə
başladılar. Dahi şəxsiyyətimiz bu dövrdə həm
Moskvadan, həm də Azərbaycandakı dönüklərdən
vurulan ağır zərbələrə məruz qaldı.
Ulu
öndər Heydər Əliyev sovet rejimi şəraitində
belə milli lider səviyyəsinə yüksəlmişdi.
Heydər Əliyev və onun fəaliyyəti dövrü Azərbaycan
xalqının inkaredilməz gerçək tarixidir. Ulu öndər
düşüncələri, biliyi, uzaqgörənliyi,
dünyagörüşü, fəaliyyəti, bütün
varlığı və yerinə yetirdiyi tarixi missiya ilə
millətin atasına çevrilmişdi. Bütövlükdə,
ölkə daxilində və xaricdə Azərbaycan
xalqının biliyinə, bacarığına qiymət verənlər,
ilk növbədə Heydər Əliyevi gözləri
önünə gətirirdilər.
Əbəs
deyil ki, Heydər Əliyev sonralar deyirdi: “Biz sovet rejimində
yaşayırdıq. Məgər biz bu rejimi dəyişdirə
bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən
xalqın, millətin üçün nə edirsən. Əgər
bu rejimi dəyişdirə bilmirsənsə, onda onun
imkanlarından istifadə edib xalqına kömək göstər.
Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə
qalxdı”.
1993–cü
ilin iyununda—Heydər Əliyevin hakimiyyətə
qayıdışı ərəfəsində Azərbaycan
öz tarixinin ən qanlı burulğanı içərisində
çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər,
xəyanətlər, satqınlıq, adi hal almışdı.
Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik
idi. Siyasi hərc–mərclik baş alıb gedirdi. Bölgələrimizdə,
rayonlarda, paytaxtda faktiki olaraq silahlı quldur dəstələri
hökmranlıq edirdi. Xalq vahimə və təşviş
içərisində idi. Atışma səslərindən
camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi
çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. Faktiki
olaraq dövlət idarə olunmurdu. Azərbaycanı xalq
adından idarə edən, əslində isə heç bir səriştəsi
olmayan insanlar ölkəni milli fəlakət həddinə
çatdırmışdı. İdarəçilik
sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş
müharibəsi və etnik toqquşmalar meydanına
çevrilməkdə idi. Azərbaycan xarici aləmdəki
olan–qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik
və təlaş içərisində idi. Sabaha inam
qalmamışdı. Daşnakların “böyük Ermənistan”
yaratmaq niyyətləri, tarixi düşmənlərimizin—qonşu
ölkələrin paytaxtlarında hazırlanmış və
Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib
götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan
torpağı parçalanıb yox olmaq təhlükəsi
qarşısında qalmışdı. Vətəndaş
müharibəsinin ilk güllələri atılmış,
qardaş qanı axıdılmışdı. Bu fəlakət
anında Azərbaycan xalqının, Vətənin yeganə
ümid yeri, qurtuluş çırağı Heydər Əliyev
idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət
edərək yeganə düzgün addımı
atdı—dünyanın bu böyük siyasət adamını
hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və
daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın
arzuları gözlərində qaldı. Məhz o zaman—
1993–cü ilin iyun günlərində Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə Azərbaycanın
qurtuluşunda həlledici dönüş baş verdi.
Müdrik dövlət xadimi vətəndaş müharibəsi
təhlükəsini aradan qaldırdı. Xarici və daxili
düşmənlərin Azərbaycanı parçalayıb
yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq
planı puça çıxdı. Dövlətimizin,
xalqımızın tarixi müqəddəratının idarəçilik
sükanı dahi dövlət adamının əlinə
keçdi.
Heydər
Əliyev xalqın təkidi ilə hakimiyyətə
qayıdaraq dövlət müstəqilliyimizin qorunub
saxlanılması və inkişafı üçün
taleyüklü problemlərin hamısını həll etdi:
atəşkəsə nail olundu, müstəqilliyin qarantı
olan ordu quruculuğuna başlanıldı. Dövlət
başçısının gördüyü tədbirlər
nəticəsində respublikamızda müstəqilliyin
yaşaması üçün ictimai–siyasi sabitlik bərqərar
edildi və cinayətkarlığın səviyyəsi
azaldıldı. Xarici siyasət milli maraqlara
uyğunlaşdırıldı. Uğurlu neft
strategiyasının təməli qoyuldu. 1995–ci ildə müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul
olundu və bununla da demokratik quruluşun və hüquqi
dövlətin əsası qoyuldu. Ulu öndərin təşəbbüsü
ilə məhkəmə–hüquq islahatlarına başlanıldı.
Tez bir zamanda Azərbaycanın hüquq sistemi Avropa
standartlarına uyğunlaşdırıldı. Dövrün,
zamanın tələblərinə cavab verən
normativ–hüquqi aktlar qəbul edildi. Beynəlxalq
konvensiyaların milli qanunvericiliyə
uyğunlaşdırılması həyata keçirildi. Ulu öndərin
gərgin əməyi nəticəsində yeniləşən
cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyətini
tənzimləyən hüquqi bazanın yaradılması
mümkün oldu. Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasında prokurorluğun təşkili
və fəaliyyətini, hüquqi statusunu müəyyənləşdirən
normalar nəzərdə tutulmuş, “Prokurorluq haqqında”,
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və
prokurorluğun fəaliyyəti ilə bağlı digər
mühüm normativ–hüquqi aktlar qəbul olunmuşdur.
Prokurorluq orqanlarının üzərinə düşən
vəzifələrin layiqincə yerinə yetirildiyini yüksək
qiymətləndirən ulu öndər Azərbaycan
Respublikası Prokurorluğu orqanlarının 80 illik yubileyinə
həsr olunmuş təntənəli yığıncaqda
demişdir: “Azərbaycan Prezidenti kimi mən Azərbaycan
Prokurorluğuna inanıram, güvənirəm və
arxalanıram”.
Prokurorluq
orqanlarına dövlət qayğısının ifadəsinin
təzahürü olaraq ulu öndərin 17 iyul 1998–ci il tarixli
sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin
peşə bayramı günü kimi təsis edildi.
Qeyd etmək
zəruridir ki, Heydər Əliyevin 1998–ci il 22 yanvar tarixli bəyanatı,
Azərbaycan Respublikasının Milli Məclisinə 1998–ci il
3 fevral tarixli müraciəti və bunların məntiqi nəticəsi
olaraq ölkəmizdə ölüm hökmünün ləğv
edilməsi Azərbaycanın rəhbərinin
düşünülmüş, məntiqli, cəsarətli
bir addımı idi.
Ulu
öndər 1993–cü ildə xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışından sonra
“Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında” 9 avqust 1994–cü tarixli fərman
verilməklə mütəşəkkil cinayətkarlığa
və korrupsiyaya qarşı mübarizə sahəsində
konkret istiqamətləri müəyyənləşdirildi.
Hələ
ötən əsrin 70–80–ci illərində olduğu kimi,
müstəqillik dövründə də Heydər Əliyev
korrupsiyaya qarşı ciddi mübarizə aparırdı. Heydər
Əliyev Nazirlər Kabinetinin 18–19 iyul 1996–cı il tarixli
geniş iclasında yekun nitqində deyirdi: “Vəzifədən
sui–istifadə etmək halları, rüşvətxorluq,
korrupsiya—bu bizim cəmiyyətimizin ən böyük bəlasıdır.
Təəssüflər olsun ki, bu hallar azalmaq əvəzinə
respublikada daha da yayılır. Kimlərdir bu işlərlə
məşğul olanlar? Vəzifəli şəxslər,
dövlət orqanlarında hökumət orqanlarında,
inzibati orqanlarda, başqa orqanlarda işləyən şəxslər”.
Ulu öndər belə hallara qarşı ciddi mübarizə
aparmaq lazım olduğunu mühüm bir vəzifə kimi
qarşıya qoyurdu: “Mən həyatım boyu bu hallarla
mübarizə etmişəm və həyatımın sonuna qədər
mübarizə edəcəyəm”. Heydər Əliyev göstərirdi
ki, bu hallar bizim mənəviyyatımıza zidd olan
hallardır. İnsanları bizdən narazı salır və
heç kəs bu hallara haqq qazandıra bilməz.
Ölkəmizdə
azad sahibkarlıq və özəl sektorun inkişafı
yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə
hər hansı bir formada müdaxilənin
qarşısının alınması məqsədilə
ümummilli lider Heydər Əliyev tərəfindən
müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların
icrası istiqamətində görülən tədbirlər
korrupsiyaya qarşı mübarizə işində çox
mühüm rol oynadı. Xarici ölkələrlə, xarici
şirkətlərlə qarşılıqlı faydalı
iqtisadi əlaqələrin inkişaf etdirilməsini, xarici sərmayənin
Azərbaycana yatırılmasına geniş şərait
yaradılmasını, özəl sektorun inkişaf etdirilməsini
üçün bütün imkanlardan istifadə edilməsini
ulu öndər mühüm bir vəzifə kimi qarşıya
qoyurdu. Heydər Əliyevin hələ 1996–cı il iyunun 7–də
imzaladığı “İstehsal, xidmət, maliyyə–kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə” fərmanı
özəl sektorun inkişaf etdirilməsi, bazar
iqtisadiyyatının, sahibkarlığın inkişafına
şərait yaradılması məqsədi daşıyan
çox mühüm sənəd oldu.
Ulu
öndərin təşəbbüsü ilə 2000–ci ildən
etibarən mütəşəkkil cinayətkarlığın
təhlükəli təzahürü ilə mübarizə
tamamilə yeni müstəviyə qaldırılmış, Azərbaycan
Prezidentinin “Azərbaycan Respublikasında korrupsiyaya
qarşı mübarizənin gücləndirilməsi
haqqında” 8 iyun 2000–ci il tarixli fərmanı ilə Avropa məkanına
sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya
qarşı mübarizənin yeni mərhələsi
başlanılmışdır.
Hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunu ardıcıllıqla davam etdirən Prezident
İlham Əliyevin siyasi kursunun əsas istiqamətini təşkil
edən korrupsiya ilə mübarizə sahəsində
görülən kompleks tədbirlər, xüsusilə də
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramının qəbulu və müvəffəqiyyətlə
icrası, prokurorluq orqanlarına dövlət səviyyəsində
göstərilən etimadın təzahürü kimi Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin
təşkili və fəaliyyətə başlaması,
ölkəmizin Avropa Şurası tərəfindən qəbul
edilmiş və korrupsiya ilə mübarizədə beynəlxalq
nəzəriyyə və təcrübəni özündə
əks etdirən “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti
haqqında”, “Korrupsiya ilə əlaqədar mülki–hüquqi
məsuliyyət haqqında” və BMT–nın “Korrupsiya əleyhinə”
konvensiyalara qoşulması və milli qanunvericiliyə
uyğunlaşdırılması həyata keçirilmiş,
korrupsiyaya qarşı mübarizə sahəsində
mühüm nailiyyətlər əldə edilmişdir. “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya” və onun həyata keçirilməsi
ilə bağlı Milli Fəaliyyət Planı korrupsiyaya
şərait yaradan halların aradan qaldırılması məqsədilə
qabaqlayıcı tədbirlərin həyata keçirilməsi
üçün əlverişli hüquqi zəmin
yaratmışdır. Korrupsiyanın qarşısının
alınması sahəsində ixtisaslaşmış orqan
funksiyasını həyata keçirən və əsas vəzifələrindən
biri korrupsiyaya qarşı mübarizə sahəsində
dövlət siyasətinin formalaşdırılmasında
iştirak etmək olan Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası
tərəfindən dövlət orqanlarının və digər
qurumların fəaliyyəti uğurla əlaqələndirilərək
məhsuldar əməkdaşlığa nail olunmuşdur.
Heydər
Əliyevin Azərbaycanın dövlət
başçısı olduğu dövrdə
imzaladığı fərman və sərəncamlar
respublikada hüquqi, demokratik dövlət quruculuğunda,
müstəqil respublikanın möhkəmləndirilməsi və
inkişafında, sosial–iqtisadi islahatların həyata
keçirilməsi və cəmiyyət həyatının
demokratikləşdirilməsində əsas proqram və
normativ–hüquqi bazadır.
Məhz
ulu öndərin təməlini qoyduğu siyasət nəticəsində
Azərbaycan Respublikasında korrupsiyaya qarşı milli
mübarizə strategiyası konseptual xarakter
daşıyır. Dövlət başçısı cənab
İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq
korrupsiyaya qarşı mübarizənin daha ciddi
aparılması istiqamətində qanunvericilik və
institusional tədbirlər bu gün də müvəffəqiyyətlə
davam etdirilir.
Bu gün
Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən
ardıcıl olaraq mülki cəmiyyət və hüquqi
dövlət prinsiplərini həyata keçirən və
demokratikləşmə prosesinin dönməz xarakter
aldığı bir ölkə kimi qəbul edilir. Bu nailiyyətlərin
əldə edilməsi Heydər Əliyevin adı ilə
bağlıdır.
Azərbaycan
xalqı və onun yaratdığı dövlət durduqca,
Heydər Əliyev də yaşayacaq, tarixi tədqiqatların
obyekti olaraq qalacaq, ona həsr olunmuş yüzlərlə dəyərli
əsərlər nəşr ediləcəkdir. Bu əsərlərdə
Heydər Əliyev dövrünün mövcud şərtləri
altında xalqının mənafeləri naminə fədakarlıqla
çalışmış görkəmli dövlət və
siyasi xadim olaraq başlıca yer tutacaq.
Kamran ƏLİYEV,
Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsinin
rəisi,
III dərəcəli
dövlət ədliyyə müşaviri
Respublika.- 2013.- 28 aprel.- S. 4.