Heydər Əliyev
irsi və dövlət quruculuğunda
kadr siyasəti
Hər bir dövlət özünün inkişaf strategiyasına malikdir. Dövlətin inkişaf strategiyası, onun məqsədləri və reallaşdırma mexanizmləri, vasitələri tarixi inkişaf mərhələsindən asılı olaraq korrektə edilə bilər. Əsas ideya isə onun xalqın rifahının yüksəldilməsinə, dövlətin qüdrətinin artırılmasına yönəldilməsidir. Bu səbəbdən dövlətlər öz strategiyasını qurarkən ən başlıcası müasir şəraitdə milli reallıqlara söykənir və onu dünyada baş verən qloballaşma prizmasından dəyərləndirirlər. Aydındır ki, ilk öncə məhz həmin ideya yaranmalı və sonra onun tətbiq fəaliyyəti olmalıdır. Müstəqil Azərbaycanda dövlət quruculuğunun əsas prioritetlərini, məqsəd və vəzifələri formalaşdıran ideyanın əsasını müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev qoymuşdur. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” müddəasını irəli sürən ulu öndərin istiqamətləndirdiyi hüquqi və dünyəvi dövlət quruculuğu ideyası əsasında təkcə inzibati–amirlikdən miras qalan modelin yeniləşməsi deyil, həm də dünyada baş verən siyasi, sosial–iqtisadi proseslərə adekvat olan, təşkilatçılıqdan başlayaraq idarəetməyə qədər bütün sahələri əhatə edən dəyişikliklər nəzərdə tutulurdu.
Son onilliklərdə dünyanın siyasi, iqtisadi və ideoloji sistemi ilə yanaşı, dövlət qulluğu sistemində də yeniliklər tətbiq olunmağa başlamışdır ki, bu da virtual amillərlə bağlıdır. İnformasiya texnologiyalarının sıçrayışlı inkişafı nəticəsində və qloballaşma proseslərinin reallaşmasının təsiri altında yeni sistem, mühit formalaşır ki, onun da obyekti kimi daha çox informasiyalar, investisiyalar, texnologiyalar, iş qüvvəsi, intellektual və maliyyə resursları, idarəetmə texnologiyaları, siyasi proseslər çıxış edir. Dünyada baş verən dəyişikliklər və bazar iqtisadiyyatının biliklərdə təcəssüm olunan kapitalının maddi formada əks olunan kapitala nisbətən daha yüksək qiymətləndirilməsi yeni dünya görüşünə malik cəmiyyətin, dövlət–vətəndaş münasibətlər sistemində müasir, tam fərqli düşüncə tərzinin və qarşılıqlı təsir prinsiplərinin, vaxt və məkan baxımından yüksək dinamizmə malik olan biliklər cəmiyyətinin formalaşdığını əks etdirir. Heydər Əliyevin Azərbaycanda yaratdığı idarəetmə məktəbi həm xarici, həm də azərbaycanlı mütəxəssislər tərəfindən ölkə üçün yeni mərhələ – quruculuq və inkişaf mərhələsi kimi qəbul edilərək dəyərləndirilir. Son 20 ildə ölkəmizin bütün sahələrdə, o cümlədən də idarəetmə sahəsində əldə etdiyi uğurlar, dövlətimizin dəyişən dünyada yüksək templə inkişaf edən dövlətlərdən birinə çevrilməsi, məhz Heydər Əliyev siyasətinin və onun yaratdığı idarəetmə məktəbinin uğurudur.
Ümummilli lider Azərbaycan dövlətinin siyasətinin əsas prioritetlərindən biri kimi dövlət səviyyəsində düzgün kadr siyasətinin həyata keçirməsini müəyyən etmişdir. Heydər Əliyevin kadr siyasəti bu gün də dövlətimizdə dəyişməz olaraq qalır. Ölkəmizdə işgüzar, yüksək idarəetmə bacarığına malik olan dövlət qulluqçuları ordusunun formalaşması, inkişaf etdirilməsi sahəsində də bir çox işlər görülür. Cəmiyyətə, dövlətə sadiqliyi və bağlılığı ilə seçilən, milli dəyərlərə hörmət edən, güclü vətənpərvərlik duyğusuna və hərtərəfli biliklərə malik olan bacarıqlı kadrların formalaşdırılması, onların strateji və taktiki qərar qəbul ediləcək sahələrə cəlb edilməsi, ümumilikdə dövlət quruculuğu işinin daha yüksək səviyyəyə çatdırılması üçün görülmüş tədbirlərin təzahürüdür. Heydər Əliyevin idarəçiliyi dövründə “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun və dövlət qulluğunun müxtəlif sahələri ilə əlaqəli bir sıra normativ–hüqüqi aktların qəbul olunması və tətbiqi bu günkü əməli prosesin əsasını qoydu.
Müasir dövrdə “Dövlət qulluqçuları hansı tələblərə cavab verməlidir?” sualının cavabı məhz Heydər Əliyevin idarəetmə fəaliyyətinin nümunəsi əsasında müəyyənləşdirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilmə meyarları: – peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər Heydər Əliyevin idarəetmə fəaliyyətindən bir örnək kimi götürülüb desək, yanılmarıq.
Heydər Əliyevin təşkilati proseslərdə yaxından iştirakı və həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində respublikamızın mövcud məkanda inkişaf etməkdə olan dövlətə çevrilməsi dövlət başçısının ölkədə və paytaxt Bakıda bir sıra memarlıq ansambllarının tikilməsi və onların arxitekturasına, inşasına bilavasitə rəyi və nəzarəti bir daha ölkə rəhbərinin hərtərəfli, ensiklopedik biiklərə sahib olmasının ifadəsidir.
Ümummilli liderin qabaqcadan proseslərin nəticələrini proqnozlaşdıra bilmə bacarığı, neqativ nəticələri öncədən nəzərə alaraq onlara qarşı məqsədyönlü, gələcəyə istiqamətlənmiş tədbirlər həyata keçirməsi, onun müdrik siyasət yeritməyinin, uzaqgörənliyinin təcəssümüdür.
Ulu öndərin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev dövlət quluqçularının fəaliyyətinin respublikamız üçün daha səmərəli olması, onların bilik, bacarıq və işgüzarlıqlarından daha effektiv istifadə edilməsi, buna görə də yaradıcı insanların dövlət quruculuğuna geniş cəlb olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini ardıcıl surətdə davam etdirir. Dövlət qulluğu ilə əlaqədar mövcud hüquqi–normativ aktların müddəalarının həyata keçirilməsi üçün ölkə başçısının rəhbərliyi ilə kompleks tədbirlər reallaşdırılır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında 19 yanvar 2005–ci il tarixli fərmanın bu sahədə xüsusi əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2007–2012–ci illərdə, son müsabiqə istisna olmaqla (2012–ci ilin avqust, sentyabr və oktyabr aylarında elan edilmiş müsabiqələrin müsahibələri hələ tam bitməyib) keçirilən müsabiqə və müsahibələrdə 147 dövlət orqanı üzrə 8116 (5800 – müsabiqə, 2316 – müsahibə) vakant dövlət qulluğu vəzifəsinə 30067 namizəd (bunlardan 28081 nəfəri müsabiqə üzrə, 1986 nəfəri isə müsahibə üzrə) qeydə alınmışdır. Test imtahanından uğur qazanan namizədlərin sayı 8740 nəfər olmuşdur. Namizədlərdən 3061 nəfəri (2109 – müsabiqə, 952 – müsahibə) vakant vəzifələrə uyğun hesab edilmişdir. Ümumilikdə — ehtiyat kadrlarla birlikdə 2597 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin edilmişdir.
Keçirilən müsabiqələr nəticəsində Komissiyanın fəaliyyətinin digər —inzibati vəzifələrin beşinci–yeddinci təsnifatları üçün ehtiyat kadrlar siyahısının formalaşması istiqaməti meydana çıxır. Belə ki, müsabiqədən müvəffəqiyyətlə keçən, lakin vəzifəyə təyin edilməyən namizədlər iki il müddətində Komissiyada və namizədin müsabiqədə uğur əldə etdiyi dövlət orqanında ehtiyat kadrlar siyahısına daxil edilirlər.
Ümumrespublika üzrə statistik məlumata əsasən əgər 2005–ci ildə respublika üzrə dövlət qulluğu vəzifələrini tutmuş işçilərin sayı 25735 nəfər (28,5 faiz qadın) idisə, artıq 2011–ci ildə bu rəqəm təqribən 11 faiz artaraq 28541 (27,9 faiz qadın) nəfər olmuşdur. Ümumilikdə dövlət qulluqçularının sırasında 2011–ci ildə gənclər (30 yaşadək) 4521 nəfər (15,8 faiz), 35–54 yaş arası 14920 nəfər, yəni 52,27 faiz təşkil edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keşirilmiş müsabiqə və müsahibələrdə iştirak edərək dövlət qulluğunda vəzifəyə təyinat almış namizədlər sırasında gənclərin xüsusi çəkisi təqribən 80 faiz, 35–54 yaş arası namizədlərin isə xüsusi çəkisi təqribən 20 faiz təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya inzibati vəzifələr haqqında Məlumat Toplusunun formalaşdırılması, vəzifə təlimatlarının təkmilləşdirilməsi və qulluq funksiyalarına uyğunlaşdırılmasını həyata keçirir, “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın tətbiq edilməsi üçün yeni proqram təminatı üzərində çalışır.
Son illərdə ölkəmizin müvafiq beynəlxalq konvensiyalara qoşulması, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən dövlət qulluğu qanunvericiliyinə edilmiş müvafiq dəyişiklik və əlavələr, dövlət qulluğu sahəsində digər normativ–hüquqi aktların qəbul edilməsi dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsinə müsbət təsir etmişdir.
Dövlət qulluqçularına dövlət qayğısının əsas istiqamətlərindən biri onların əməyinə və nüfuzuna diqqət və qayğının artırılmasına yönəlmişdir. Dövlət qulluqçusunun əsas hüquqları, əlavə təhsil almaq imkanı, dövlət qulluqçuları üçün təminatlar, o cümlədən icbari tibbi sığorta, pensiya təminatı və nəhayət, dövlət qulluqçularının mükafatlandırılması buna əyani misal ola bilər.
Dövlət qulluğunun prinsipi kimi dövlət qulluqçusunun öz potensialından səmərəli istifadə etməsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası da vacib məsələlərdən hesab olunur. Heydər Əliyevin “hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır” kəlamı bu gün cəmiyyətin formalaşmasında məhz vətən və cəmiyyət üçün layiqli dövlət qulluqçularına ehtiyacın olmasını və kadr siyasətinə, kadrlardan rasional istifadəyə diqqəti artırmağın vacib olduğunu bir daha təsdiqləyir.
Son 20 ildən artıq dövr ərzində Azərbaycan ictimai–siyasi və sosial–iqtisadi həyatın bütün sahələrində böyük uğurlar qazanmışdır. Bu müvəffəqiyyətlərin daha da artırılması dövlət qulluqçularının üzərinə böyük məsuliyyət qoyur və ulu öndərin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” deyimi bu vəzifənin nə qədər şərəfli və zəruri olmasını bir daha təsdiqləyir.
Afaq HÜSEYN,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə
Komissiyanın Dövlət
qulluğuna kadrların
seçilməsi şöbəsinin
müdiri
Respublika.- 2013.- 28 aprel.- S. 7.