Demokratik,
hüquqi dövlət quruculuğunun banisi
Heydər Əliyevin 1993–cü ilin iyununda hakimiyyətə qayıdışından sonra insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanist ideyaların ali dəyərlərə çevrildiyi demokratik cəmiyyət quruculuğuna başlanıldı. 1995–ci il noyabrın 12–də Heydər Əliyevin təşəbbüsü ilə “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin müddəalarını özündə əks etdirən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Yeni Konstitusiyanın müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit olunmuşdur.
Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi sayəsində məhkəmə–hüquq islahatları aparılmış, bunun nəticəsində bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar yaradılmışdır. Bunlara misal olaraq “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunları göstərmək olar.
Hüquq sisteminin islahatı nəticəsində üçpilləli müstəqil məhkəmə sistemi yaradılmış, hakimlərin müstəqilliyinə real təminat verilmişdir. ARK–nın 8–ci maddəsinin IV hissəsində deyilir ki, Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
1959–cu ildə ləğv olunmuş Ədliyyə Komissarlığının bərpası görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970–ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu.
Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən və ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.
Hüquqi dövlət quruculuğu işinə fəal qatılan Azərbaycan ədliyyəsi də bu islahatlardan kənarda qalmamışdır. Ədliyyə Nazirliyinin dövlət strukturu kimi və hüquq–mühafizə orqanları statusunu alması ümummilli liderimiz Heydər Əliyevin təşəbüskarlığından irəli gəlmişdir. Eyni zamanda ədliyyə sahəsinə xüsusi əhəmiyyət verilərək, onun demokratik dəyərlərə və müasir tələblərə uyğun qurulması üçün əsaslı tədbirlər görülmuşdür. Qısa müddət ərzində 100–dən çox normativ–hüquqi akt qəbul olunmuş, Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuşdur.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək təsis edilməsi üçün dövlət başçısına müraciət edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev qanunçuluğun təmin edilməsində, ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, bütövlükdə hüquq sisteminin inkişafında ədliyyə və məhkəmə orqanlarının rolunu yüksək qiymətləndirərək hüquq varisliyini təmin etmək məqsədilə 22 noyabr 1918–ci il ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü ədliyyə işçilərinin peşə bayramı günü elan etdi.
Azərbaycan Respublikası Prezidentinin 2006–cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etdi, məhkəmə–hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratdı.
İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlmişdir.
Biz bu gün ulu öndər Heydər Əliyevin ideyalarının reallaşmasını və əbədiyaşar olmasını görürük. Çünki bu hakimiyyətin başında ümummilli liderin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyev dayanır. O, 18 aprel 2006–cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq etmişdir. Yeni əsasnaməyə görə nazirlik ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; ədliyyə sahəsinin inkişafını təmin edir; hüquq–mühafızə fəaliyyətini həyata keçirir; qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ–hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir; notariat fəaliyyətini təşkil edir; qeyri–kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin dövlət qeydiyyatını həyata keçirir və qeyri–kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin dövlət reyestrini aparır; Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır; qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir; məhkəmə qərarlarının icrasını təmin edir; penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir; bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir; qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır; hüquq sahələrinə dair elmi–tədqiqat işlərini aparır; məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir; hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir; ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir; hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir; hüquqi maarifləndirmə işini həyata keçirir; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciətetmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün 9 regional ədliyyə şöbəsi yaradılmış, onların strukturu və ştat bölgüsü təsdiq edilmiş, səlahiyyətlərinə aid olan məsələlər və ərazi yuridiksiyaları müəyyən olunmuş və əsasnaməsi təsdiq edilmişdir.
Milli Məclisin 26 may 2006–cı il tarixli iclasında qəbul edilən “Ədlyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu isə ədliyyə orqanlarında böyük dönüş yaratdı. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi nəzərdə tutulmuşdur.
Ədliyyə sisteminin fəaliyyətinin səmərəliyinin artırılmasının, əhalinin bu orqanlara müraciətlərinin daha da asanlaşdırılmasının və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün ölkə Prezidenti Dövlət Proqramını təsdiq etmişdir.
Bu gün respublikamız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının təminatlarına əsaslanan sivil inkişaf kursu seçmiş, hüquqi dövlət quruculuğunda mühüm irəliləyişlərə nail olmuşdur.
Kəmallədin
HƏSƏNOV,
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi Gəncə regional ədliyyə
şöbəsinin rəisi,
baş ədliyyə müşaviri
Respublika.- 2013.- 28 aprel.- S. 7.