HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN GÖMRÜYÜNÜN İNKİŞAF TARİXİ

 

Hər bir millətin səadətə qovuşması üçün vacib olan aparıcı amillərdən biri də onun tarixinin həlledici məqamlarında dövlətə, bütövlükdə cəmiyyətə liderlik etmək qabiliyyətinə malik şəxsiyyətlərin mövcud olmasıdır. Xalqının, millətinin dar macalında harayına yetərək onu düzgün istiqamətləndirən, onu düşdüyü siyasi və iqtisadi böhrandan qurtaran liderlərin biri də tərəqqipərvər bəşəriyyətin bu günlərdə anadan olmasının 90 illik yubileyini təntənə ilə qeyd edəcəyi ulu öndər Heydər Əlirza oğlu Əliyevdir.

 

Dünyanın ən mötəbər institutları və elmi qurumları, görkəmli şəxsiyyətləri və dövlət başçıları ulu öndər Heydər Əliyevi siyasət elminin ustadlarından biri kimi qəbul və etiraf etməkdədirlər. Onun nəhəng siyasi fəaliyyəti sayəsində Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən çox tezliklə tanınıb nüfuz qazandı. Azərbaycan dünyası yeni əsrin və minilliyin başlanğıcında qabaqcıl ölkələrin sırasında, nəhayət ki, öz layiqli yerini tapmış oldu. Heç də təsadüfü deyil ki, bu gün Azərbaycan Respublikası və Heydər Əliyev anlamları sinonim, vahid məfhum kimi qəbul və dərk edilməkdədir

“Tarixi böyük şəxsiyyətlər müəyyən edir” ideyası Heydər Əliyev fenomenində öz məna tutumunu real ifadə edir. Azərbaycan üçün kəşməkəşlə dolu təcrübəsi göstərdi ki, ulu öndərin ölkəyə rəhbərlik etməsi xalqımızın ən böyük nailiyyətlərdən biri, “bəlkə də birincisi” olan dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində əvəzsiz rol oynamışdır.

Ölkəmizin ictimai–siyasi, sosial–iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin parlaq zəkası, quruculuq dühası açıq–aşkar hiss edilməsin. Belə sahələrin ən önəmlilərindən biri, dövlət quruculuğunun ayrılmaz tərkib hissələrindən biri olan Respublika Gömrük Təşkilatının formalaşıb inkişaf etdirilməsi daim bu müdrik rəhbərin diqqət mərkəzində olmuşdur.

Ümummilli liderin milli dövlət quruculuğu siyasəti dünyanın mövcud reallıqları, təcrübəsi ilə yanaşı, milli–mənəvi dayaqlara və elmi potensiala əsaslanır. Heydər Əliyevin dövlətçilik siyasəti elmə, milli–mənəvi yaddaşa müstəsna həssaslıq baxımından heyrətamiz məna tutumuna malikdir. Dünya siyasətçiləri, dövlət xadimləri içərisində Heydər Əliyevi ön cərgəyə çıxaran əsas amillərdən biri onun böyük siyasi təcrübəsi və elmi reallıqlara, elmi əsaslara söykənən fəaliyyət konsepsiyası olmuşdur.

Heydər Əliyev milli dövlət quruculuğu doktrinası bütün komponentləri ilə iki tarixi dövrə bölünür. Bu, SSRİ tərkibində Azərbaycana rəhbərlik etdiyi 70–80–ci illərin əvvəlləri və ikinci dəfə respublika rəhbərliyinə qayıtdığı 10 illik dövrün nəhəng fəaliyyət istiqamətləridir. 70–ci illər Azərbaycandakı siyasi, ictimai və iqtisadi yüksəliş, elmin, mədəniyyətin bütün istiqamətlərdə tərəqqisi, gələcək müstəqilliyə aparan yolun başlanğıcı və zəmini idi. Bu tarixi gedişat varis–irs modelində daha aydın görünməkdədir.

1993–2003–cü illərdə aparılmış dövlət quruculuğunun böyük müvəffəqiyyətli tərəqqisi bu sahədə xüsusi çəkisi olan gömrük orqanlarının inkişafı ilə sıx əlaqələri vardır. Özünün təbirincə desək, dövlətçiliyimizin əsas atributlarından biri olan gömrük həmişə ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.

Qeyd etmək lazımdır ki, dahi Heydər Əliyevin bu sahədə gördüyü işlərin tarixi 60–70–ci illərə gedib çıxır. Hələ Respublika Dövlət Təhlükəsizlik Komitəsinə başçılıq edərkən komitənin tabeliyində olan sərhəd qoşunları ilə çiyin–çiyinə çalışan gömrük orqanları da onun obyektiv maraq dairəsindən kənarda qalmamışdı. Sərhəd qoşunları ilə yanaşı, respublikamızdakı gömrük orqanlarının infrastrukturlarının yaranıb inkişaf etdirilməsi, bu mühüm dövlət qurumlarına gənc, savadlı milli kadrların cəlb edilməsi problemləri daim onun böyük və həssas qayğısı ilə əhatə olunmuşdur.

Sonralar respublikaya başçılıq etdiyi dövrdə də bu işlərin inkişaf etdirilməsi həmişə onun ciddi nəzarəti daxilində olmuşdur. O zamanlar respublikamızda inşa edilmiş Bakı və Culfa gömrükxanalarının inzibati binalarının dövrün tələblərinə uyğun qurulması, respublikamızın cənub istiqamətində beynəlxalq standartlara cavab verən avtomobil yollarının salınması və eləcə də Araz və Astaraçay üzərindəki SSRİ ilə İran İslam Respublikasını birləşdirən beynəlxalq körpülərin yenidən qurulması, Astara sərhəd–keçid məntəqəsi kompleksinin, habelə Astara şəhərində o vaxt texniki imkan baxımından Sovet məkanında ikinci olan Beynəlxalq Yük Terminalı olan “Soyuzvneştrans” Beynəlxalq təşkilatının Astara filialının qurulması, yeni Astara gömrükxanasının təşkili, Sovet İttifaqında müstəsna çəkisi olan “Sovtransavto” Beynəlxalq Nəqliyyat Birliyinin “Sovavto–Bakı”, “Sovavto–Astara” kimi yerli təşkilatlarının respublikamızda açılmasında respublika rəhbərliyinin—şəxsən ulu öndər Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyi qarşısında qaldırdığı vəsatət və təşəbbüsünün bilavasitə məntiqi nəticəsi kimi meydana gəlmiş oldu.

Burada bir məsələni əlavə olaraq xatırlamaq yerinə düşərdi. Yuxarıda adları qeyd olunmuş və Zaqafqaziyada analoqu olmayan bu “Sovtransavto” və “Soyuzvneştrans” kimi beynəlxalq birliklərini yerli təşkilatlarında çoxlu yeni iş yerləri açıldı və yüzlərlə vətəndaşlarımız bu qurumlarda müvəffəqiyyətlə çalışmaqla SSRİ məkanında beynəlxalq yükdaşıma işlərində respublikamızın fəal iştirakı üçün öz xüsusi töhfələrini vermiş oldular. Bütün bunların ərsəyə gəlməsi isə o zamanlar respublikamıza rəhbərlik etmiş olan Heydər Əliyevin yalnız müstəsna xidmət və səyləri sayəsində mümkün oldu.

Məlum olduğu kimi, Heydər Əliyev 1982–cı ilin dekabrından 1987–ci ilin oktyabr ayına kimi SSRİ rəhbərlərindən biri olmuşdur. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə İttifaq miqyasında çoxlu qlobal layihələrin müvəffəqiyyətlə icrasına bilavasitə başçılıq etməklə yanaşı o, gömrük sisteminin yenidən qurulması işində də fəal iştirak etmişdir. Belə ki, şəxsən onun təşəbbüsü və iştirakı ilə əsası V.İ.Lenin tərəfindən qoyulmuş və sonralar xarici ticarət nazirləri olmuş L.B.Krasin və A.Mikoyan tərəfindən inkişaf etdirilmiş və ölkədə 60 ilə yaxın bərqərar olmuş “Xarici ticarətin monopoliyası” doktrinası ləğv edildi.

SSRİ–də xarici ticarəti yalnız dövlətin əlində təmərküzləşdirən və mahiyyət etibarilə sırf inhisarçı xarakter daşıyan bu doktrinaya əsasən ölkədə xarici ticarət yalnız Xarici Ticarət Nazirliyi tərəfindən aparılırdı və bu hələ azmış kimi, gömrük orqanları da həmin nazirliyin tərkibinə verilmişdi. Dolayısı ilə Xarici Ticarət Nazirliyinin yüklərinə “nəzarət edən” gömrük orqanları özləri həmin nazirliyin tabeçiliyinə daxil idi ki, burada da heç bir həqiqi nəzarətdən söz belə gedə bilməzdi.

1986–cı ilin fevralında SSRİ Xarici Ticarət Nazirliyinin tabeçiliyindən çıxarılan Sovetlər İttifaqının gömrük orqanları müasirləşərək sərbəst, çevik qurum halına salındı və bununla da ölkədə azad ticarət siyasətinə meydan açılmış oldu.

1993–cü ildə xalqın təkidi ilə yenidən respublika rəhbərliyinə qayıdan Heydər Əliyev elə ilk gündən ölkədə aparılan dövlət quruculuğu işlərində özünün xüsusi çəkisi olan gömrük təşkilatının tərəqqisinə də böyük önəm verirdi.

Burada qeyd etmək lazımdır ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi zamanda belə böyük siyasi əzmkarlıq göstərərək özünün 24 fevral 1992–ci il tarixli 138 nömrəli qərarı ilə Naxçıvan MR–in Gömrük Komitəsini yaratması ilə ulu öndərimiz milli gömrük xidmətimizin formalaşması işinə necə həssas yanaşdığını bir daha nümayiş etdirmiş oldu.

“Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” deyən Heydər Əliyev prezidentliyinin ilk günlərindən başlayaraq gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafındakı rolunu yüksək qiymətləndirərək bu vacib dövlət orqanının dünya standartlarına uyğun inkişafı üçün hər vəchlə çalışmış olsa da, alınan nəticə dahi rəhbəri qane etmirdi. Yaranmış şərait Azərbaycan Gömrük Təşkilatının yeniləşdirilməsi işində köklü dəyişikliklər tələb edirdi ki, bu da öz növbəsində müasir həyatla ayaqlaşmayan hüquqi–normativ aktlarla, köhnəlmiş maddi–texniki bazayla və eləcə də, aşağı səviyyəli kadr potensialı ilə heç cür bir araya gəlmirdi. Gömrük orqanlarının müasir tələblərə cavab verməsi və beynəlxalq səviyyəyə qaldırılması üçün ciddi addımların atılması qətiyyətlə tələb olunurdu.

Və 1995–ci il yanvar ayının 9–da həmişəyaşar Heydər Əliyev böyük qətiyyət nümayiş etdirərək həmin addımı atdı.

Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1995–ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən geniş müşavirədə Dövlət Gömrük Komitəsinin ümumi fəaliyyəti hərtərəfli təhlil edilib obyektiv nəticələr və kəskin qərarlar çıxarıldı. Müşavirədə onun etdiyi tövsiyələr gömrük orqanlarının fəaliyyət proqramı kimi qəbul edildi.

Dövlət Gömrük Komitəsinin rəhbərliyinə gənc, daha bacarıqlı və daha qətiyyətli K.F.Heydərov gətirildi. Fəaliyyətinin elə ilk günündən başlayaraq işlərini ulu öndərin dəyərli tövsiyələrinə uyğun quran yeni komitə rəhbərliyi çox keçmədi ki, ciddi və təsirli tədbirlər sayəsində gömrük orqanlarının fəaliyyətində müsbət dönüş yaratmağa nail oldu. Məhz bundan sonra çox qısa bir müddət ərzində ölkənin milli gömrük xidmətinin işini yenidən qurmaq, xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək, gömrük orqanlarının maddi–texniki və normativ bazasını möhkəmləndirmək, büdcə gəlirlərinin yaradılmasında gömrük vergi və rüsumlarının rolunu artırmaq istiqamətində məqsədyönlü işlər aparıldı. Gömrük orqanlarının, habelə bu orqanlarda çalışan şəxsi heyətin tərkibi kəmiyyət və keyfiyyətcə ciddi müsbət dəyişikliklərə məruz qaldı.

Burada qeyd etmək yerinə düşərdi ki, 1995–96–cı illərdə ulu öndərin tövsiyəsinə uyğun olaraq respublika gömrük orqanlarının bütün şəxsi heyəti ciddi attestasiya yoxlamasından keçirilərək tərkibi təsadüfi adamlardan təmizlənmiş, əvəzində isə müasir tələblərə cavab verən gənc, ali təhsillı mütəxəssislər gömrüyə işə qəbul olundular. Aparılmış attestasiyaya rəqəmlər prizmasından baxarkən bu tədbirin ciddiyyəti tam aydın olur. Belə ki, 1055 nəfərdən 197 nəfəri tutduğu vəzifəyə müvafiq hesab edilməmiş, 264 nəfərə isə təkrar attestasiyadan keçmək şərti ilə 6 aylıq möhlət verilmişdir ki, bu da üst–üstə ümumi sayın təxminən 45 faizini təşkil edirdi.

Respublika gömrük orqanları üçün dünya standartlarına cavab verə biləcək kadr potensialının hazırlanması kimi çox ümdə bir problemin həlli öz aktuallığı ilə Dövlət Gömrük Komitəsinin rəhbərliyindən özünün tezliklə həllini tələb etməkdə idi. 1996–cı ilin dekabrında yaradılan DGK–nın Tədris Mərkəzi bu sahədə ilk tədris müəssisəsi olmaqla yanaşı respublika gömrük orqanları əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi və onlara nəzəri və praktiki vərdişlər aşılanmasına xidmət edirdi. Kadrların təlim və tərbiyyəsində müstəsna rol oynayan Tədris Mərkəzi ələlxüsus gənc gömrük kadrlarının yüksək ixtisas almaları işində müstəsna rol oynamışdır.

Qeyd etmək lazımdır ki, bu gün respublikamızın gömrük orqanlarının ayrı–ayrı sahələrində çalışan hər iki nəfərdən biri, gənc gömrük mütəxəssislərinin isə demək olar ki, hamısı məhz bu mərkəzin məzunlarıdır. Təcrübə göstərir ki, bu təhsil ocağını müvəffəqiyyətlə bitirən müdavimlər yerlərdə çox böyük bilik və bacarıq nümayiş etdirməklə yanaşı, çalışdıqları gömrük kollektivlərində aparıcı qüvvənin əsas tərkib hissəsi kimi çıxış edirlər. 2003–cü ilə qədər 1500 nəfər, hazıra kimi isə 5165 nəfər bu tədris müəssisəsində təhsil almışdır.

Burada ulu öndərin o tarixi nitqindən bu iqtibası lap yerinə düşərdi: “Ona görə də siz bu təhsili də işləyə–işləyə almalısınız. Yəni işləyə–işləyə gərək gömrük elminin və gömrük biliklərinin mənimsənilməsi sahəsində özünüzü təhsilləndirəsiniz”.

Yalnız 1995–96–cı illərdə görülmüş çevik və təsirli tədbirlər sayəsində DGK–nın fəaliyyətində müsbət dönüş nöqtəsi əldə olundu və gömrük təşkilatı özünün müstəqil inkişaf yoluna qədəm qoymuş oldu.

Ulu öndər gömrük orqanlarının 5–illik yubileyinə həsr olunmuş təntənəli yığıncağındakı tarixi nitqində bunu belə qiymətləndirmişdir: “1995–ci ilin yanvar ayında gömrük xidmətində ciddi nöqsanlar mövcud olduğuna görə və onlar dözülməz olduğuna görə mən gömrük xidmətinin işini ciddi müzakirə etdim, çox qəti qərarlar çıxartdım. Gömrük Komitəsinin rəhbərliyi dəyişdirildi və bu ciddi tədbirlərin və tələblərin nəticəsində 1995–ci ildə, 1996–cı ildə Gömrük Komitəsi tərəfindən görülən işlər artıq gömrük təşkilatının Azərbaycanda özünəməxsus yer tutmasını nümayiş etdirir…”

—”Mən 1995–ci və 1996–cı illərdə əldə olunan nailiyyətlərə müsbət qiymət verərək…”

“Beləliklə, 5 il müddətində sizin keçdiyiniz yol bir tərəfdən ilk illərdə çox qüsurlu olubdur, ancaq son iki ildə müsbət nəticələr veribdir”.

“Biz Gömrük Komitəsinin, gömrük xidmətinin, gömrük təşkilatlarının son iki ildə gördüyü işlərə müsbət qiymət veririk”.

Heydər Əliyev gömrük təşkilatının yubiley yığıncağının mötəbər tribunasından onun ikiillik fəaliyyətinə verdiyi bu yüksək, obyektiv və tarixi qiymət bütün gömrük işçilərini gələcəkdə daha da əzmlə çalışmağa ruhlandırmış oldu. Beləliklə də Gömrük Təşkilatının bütün orqanlarının fəaliyyətində müsbət dəyişiklər vüsət almış oldu.

“Hüquqi dövlətin hüquqi bazası olmalıdır” prinsipinə sadiq qalan ulu öndər respublikada yeni qanunlar, ilk növbədə konstitusiya qanununun yaradıcısı kimi tarixə düşdü. 1995–ci ilin noyabr ayının 12–də geniş ümumxalq müzakirəsindən sonra Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin qanunla yanaşı çox qısa müddətdə “Gömrük Məcəlləsi və Gömrük Tarifi Haqqında Qanun”, “Gömrük Orqanlarında Xidmət Haqqında Qanun” və respublikada gömrük işini tərəqqisinə yönəldilmiş digər qanunlar təsdiq olunub qüvvəyə mindi.

O dövrdə respublikada gömrük orqanlarının yalnız bir neçəsi bina və digər əlavə qurğulara malik idisə, qısa zaman kəsiyində Azərbaycanın gömrük orqanlarının sayı, forma və məzmunu tamamilə yeniləndi. 2003–cü ilədək respublikada müasir avadanlıqla təchiz olunmuş və dünya standartlarına cavab verən onlarla gömrük orqanları yarandı. Heydər Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində gömrük orqanlarının maddi–texniki bazası xeyli möhkəmlənmiş, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları, Tədris Mərkəzi, Mərkəzi Laboratoriya və s. kimi yerli gömrük orqanları təşəkkül tapdı ki, bunlar da öz növbəsində respublikada yüksək səviyyəli gömrük xidmətinin yaradılması işinə öz müsbət təsirlərini göstərmiş oldular.

Ümumdünya Gömrük Təşkilatının Azərbaycan Respublikasına olan etimadının təzahürü kimi dünyada ikinci ÜGT–nin yerli Regional Tədris Mərkəzinin məhz Bakı şəhərində tikilişi də, bilavasitə Heydər Əliyevin gömrük orqanlarına göstərdiyi gündəlik qayğısının və beynəlxalq aləmdəki nüfuzunun təzahürü kimi qəbul edilməlidir.

Görülən işlərin məntiqi nəticəsidir ki, büdcə gəlirlərinin yaradılmasında gömrük orqanlarının rolu xeyli artmış, bazar iqtisadiyyatını özünə inkişaf yolu seçmiş bir ölkənin büdcə gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi çəkisi 1994–cü ildəki 3 faizdən 2002–ci ildə 22 faizə, konkret rəqəmlə desək 17.4 milyard manatdan 921.8 milyard manata çatdırılmışdır.

Həmin müddətdə Azərbaycan Gömrük Təşkilatının beynəlxalq əlaqələri də xeyli genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə çatmışdır. Ümumdünya Gömrük Təşkilatının üzvü olan Azərbaycan Gömrük Təşkilatı 1999–cu ilin iyul ayında bu təşkilatın Maliyyə Komitəsinin, 2000–ci ilin iyul ayında isə Siyasi Komissiyasının üzvü seçilmiş, Avropa Birliyinin TACİS və TRASEKA proqramları çərçivəsində müəyyən işlər görür və müxtəlif məqsədli layihələrin müəllifi kimi bu təşkilatlarda özünəməxsus yer tutmaqdadır ki, bu da Heydər Əliyevin respublikamızın qabaqcıl dünya ölkələri cərgəsinə inteqrasiya istiqamətində apardığı düzgün, məqsədyönlü siyasətinin gömrük təşkilatında obyektiv inikası kimi qəbul edilməkdədir.

Əgər 1993–cü ildə gömrük orqanlarında 1000 nəfərə yaxın əməkdaş çalışırdısa, 2002–ci ildə 2100 nəfər, bu gün isə bu rəqəm 3000–nə yaxın çatır ki, bu da əvvəlki illə müqayisədə üç dəfə artıqdır.

Bu gün böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun gündəlik diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrük xidməti onun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etmiş və möhkəmlənmiş, ölkədə aparılan məqsədyönlü iqtisadi islahatların həyata keçirilməsində çoxfunksiyalı kompleksə çevrilmişdir. Cənab İlham Əliyev respublika Prezidenti seçildiyi ilk günlərdən başlayaraq gömrük orqanlarının fəaliyyətinə böyük diqqət yetirir və bu sahədə ulu öndərimizin dəyərli tövsiyələrini dönmədən həyata keçirməkdədir.

Cənab İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının yaradılması haqqında özünün 24 yanvar 2012–ci il sərancamı ilə ulu öndərin—”Bizim Azərbaycanda nə gömrük məktəbi olubdur, nə gömrük universiteti olubdur, nə də gömrük akademiyası olubdur…”, “—… gömrük sahəsində xüsusi təhsil məktəblərimiz olmayıbdır. Ona görə də siz bunu etməlisiniz”.—kimi tarixi arzularını həyata keçirməklə cənab Prezidentimiz ulu öndərin ideyalarına necə sadiq olduğunu bir daha əyani surətdə təsdiqləmiş oldu.

Bəli, Azərbaycan Respublikasının müasir gömrük sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yaratmışdır. Yanvarın 30–nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz onun adı ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin 10 yanvar 1997–ci il tarixli sərəncamı ilə yanvarın 30–u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilmişdir. Hər il həmin tarixi günü böyük təntənəylə qeyd edən gömrük işçiləri dahi prezidentimiz Heydər Əliyevin xatirəsini sevə–sevə yad etməkdədirlər.

Bütün yuxarıda göstərdiklərimiz bizə belə qənaətə gəlməyə əsas verir ki, dərin, fəlsəfi şərq müdrikliyi ilə qərb praqmatizminin bariz vəhdətini özündə əks etdirən Heydər Əliyev dövlətimizin böyük memarı, eləcə də Azərbaycan Gömrük Təşkilatının yaradıcısı və inkişafetdiricisidir. Böyük iftixar hissi ilə qeyd etməliyik ki, yüksək maddi, iqtisadi və sosial vəziyyətə malik gömrük təşkilatımız çox qısa zaman kəsiyində adi bir xidmətdən yüksək orqan səviyyəsinə qalxaraq bu gün Respublikanın siyasi–iqtisadi həyatında özünəməxsus yerini taparaq dahi rəhbərimizin özünün təbirincə desək Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən dövlət müstəqilliyini təmin etmək, qorumaq, inkişaf etdirmək üçün çox əhəmiyyətli, çox lazımlı təşkilata çevrilməsi bilavasitə mərhum ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin ciddi səyləri, dövlətçilik sahəsindəki müstəsna bilik və səriştəsi, eyni zamanda geniş və zəngin həyat təcrübəsi, habelə fitri istedadı və dərin zəkası sayəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan dövlətinin hər bir vətəndaşı kimi bütün gömrük işçiləri də bu gözəl və firavan həyat üçün dahi Heydər Əliyev dühası qarşısında dərin hörmət və razılıq hissləri ilə baş əyərək böyük rəhbərin cahanşümul arzu və ideyalarının həyata keçirilməsi yolunda yüksək ruh coşqunluğu ilə çalışmaqdadırlar.

 

 

İdris Cəfərov,

Gömrük Akademiyası rəis müavini,

gömrük xidməti polkovniki

 

Respublika.- 2013.- 28 aprel.- S. 5.